Azərbaycanda turizmin inkişafı
Tarix: 11.11.2014 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Turizm hər bir dövlətin həyatında mühüm rol oynayan sahələrdən biridir.Aparıcı dünya dövlətləri mövcud turizm potensialının beynəlxalq miqyasda tanınması, müasir tipli turizm infrastrukturunun yaradılması və ölkəyə turist axınının artırılması istiqamətində həyata keçirdikləri tədbirlər nəticəsində bu sektordan milyardlarla gəlir götürür.Artıq Azərbaycanda da turizmin inkişafı prioritet sahələrdən birinə çevrilməkdədir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu sahədə ciddi addımlar atılmağa başlamışdır.Belə ki, Milli Məclisin 1999-cu ildə qəbul etdiyi “Turizm haqqında” Qanun, ulu öndərin “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” imzaladığı 27 iyul 1999-cu il tarixli Fərman dövlət səviyyəsində turizmin inkişaf etdirilməsinin başlanğıcını qoyub. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirmiş və sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən edib.
Məlum olduğu kimi, Ümumdünya Turizm Təşkilatı turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən böyük təşkilatlardan biridir.Bu təşkilatın əsas məqsədi beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın təmin edilməsində mühüm faktor olan turizmin inkişaf etdirilməsidir.25 sentyabr 2001-ci il tarixdə həmin təşkilatın Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş XIV Baş Assambleyasında Azərbaycan Respublikası Ümumdünya Turizm Təşkilatına üzv olmuşdur ki, bu da ölkəmizin beynəlxalq miqyasda perspektivlərini daha da genişləndirmiş və turizm fəaliyyətinə praktiki cəhətdən köməklik göstərilməsinə şərait yaratmışdır.
Həmin dövrdə Azərbaycanın turizm potensialının təbliğ edilməsi qarşıda duran əsas vəzifələrdən biri olmuşdur.Həmin vəzifənin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılmışdır.Bu məqsədlə 2001-ci ildə ingilis dilində “Azərbaycana xoş gəlmisiniz” adlı xüsusi disk hazırlanaraq ÜTT-nın Baş Assambleyasına təqdim edilmiş və diskin “Azərbaycan turizmi” adlı veb-səhifəsi yaradılmışdır.Tədbirlərin davamı kimi 2002-ci ildə Bakı şəhərində xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə respublikada ilk dəfə olaraq Beynəlxalq Turizm Sərgisi təşkil olunmuş və məhz həmin tarixdən etibarən Azərbaycan dünya ölkələri sırasında turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlayıb.
Ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli Sərəncamı ilə ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuşdur.Proqramın tələblərinə uyğun olaraq ölkədə beynəlxalq standartlara cavab verən bir sıra mehmanxanalar tikilmiş, dünyanın bəzi aparıcı investisiya şirkətləri Azərbaycanın turizm sektoruna cəlb edilmişdir.
Bundan başqa həmin dövrdə qəbul edilmiş “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”nın icrası ilə əlaqədar Bakı, Şamaxı, Lənkəran, Xaçmaz, Quba, Şəki şəhərlərində, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turistlərə informasiyaların çatdırılması məqsədilə Turizm İnformasiya Mərkəzləri fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanları ilə təsdiq olunmuş 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları turizm sektorunun daha da inkişafına səbəb olmuşdur.Fərmanın icrası ilə bağlı Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Astara, Masallı, Oğuz rayonlarının, həmçinin Şəkinin Fazıl kəndindəki Təpəbaşı nekropolunun və Qusarın Həzrə kəndində yerləşən Şeyx Cüneyd məqbərəsinin ərazi turizm inkişaf planları hazırlanmış, daxili turizmin inkişafı məqsədilə Yanar dağ və Nardaran qalası turizm marşrutuna daxil edilib.
Azərbaycan Prezidentinin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.Proqramın əsas məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir.Proqramın icrası ilə əlaqədar 2011-ci ildə Şəki şəhərində atüstü turizm marşrutlarının təqdimatı keçirilmiş, Bakı-Quba-Şamaxı-Bakı istaqamətində dağlıq ərazilərdə avtoturizm və ekstremal turizmin komponentlərini əks etdirən yeni turizm marşrutu yaradılmışdır.
Azərbaycanda turizm siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizm sahəsində orta və kiçik sahibkarlığın, turizmin bir çox növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər həyata keçirilir.Ötən illər ərzində respublikada turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş və beynəlxalq marşrutlar işlənmişdir.Aparılmış tədbirlərin nəticəsində artıq 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz mini ötüb keçmişdir.
Turizmin inkişafı baxımından hər il Bakı şəhərində keçirilən Beynəlxalq Turizm sərgisinin də mühüm rolu olmuşdur.Bu sərgidə iştirak edən xarici ölkələrin turizm şirkətlərinin sayı ildən-ilə yüksələn xətlə artmağa başlamışdır.Belə ki, əgər 2002-ci ildə keçirilmiş ilk sərgidə 5 ölkədən 28 şirkət iştirak edirdisə, 2014-cü ildə ölkələrin sayı 20-dən, şirkətlərin sayı isə 80-dən çox olmuşdur.
Hər il Azərbaycanda 27 sentyabr “Ümumdünya Turizm günü” kimi təntənəli şəkildə qeyd edilir. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Turizm günü Ümumdünya Turizm Təşkilatı tərəfindən 1979-cu ildə İspaniyanın Torremolino şəhərində təsis edilmişdir. Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.
Ölkəmizdə həmin günə həsr edilmiş müxtəlif məzmunlu tədbirlər həyata keçirilir.Bunlardan turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması mövzularında keçirilən Daxili Turizm konfranslarını qeyd etmək olar.
Cari il sentyabrın 26-da “Hilton Baku” mehmanxanasında aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə konfrans keçirilmiş və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş “Ölkəmizi tanıyaq”, “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihələri, ölkəmizdə yeni yaradılmış “City Sightseeing Baku” şirkəti tərəfindən yerli və xarici qonaqlara göstərilən xidmət, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, birinci Avropa Oyunlarının Azərbaycanda reallaşdırılması barədə təqdimatlar, o cümlədən “Baku Guide” bələdçi kataloqunun təqdimatı keçirimişdir.
Nazirliyin gördüyü işlərdən biri də beynəlxalq mədəni turizm marşrutları vasitəsi ilə Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir.Bununla bağlı Azərbaycanın Göygöl, Tovuz, Şəmkir və Ağstafa rayonlarında vaxtilə məskən salmış və mədəniyyətimizdə silinməz izlər qoymuş almanların yaşadıqları həmin ərazilərdə mədəni turizm marşrutunun yaradılması, alman abidələrinin bərpa olunması, bu bölgədə tarix-mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yaradılması məqsədilə “Azərbaycanda Alman yaşayış məskənləri” adlı layihə həyata keçirilməkdədir.Layihə çərçivəsində Gəncəbasar bölgəsinin turizm inkişaf planının da hazırlanması nəzərdə tutulmuşdur.Bundan başqa milli-mənəvi dəyərlərin qorunması və xalqımıza çatdırılması məqsədilə “Gəmiqaya mədəni-turizm marşrutu”nun, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçiriləcək “Aleksandr Düma Qafqazda” və “Şərab Yolları” adlı marşrutların layihələri işlənib hazırlanmışdır.Eyni zamanda ötən əsrdə, İstanbuldan başlayıb Pekinə qədər davam edən “İpək Yolunda Velosiped Turu” layihəsi və Rusiyadan başlayıb Hindistanda bitən “XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” adlı turizm marşrutu layihələrinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Turizm sektorunda əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində də müəyən işlər görülmüşdür.Belə ki, son illər ərzində Azərbaycan hökuməti ilə Fransa, Yunanıstan, Misir, Qətər, İordaniya, Moldova, Belorus, Qazaxıstan, Tacikistan və Litva dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.Hazırda Azərbaycan dünyanın 26 ölkəsi ilə turizm sektorunda əməkdaşlıq edir.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2006-cı ildə mehmanxana sektorunun inkişaf etdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi məqsədilə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 2009-cu ildə isə turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların problemlərinin aradan qaldırılması, turizm şirkətlərinin mənafeyinin qorunması, yerli və beynəlxalq tədbirlərdə vahid şəkildə iştirak etmək məqsədi ilə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılıb. Bundan başqa 2006-cı ildə yaradılmış Azərbaycan Turizm İnstitutu da turizm sahəsində mütəxəssislərin hazırlanması işini həyata keçirir ki, bu da gələcəkdə gənc kadrların turizm infrastrukturunda işə cəlb olunmaqla bu sahəyə öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin inkişafına diqqəti daha da artırmışdır. Azərbaycanda turizmlə bağlı möhtəşəm layihələrdən biri də Qusarda inşa olunan və regionda analoqu olmayan Şahdağ Qış-Yay Turizm Kompleksidir. 2011-ci il fevralın 27-də Kompleksin 2 nömrəli kanat və xizək enişinin açılışı olmuş və açılışda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Bundan başqa xizək infrastrukturu yaradılmış, respublikanın ayrı-ayrı bölgələrində turistlərin istirahəti üçün çox gözəl şərait yaradılmışdır.Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisinin ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacağına artıq heç kimdə şübhə yoxdur.
Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında isə, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş inkişaf strategiyasının mühüm rolu var. Ölkəmizin “Avroviziya-2011” yarışmasında möhtəşəm qələbəsi bu sahəyə diqqəti daha da artırmışdır.2012-ci ildə müsabiqənin Bakıda yüksək səviyyədə keçirilməsi, Azərbaycana gələcək çoxsaylı turistlərin qarşılanması, yerləşdirilməsi, ölkəmizin yüksək səviyyədə tanıdılması sahəsində böyük layihələr uğurla gerçəkləşdirilmişdir.
Həmin tədbirlər Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği istiqamətində aparılmış işlərin həcminin geniş və çoxcəhətli olduğunun bariz nümunəsidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında turizm sektoru artıq dövlətin ən üstün inkişaf etdirilən sahələrindən birinə çevrilməkdədir.
Əli Cəfəroğlu
(Əliyev)
Prezident təqaüdçüsü, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, “Mədəni həyat” jurnalının bölgə müxbiri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsində elan etdiyi müsabiqəyə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info