Möhübbət Abbasov: “Arzum budur ki, TQDK 7 ixtisas üzrə ayrı-ayrılıqda qəbul planı həyata keçirsin”
Tarix: 11.11.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Müsahibimiz Şuşa Humanitar Kollecinin Xalq Çalğı Alətləri üzrə Fənn Birləşmə Komissiyasının sədri Möhübbət Abbasovdur:

- Möhübbət müəllim, 60 illik həyat yolunuzda yaradıcılıq zirvələrinizi necə izah edərdiniz?
- Mən birinci növbədə valideynlərimə minnətdarlığımı bildirərdim ki, bu sənətə addım atmaqda mənə kömək ediblər. İkincisi isə uşaq yaşlarımdan musiqiyə olan həvəsim mənə musiqinin bütün pillələrini mərhələ-mərhələ qalxmağa kömək edib. Məni ən çox maraqlandıran cəhət odur ki, təhsil aldığım Ağdam Musiqi Texnikumu Üzeyir Hacıbəylinin adını daşıyırdı. Təsadüfə baxın ki, mən 1973-cü ildə texnikumu bitirib, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul oldum. Qəbul imtahanında isə ədəbiyyatdan mücərrəd mövzuda Üzeyir Hacıbəyli haqqında öz fikirlərimi qeyd etdim. Uşaqlıqdan musiqiyə olan həvəsim mənə bu zirvələri fəth etməkdə kömək edib. Həmçinin, müəllimlərimə borcluyam. Ona görə ki, çox gözəl müəllimlərdən dərs aldım.
Ağdam Musiqi Texnikumunda muğam dərsini Məşədi Nəriman müəllimdən və Əliyev Cəlal müəllimdən aldım. İxtisas müəllimim İsmayıl müəllim idi. Azərbaycan Dövlət Konservatoriyasında isə professor Səid Rüstəmovun sinfində təhsil almışam. Burada digər musiqi fənləri üzrə görkəmli bəstəkar və musiqişünas alimləri Səadət Abdullayeva, Vasif Adıgözəlov, bəstəkar Dadaş Dadaşov, Xanəli Quliyev, Gövhər Quliyeva, kafedramızın müdiri isə Xalq artisti, professor, bəstəkar Süleyman Ələsgərov idi. Süleyman müəllim tələbələrinin hamisi idi.
1978-ci ildə ali məktəbi bitirib, Şuşaya - indiki fəaliyyət göstərdiyim kollecə təyinat aldım. 1978-ci ildə bu kollec Şuşa Pedaqoji Texnikumu adlanırdı. 1981-ci ildən isə təyinatı - yəni, pedaqoji fəaliyyəti dəyişdiyi üçün məktəbin adı da dəyişildi. 2011-ci ilə qədər Şuşa Mədəni-Maarif Texnikumu adlandı. Mən bu təhsil ocağında müxtəlif sahələrdə çalışmışam.
1989-cu ildən ali məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında və sonra isə ali məktəbin özündə pedaqoji fəaliyyətimi davam etdirdim. Məktəbəqədər tərbiyə və ibtidai təhsilin metodikası kafedrasının uzun müddət baş müəllimi vəzifəsində çalışdım.
Ancaq buna baxmayaraq, Şuşa nisgilim məni yenə də özünə çəkdi.
2006-cı ildə Şuşa Mədəni-Maarif Texnikumuna, yəni, indiki Şuşa Humanitar Kollecinə dəvət alaraq, xahişimlə ali məktəbi tərk etdim. 2006-cı ildən bu günə qədər pedaqoji fəaliyyətimi bu kollecdə davam etdirirəm. Xalq Çalğı Alətləri ixtisası üzrə Fənn Birləşmə Komissiyasının sədriyəm. Bizim komissiyada birləşən bütün müəllimlər ali təhsilli müəllimlərdir. Birgə iş prinsipi ilə çalışırıq. Deyərdim ki, mənim onlara deyəcəyim təkliflər, verdiyim tövsiyələr onlar üçün birbaşa qəbuledilən olur. Çünki biz bir-birimizlə qarşılıqlı anlaşaraq çalışırıq. Müəyyən proqramlar müzakirəsi tələb edildikdə fənn birləşməsi iclası çağırılır. Yeni mövzular, yeni məsələlər və təkliflər müzakirə olunur. Düzü, bilmirəm ki, yaşımın çoxluğundandır, yaxud, iş təcrübəmdəndir, hamı yenə də mənim təkliflərimə, məsləhətlərimə səs verir. Bir daha deyirəm ki, biz, komissiyada qarşılıqlı anlaşma prinsipi ilə çalışırıq.
-Pedaqoji fəaliyyətinizdə məqsədinizi necə izah edərdiniz?
- Bugünkü təhsil sahəsində fəaliyyət göstərdiyim üçün deyə bilərəm ki, pedaqoji sahədə aparılan islahatlarda mən də istəyirəm ki, öz töhfəmi verim. Çünki pedaqoji sahədə, pedaqoji işdə çatışmayan cəhətlər çoxdur. Məsələn, tələbələrin təhsilə biganə yanaşmaları məni çox məyus edir. Biz orta pillədə çalışırıq. Abituriyentlərin bir növ ali məktəbə hazırlıq funksiyasını yerinə yetiririk. Bura orta ixtisas təhsil müəssisəsi olduğu üçün bizim tələbələrin çoxu iş tapa bilmir. Niyə? Ona görə ki, müstəqillik dövründə bütün təhsil müəssisələri ali təhsilli mütəxəssislərlə birgə çalışmaq istəyirlər. Bu səbəbdən də orta ixtisas təhsilli gənclər işlə təmin oluna bilmir. Deyərdim ki, tələbələrimizin təhsilə biganəliyinin bir tərəfi də budur. İkinci tərəfdən isə tələbələr ixtisas seçimində yanlışlığa da yol verirlər. Bəziləri valideynlərinin təkidi ilə, bəziləri sadəcə “adı olsun bu kollecdə oxuyur”- deyə, rayondan gəlib Bakıda yaşamaq həvəsi ilə test imtahanından sonra Bakıda olan kolleclərin kodunu yazırlar. Əlbəttə ki, topladığı bala görə qəbul ola bilirlər. Amma ixtisasını sevmirlər və belə tələbələrimiz çoxdur.
Çalışdığım pedaqoji sahədə arzu edirəm ki, bu islahatlarda mənim də töhfəm olsun. Tələbələr ixtisasını sevərək, gələcəkdə ali təhsil naminə gözəl çalışsınlar.
- Tələbələrin tar ixtisası üzrə təhsilləri haqqında nə deyə bilərsiniz?
- Deyərdim ki, tar ixtisası üzrə respublikada çox geniş bir meydan açılıb. Tar ixtisası üzrə bir çox tələbəmiz var ki, respublika üzrə beynəlxalq musiqi festivallarında və müsabiqələrində yüksək səviyyədə çıxış edirlər. Bunu bütün musiqi alətləri ixtisası üzrə təhsil alan tələbələrə şamil etmək olar. Bu gün musiqi sahəsində təhsil alan bütün gənclərin qarşısında böyük imkan yaradılıb.
Belə bir qənaətdəyəm ki, ifaçılıq qabiliyyəti güclü olan savadlı gənclərimizin gələcəyi həmişə diqqətdədir. Bu gün gənclər üçün daha geniş meydan açılır. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın diqqəti, keçirilən Beynəlxalq Muğam Festivalları gələcək musiqi mədəniyyətimiz üçün böyük töhfələrdir. Mən sizin qəzetiniz vasiləsilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm.
Həmçinin, valideynlərin övladlarının təhsil aldığı müəssisələr ilə qarşılıqlı əlaqəsi mütləq olmalıdır. Bu da gənclərin məsuliyyətini artırar. Bir çox valideynlər təəssüf ki, övladlarının gələcəyi naminə onların istedadını əvvəlcədən görmürlər. Elə tələbələrimiz var ki, çox gözəl istedada malikdirlər. Lakin valideynlər buna biganə yanaşır.
-Orkestr fənninin tədrisinin prosesi necə aparılır?
- Tələbələrin orkestr fənninə olan marağı tədris zamanı tədricən artır. Məsələn, bizim tələbələrə uşaq musiqi məktəbində təhsil aldıqları zaman orkestr fənninə marağı öyrətməyiblər. Bu fənnin uşaq musiqi məktəblərində tədris olunması vacib şərtlərdən biridir. Çünki bu birbaşa orkestr fənninə köməkdir. Orkestr fənni bir musiqiçi üçün həm notun üzdən oxunması, həm oturuş qaydası, həm ifaçılıq vərdişlərinin, həm də çoxsəslilik qabiliyyətinin inkişaf etməsi üçün vacib tədris proseslərindən biridir.
Bizim kollecimizdə tələbələr orkestr fənnində çoxsəslilik prinsipində işləyəndə onların özlərinə də xoş olur. Bu fənnə isə müəyyən tələbələrdə xüsusi maraq var. Biz müəllimlərin də üzərinə bir vəzifə düşür ki, ixtisas fənninə kömək məqsədilə onlara orkestr fənnini təlqin edək. Bu gün tələbə hərtərəfli təhsil alır. Sabah pedaqoji fəaliyyətə başladığı zaman, o da tək ixtisası üzrə tədris etməklə kifayətlənməməlidir. Xalq çalğı aləti üzrə ixtisaslaşırsa, xalq çalğı alətlərinin metodikasını bilməlidir.
12 xalq çalğı aləti var. Əslində 11 xalq çalğı alətidir. 12-ci qarmondur. Artıq xalq çalğı alətləri ansamblında və orkestrində qarmon alətinin də özünəməxsus rolu var. Bütün alətlərin ümumi və fərdi xüsusiyyətini tələbə mütləq bilməlidir. Alətin ifa olunma qaydası, alətin səs düzümü haqqında tələbənin ətraflı məlumatı olmalıdır. Ona görə orkestr fənninin pedaqoji prosesdə böyük təsiri var.
-Sənət yolunda arzularınız...
- Arzularım çoxdur. Lakin bir arzumu dilə gətirmək istəyirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə qəbulu üzrə planı həyata keçirəndə, Xalq Çalğı Alətləri planı üzrə qəbul keçirməsin. Xalq çalğı alətlərində ən əsas 7 musiqi aləti var - tar, saz, qanun, kamança, nağara, qarmon, balaban. Bu alətlər üzrə ayrı-ayrılıqda qəbul planı həyata keçirsinlər. Niyə görə bunu dedim? Fikrimi izah edim. Məsələn, Xalq Çalğı Alətləri fakültəsi üzrə Şuşa Humanitar Kollecinə 8 yer var. 8 abituriyent nağara üzrə test imtahanından yüksək bal toplayaraq keçir. Bizdə də tar müəllimi, kamança müəllimi, qarmon müəllimi, qanun müəllimi və orkestr fənni var. Qəbul olan 8 tələbədən və 8 nağara ifaçısından orkestr düzəltmək mümkündür? Yaxud da 6 tələbə qarmon ixtisası üzrə, 2 tələbə tar ixtisası üzrə qəbul olubsa, orkestr düzəltmək mümkündürmü? Xeyir!
Ona görə də arzum budur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 7 ixtisas üzrə ayrı-ayrılıqda qəbul planı həyata keçirsin. Həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qabiliyyət imtahanını dayandırmasın. Çünki 2 ildir ki, bizə qəbul olunan tələbələr qabiliyyət imtahanlarından keçmir və onların uşaq musiqi məktəbi təhsili çox aşağı səviyyədədir. Bu gün orta ixtisas təhsil müəssisəsində proqram materialını yerinə yetirməyə imkan vermir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info