“İctimai aktivlikdə əsas məqsəd Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır”
Tarix: 13.11.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Emil Kərimzadə: “Beynəlxalq ticarət və biznesin idarə olunması üzrə universitetimizdə xeyli azərbaycanlı tələbə təhsil alır”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Emil Kərimzadədir. Emil bir çox gənclərimiz kimi xaricdə təkcə elm öyrənmək üçün deyil, həm də Azərbaycanı uğurlu təmsil etmək, ictimai işlərdə aktiv olub həyat təcrübəsi də əldə etmək üçün çalışır. Bu maraqlı, istedadlı və savadlı gənclə olan söhbəti oxuculara təqdim edirik.
(əvvəli ötən sayımızda)

- Təhsildən kənar ictimai işlərə necə, lazımınca vaxt ayıra bilirsinizmi?
-Mən hələ uşaqlıq illərimdən aktiv olmağı, fərqli işlər görməyi və hamıdan fərqli olmağı sevmişəm. Həyatda aktiv olduğum müddətcə istəklərimə və arzularıma nail olacağıma inanmışam və belə də olub. Qeyd etdiyim kimi hələ orta məktəbdə oxuduğum illərdə bir çox fənn olimpiadalarında, məktəblərarası keçirilən yarışlarda hər zaman aktiv iştirak etmişəm. Texnologiya və idman sahələrində bir çox uğur qazanmışam. Universitetə qəbul olduqdan sonra belə bu aktivliyimi qorumağa çalışmışam və bunu bacardığıma da əminəm. Universitetimizdə tələbələr üçün dərsdən kənar və dərsə daxil olan bir çox məşğuliyyət var. Bu da gənclərin, tələbələrin təhsillə bərabər sosial və iş həyatına addımlamalarında çox böyük dəstək olur. Mənim də təhsildən başqa digər tələbələr kimi bir çox ictimai diaspor fəaliyyətlərim və müxtəlif sosial məşğuliyyətlərim var. Ümumiyyətlə isə xarici ölkələrdə təhsil alan tələbələrin hər biri xarici diaspordur. Burada bir neçə idman növü ilə məşğul oluram. Bundan əlavə kompüter proqramlarını daha dərindən öyrənmək və ən əsas ingilis dilini və başqa bir çox dilləri daha yaxşı mənimsəmək üçün kurslara gedirəm. Burada təhsil alan hər bir azərbaycanlı tələbə individual olaraq Azərbaycanı təmsil edir. Bizlərin də fərd olaraq borcumuz Vətənimizi burada layiqincə təmsil etməkdir.
-Tələbə təşkilatları varmı, aktivdirlərmi?
-Universitetimiz daxilində bir neçə cəmiyyət fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycan Tələbə Cəmiyyətidir (ATC). Azərbaycan Tələbə Cəmiyyəti azərbaycanlı tələbələrimizin problemləri ilə maraqlanır və bizlərə hər zaman dəstək olur. Onu da qeyd etmək istəyirəm ki, burada təhsil alan bütün azərbaycanlı tələbələr 1994-cü ildə yaradılmış bu Azərbaycan Tələbə Cəmiyyətinin üzvüdür. Bundan başqa universitetimiz daxilində bir çox tələbə klubları və təşkilatları vardır ki, mən də bu tələbə klubları və təşkilatlarından bir neçəsinin üzvüyəm.( “Ekonomi ve Finans Kulübü” , “Kariyer Kulübü” , “Uluslararası İlişkiler Kulübü” və b. ) Bundan əlavə universitetimizde tez-tez Azərbaycanın tanıtımı , Qarabağ və işğal olunmuş rayonlarımız haqqında və əlamətdar günlərlə bağlı böyük həcmli tanıtımlar və tədbirlər keçirilir. Bu tədbir və tanıtımların həyata keçirilməsində əsas məqsəd isə Azərbaycanı və əsas problemimiz olan Dağlıq Qarabağ haqqında məlumatları bütün dünyaya çatdırmaq və Azərbaycanı dünyaya tanıtmaqdır. Bu isə biz tələbələrin əsas borcudur.
-Azərbaycanlı tələbələrin aktivliyi sizi qane edirmi? Bir-birinizə dəstək ola bilirsinizmi?
-Burada oxuyan azərbaycanlı tələbələr hər zaman digər tələbələrdən üstün fəaliyyətlərinə, bacarıqlarına, savadlı olmalarına və təşkilatçılıq qabiliyyətlərinə görə fərqlənirlər. Universitetimizdə azərbaycanlı qabaqcıl və fəal gənclər çoxdur. Belə tələbələrimiz keçirdiyimiz bütün tədbir və konfranslarda aktiv iştirak edir və hər zaman bizə dəstək olurlar. Ümid edirəm ki, vaxt keçdikcə fəal tələbələrimizin sayı daha da artar və digər tələbələr də onları görüb ruhlanarlar. Çünki xaricdə oxumaq bizim üçün çox böyük bir şans və sitimulverici haldır. Biz Azərbaycanı oxuduğumuz ölkədə müsbət yandan tanıdaraq millətimizə, dövlətimizə olan borcumuzu az da olsa ödəməyə çalışırıq. İnanırıq ki, bütün bunların hamısı zamanı gəldiyində öz bəhrəsini verəcək.
-Aktiv gənc kimi ümumilikdə Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Aktiv gənc kimi ilk öncə olaraq onu qeyd etmək istəyirəm ki, Azərbaycan gəncliyinin hazırkı durumunu incələsək, ümumilikdə isə analiz etsək keçmiş illərdən fərqli olaraq xeyli inkişaf etdiyini deyə bilərəm. Cənab Prezidentimizin tələbələrə və gənclərə qarşı olan diqqət və qayğısı, ümumilikdə Azərbaycan gəncliyinin inkişafına öz töhfəsini verir. Bu gün statistikaya baxdıqda xeyli sayda gəncimiz var ki, xarici ölkələrdə təhsil alırlar. Beynəlxalq arenalarda gənc siyasətçi, iqtisadçı və digər sahənin gələcək perspektivli kadrı kimi təcrübələr yığırlar. Bütün bunlar isə ümumilikdə ölkəmiz üçün ixtisaslaşmış kadrların hazırlanması deməkdir. Günü-gündən dirçələn ölkəmizdə həqiqətən də müasir gəncliyin inkişafı üçün digər ölkələrdən fərqli işlər görülür. Bu gün Azərbaycanda gənclərin inkişafı üçün gəncliyə aid qeyri-hökumət təşkilatları, qurumlar və dərnəklər qurulmaqda davam edir. Halbuki onların sayı kifayət qədərdir. Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi də gənclərimiz, xüsusən də xaricdə oxuyan tələbələrimiz üçün əlindən gələn köməklikləri göstərir. Bu qurum azərbaycanlı tələbələrin xarici şirkətlərdə beynəlxalq arenalarda təcrübə keçməsinə, işlə təmin edilməsinə hər bir dəstəyi göstərir və gələcəkdə ölkəmizdə savadlı kadrların sayının artmasında töhfəsini göstərir. Sadə dildə desək, hazırkı Azərbaycan gəncliyi birləşir və ölkəmizə bütün sahələrdə xidmət üçün əllərindən gələn hər cür yardıma hazırdır.
-Son illərdə dövlətin gənclərlə bağlı siyasətində xaricdə təhsil alan gənclərə xüsusi diqqətin ayrılması da hiss olunur. Bunu necə dəyərləndirərdiniz?
-Bəli, son illərdə Azərbaycanın ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları çoxalıb. Mənim fikrimcə bu çox gözəl haldır. Çünki Azərbaycanda xaricdə gənclərimizin təhsil alması üçün yetərincə imkanlar və şanslar yaradılıb. Bir çox ölkələrin, ən əsas da postsovet ölkələrin gənclərindən fərqli olaraq bizim dövlətimiz bizim gənclərimizə xarici ölkələrdə təhsil almaq üçün çox geniş şanslar verib. Bunlardan biri də Təhsil Nazirliyinin qərarı ilə “2007-2015 - ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bir çox gənclərimizin dünyanın inkişaf etmiş ölkələrində bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil almasıdır. Bundan əlavə olaraq dövlətimiz bəzi gənclərimizə aylıq təqaüd ayıraraq, bəzi tələbələri isə təhsil haqqından azad edərək onlara bu cür imkanlar yaradaraq gəncliyimizə, bizləri xarici ölkələrdə təmsil edən tələbələrimizə dəstək olur və onların savadlı kadr kimi yetişməsinə, faydalı gənclərimizin sırasına qatılmasına geniş imkanlar yaradır. Bizim universitetimizdə də belə tələbələrin sayı heç də az deyil. Bir çox tələbəmiz dövlətimizin imkanlarından yararlanaraq burada təhsil haqqından azad olunub, dövlətimiz tərəfindən aylıq təqaüd alan tələbələr sırasına daxil edilib və ödənişsiz yurdlarla təmin olunublar. Bu hal isə biz gəncləri çox sevindirir və bizlərin savadlı və mükəmməl mütəxəssis kimi yetişməsinə səbəb olur. Ümumiyyətlə isə, xaricdə oxumaq biz gənclər üçün yaradılmış çox böyük bir şansdır. Ölkəmizdə gənclərimiz, tələbələrimiz üçün yaradılan şərait məni qane edir. Artıq günü-gündən ali təhsil ocaqlarımız inkişaf edir, yeni avadanlıqlarla və yeni dərs kitabları ilə təchiz olunur. Ümumiyyətlə, bir şeyi vurğulamaq istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət illərindən gənclərimizə və tələbələrimizə olan qayğı və inam nəticəsində Gənclər və İdman Nazirliyinin yaradılması, “Gənclər Günü”nün təsis edilməsi bu sahədə hər şeyin təməlini qoydu və inkişafa doğru yeni yollar açdı. Həmçinin cənab Prezidentimiz İlham Əliyevin dərin siyasəti və hərtərəfli sadiqliyi bu gün gənclər sahəsində də özünü büruzə verir. Buna Gənclər Fondunun yaradılması misal ola bilər. Tələbələrimiz üçün yaradılan tələbə təşkilatları, tələbə birlikləri və dərnəkləri, yataqxanalar, kitabxanalar və s. misal çəkmək olar.
Mən yuxarıda qeyd etdiyim kimi beynəlxalq ticarət və biznesin idarə olunması sahəsi üzrə təhsil alıram. Bu sahə üzrə bizim universitetimizdə xeyli azərbaycanlı tələbələr təhsil alır. Bu ixtisas mənim araşdırmalarıma əsasən Azərbaycanda xeyli inkişaf etmiş ixtisaslardan biridir və hazırkı durumu məni çox qane edir. Amma bizlər ümid edirik ki, gələcək illər ərzində bu ixtisas daha da inkişaf edəcək və daha da çox önəmi artan bir ixtisas halına gələcək. Amma Azərbaycanla müqayisədə bu ixtisas Türkiyədə daha yaxşı bir şəkildə inkişaf edib və iş imkanları daha çoxdur.
-Gələcəklə bağlı hansı planlarınız var?
-İlk olaraq hər bir insan bu həyatda özünə bəlli bir hədəf seçməlidir. Hədəfi olmayan insan heç bir uğura imza ata bilməz. Hədəfə çatmaq üçün isə durmadan çalışmaq, mübarizə aparmaq lazımdır. Mənim isə gələcək planlarım və hədəflərim hədsiz dərəcədə çoxdur. İlk olaraq universiteti bitirdikdən sonra Avropada magistr təhsilimə davam etmək istəyirəm. Bir neçə il xarici ölkələrin birində işləmək istərdim. Sonda öz doğma Vətənimə geri qayıdaraq ölkəmə faydalı və bacarıqlı bir mütəxəssis kimi xidmət etməyi arzulayıram. Ən əsas da planım odur ki, universitetdə öyrəndiklərimi Azərbaycanda yaxşı bir şəkildə icra edim. Vətənə geri qayıtdıqdan sonra da Azərbaycanı təmsil etmək üçün xarici ölkələrə tez-tez getməyi düşünürəm. Bu arzularıma və hədəflərimə nail olacağıma inanıram.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info