“Azərbaycanı xaricdə daha qürurla təmsil edəcəyimə inanırdım”
Tarix: 13.11.2014 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Emil Kərimzadə: “Universitetimizdə dünyanın 85-dən çox ölkəsindən olan 16 min tələbə təhsil alır”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Emil Kərimzadədir. Emil bir çox gənclərimiz kimi xaricdə təkcə elm öyrənmək üçün deyil, həm də Azərbaycanı uğurlu təmsil etmək, ictimai işlərdə aktiv olub həyat təcrübəsi də əldə etmək üçün çalışır. Bu maraqlı, istedadlı və savadlı gənclə olan söhbəti oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Kərimzadə Emil Famil oğlu 1995-ci il dekabr ayının 2-də Bakı şəhərində dünyaya göz açmışam. Ailəmizin birinci övladıyam. Orta təhsilimə 2002-ci ildə Bakı şəhərində yerləşən Abdulla Şaiq adına 54 nömrəli məktəbdə başladım. Burada oxuduğum 9 il (2002-2011) ərzində məktəbin ən fəal və ən qabaqcıl şagirdlərindən biri olmuşam. Hətta onu da xatırlayıram ki, ibtidai sinfi bitirdiyim zaman mənə və başqa bir neçə şagirdə ibtidai sinfi əla qiymətlərlə bitirdiyimiz üçün fərqlənmə diplomu təqdim olunmuşdu. Orta təhsilimin qalan iki ilini (2011-2013) isə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Elnur Bəşirov adına 3 nömrəli orta məktəbdə davam etdirmişəm. 2013-cü ildə bu məktəbin məzunu oldum. Hər iki məktəbdə oxuduğum zaman ərzində məktəb rəhbərliyinə, müəllimlərimə və sinif yoldaşlarıma nizam-intizamlı bir şagird kimi davrandığım üçün nümunəvi şagird, fəal, qabaqcıl olduğum və elmə xüsusi maraq göstərdiyim üçün müəllimlərimin sevimli şagirdi idim. Bunu da qeyd etmək istəyirəm ki, məktəbdə oxuduğum zaman bir çox fənn olimpiadalarında iştirak edirdim, bir çox məktəblərarası tədbirlərə və konfranslara qatılırdım. Məktəblərarası idman yarışlarında da bir çox nailiyyətlər qazanmışam. Yəni, mən də bir çox aktiv və qabaqcıl şagirdlər kimi orta məktəbdə oxuduğum zaman ictimai işlərdə aktivlik göstərmişəm.
- Orta məktəbdə aktivlik göstərən biri üçün universitetə qəbul da çətin olmazdı...
- Bəli. Məktəbi bitirib məzun olduqdan sonra mən də tələbə adını qazanmaq üçün dövlət imtahanını verdim və Xəzər Universitetinin Psixologiya fakültəsinə qəbul oldum. Amma mən ali təhsilimi xarici ölkədə almaq istəyirdim. Bu isə mənim uşaqlıq arzum idi, çünki məktəbdə oxuduğum zamandan xaricdə oxuyan tələbələrə qarşı xüsusi bir simpatiyam var idi və bu məqsədimi gerçəkləşdirməyi, mənimlə bərabər xaricdə təhsil almağımı ailəm də çox istəyirdi. Azərbaycanı xaricdə daha gərəkli, önəmli və qürurla təmsil edəcəyimə də inanırdım.
- Bəs niyə məhz Şimali Kipri seçdiniz?
- Xarici ölkə olaraq hər zaman qardaş ölkə olan Türkiyədə təhsil almaq istəyirdim. Çünki ətrafımda olan, məndən yaşca böyük dostlarımın çoxu Türkiyədə təhsil alırdı və onlar hər zaman mənə burada tələbələr üçün yaradılmış geniş imkanlardan, təhsilin yüksək dərəcədə olduğundan danışırdılar. Ona görə də, daha çox Türkiyədə təhsil almağa üstünlük verdim. Türkiyə universitetlərində təhsil alan xarici tələbələrin sayına görə isə azərbaycanlı gənclərimiz ikinci yerdədir. Bundan əlavə onu qeyd etmək istəyirəm ki, ümumilikdə götürdükdə isə xaricdə təhsil almaq mənə görə çox önəmlidir. Çünki burada insan fərqli mədəniyyət öyrənir, dünyanın bir çox ölkəsindən gələn insanlarla tanış olur, onların dilini və mədəniyyətini öyrənməyə çalışır və dünyanın hər yerindən özünə dost qazanır. Valideynlərimin mənə olan inamı və dəstəyi sayəsində uşaqlıq arzularımı və məqsədlərimi gerçəkləşdirmək üçün YÖS imtahanı verərək Şimali Kiprin Famagusta (Gazi Mağusa) şəhərində yerləşən Doğu Akdeniz Universitetinin (DAÜ) Beynəlxalq ticarət və biznesin idarə olunması fakültəsinə qəbul oldum. Qəbul olduqdan sonra bakalavr təhsilimə məhz burada başladım. Hazırda həmin universitetin 2-ci kurs tələbəsiyəm və bu universitetin tələbəsi olduğum üçün özümü çox şanslı hesab edirəm. Bunu da vurğulamaq istəyirəm ki, bizim universitetimizdə dünyanın 85-dən çox ölkəsindən olan təxminən 16 min tələbə təhsil alır.
- Yəqin Türkiyə təhsil sistemi ilə də yaxından maraqlanırsınız. Müqayisələr aparmısınızmı?
- Azərbaycanın təhsil sistemi ilə Türkiyənin təhsil sistemi arasında çox fərq var və mənə görə Türkiyə tədris-təhsil sistemi daha qabaqcıldır, ön plandadır və çox inkişaf edib. Yeganə və ən önəmli fərqlərdən biri isə odur ki, bizim universiteti bitirən tələbə təhsilinin sonunda beynəlxalq diploma sahiblənir. Bu diplom isə dünyanın 85-dən çox ölkəsində keçərlidir. Burada mən öz işində, məşğul olduqları sahədə uğur qazanmış, peşəkar, böyük nailiyyətlər əldə etmiş, tanınmış dosentlərdən və professorlardan dərs alır, onların bizlərə öyrətdiklərini yaxşı və ən mükəmməl bir şəkildə mənimsəməyə çalışıram. Bununla da mən layiqli, bacarıqlı və savadlı, öz işini mükəmməl bilən biri olaraq yetişib Vətənə qayıdacağıma inanıram. Burada aldığım təlim-təhsil və yeni bacarıqlar mənə çox şeyi öyrətdi və hələ də öyrətməyə davam edir.
- Universitetinizin səviyyəsi necə, sizi qane edirmi?
- Onu da qeyd etmək istəyirəm ki, tələbəsi olduğum Doğu Akdeniz Universiteti dünya üzrə olduqca məşhur, sayılıb-seçilən, prestiji olan qabaqcıl ali təhsil ocaqlarından biridir. Bu ali təhsil mərkəzində oxumaq isə bir çox gəncin arzusudur. Buradakı tədris və təhsil sistemi, dərslərin çox mükəmməl bir şəkildə keçirilməsi, müəllimlərimizin dərslərə qarşı olan ciddiliyi və bizə qarşı hörmət və sevgisi, dərslərə qarşı olan nizam-intizam məni hədsiz dərəcədə qane edir. Çünki burada biz tələbələrin daha savadlı və bacarıqlı bir şəkildə yetişməsi və daha çox maariflənməsi üçün çox böyük kitabxana, kompüter laboratoriyaları, araşdırma mərkəzləri, Azərbaycan-Türkiyə-Kipr tarixi ilə bağlı bir çox tablolar və kitablar var. Müəllimlərimizin bizə qarşı olan qayğısını və diqqətini də xüsusi şəkildə bildirmək lazımdır. Bizlər onların sayəsində bir çox yenilikləri və bacarıqları öyrənirik və bunların bizim gələcək həyatımızda önəmli olacağına inanırıq.
- İxtisasınız da maraq doğurur. Yəqin sizin də ixtisasınızla bağlı yeni bilikləriniz formalaşıb.
- Təhsil aldığım ixtisasla bağlı hər gün yeni biliklər və bacarıqlar öyrənirəm. Bu ixtisasla bağlı hər həftə fakültəmizdə müxtəlif seminarlar, konfranslar, tədbirlər keçirirlər. Bu tədbirlər bizlərə gələcək iş həyatımızla bağlı bir çox yenilikləri öyrədir və bizlərin ən yaxşı kadr şəklində formalaşmamıza yardımçı olur. Mən isə baş tutan bütün bu tədbirlərdə iştirak etməyi özümə borc və çox önəmli bilirəm və hər birində iştirak edərək yeni məlumatlar və bilgilər öyrənirəm. Mənə bu tədbirlərdə iştirak etməyimin qarşılığında sertifikatlar və müxtəlif mükafatlar verilir və bu da məni hədsiz dərəcədə çox sevindirir. Ümid edirəm ki, gələcək zamanlarda oxuduğum ixtisasla bağlı daha yeni və maraqlı bilgilər öyrənərək daha savadlı və bacarıqlı olacağam və mükəmməl bir kadr kimi yetişməyim üçün bacardığım hər bir şeyi edəcəyəm. Bunu da, qeyd etmək istəyirəm ki, dərslərimdə göstərdiyim uğurlara görə, Doğu Akdeniz Universitetinin “Yüksək Şərəf “ mükafatına layiq görülmüşəm. Bu isə məni çox sevindirdi. Dərslərimə qarşı olan rəğbət və daha çox oxumaq hissimi daha da artırdı. Bu mükafatı almağımda isə müəllimlərimin rolu çox böyükdür.
- Bəs, ümumilikdə qərib ölkədə təhsil alan biri kimi sizə yaradılan şəraitdən razısınızmı?
-Universitetimizdə biz tələbələrin rahat bir şəkildə təhsil alması üçün hər cür geniş imkanlar yaradılıb. İlk olaraq onu vurğulamaq istəyirəm ki, bizim universitetimiz bir kampus şəklindədir. Yəni, bir tələbənin ehtiyacı olacaq, tələbəyə lazım olacaq hər bir şey kampus daxilində var. Burada biz tələbələrin istirahəti üçün kampus daxilində çoxlu parklar, daha çox bilik öyrənmək üçün geniş kitabxana, internetdən rahat və ödənişsiz istifadə etməyimiz və tapşırıq və layihələrimizi hazırlamaq üçün geniş kompüter mərkəzləri və laboratoriyaları, tələbələrin rahat və təhlükəsiz bir şəraitdə yaşamaları üçün hər cür şəraiti olan geniş yataqxanalar, tələbələrin istedadlarını nümayiş etdirmələri üçün müxtəlif tələbə birliyi klubları və təşkilatları, hovuzlar, idman salonları, idman meydançaları və bir çox fərqli, maraqlı və müxtəlif yerlər var. Bundan əlavə universitetimizin daxilində türk dünyasının böyük lideri olan Atatürkün şərəfinə böyük bir abidə və meydan da var. Bu meydanda tələbələrimizin maarifləndirilməsi və əyləncəsi üçün müxtəlif tədbirlər və konsertlər həyata keçirirlər. Bu isə tələbələr üçün çox sevindirici, fərəhləndirici və sitimulverici haldır.
(ardı var)
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info