“Dünya miqyasında tanınmış iqtisadçı kimi yetişmək istəyirəm”
Tarix: 24.11.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Heydər Abdullayev: “Prezidentin gənclərə göstərdiyi qayğıya görə Ərzurumda bizlərə həsəd hissi ilə baxırlar”
Qəzetimizin xaricdə təhsil alan gənclərlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Türkiyənin Ərzurum Universitetinin Menecment və İdarəetmə fakültəsinin tələbəsi Heydər Abdullayevdir:

-Mən 1996- cı ildə Salyan şəhərində anadan olmuşam. 2013-cü ildə 2-ci ixtisas qrupu üzrə müvəffəqiyyətlə imtahan verərək Atatürk adına Ərzurum Dövlət Universitetinin tələbəsi olmuşam. Erkən yaşlarımdan qardaş Türkiyə Cümhuriyyətinə, ümumiyyətlə türk xalqları tarixi və mədəniyyətinə olan böyük marağıma görə, bu ölkədə təhsil almaq qərarına gəlmişdim. Ona görə də böyük həvəslə Atatürk adına Ərzurum Dövlət Universitetinin Menecment və İdarəetmə fakültəsinə daxil oldum. Hazırda II kursda təhsil alıram.
- Təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Təhsil aldığım ixtisasla bağlı olaraq istehsalın idarə edilməsinin keyfiyyətcə yeni, daha səmərəli, bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq yeni idarəetmə metodlarını öyrənməyə çox gözəl şərait yaranıb. Deməliyəm ki, bu baxımdan qardaş ölkənin iqtisadiyyatının bir çox xüsusiyyətləri, detalları ölkəmizin müvafiq strukturlarına uyğun gəldiyindən həmin sahələrə daha çox diqqət yetirirəm. Bu ilin aprel ayında Polşanın Krakov, mayında isə İstanbul Universitetlərinin müəllim kollektivi nümayəndələri təhsil aldığım Ərzurum Universitetində olub, müvafiq ixtisasların və fənlərin daha səmərəli tədrisi, onların incəliklərinin tələbələrə çatdırılması üçün uyğun tədris metodlarının işlənib hazırlanmasından ötrü təcrübə mübadiləsi ediblər. Şübhəsiz ki, belə görüşlərin, təcrübə mübadilələrinin keçirilməsi nəticə etibarı ilə biz tələbələrin də dünyagörüşünün, bilik və səriştələrinin artırılmasında mühüm rol oynayır.
-Ərzurum Universitetində təhsil alan azərbaycanlı tələbələr öz təhsili ilə fərqlənə bilirmi?
- Oradakı azərbaycanlı tələbələrlə çox səmimi və isti münasibətlərim var. Deməliyəm ki, ilk vaxtlardan onlar Azərbaycandan gəldiyimi biləndən sonra mənə qarşı çox doğma və yaxın münasibət bəsləyir, darıxmağa qoymur, dərslərimdə, bir çox hallarda lazımi kitabları tapmaqda və seminarlara hazırlaşmaqda çox kömək edirdilər. Onların təcrübələrini indi də həvəslə öyrənirəm. Qeyd etməliyəm ki, oradakı tələbələrimiz öz təfəkkür və çalışqanlıqları ilə yaxşı mənada çox fərqlənir və Vətənimizin ad-sanını daim yüksəklərə qaldırmağa çalışırlar.
Düzü, dərslərimin çoxluğundan diaspor təşkilatlarına, onların keçirdikləri tədbirlərə qatılmağa o qədər də vaxtım olmur. Lakin gələcəkdə əgər imkan olarsa diaspor təşkilatlarında iştirak etmək, Vətənimizi, xalqımızı xaricdə daha çox tanıtdırmaq imkanından istifadə etmək arzusundayam.
Boş vaxtlarımız o qədər çox olmasa da, imkan tapan kimi oradakı tələbələrimizlə birlikdə müxtəlif idman növləri-futbol, voleybol, basketbol, tennis, güləş və s. kimi idman növləri üzrə yarışlar keçiririk. Həm də bu yarışlarda bacardığımız qədər respublikamızın şərəfini uca tutmağa çalışır, ölkəmizdə idmanın müxtəlif növlərinin kifayət qədər inkişaf etdiyini sübut etməyə çalışırıq.
- Siz bu gün dövlətin gənclər siyasəti, onlara göstərilən diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
- Hesab edirəm ki, hazırda ölkəmizin, xüsusilə başda Prezidentimiz İlham Əliyevin gənclərlə bağlı yeritdiyi siyasət ən xoş sözlərə, ən yüksək səviyyədə təriflərə layiqdir. Deməliyəm ki, mənimlə bərabər Ərzurumda bir çox postsovet, eləcə də digər ölkələrin nümayəndələri təhsil alırlar. Tam səmimiyyətlə demək istərdim ki, onlar bizim vəziyyətimizə, xüsusilə Prezidentimizin gənclərə göstərdiyi qayğıya görə bizlərə, biz azərbaycanlılara böyük həsəd hissi ilə baxırlar. Xüsusilə idmançılarımızın müxtəlif beynəlxalq idman yarışlarında - dünya çempionatlarında, Olimpiya Oyunlarında müvəffəqiyyət qazanmaları ölkəmizdə Prezidentimiz tərəfindən idmana, gənclərə necə böyük qayğı göstərməsi haqqında yuxarıda dediklərimizi bir daha əyani şəkildə sübut edir.
-Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz varmı və çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz?
- İnşallah, gələcəkdə mütləq magistraturaya daxil olmaq, Vətənimiz, xalqımız üçün yüksək səviyyəli, dünya miqyasında tanınmış iqtisadçı - mütəxəssis kimi yetişmək istərdim. Qismət olarsa, Kembric Universitetinin magistraturasında oxumaq ən böyük arzumdur. Gələcəkdə müstəqillik yollarında inamlı addımlarla irəliləyən, iqtisadi inkişafına görə dünyanın ən aparıcı ölkələrinin belə həsəd hissi ilə izlədikləri respublikamızın iqtisadiyyatına öz layiqli töhfəmi vermək istərdim.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımda mütaliə ilə məşğul oluram. Xüsusilə tarixi romanlara meylim daha çoxdur. Asudə vaxtlarımda idmanla da həvəslə məşğul oluram. Daha çox boks idman növünə meyilliyəm. İmkanım daxilində trenajorla, güllə atıcılığı ilə də məşğul olmaq istərdim. Hesab edirəm ki, müasir dünyanın yüksək səviyyəli mütəxəssisi hökmən hərtərəfli inkişaf etmiş şəxsiyyət olmalıdır.
- Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?
- Gənclər hər bir ölkədə olduğu kimi Azərbaycanda da dövlətimiz üçün böyük əhəmiyyət kəsb edirlər. Xüsusilə xaricdə təhsil alan tələbələrimiz bu işdə daha önəmli rol oynayırlar. Avropanın inkişaf etmiş ölkələrində oxuyan gənclər ölkəmiz üçün elmin, təhsilin inkişafına daha böyük töhfələr verə bilərlər. Həmin ölkələrin təhsilində olan uğurları ölkəmizin təhsil sisteminə tətbiq etməklə bu sahədə daha çox fərqlənmək imkanına malikdirlər. Doğma Azərbaycanımızda gənclərin inkişaf etməsi üçün hər cür şərait yaradılıb və biz gənclər də bundan məharətlə istifadə etməliyik. Təsadüfi deyil ki, bu barədə möhtərəm Prezidentimiz çıxışlarından birində deyib: “Müasir dünyada hər şeyi elm, bilik, savad həll edir”.
- Sizin təhsil aldığınız sahə ölkəmiz üçün nə dərəcədə önəmlidir? Siz bir gənc kadr kimi bu istiqamətdə fəaliyyətinizi necə qurmaq istərdiniz?
- Mənim təhsil aldığım sahə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, istər menecmentlikdə, istərsə də idarəetmədə kadr azlığı özünü qabarıq şəkildə göstərir. Təsadüfi deyil ki, bu barədə yaxınlarda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də özünəməxsus uzaqgörənlik və prinsipiallıqla bəhs edib. Düşünürəm ki, yenə biz gənclərin öhdəsinə böyük iş düşür. Təhsil sahəsində uğur qazanmaqla biz, kadr azlığı problemini həll edə bilərik. Gələcəkdə bu sahədə daha böyük nailiyyətlər qazanmaq üçün mənim də öz planlarım var. Hesab edirəm ki, nə qədər qəribə səslənsə də daha çox savadlı kadrlarla işləmək lazımdır. Yaşı ötmüş bəzi kadrların sayını azaltmaq isə artıq zamanın tələbidir.
-Hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. Bu Dövlət Proqramında bəzi yeniliklər olacaq. Belə ki, yeni proqramda bakalavriatdan sonrakı səviyyələrdə təhsil alan, elm sahəsində çalışan gənclərə üstünlük veriləcək. Siz bu sahədə hansı təkliflərlə çıxış etmək istərdiniz?
- İlk növbədə bakalavrdan sonra elm sahəsində çalışacaq gənclərin mənzillə, kifayət qədər yüksək əməkhaqqı ilə təmin olunmalarını təklif etmək istərdim. Belə ki, yalnız bu yolla gənclər arasında elmə, elmi tədqiqatlara meyil yaratmaq olar. Hazırda dünya miqyasında ən yüksək səviyyədə inkişaf etmiş ölkələrin keçdikləri yola nəzər salsaq onların da əvvəlcə gənclərə, gənc mütəxəssislərə qayğı göstərməklə belə nailiyyətlərə imza atmalarının şahidi olarıq.
-Ərzurumun Azərbaycanla oxşar və fərqli cəhətləri barədə deyərdiniz. Hansı maraqlı, görməli yerləri var?
- Hazırda Ərzurum şəhərində özümü o qədər də qərib hiss etmirəm. Belə ki, ölkələrimiz arasında dil və din birliyinin, eləcə də oxşar adət - ənənələrin olması mənə orada özümü tam rahat və evdəki kimi hiss etməyə imkan verir. Lakin deməliyəm ki, orada din amili özünü daha qabarıq şəkildə göstərir. Təhsil aldığım Ərzurum şəhərində bir neçə maraqlı, diqqəti cəlb edəcək yerlər var. Belə ki, Ərzurumun Ilıca qəsəbəsində qeyri-adi bir hamam var. Suyu yerin dərinliklərindən çıxan bu hamamın qəribəliyi ondadır ki, yel, mədə - bağırsaq, oynaq, öd - kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar bu hamamda bir neçə dəfə çimdikdən sonra əhvallarında çox böyük irəliləyiş olduğunu, xəstəliyin sağalmasını bildirirlər. Ərzurumun qeyri - adi yerlərindən biri də Tortum şəlaləsidir. Ərzurumun Uzundərə qəsəbəsindəki bu şəlalə Tortum çayının üzərində, Tortum gölünün sonunda yerləşir. 48 metr hündürlükdən axıb tökülən bu şəlalə öz əzəməti və gözəlliyi ilə ona baxanları valeh edir. Bu baxımdan təsadüfi deyil ki, hər il xarici ölkələrdən bu şəlaləyə baxmaq üçün çoxlu turistlər gəlirlər. Yeri gəlmişkən, bu şəlalə 1952 - 1960 - cı illərdə Uzundərə qəsəbəsi sakinlərinin elektrik enerjisinə olan tələbatını artıqlaması ilə ödəyib. Belə gözəl məkanları olan bir şəhərdə təhsil almaq mənim üçün də maraqlıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info