Elman Mehdiyev: “Pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaranacaq”
Tarix: 12.11.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Pensiya islahatları ilə bağlı normativ sənəd layihələri ictimai müzakirələrə çıxarılacaq

Dövlət Sosial Müdafiə Fondunda “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xüsusi əlaqələndirmə komissiyası yaradılıb. Bu barədə media nümayəndələrinə açıqlamasında fondun sədri Elman Mehdiyev məlumat verib. Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən bəhs edən DSMF sədri vurğulayıb ki, sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır.
E.Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı qaldırılan sualları cavablandıraraq vurğulayıb ki, yeni mərhələdə pensiya islahatları çərçivəsində həyata keçirilən tədbirlər, hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq.

Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunub

E.Mehdiyev bildirib ki, sığorta-pensiya sisteminin dayanıqlı inkişafı makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də nəzərə alınmasını tələb edir.
Fond sədri bildirib ki, ötən dövrdə ölkəmizdə pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qərarlar nəticəsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunmuşdur. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız maliyyə böhranından sonra başlanılmışdır ki, bunun da yaratdığı ciddi gərginlikləri hələ də müşahidə etməkdəyik. “Beynəlxalq praktikada pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması bir neçə variantda – bilavasitə yaşın artırılması, problemin gözlənilən pensiya ödənişi müddəti vasitəsilə tənzimlənməsi, erkən pensiyaya çıxmanın məhdudlaşdırılması və gec pensiyaya çıxmanın stimullaşdırılması kimi vasitələrdən istifadə olunmaqla tənzimlənir. Bu daimi bir prosesdir və burada əsas vəzifə aktuar tədqiqatlara əsaslanmaqla müxtəlif alternativlərin hazırlanması və daha uyğun olanının seçilməsidir.”
DSMF sədri həmçinin bildirib ki, fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 təşkil edir. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti qadınların say çoxluğu şəraitində orta hesabla 16 ildir. Bundan başqa, “Əmək pensiyaları haqqında” qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

Pensiya islahatlarının yeni mərhələsində könüllü sığortalanma tətbiq ediləcək

Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərməkdədir. Bu barədə açıqlama verən fond sədri bildirib ki, qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq. DSMF və Avropa İttifaqının birgə layihəsinin qarşısında duran vəzifələrdən bəhs edən E.Mehdiyev bildirib ki, layihənin qeyri-dövlət pensiya fondları ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti üzrə meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir. Belə ki, qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.
Diqqətə çatdırılıb ki, qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır.

Bankomatların sayının artırılması imkanları ilə bağlı mütəmadi monitorinqlər aparılır

Cari ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 300-ə yaxın yeni bankomat alınıb. Bu barədə media nümayəndələri ilə görüşdə məlumat verən Elman Mehdiyev hazırda həmin bankla birlikdə dislokasiya yerləri üzrə həm yeni bankomatların qurulması, həm də köhnə bankomatların yeniləri ilə əvəzlənməsi işinin aparıldığını deyib. Qeyd edilən istiqamətdə mütəmadi monitorinqlər aparıldığını söyləyən E.Mehdiyev bildirib ki, yeni dislokasiya yerləri müəyyən edilərək yeni bankomatların quraşdırılması üçün müvəkkil banklara müraciət edilir.
Fond sədri pensiyaların nağd şəkildə götürülməsi üçün bankomatlardan istifadə zamanı yaranan çoxsaylı növbələrlə bağlı suallara toxunaraq bunun xüsusilə pensiya məbləğlərinin maliyyələşmə günündə dərhal bankomatdan çıxarılmasından qaynaqlandığını vurğulayıb. E.Mehdiyevin sözlərinə görə müvəkkil bankların monitorinqləri göstərir ki, bir bankomatdan bir ay ərzində daha çox 2-3 gün pensiyaların maliyyələşdirildiyi günlərdə istifadə olunur. Bankomatların bir aylıq yükünün 2-3 gün ərzində istifadəsi isə bu cür hallara gətirib çıxarır, bankomatların inkassasiya olunması və növbələrin azaldılması bir problemə çevrilir.
E.Mehdiyev bildirib ki, bu məsələnin həllinə post-terminal şəbəkəsinin genişləndirilməsi və post-terminallardan istifadə müsbət təsir edə bilər. Bu məqsədlə DSMF bu il “Pensiya+” layihəsinə də start verib. Həmin layihə çərçivəsində bankomatdan deyil, post-terminallardan istifadə edən şəxslərə öz pensiyasının məbləği qədər faizsiz kredit alma şansı verilir. Plastik kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirmək, kommunal xidmətləri ödəmək olar: “Biz pensiyaçılara verdiyimiz kartları dəyişib çoxfunksiyalı kartlarla əvəz etmişik. Pensiyaçılar həmin kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirə bilərlər”.

Uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunacaq

Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bunu Elman Mehdiyev deyib.
Müasir şəraitdə dünya ölkələrinin pensiya təminatı sistemlərində aparılan islahatların əsas istiqamətlərindən söz açan fond sədri qeyd edib: “Beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür”.
Sonra E.Mehdiyev ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Bu yöndə aparılacaq islahatların əsas vəzifələri qismində pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir.
E.Mehdiyev qeyd edib ki, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir. Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info