Turizm cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə xidmət edir
Tarix: 24.11.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi olaraq məktəbli və abituriyentlərin aktual məsələsi olan peşə və ixtisas seçiminə dəstək göstərməyi özümüzə borc bildik. Hər kəs peşə və ixtisas seçimi edərkən təhsilini bitirdikdən sonra həmin sahə üzrə işlə təminolunma məqamlarına diqqət edir. Burada seçilən sahənin inkişafının prioritetliyi və sahə üzrə kadr potensialına ehtiyac əsas məqamlardan biridir. Bu vacib məqamlara diqqət edərək apardığımız araşdırmalar nəticəsində onlar üçün ölkənin prioritet və kadr tələbatı duyulan sektorlarından olan turizm haqqında dolğun məlumat toplamağa çalışdıq. Turizm dünyada perspektivinə görə qeyri-neft sektorunda aparıcı mövqedə dayanan və dünya miqyasında sürətlə inkişaf edən biznes sahəsidir. Dünya Turizm Təşkilatı (DTT) cari ilin təkcə may –avqust aylarında xarici ölkələrə 460 milyondan çox turist gedəcəyini nəzərə alaraq, 2014-cü il turistlərin sayının 4-4,5 faiz artaraq 2010-2020-ci illərə dair verilən uzunmüddətli proqnozdan 0,2-0,7 faiz çox olduğunu qeyd edir. Turizm dünyanın bir sıra ölkələrində iqtisadiyyatın inkişafını müəyyənləşdirən sahə olaraq inkişaf edir, büdcənin formalaşmasında müstəsna rol oynayır, bu da əhalinin məşğulluğunu təmin etməklə yanaşı ölkələrarası münasibətlərin genişlənməsinə gətirib çıxarır. Dünya ölkələri üzrə ümummilli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Müstəqilliyini 23 ildir əldə etdiyinə baxmayaraq, dünya miqyasında özünü müasir, güclü ölkə, eyni zamanda çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanıdan, son illər iqtisadi inkişaf templərinə görə dünyada ön sırada olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib.
Turizm sivilizasiyanın inkişaf göstəricisi olmaqla, cəmiyyətin sağlamlığına, onun mədəni səviyyəsinin və dünyagörüşünün yüksəlməsinə xidmət edir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində turizm sahəsi dövlət tərəfindən dəstəklənir. Bununla bərabər, gündən-günə sürətlə inkişaf edən turizm sənayesi yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Ölkəmizdə də iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı turizm sahəsinin tərəqqisi ilə də müşayiət olunur. Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, Azərbaycana gələn hər turistin orta hesabla 600-700 dollar xərclədiyini nəzərə alsaq, turist axınından ölkəyə böyük gəlir gətirdiyini görmək mümkündür. Sovet dövründə Azərbaycanda turizmin olmadığını nəzərə alsaq turizmin inkişafına dair iki dövlət proqramının təsdiq olunması, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi müasir dövlət siyasətinin turizmə verdiyi böyük töhfəsi kimi qeyd etməliyik. Bundan əlavə mütəmadi olaraq dünyanın CNN, “National Geographic”, NBC, “Discovery” və digər bu kimi aparıcı televiziya efirindən tamaşaçıları Azərbaycanı ziyarət etməyə dəvət edən video-roliklərlə ölkəmizin turizm potensialının xaricdə təbliği, müxtəlif ölkələrdən olan media-struktur nümayəndələri üçün Azərbaycan üzrə məlumatlandırma turlarının təşkilini də milli turizmimizin inkişafı üçün atılan addım kimi göstərmək olar. 2001-ci ildən ölkəmiz dünyanın 20 ölkəsində keçirilən müxtəlif turizm sərgilərində iştirak edir ki, buradakı stendlərdə də Azərbaycan barədə müxtəlif dillərdə 25 növdən çox məlumatlandırma bukletləri yayılır.
Britaniyanın “Euromonitor International” strateji bazar araşdırmaları şirkətinin analitikləri son illərdə paytaxt Bakıya turist axının artdığını bildirir. Bakı dünyanın ən çox ziyarət edilən 100 şəhərləri sırasında 96-cı olaraq Vaşinqton, Melburn, Rio-de-Janeyro, Frankfurt və San-Paulo ilə qonşuluqda qərarlaşıb. Paytaxtda irimiqyaslı turizm layihələrinin nəticəsində bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunub. Turizm inkişaf etməklə bərabər regionların da siması dəyişir. Bölgələrdə yeni aeroportlar, beynəlxalq hava limanları tikilib. Yeni magistral avtomobil yolları tikilir, dəmir yolları müasirləşdirilir. Son bir neçə ildə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib, ölkədə çoxsaylı beşulduzlu otellər istifadəyə verilib. Təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulan və Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan Qusar rayonundakı (Avropada ən iri) “Şahdağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələdəki “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət kompleksi Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların miqyasını göstərir. Dünya Turizm Təşkilatının Baş direktoru Taleb Rifai Azərbaycana üç dəfə səfər edib, hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu xüsusi məmnunluqla qeyd edir. Dünya Turizm Təşkilatının prezident və ölkə başçılarının nitqindən götürülmüş sitatların dərc etdiyi qızıl kitabda Azərbaycanın “Qızıl Kitab” hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.
Dünyada Azərbaycan kimi neft və qaz hesabına varlanan ölkələrin daha sonra maliyyə və turizm mərkəzləri kimi inkişaf etdiyi məlumdur. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Azərbaycanın 7000-dək mühafizə olunan yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə, mədəniyyət və cəlbedici təbiəti var. 11 iqlim qurşağından 8-i Azərbaycandadır, demək ki, ölkədə turizmi inkişaf etdirmək olar. Ümumi səylər nəticəsində bu sektor ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilə bilər. Avropa və Dünya çempionatları, “Eurovision 2012” kimi müsabiqə və turnirlər bizə ölkəmizi qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli şəkildə təqdim etməyə imkan yaradır.
Ölkədə turizm sektorundakı kadr ehtiyacını, eyni zamanda bu sektoru aparıcı sahəyə çevirmək üçün 2006-cı ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış ilk ikili diplom ilə təltif edən Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. İnstitutda hazırda yeddi kafedra – “Turizm biznesinin təşkili və texnologiyası”, “Turizmdə menecment və marketinq”, “Turizmdə informasiya texnologiyaları”, “İctimai fənlər”, “Turizmin linqvistik təminatı”, “İqtisadiyyat” və “İngilis dili” kafedraları mövcuddur. ATİ-də 11 ixtisas üzrə təhsil tədris olunur. Yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında quran ATİ TQDK-nın 2007-ci il üçün Azərbaycanın ali məktəblərinin reytinq sıralamasında respublika üzrə üçüncü yerə, 2008-ci ilin göstəricilərinə əsasən 7-ci yerə, 2009-cu ilin göstəricilərinə əsasən isə 5-ci yerə layiq görülüb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edəcəklər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. Elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktiv olan ATİ istər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı, Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qalibi olub. Proqram çərçivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. ATİ tələbələrə təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilik və bacarıqları praktikada tətbiq etmək üçün xarici ölkələrin ali təhsil müəssisələri, səfirliklər və beynəlxalq təşkilatlarla, həmçinin turizm sektorunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası hüdudlarından kənarda təcrübə imkanı yaradır. ERASMUS MUNDUS proqramı çərçivəsində 5 tələbə müxtəlif xarici ölkələrdə təhsilini davam etdirir. Bundan əlavə, ATİ-nin nəzdində yaradılan Bakı Turizm Peşə məktəbinə 9-cu və 11-ci sinifləri bitirmiş, yaşından asılı olmayan şəxslər qəbul edilir. Azərbaycan və rus dillərində keçirilən, təhsil müddəti bir il olan Turizm agenti, Mehmanxanada qeydiyyatçı, Bələdçi (turizm növü üzrə), Milli park bələdçisi, Dağ – xizək turizm növü üzrə bələdçi, Kompüter operatoru, Aşpaz , Qənnadçı, Şirniyyatçı, Barmen-ofisiant, Mühasib, Xəzinədar (Bank işi), Bərbər ixtisasları üzrə kadrlar hazırlanır. Həmçinin Qəbələdə yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində, respublikada fəaliyyət göstərən Turizm və Otelçilik üzrə ilk Peşə Tədris Mərkəzində 14 yaşından yuxarı hər kəsə güzəştli şərtlərlə təhsil almaq imkanı yaradır. Turizm və otelçilik üzrə peşə ixtisaslı kadrların hazırlanması və regionda bu sahənin inkişafına yardım etmək məqsədilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi müxtəlif kurslar və Barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı, otel nəzarətçisi, ekskursavod, qid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı, otel administratoru, mühasib, fərdi kompüter operatoru ixtisaslarını tədris edir.
Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, ölkəmizdə turizm sahəsində köklü islahatlar gedir. Hazırda bütün Avropa 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına cəlb edilir, oyunlara həvəsləndirilir, yayım şirkətləri və KİV üçün xüsusi təqdimat keçirilir. Turizm sahəsinin əsas göstəriclərindən biri kimi də yüksək tolerantlıq və qonaqpərvərlik mədəniyyətini qeyd etsək yanılmarıq. Çünki turizm elə bir sahədir ki, onu cəlbedici etmək üçün həm yüksək səviyyəli infrastruktur, həm də xidmət göstərən adamlarda xüsusi turizm mədəniyyəti tələb edir. Turizm sektorunun prioritet sahə olduğunu və bu sektorun inkişafının bütün sahələrə təsir göstərdiyini nəzərə alsaq, hər bir kəs turizm sektorunun inkişafında maraqlı olmalıdır. Eyni zamanda biz buna bir vətəndaş kimi diqqət etməliyik, çünki ölkəmizə gələn turistlərə yüksək mədəniyyət, tolerant və qonaqpərvər münasibət onlarda ölkəmiz, mədəniyyət və tariximiz haqqında yüksək fikir formalaşdırmaqla Azərbaycanı təbliğ etmiş oluruq. Qarşıdan gələn “Bakı 2015” Avropa Oyunları zamanı ölkəmizə təşrif buyuran turistlərə yüksək xidmət və mədəniyyət nümayiş etdirməklə turizmin inkişafına çox böyük təkan vermiş olarıq. Media və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkənin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması sahəsinin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması və ölkə ictimaiyyətinin maariflənməsinə kiçik bir dəstək vermiş olarsa, gələcək nəslimiz olan uşaqların bu gəlirli və geniş sektordan faydalanmaları üçün Azərbaycan turizminə və eyni zamanda dövlətin inkişafına töhfə vermiş olar. Çünki turizm mədəniyyətdir, turizm tarixdir, turizm təbliğatdır, turizm iqtisadiyyatdır.
Fərhad Abdulov






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info