“Bakıda keçiriləcək ilk Avropa Oyunları yüksək səviyyədə baş tutacaq”
Tarix: 22.11.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Prezident Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının açılışında iştirak edib
Dünən Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.

“Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır”

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən Prezident İlham Əliyev tədbirdə iştirak edən qonaqları salamlayıb. Qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. Bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub. “Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”, - deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən dəstəklənir.
Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkəmizin dünyada daha yaxşı tanıdılmasına imkan verir.
Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. 2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Prezident İlham Əliyev bunun da ölkəmizin böyük potensialından qaynaqlandığını söyləyib.

Tomas Bax:
“Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələr uğurlu nəticələrin əldə olunmasına təkan verir”

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir. Tomas Bax əmin olduğunu bildirib ki, gələn il Bakıda baş tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların uğurlu alınmasına stimul verəcək. Tomas Bax idmanın BMT-nin inkişaf məqsədləri sırasına daxil olunması ilə bağlı danışıqların aparıldığını deyib və idman tədbirləri baxımından gərgin qrafiki ilə seçilən gələn il ərzində hamıya uğurlar arzulayıb.

Patrik Hikki:
“Bakı füsunkar və gözəl şəhərdir”

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edib. Bakının füsunkar və gözəl şəhər olduğunu deyən Patrik Hikki əminliyini bildirib ki, Avropa mühüm tarixi ana yaxınlaşır və bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını, digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işlərini müzakirə etmək baxımından mühüm tədbirdir. Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib.
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim edib. Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info