Himayəsinə uşaq götürənlərə əməkhaqqı veriləcək
Tarix: 22.11.2014 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, deputatlar və digər şəxslər iştirak ediblər.
Çıxış edən B.Muradova bildirib ki, Azərbaycan parlamenti uşaq hüquqları ilə bağlı bir sıra qanunverici aktlar qəbul edib: “Azərbaycanda uşaq hüquqlarının qorunması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Biz ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm veririk. Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində bir sıra işlər görülüb. Biz ölkəiçi siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. Xüsusilə də UNİCEF-lə əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv olan digər dövlətlər üçün də maraqlıdır”.
UNİCEF-in Azərbaycan bürosunun rəhbəri Andro Şilakadze isə bu konvensiyanın yaranması tarixindən danışaraq qeyd edib ki, 1989-cu ildə bir neçə ölkə bir araya gələrək, uşaq hüquqlarının qorunmasını üzərlərinə götürməklə bağlı qərar qəbul etdilər və bu konvensiyanı hazırladılar: “Azərbaycan isə bu konvensiyanı 1992-ci ildə ratifikasiya edərək qəbul edib”. O, vurğulayıb ki, növbəti 5-6 il ərzində Azərbaycan böyük gəlirlərə malik, inkişaf etmiş dövlət olduğunu bəyan edə bilər: “Artıq ölkədə iqtisadi inkişafa nail olunduğunu özümüz də görürük. Hətta səhiyyə, təhsil və digər sahələrdə xeyli irəliləyişlər əldə edilib”. Azərbaycanda gender bərabərliyi sahəsində xeyli inkişafın olduğunu deyən UNİCEF rəhbəri qeyd edib ki, bununla belə, əlillərlə bağlı bəzi problemlər var: “Əlillər bizim kimi eyni əsaslarla cəmiyyətdə hərəkət edə bilirlərmi? Bu qarşıda duran və həlli tələb olunan vacib sualdır. Məktəblərdə gender bərabərliyinin təmin olunması ilə bağlı mühüm nəticələr əldə edilir. Ancaq əlillərin cəmiyyətə inteqrasiyası məsələsində bir sıra problemlər hələ də qalmaqdadır”. A.Şilakadze 0-6 yaş arasındakı uşaqların tərbiyəsinin və inkişafının xüsusi diqqətdə saxlanılmasının vacibliyini söyləyib.

7-8 erkən toyun qarşısı alınıb
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, erkən nikah məsələləri, qız uşaqlarının təhsildən yayındırılması kimi hallar hər ölkədə olan problemlərdir: “Ötən il Azərbaycanda 15 erkən toyun qarşısı alınıb. Bu il isə 7-8 belə toyu dayandırmışıq. Bizim müəssisənin nümayəndələri belə ailəyə mesaj göndərir ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz və sizə cinayət işi açıla bilər”. Komitə sədri bildirib ki, Azərbaycanda bəzi təşkilatlar bu problemlə bağlı rəqəmləri şişirdib düzgün məlumatlar çatdırmırlar: “Biz bu məlumatlardan daim təəssüfləndiyimizi bildirmişik. Biz yerli icra hakimiyyəti nümayəndələri ilə bu istiqamətdə iş aparır, onlara mühazirələr keçirir, bu məsələlər izah edirik. Bizim rayonlarda 11 mərkəzimiz var və onlar bu istiqamətdə səmərəli iş aparırlar”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirib ki, Azərbaycan “Uşaq Hüquqları konvensiyası”na qoşulan ilk gündən qaçqın-köçkün uşaqları problemi ilə üz-üzə qalıb. Bu problemi Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in diqqətinə çatdırmaq istədiyini söyləyən komitə sədri qeyd edib ki, dövlətin qayğısı nəticəsində bu uşaqların həyat şəraiti qismən yaxşılaşıb: “Artıq qaçqınlıq dövrünü yaşayan həmin uşaqlar böyüyərək, ailə qurur və uşaq dünyaya gətirirlər. Bu da o deməkdir ki, Azərbaycanda qaçqın-köçkün uşaqların sayı daha da artır. Bu uşaqlar da psixoloji olaraq həmin problemləri yaşayırlar. Mən UNİCEF-in və digər beynəlxalq təşkilatların da diqqətini bu məsələyə yönəldirəm”.

İnklüziv təhsillə bağlı Dövlət Proqramı layihəsi hazırlanıb
Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva çıxışında bildirib ki, Azərbaycan Təhsil Nazirliyi inklüziv təhsilin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Onun sözlərinə görə, 2015-2022-ci illəri əhatə edəcək proqramın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasını və onların təhsil ala bilməsi üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. İnklüziv təhsilə cəlb edilən uşaqların sayının az olduğunu deyən M.Hacıyeva qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların hamısı təhsillə əhatə olunmayıb: “Ona görə də məqsədimiz odur ki, hər bir sağlamlıq imkanları məhdud uşaq öz ərazisində təhsilə cəlb olunsun. Hazırda 9355 uşaq evdə, 2558 uşaq xüsusi məktəblərdə təhsilə cəlb olunub, 412 uşaq internat məktəblərində olan xüsusi siniflərdə təhsil alır. Yalnız 298 uşaq inklüziv təhsilə cəlb edilib”
.
600-ə yaxın azyaşlının uşaq evlərinə düşməsinin qarşısı alınıb

Bildirilib ki, Azərbaycanda 2006-cı ildə ölkə Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qeydiyyatında olan, övladlığa verilməsi mümkün olan uşaqlardan 41-i övladlığa verilib, 228 uşaq öz bioloji ailəsinə qaytarılıb, 589 uşağın isə dövlət uşaq müəssisəsinə düşməsinin qarşısı alınıb. Onun sözlərinə görə, 2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrindən, yəni internat və uşaq evlərindən 716 şagird məzun olub. Onlardan 176 nəfəri tam orta təhsil, 540 nəfəri isə ümumi orta təhsil səviyyəsini bitirib. Tam orta təhsil səviyyəsini bitirən məzunların 48 nəfəri ali təhsil müəssisəsinə, 17 nəfəri orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. 111 nəfər şagird isə məzun olduqdan sonra öz valideynlərinin və ya qanuni nümayəndələrinin himayəsinə təhvil verilib.
Ümumi təhsil səviyyəsini bitirən 540 nəfərin 12-si orta ixtisas təhsili müəssisəsinə, 93 nəfəri ilk peşə ixtisas müəssisəsinə qəbul olub, 231 nəfər uşaq isə ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsillərini davam etdirib. 204 nəfər sağlamlıq imkanları məhdud uşaq isə məzun olduqdan sonra təhsillərini davam etdirə bilməyib.

Himayədar ailələrə əməkhaqqı və müavinət verilə bilər
M.Hacıyeva bildirib ki, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək himayədar (foster) ailələrə əməkhaqqı, aylıq və birdəlik müavinət verilə bilər. O qeyd edib ki, hökumətə himayədar ailələrə uşağın sayından asılı olmayaraq, minimum əməkhaqqı səviyyəsində aylıq əməkhaqqının, hər uşağa görə yaşayış minimumu həddində aylıq müavinətin və hər uşağa görə yaşayış minimumunun 2 misli həddində birdəfəlik müavinətin verilməsi təklif edilib. Sağlamlıq imkanları məhdud, kimsəsiz uşaqlara görə müavinətlərin isə 2 dəfə artırılması təklif olunub. Nazirlik rəsmisinin sözlərinə görə, 2010-cu ildə Ailə Məcəlləsi təsdiq olunarkən orada himayədar ailə haqqında əsasnamənin təsdiq edilməsi məsələsi qoyulmuşdu, lakin bu günə kimi Azərbaycanda himayədar ailə institutu təşəkkül tapmayıb.

7 internat məktəbi ümumtəhsil müəssisəsinə çevriləcək

M.Hacıyeva deyib ki, 2006-cı ildə ölkə Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 11 internat məktəbi ümumtəhsil müəssisəsinə, lisey və gimnaziyalara transformasiya olunub, 3 internat məktəbi isə bağlanıb. Növbəti tədris ilinə kimi 7 internat məktəbinin transformasiya olunması planlaşdırılır. Onun sözlərinə görə, 2010-cu ildə istifadəyə verilən ailə tipli evlərdə 10 kimsəsiz qız uşağı yaşayır. Təhsil Nazirliyinin İnvestisiya Proqramına bu il Lənkəran şəhərində də oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin yaradılması məsələsi daxil edilib. Hazırda bu istiqamətdə iş aparılır. M.Hacıyeva deyib ki, 2008-ci ildə dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayı 4055 olduğu halda, 2014-cü ildə bu, 3470 nəfərə enib. Gecələyən uşaqlar arasında 443 nəfər daimi müəssisədə yaşayır.

3000-ə yaxın qadın 5-dən çox uşağının olmasına görə müavinət alır
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda 2722 qadına 5-dən çox uşağının olmasına görə dövlət tərəfindən müavinət verilir. O deyib ki, ötən il qəbul olunan “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5-dən çox uşağı olan qadınlara sosial müavinətlər verilir. Bu qanuna əsasən, bu ilin ilk 9 ayı ərzində 2722 qadının 8 mindən artıq uşağına görə həmin növ müavinət hesablanaraq ödənilib. Bu ilin 9 ayı ərzində 72790 nəfər yeni doğulmuş uşağın hər birinə 90 manat məbləğində birdəfəlik müavinət ödənilib. Bundan əlavə, müxtəlif kateqoriyalardan olan şəxslərin, xüsusilə də Qarabağ əlilləri, şəhid ailələri, həlak olan hərbçilərin uşaqlarının bakalavr və magistratura səviyyəsi üzrə təhsil aldığı müddət ərzində təhsil haqları dövlət büdcəsi hesabına ödənilir". Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda 63 min nəfərə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. N.Məmmədov hesab edir ki, nikaha girən gənc ailələrin tibbi müayinəsinin aparılması uşaqlar arasında əlilliyin qarşısının alınmasına kömək edəcək. Onun fikrincə, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun və profilaktik tədbirlər uşaqların əlilliyinin qarşısının alınmasına böyük töhfə verəcək. Nazir müavininin sözlərinə görə, bu ilin sonuna qədər Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reablitasiya müəssisəsi tikilərək istifadəyə veriləcək. Sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial sığınacaqların tikintisi də başa çatmaq üzrədir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info