Elşad Qoca: “İndi kəndimizə ancaq yuxularımda gedə bilirəm”
Tarix: 18.11.2014 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Müsahibimiz yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist Elşad Qocadır. Onunla redaksiyamızda görüşdük. Yaradıcılığı kimi həyat yolu da maraqlıdır. O, 1959-cu il may ayının 2-də indiki Ermənistan Yuxarı Körpülü kəndində, müəllim ailəsində anadan olub. Orta təhsilini canından artıq sevdiyi doğma Körpülüdə alıb. Ali jurnalist təhsilini isə Bakıda tamamlayıb. Hərbi xidmətini piyada qoşunları zabiti və hərbi jurnalist kimi Sibirdə, Uralda və Altayda başa vurub. Bir müddət mətbuatda çalışıb. Yeddi kitab müəllifidir. Əsərləri rus və özbək dillərinə tərcümə edilib. Xüsusi xidmət or­qanlarının fəaliyyətindən bəhs edən bir neçə sənədli filmlərdə çəkilib. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Tale onu ölkəmizin Milli Təhlükəsizlik orqanlarına gətirib və uzun illər orada işləyib. Hazırda MTN-in ehtiyatda olan polkovnikidir. Qarabağ müharibəsi veteranıdır.
-Elşad müəllim, bəlkə söhbətimizə bayaqdan adını tez-tez çəkdiyiniz doğma Yuxarı Körpülü kəndindən başlayaq?
- Görünür yaşla bağlıdır, qızım. Yaşın üstünə yaş gəldikcə, insan böyüdüyü, boya-başa çatdığı doğma yerləri axtarır. Ancaq çox təəssüflər olsun ki, mənim kəndim, elim-obam işğal olunub. İyirmi beş ildir ki, o yerlərə həsrətik. O yerlər üçün burnumun ucu göynəyir. Körpülünün dağı, dərəsi, meşəsi, bulaqları, təmiz havası vardı. Axırıncı dəfə kəndə 1989-cu ilin noyabr ayının 29-da getmişəm. Elə həmin gün kən­dimiz işğal olundu. Həyətdə mərhum anamla rastlaşdıq, atam da çölə çıxdı. Ba­xışlarından hiss etdim ki, məni gözləyirlər. Nə mümkündürsə götürüb kənddən çıxdıq. İnana bilmirdim ki, artıq Körpülünü itirmişik, bir daha bu yerlərə qayıda bilməyəcəyik.
İndi ancaq yuxularımda gedib-gələ bilirəm doğma Körpülümüzə. Elə, atam da, anam da, bacım da, böyük qardaşım da Kör­pülü deyə-deyə dünyalarını dəyişdilər. Evimiz, həyətimiz az qala hər gecə yuxuma girir. Mərhum atamın min bir zəhmətlə ərsəyə gətirdiyi meyvə bağları üçün darıxıram. İndi də o meyvələrin dadını axtarıram. Bağımızda çoxlu meyvələr var idi: alma, armud, gavalı, heyva, tut, calaq zoğal, badam, şaftalı. İnanın, iyun ayından noyabrın əvvəllərinədək bağımızda müxtəlif növ şaftalı olurdu. Kənd əhli şaftalının dilini yaxşı bilirdi.
Moskvada, Xarkovda, Tiflisdə, İrəvanda, Batumidə, Soçidə, Krımda, Odessada və bir çox şəhərlərdə Körpülü şaftalısı satılırdı. Maraqlı burasıdır ki, digər regionlardan gələn meyvə satanlar da mallarını Körpülü şaftalısı adı ilə sa­tışa çıxarırdılar. Həm də onların çoxu Körpülü kəndinin harada yerləşdiyini belə, bilmirdilər. Bu gün Borçalıda, Qarayazıda, Qazaxda, Gəncədə, Xaçmazda, Şəmkirdə, Tovuzda, Ağstafada, Samuxda, Göygöldə və s. yer­lərdə Körpülü şaftalısı yetişdirilir. Maştağada Lətif kişinin şaftalı bağı aləmə səs salıb.
Dostlarım, tələbə yoldaşlarım Sovetlər dönəmində dəfələrlə kəndimizdə qonaq olublar. Çünki kəndimizdə yaşamaq üçün bütün infrastruktur vardı. Həyətlərə həm içməli, həm də axar su kranları çəkilmişdi.
Mədəniyyət klubu, xəstəxana, ikimərtəbəli orta məktəb binası, uşaq bağçası, gündəlik tələbat və sə­naye malları mağazaları, yeməkxana, kənd və məktəb kitabxanaları kəndə xüsusi gözəllik verirdi. Təəssüf ki, indi körpülülər pərən-pərən düşüblər. Azərbaycanımızın az qala hər yerində Körpülü yaşayır. Hətta, Berlində, Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda, Donetskdə, Barnaulda da az deyillər.
Bu yaxınlarda mənə bir toy diski göndərdilər: Moskvada Körpülü toyu. Bu zarafat deyil. Moskvada yüz əlliyədək Körpülü yaşayır. Aralarında dövlət işçiləri, jurnalistlər, müəllimlər, həkimlər, professorlar, elmlər doktoru, namizədlər, iş adamları və s. var.
- Məktəbə də bu kənddə getmisiniz? Ümumiyyətlə, o günləri necə xatırlayırsınız?
- 1966-cı il sentyabr ayının 1-də məktəbin birinci sinfinə qəbul oldum. Özünü tərifləmək olmasın, həm əla oxumuşam, həm də məktəbin demək olar ki, bütün tədbirlərində iştirak etmişəm. Mənim də daxil olduğum futbol komandamız daim rayon birinciliyinin qalibi olurdu. Məktəbdə fəaliyyət göstərən dram dər­nəyi ildə iki-üç tamaşa hazırlayıb, kəndin mədəniyyət sarayında göstərirdi. Sək­ki­zinci sinifdə oxuyanda İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin tamaşasını hazırladıq. Mən Qaçaq Bahadır rolunda çıxış edirdim. İnanın, tamaşa böyük uğurla keçdi. Zal tamam dolmuşdu. Kənd sakinlərinin xahişi ilə həmin tamaşanı bir neçə dəfə oynadıq. Elə istedadlı uşaqlar vardı ki. Hələ çalıb-oxuyanları demirəm. Hər bayramda konsertlər keçirilirdi. Ətrafdakı erməni kəndləri bu çal-çağıra məəttəl qalıb, paxıllıq edirdilər.
Məktəb və kəndin kitabxanaları az qala məbədə çevrilmişdi. Anam həm də məktəb kitabxanasında işlədiyindən hər şey gözlərim qarşısında baş verirdi. Bir məsələni də qeyd etmək istəyirəm ki, uşaqlıq dostum alim İlqar Zeynalovla hər iki kitabxanada olan kitabları demək olar ki, oxumuşuq. İlqarın anası da kənd kitabxanasında işləyirdi. Bəzən bir-birimizlə gizlindən kitab mübadiləsi edirdik. Burada çoxlu sayda kitablar vardı. Təzə kitablar gələndə kitabxanada aləm bir-birinə də­yirdi. Bəzən əməlli-başlı növbə yaranırdı, hamı bu kitabları birinci oxumaq istəyirdi. Tez-tez ayrı-ayrı tanınmış yazıçıların əsərlərinin müzakirəsi keçirilirdi. Yaxşı yadımdadır ki, görkəmli yazıçılardan İsmayıl Şıxlının, Nəriman Süleymanovun, Qulu Xəlilovun əsərlərinin müzakirəsində qızğın çıxışlar olurdu. Müzaki­rənin sonunda hə­min yazıçılara şagirdlərin çıxışları əsasında məktub yazılırdı və onlar məktəbə cavab məktubu göndərəndə yenidən növbə yaranırdı, hamı oxumaq istəyirdi. Sonra yazıçının məktubları əziz və qiymətli hədiyyə kimi kitabxananın görümlü yerinə qoyulurdu. Bax, belə bir mühit vardı Körpülü kəndində.
- Doğma Körpülüyə nə vaxtsa qayıdacağınıza ümid edirsinizmi?
- Əlbəttə. Ancaq bunun üçün birinci növbədə Qarabağ və onun ətraf rayonları işğaldan azad olunmalıdır. Olunacaq da. Mən Ali Baş Komandanımıza inanıram və onun apardığı qətiyyətli siyasət nəticəsində biz bu mübarizədən üzüağ çıxacağıq. Sonra bizim Ermənistanda itirdiklərimiz gündəmə gələcək. İnanın, o gün gələcək.
- İlk yazılarınız nə vaxt işıq üzü görüb, bəlkə bir az da bu barədə danışaq?
- İlk yazılarım hələ orta məktəbdə oxuyanda nəşr olunub. “Sovet Ermənistanı”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində, “Pioner” (indiki “Günəş”) jurnalında işıq üzü görüb. Tələbəlik illərində ayrı-ayrı qəzet və jurnallarda, əsa­sən də Azərbaycan radiosunda daha çox çıxış edirdim. Keçmiş Sovet Ordusunda işlədiyim zamanlarda da işimi davam etdirirdim. Bakıya qayıtdıqdan sonra müxtəlif mətbuat orqanlarında çalışdım. Lakin ilk ciddi bədii yazılarımı ta­nın­mış uşaq yazıcısı Nəriman Süleymanov bəyəndikdən sonra rəhbərlik etdiyi “Pioner” jurnalında dərc etdi. Beləliklə, yolum açıldı, müxtəlif qəzet-jur­nallarda, almanaxlarda bədii və publisistik yazılarla çıxış etməyə başladım. Kino­studiyanın Dublyaj şöbəsi ilə əməkdaşlıq etdim. Bir sıra bədii və sənədli filmləri dilimizə tərcümə etdim. Kitab məsələsi isə bir az gecikdi. Sovetlər dönəmində “Gənclik” nəşriyyatının te­matik pla­nına mənim də kitabım salınmışdı. Lakin bu baş tutmadı. “Oğlum mənim, arxam mənim” adlı ilk kitabım müstəqillik dövründə çapdan çıx­dı. Şükür Allaha, bu gecikmələr elə bir problem yaratmadı və hər şey axarına düşdü. Düzdü, mən artıq o illərdə milli təhlükəsizlik orqanlarında xidmət edirdim.
- Yeri gəlmişkən, Milli Təhlükəsizlik Orqanlarında işlədiyiniz dövrlərdə yaradıcılıqla məşğul ola bilirdinizmi?
- Əlbəttə, imkan olduqca bədii-publisistik yazılar yazıb, tərcümələr edirdim. Döyüş və sərhəd bölgələrindən yazdığım materialları toplasam bəlkə də beş-altı kitaba sığmaz. Bu materialların əksəriyyəti “Sərhəd” qəzetində dərc olunub. İşlərin gedişində yaranmış fürsət mənim yaradıcılıq imkanlarımı bir az da artırdı. Belə ki, 90-cı illərin sonlarında nazirlikdə müstəqil təhlükəsizlik orqanlarının fəaliyyətinin araşdırılması ilə əlaqədar tədqiqat işlərinin aparılması üçün işçi qrupu yaradıldı. Xoşbəxtlikdən məni də o qrupun tərkibinə daxil etmişdilər. Bu mənə MTN və DİN-in arxivlərində, eləcə də Dövlət arxivində araşdırma aparmaq imkanı verdi. Beləliklə, arxiv materialları əsasında respublika mətbuatında, televiziya və radioda vaxtaşırı çıxış etməyə başladım.
Müstəqil təhlükəsizlik orqanlarının fəaliyyəti ilə əlaqədar olaraq “Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920)”, “Tariximiz, taleyimiz” və “Azərbaycan xüsusi xidmətləri” kitablarını yazdım. Eyni zamanda, ötən əsrin 1920-1950-ci illərində repressiyaya məruz qalmış milli Azərbaycan ziyalılarının taleyi və təşkilatlarının fəaliyyətinə dair onlarla publisistik yazılar işıq üzü gördü.
Yaxşı xatırlayıram, arxiv materiallarına əsasən, ilk yazım azərbaycanlı əsirlər barədə idi. Həmin yazı dövri mətbuatda çox yax­şı qarşılandı. Bəlkə də yüzlərlə güllələnmiş və ya uzun müddətə sürgünə göndərilmiş insanların şəxsi işlərini vərəqləmişəm. Elə, bunun nəticəsi olaraq, “Cəllad etirafı” və “Sibir dərsi” adlı irihəcmli publisistik kitablarım çap olundu. Bu kitablarda 1920-1950-ci illərdə qırmızı bolşevik terrorunun qur­banı olmuş onlarla milli ruhlu ziyalılarımızın, o cümlədən, tanınmış nəsillərdən Mehmandarovlar, Şıxlinskilər, Şahtaxtinskilər, Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar, Makinskilər, Usubbəyovlar və digərlərinin istintaq materialları araşdırılır və onların acı taleyi göstərilir. Hələ, işləniləsi xeyli materiallarım var.
- Bəs, bugünkü yaradıcılığınızı hansı istiqamətdə qurmusunuz?
- Sözün düzü, bu gün daha çox publisistikaya üstünlük verirəm. Bu janr məni daha çox özünə cəlb edir. Həm də bunda özümü rahat hiss edirəm. Tərcümələrim də az deyil. Ara-sıra nəsrlə də məşğul oluram. Son aylar ayrı-ayrı saytlarla əmək­daşlıq edirəm.
1918-1920-ci illərdə öz milli dövlətçiliyini bərpa etmiş Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat orqanlarında çalışmış kornet Ağalarovun, yesaul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır və Nağı bəy Şeyxzamanov qardaşlarının, Ələkbər xan Şahsuvarovun, Məmmədtağı Dadaşovun, Əli Razi Şamçızadənin və başqalarının, eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız polkovnik Məmməd bəy Əliyev və Şahzadə Məmmədin fəaliyyəti, eləcə də həmin illər Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı barədə silsilə tarixi-publisistik yazılarımı oxucuların ixtiyarına vermişəm. Böyük sənətkarlarımız Nəsibə Zeynalova, Şövkət Ələkbərova və Süleyman Ələsgərov barədə xatirələrimi qələmə almışam.
- Gənclik dövrünüzdə mətbuat həyatı bu gün xatirinizdə necə qalıb?
- Mən BDU-nu bitirdikdən sonra bir müddət Sovet Ordusunda xidmət etdim. Burada da qələmi yerə qoymadım. Hərbi qəzetlərlə əməkdaşlıq etdim. İndi o qəzet yazılarını səliqə ilə saxlayıram. Bakıya qayıtdıqdan sonra bir müddət müxtəlif redaksiyalarda çalışdım. Ancaq xatirimdə “Pioner”, indiki “Günəş” jurnalı və “Səhər” qə­zeti daha çox qalıb. İlk dəfə Balakən rayonunda xidməti ezamiyyətdə olmuşam, ma­raqlı materiallar hazırlamışam. Xüsusən də “Pioner” jurnalında gözəl yaradıcı mü­hit vardı. Jurnalın baş redaktoru mərhum Nəriman Süleymanov əməkdaşların rahat işləmələri üçün hər cür şəraiti yaratmışdı. Həmin illəri mətbuat həyatımın ən gözəl günləri sayıram.
- Bəs, gənclik dövrünüzün mətbuat həyatı ilə indiki dövrün mətbuatı ara­sında fərqi nədə görürsünüz?
- O vaxtlar mətbuatda daha çox peşəkar jurnalistlər işləyirdi. Hər sözə, hər cümləyə fikir verilirdi. Təsadüfi materialların işıq üzü görməsi mümkün deyildi. Sanballı yazılar dərc olunurdu, ona görə də qəzet-jurnallar oxunurdu. Mətbuatda özünəməxsus məktəb yaratmış jurnalistlərin yazıları oxucular tərəfindən izlənilirdi. Həmin dövrlərdə yalnız texnologiya geri qalırdı. Bu gün bunu söyləmək olmaz. İndi kompüter əsridir. Artıq, jurnalistlər rahat işləyə bilirlər. Eyni zamanda, əldə edilmiş informasiya bir sa­ni­yədən son­ra dünyanın bütün aparıcı qəzetlərinə və informasiya agentliklərinə ötürülür. Mən keçmiş mətbuatı peşəkarlıq, müasir mətbuatı isə operativlik baxımından üstün sayıram.
- Elşad müəllim, qəzetimizin oxucularına nə arzulayardınız?
- Maşallah, qəzetinizin maraqlı və yaradıcı kollektivi var. Tanışlıqdan məm­nun oldum. Gündəlik qəzetin buraxılması elə də asan məsələ deyil. Bu böyük əziyyət və güc tələb edir. Bu yolda qəzetin bütün əməkdaşlarına yaradıcılıq uğurları arzulayıram.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info