“Ukraynada böyüməyimə baxmayaraq təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm”
Tarix: 18.11.2014 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Qəzetimizin xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Ukrayna Krivoy Roq Milli Universitetinin Xarici dillər fakültəsinin tələbəsi Nəzakət Hüseynovadır:
-Mən 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. 3 yaşım olanda ailəmlə birgə Ukraynanın Krivoy Roq şəhərinə köçmüşük. Ukraynada bağçaya getmişəm, ukraynadilli məktəbdə təhsilimi almışam. 2013-cü ildə Krivoy Roqun Milli Universitetinə daxil oldum. Peşə seçimimdə heç bir çətinlik çəkməmişəm. Məktəbdə müəllim olacağıma 1-ci sinifdən əmin idim. Hər kim soruşsa, müəllim olacağımı deyirdim. 2013-cü ildə Ukrayna və ingilis dilləri və ədəbiyyatı fakültəsində təhsil aldım, az sonra fakültəni dəyişməyə qərar verdim. Amma yenidən məhz müəllimlik peşəsini seçdim. Hazırda 1 kursda, Xarici dillər fakültəsində rus və ingilis dilləri və ədəbiyyatı üzrə təhsil alıram.
- Təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Ukrayna məktəbində və ukraynadilli bir məktəbi bitirdiyim üçün rus dilindən o qədər də çox biliyə malik deyildim, hazırda rus dilini özüm üçün yenidən kəşf edirəm. İngilis dili və ədəbiyyatı isə mənim üçün maraqlıdır. Danışıq və fikrimi çatdırmaqda heç bir çətinliyim olmasa belə, qrammatika baxımından müəllimlərlə çox çalışıram.
-Orada təhsil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necədir?
- Ukraynada təhsil alan tələbələrlə əlaqəm olduqca yaxşıdır. Xaricdə yaşamağımıza baxmayaraq hər birimiz çalışırıq ki, Azərbaycanın adını yüksəldək, ən azı sinifdə və ya qrupda 2 azərbaycanlı olsa da həmin dəqiqə seçilir. Hər birimiz çalışırıq ki, ukraynalı tələbələrlə birgə olaq və ya üstün olaq, amma heç də bilik, təhsil və tərbiyə baxımından aşağı olmayaq.
Ölkəmizin tanınmasında azərbaycanlı tələbələrin böyük uğurları və nailiyyətləri var. Tələbələrin böyük əksəriyyəti Ukraynanın Bilik Akademiyasının üzvüdürlər.
Məhz Ukraynada Azərbaycan Gənclər Birliyi(UAGB) adlı təşkilat var. Krivoy Roqda bu təşkilatın fəal üzvüyəm. Bir il UAGB-in Krivoy Roqda sədr müavini olduğum zaman çox layihələr həyata keçirmişik. Tədbirlərin böyük əksəriyyəti məhz Azərbaycanla və ölkəmizin tarixi ilə bağlı olub. Milli bayramlarımızı başqa millətlərin təmsilçiləri ilə birgə keçirmişik. Onlara bizim milli adətlərimizi tanıtmaq xoşdur və xaricdə yaşayan bütün azərbaycanlıların, o cümlədən gənclərin borcudur.
- Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz varmı? Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz? Ümumiyyətlə, gələcək planlarınız?
- Bilirsiniz Vətənin yerini heç bir xarici ölkə verməz. Ukraynada böyüməyimə baxmayaraq, Azərbaycan ana Vətənimdir və təhsilimi Azərbaycanda davam etdirmək istəyərdim - ən azı Azərbaycan dilini, tarixini, ədəbiyyatını yaxşı bilmirəm, istərdim tam mükəmməl bilim. Harada çalışmağıma gəldikdə isə məhz Azərbaycan məktəblərində çalışmaq istəyirəm. Mənim aldığım təhsil və Azərbaycanda verilən təhsil ayrı- ayrı təhsil proqramıyla verilir, ona görə də düşünürəm ki, Azərbaycanda aldığım təhsilimlə gənclərimizə və böyüyən uşaqlara savad, bilik verə biləcəyəm. Vaxtında ukraynalı müəllim mənim qəlbimdə necə təhsilə sevgi ocağını yaradıbsa, mən istəyərdim ki, bu ocağı da çoxsaylı azərbaycanlı şagirdlərdə yaradım.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtımı kitaba, ailəmə, dostlarıma həsr edirəm. Dostlarımla şəhərdə gəzirik. Bacımla və qardaşımla teatra, kinoya getməyi çox sevirəm. Axşamlar kitab oxumağı çox sevirəm. “Shelter+” adlı təşkilata təmənnasız olaraq uşaq evlərində olan tələbələrlə ingilis dili dərsi keçirəm.
- Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?
- Gənclər hər bir ölkənin və millətin gələcəyidir, bunu unutmamalıyıq. Harada yaşamağımıza baxmayaraq çalışırıq ki, qaldığımız yerdə Azərbaycanı tanıdaq. Mən oxuduğum məktəbdə azərbaycanlı tələbə çox olduğu üçün hətta Azərbaycan milli günü keçirirlər və məhz bu 1 günün içində məktəbin tələbələri Azərbaycan adətləri, milli mətbəxi, ədəbiyyatı, rəqslə və digər şeylərlə tanış olurlar. Gənclər ölkəmizin inkişafında böyük töhfələr verə bilər. Bu gün bizim millətimiz deyir ki, məsələn, xaricdə həkimlər daha güclüdür. Gənc həkim düşünməlidir ki, nəyi səhv edir və necə etməlidir ki, xaricdəki kimi güclü olsun? Həmin gənc çalışmalıdır ki, ölkəyə yaxşı biliyi, savadı ilə dəstək, kömək olsun.
- Son vaxtlar müxtəlif sahələrdə xarici dilə daha çox üstünlük verilir. Siz seçdiyiniz ixtisasda özünüzü necə görürsünüz, hansı sahədə çalışmaq niyyətindəsiniz?
- Xarici dillərə, ədəbiyyata meylim çox olduğundan təhsilimdə çətinlik çəkmirəm. Aldığım təhsildən başqa istəyirəm ki, öz ana dilimi də olduqca mükəmməl bilim. Fikrimi çətinlik çəkmədən çatdıra bilim. Müəllimdən uca zirvə olmadığından mən də müəllim olacağam. Uşaqlıqda hətta oyuncaqlarımı bir sıraya düzürdüm, onlara dərs keçirdim. Bacımın təhsilə meyli olmadığından həmişə ona kömək edirdim , hətta evdə şagird və müəllim oynayırdıq. Ona dərs deyirdim, indi isə bacım iqtisadçıdır, onu həmişə öz tələbəm saymışam. Onun uğurlarına sevinirəm. Arzum müəllim olmaq, məktəbdə işləmək, öz bildiklərimi şagirdlərimə çatdırmaqdır. Çox istəyirəm ki, ölkəmizin fəxr etdiyi bir vətəndaşlar yetişdirim, istəyirəm ki, mənim şagirdlərim ölkəmizə böyük xeyir versin. Hətta qocalanda belə, hansısa tələbəmi görəndə sevinim və qürurla düşünüm ki, bu uşaq mənim tələbəm olub və mən bu insana dərs demişəm. Müəllim öz şagirdinin uğurlarını görəndə qürur duyduğu kimi istəyirəm şagirdlərim və şagirdin valideyni öz müəllimi ilə qürur duysun.
-Xarici dil insanlar üçün hansı imkanlar açır?
- “Nə qədər dil bilsən, o qədər də sən insansan” - Siseron deyib. XXI əsrdə xarici dilsiz sağa-sola tərpənmək olmur. Xaricə getmək istəsən belə, bir Azərbaycan və türk diliylə kifayətlənə bilməzsən. Ona görə də öz ana dilindən başqa dil bilmək yaxşıdır, ən azı istədiyin ölkənin qapıları üzünə açıq olar. Adi şirkətdə işləyəndə belə xaricdən qonaq gələndə tərcüməçi tutmaqdansa, özün sərbəst danışmağın yaxşı olar, ən azı qarşıladığın qonağı təəccübləndirə bilərsən ki, onların dilində fikrini çatdıra bilirsən.
-Bu gün ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir, yaxud xaricdə müxtəlif tədbirlərdə təmsil olunur. Bunun üçün ölkəmizin gənc tərcüməçi kadrlara da ehtiyacı var. Siz bununla bağlı nə deyərdiniz?
- Bilirsiz, tərcüməci olduqca çoxdur, sadəcə təəssüf ki, əksəriyyəti məktəb və universitet bazasıyla kifayətlənir. İnsan inteqrasiya və inkişaf etməlidir, söz bazası bol olmalıdır. İngilis və rus dilləri müəllimi olmağıma baxmayaraq, tərcüməni də tamamilə asan edə bilirəm, fikrimi də sərbəst çatdırmağı bacarıram. Bizim gənclər sadəcə anlamalıdır ki, təhsil, elm və savad universitetin binasının kənarında da var. İnkişaf etməlidirlər və yalnız onda gənc, savadlı tərcüməçilər çoxalacaq.
- Gələcək planlarınız nədir, hansısa layihələrdə iştirak etmək niyyətiniz varmı?
- İlk öncə diplomumu alım, valideynimin və birinci müəlliməmin gözündə sevinc görüm. İstəyirəm ki, onlar fəxr etsinlər ki, mən ali məktəbi bitirmişəm. Gələcəkdə istəyirəm ki, xarici dillər mərkəzi açım. İmkanından asılı olmayaraq uşaqlar xarici dilləri öyrənsin. İstəyirəm mənim kimi müəllimlik savadı olan gənclər bizim uşaq evlərində olan uşaqlarla, əlavə olaraq xarici dillərlə məşğul olsunlar. İstəyirəm xaricdə belə mərkəzlər açım və hətta orada Azərbaycan dili keçsinlər.
-Ümumiyyətlə, yaşadığınız ölkə ilə bağlı nə deyərdiniz? Azərbaycanla oxşar və fərqli cəhətləri varmı?
- Bilirsiniz, ilk baxışdan Ukrayna adi ölkədir, yaşadığım şəhər, adi şəhərdir, çünki Vətənin yerini heç bir ölkə verməz. Buranın yerli milləti olduqca mehriban, xoş üzlüdür. Azərbaycan kimi qonaqpərvərdirlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info