“Təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq”
Tarix: 24.11.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Qırğızıstanın populyar “Akipress” informasiya agentliyinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib. Jurnalistin Azərbaycanın bu qədər sürətlə inkişafının nəyə bağlı olduğu və Qırğızıstan-Azərbaycan münasibətləri haqqında suallarına səfir belə cavab verib:“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə çoxsaylı iqtisadi islahatlar həyata keçirilib və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.
Bu gün Azərbaycan enerjidən heç vaxt olmadığı kimi az asılıdı və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutub. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.
Qeyd etmək istərdim ki, sentyabr ayında Azərbaycan möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verib. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Azərbaycan elə bir paylayıcı sistem quracaq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “biz sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan hesabata görə, ötən il Azərbaycan üç uğurlu islahat həyata keçirib. Bu islahatlar: biznesin başlamaq, əmlakın qeydiyyata alınması və vergilərin ödənilməsi.
Azərbaycan Respublikası və Qırğız Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysin açılışı möhtəşəm hadisədir.
Bu aviareys ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına yüksək töhfə verəcəkdir. Eləcə də İpək Yolunun bərpası işində Qırğızıstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısı açılır.
SSRİ-nin dağılmasından sonra bütün ittifaq respublikalarının hava xəttində olan çətinlik Azərbaycanda da var idi. Ümummilli lider Heydər Əliyev bu problemi şəxsi nəzarətinə götürərək, mülki aviasiyaya böyük investisiyalar qoyuldu.
Bu gün Azərbaycanın avia parkı ən müasir təyyarələr ilə təmin olunmuş, yeni və möhtəşəm Heydər Əliyev adına hava limanı tikilib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Avropanın və Asiyanın müxtəlif ölkələrinə, yeni təyyarələr əldə olunandan sonra isə Amerikaya sərnişin daşımaları həyata keçirir.
Bakı-Bişkek-Bakı aviareysi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə açılıb və bu da iki qardaş ölkələr arasında əlaqələrin genişlənməsinə səbəb olacaq.
Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.”
Sonra Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş son münaqişə ilə bağlı sual verilib: “Mənim fikrimcə, Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəldilmiş siyasətini davam etdirir və hərbi helikopterlə bağlı insident növbəti belə addımdır.
Xatırlatmaq yerinə düşər: hələ 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərdiyi məktubda deyilirdi ki, Ermənistan tərəfindən Azərbaycanın hava məkanının pozulmasına yönəldilmiş istənilən cəhdə qarşı adekvat addımlar atılacaq.
2014-cü ilin noyabrın 12-də saat cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
İlkin olaraq iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi başlayıb. Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonları - Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyondan artıq öz evlərindən məcburi olaraq qaçqın və köçkün olmuş vətəndaşlarımız var.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması ilə bağlı dörd qətnaməsi qəbul etmişdir, amma bu günə kimi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.
Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərafdarıdır, amma Ermənistan bilməlidir ki, hər bir xalq işğala nə vaxta qədərsə dözə bilər və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq.”
Jurnalistin Ermənistanın Gömrük İttifaqına daxil olması Azərbaycan üçün nə deməkdir və Azərbaycan üçün Qarabağı qaytarmaq çətinmi olacaq suallarına Fövqəladə və Səlahiyyətli səfir belə cavablandırıb: “Düşünürəm ki, bu sualın birinci hissəsi Ermənistan rəhbərliyinə ünvanlanmalıdır, onlar üçün Gömrük İttifaqı nə deməkdir?
Ancaq işğal olunmuş Dağlıq Qarabağ regionu və yeddi rayon, bəlkə də çətinliklə, lakin tam əminliklə deyə bilərəm ki, Azərbaycan öz torpaqlarını qaytaracaqdır. Biz həmişə bu münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etmişik və edirik də, lakin qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları pozmaq və status-kvonu saxlamaq niyyətindədir.
Əgər dünya ölkələri və beynəlxalq təşkilatlar hansısa subyektin müstəqilliyini tanımırlarsa, bu o deməkdir ki, bu subyektdə ya terror, və ya işğal rejimi mövcuddur.
Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan Xocalı soyqırımında və azərbaycanlılara qarşı törədilmiş bir çox qırğınlarda bilavasitə iştirak edib, soydaşlarımızın öz tarixi-etnik torpaqlarından məcburi olaraq qaçqın və köçkün düşməsinə səbəb olub, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə və dünya sivilizasiyasına qarşı bir çox cinayətlər törədib. O anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onun cinayətkar rejimə son qoyacaq. Çox gözəl bilir ki, onun beynəlxalq tribunal və ağır cəza gözləyir. Ermənistan rəhbərliyinin cəhdləri və bütün bu cinayətləri gizlətmək ona qarşı çevrilir. Ermənistan tərəfindən gerçəkləşdirilən bütün təxribatlara Azərbaycan hər zaman layiqli cavab verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ən ağrılı problemi olaraq qalır. Bu problem bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycan torpaqları işğaldan azad olunmalı, bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünü idarəetmə statusu verilməlidir. Hər kəs bilməlidir: baxmayaraq ki biz sülh tərəfdarıyıq, müharibənin yenidən başlanmasını istəmirik və bu məsələnin dinc yolla həllinə çalışırıq, bununla yanaşı, status-kvonun saxlanması da sonsuz ola bilməz. Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək.”





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info