Hər il “Fizika və lirika” konfransı keçiriləcək
Tarix: 14.11.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, hələ XX əsrin yetmişinci illərindən etibarən keçmiş Sovetlər İttifaqında və Avropa ölkələrində mətbuat səhifələrində fiziklərlə liriklərin mübahisəsi başlanıb. Lirika ustadları, incəsənət xadimləri sxematik, quru hesablamalardan ibarət olan, romantikadan kənarda qalan dəqiq elmlərin, xüsusən də fizikanın yeni insanın formalaşmasında, şəxsiyyətin mənəvi dəyərlərinin inkişafında rolunun az olması barədə iddialı mövqe ilə çıxış ediblər.
Fiziklər, geniş mənada isə texniki elmin təmsilçiləri də eyni zamanda lirikləri, humanitar düşüncənin daşıyıcılarını dövlətin, iqtisadi-texniki tərəqqinin inkişaf etdirilməsindən uzaqda qaldıqlarını diqqət mərkəzinə çəkiblər. Bundan başqa, fiziklər bu qənaətdə idilər ki, təbiət elmləri sırasına daxil olan fizika elmi də özünəməxsus gözəlliyə malikdir. Hətta təbiəti və kainatı öyrənən fizikaya bələd olmadan yaxşı şair ola bilməyin qeyri-mümkünlüyü ilə bağlı iddialar da meydana çıxıb. 1959-cu ildə “Komsomolskaya pravda” qəzetində açılan mübahisə yetmişinci illərə qədər davam edib. Mübahisələrdə Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadullina, Robert Rojdestvenski, Bulat Okucava, Aleksandr Qalk, Novella Matveyeva və başqaları kimi tanınmış ədəbiyyat xadimləri iştirak ediblər. Nobel mükafatı laureatları Lev Landaunun, Albert Eynşteynin fizikada fantaziyanın, romantikanın rolu barəsindəki fikirləri diqqət mərkəzinə çəkilib. Boris Slutskinin, Mark Lvovskinin “Fizika və lirika” şeirləri ictimai-ədəbi mühiti daha da qızışdırıb. Digər xalqların elmində və ədəbiyyatlarında da fizika və lirika problemləri mübahisə obyektinə çevrilib. O cümlədən, Azərbaycanda da fizika və lirikaya qoşa qanadlar kimi baxanlar da, bu sahələrdən birini digərindən üstün tutanlar olub. On ildən çox davam edən mübahisələrdən sonra belə qənaətə gəlinib ki, texniki elmləri təmsil edənlərin romantika və fantaziyasının olması, liriklərin isə təbiət və kainat ətrafında müşahidələri ilə yanaşı biliklərə də yiyələnmələri elmin də, ədəbiyyatın da xeyrinədir, zənginləşməyə və inkişafa xidmət edir. Məhz bu mübahisələrin zəminində ideologiyaya deyil, insana, təbiətə və kainata həsr edilən böyük ədəbiyyatın meydanı genişlənib, romantikası, fantaziyası, bədii düşüncəsi ilə fərqlənən yeni fiziklər (həm də riyaziyyatçılar) nəsli yetişib. Nəticədə elmilik və bədii fantaziya meyarları elmin və ədəbiyyatın taleyində iştirak edib, hər iki istiqamətin inteqrasiyasında və inkişafında mühüm rol oynayıb. Bütün bunlara baxmayaraq, fizika və lirika problemi nə fiziklər, nə də ədəbiyyatşünaslar tərəfindən xüsusi olaraq ayrıca elmi-nəzəri problem kimi tədqiq edilib öyrənilməyib. Bu mənada “Bakı Elm festivalı - 2014” proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilmiş “Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları” elmi konfransı həmin problemin araşdırılıb ümumiləşdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir.
Elmi konfransı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli “Fizika və lirika: elmi düşüncədə bədii fantaziya və lirikada kainat” mövzusunda problemin qoyulmasına dair məruzə ilə çıxış edib.
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, müxbir üzv Nazim Məmmədov “Elmin və ədəbiyyatın inkişafında fizika və lirikanın rolu” mövzusunda məruzə ilə çıxış edərək elmdə bədii fantaziyanın, romantikanın rolundan bəhs edib.
“Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları” elmi konfransında 14 məruzə dinlənilib. Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Fərqli ədəbi metod və cərəyanlarda təbiət hadisələrinin qəhrəmanın əhval-ruhiyyəsi ilə əlaqələndirilməsi”, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Şeirşünaslıq və fiziki-riyazi üsullar”, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubovanın “Fizikada “Kvant nəzəriyyəsi” və bədii ədəbiyyat”, Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevin “Lirikada fizika və dünyəvilik” mövzusundakı məruzələrində fizika və lirika problemlərinə metodoloji baxışlar və bu sahədəki dünya təcrübəsi öz əksini tapıb. “Poeziya və Günəş” mövzusunda dinlənilən iki məruzədə - filologiya üzrə fəlsəfə doktorları Elnarə Akimova və Yaşar Qasımbəylinin təqdimatlarında mövzuya fərqli və orijinal yanaşmalar ifadə olunub.
Digər məruzələrdə «Fizika və lirika» problemi konkret ədəbi və elmi şəxsiyyətlərin təcrübəsində şərh edilib. Nizami adına Ədəbiyyat İnstitutundan Cavidə Məmmədovanın «İmadəddin Nəsiminin yaradıcılığında fizika və fəlsəfi fikrin vəhdəti», Lalə Əlizadənin «XI-XII əsr Azərbaycan şairlərinin lirikasında fizika və astronomiyaya dair düşüncələr», Fizika İnstitutundan isə Nazilə Süleymanovanın «Akademik Həsən Abdullayev və ədəbiyyat» mövzularındakı məruzələrində mövzu ilə bağlı Azərbaycan reallıqları, mövcud elmi və ədəbi təcrübə ümumiləşdirilib. Bundan başqa, Rasim Nəbioğlunun «Azərbaycan poeziyasında Bahar və Novruz», İmaməddin Əmiraslanovun «Kristallar, kvazikristallar və türk xalq sənəti» mövzusundakı məruzələri də «fizika və lirika» probleminin özünəməxsus mozaikasını təqdim etməyə imkan yaradıb.
Naxçıvan Dövlət Universiteti ilə qurulan canlı videobağlantı vasitəsilə həmin universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyevin «Görkəmli fizika alimləri lirika haqqında» onlayn məruzəsinin dinlənilməsi maraqla qarşılanıb.
«Bakı Elm Festivalı - 2014» proqramı çərçivəsində təşkil olunan elmi konfransda Folklor İnstitutunun «İrs» ansamblının ifasında xalq mahnıları və muğamların səsləndirilməsi, saz havalarının dinlənməsi, orta məktəb şagirdlərinin bədii qiraəti «fizika və lirika» mövzusunun daha dərindən aydınlaşdırılmasına şərait yaradıb. Fizika, riyaziyyat, ədəbiyyatşünaslıq, kristalloqrafiya, musiqişünaslıq, fəlsəfə, folklorşünaslıq elmlərinin sintezi və təması əsasında məruzələr müasir mərhələdə elm sahələri arası əlaqələrin əhəmiyyətini göstərməklə bərabər, bu istiqamətdə olan tədqiqatların davam etdirilməsi zərurətini də nəzərə çarpdırıb.
Təşkilat komitəsi «Fizika və lirika» elmi konfransının hər il keçirilməsini və konfransın materiallarını kitab halında çap edilməsini qərara alıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info