“Çalışırıq Azərbaycan diasporunu Avropada daha da gücləndirək”
Tarix: 25.11.2014 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Orxan Şafadiyayev: “Almaniyada ilk dəfə olaraq Dağ yəhudilərinin icmasını yaradacam”

Azərbaycanda yəhudilərə, o cümlədən Dağ yəhudilərinə qarşı heç zaman ayrı-seçkilik olmayıb. Ona görə bu xalqın nümayəndələri Azərbaycanı həmişə özlərinə Vətən biliblər. Hətta onlar xaricdə yaşasalar da hər zaman Azərbaycanın təbliğatını aparıblar. Müsahibimiz Almaniyada yaşayan Orxan Şafadiyayevin timsalında bunu aydın görmək olur. Qeyd edək ki, O. Şafadiyayev 1993-cü ildə Bakı şəhərində Dağ yəhudisi ailəsində dünyaya gəlib. Orta məktəb təhsilini 4-cü sinfə qədər Bakı və Moskva şəhərlərində alıb. 2004-cü ildən Almaniyada yaşayır. 2013-cü ildə Frankfurt am Main şəhərində gimnaziyanı bitirib (Abitur). Hazırda Frankfurt Universitetində Hüquqşünaslıq fakültəsində təhsil alır və eyni zamanda Frankfurt Azərbaycan Gəncləri Cəmiyyətinin fəal təmsilçisidir.

- Almaniyada hansı sahədə çalışırsız?
- Əvvəla, qeyd edim ki, mən Frankfurt am Main şəhərindəki azərbaycanlı gənclərimizlə birlikdə çalışıram, ölkəmizin və Azərbaycan xalqının maraqlarını Almaniyada layiqincə təmsil edirik.
2012-ci ildə biz fəal Azərbaycan gəncləri olaraq “Caspian-Night-Events” təşkilatını qurmuşuq və belə ən qısa zamanda Frankfurt Azərbaycan Gəncləri Cəmiyyəti bütün Almaniyada məşhurlaşdı. Məqsədimiz Almaniyanın müxtəlif şəhərlərində böyük tədbirlər, konsertlər təşkil etmək və Vətəndən uzaqda yaşayan həmvətənlilərimizi bir araya gətirmək idi. Beləliklə, bizim hədəfimiz Azərbaycan mədəniyyətini və musiqisini Almaniyada tanıtdırmaq, həm də Almaniyada ilk gənclər təşkilatı olaraq cəmiyyətlərarası əməkdaşlığı bütün sahələrdə təşviq etmək idi. Eyni zamanda biz Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı gənclərimizi fəal olmağa cəlb edə bildik.
Təşkilatımızın ən böyük uğurlarından biri ötən il təşkil etdiyimiz “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” tədbiri oldu. Bizim gənclərdən ibarət olan təşkilatımız həmin gün 400-dən çox azərbaycanlını və Azərbaycanı sevənləri bir araya gətirə bildi və həmrəy olmağa çağırdı!
Təbii ki, bizim ən əsas məqsədlərimizdən biri də Qarabağ həqiqətlərini həm Almaniyada, həm də digər Avropa ölkələrində yaymaqdır. Bunun üçün biz çoxlu diaspor təşkilatları və Azərbaycan cəmiyyətləri ilə sıx əməkdaşlıq edirik, Xocalı soyqırımı günü ilə əlaqədar tədbirlər keçiririk. Beləliklə, Dağlıq Qarabağ məsələsini və bütün həqiqətlərini Azərbaycan xalqının adından hamıya çatdırırıq.
Bundan əlavə biz Frankfurt Azərbaycan Gəncləri birlikdə Azərbaycanla əlaqədar çoxlu konfranslar keçiririk və həmin konfranslarda Almaniyanın təsiredici şəxsləri, siyasətçilər də iştirak ediblər.
Gördüyünüz kimi, biz hər zaman çalışırıq Azərbaycan diasporunu Avropada daha da gücləndirək, ölkəmizin maraqlarını xaricdə layiqincə təmsil edək.
- Almaniyadakı azərbaycanlı gənclər diaspor sahəsində aktivdirmi?
- Öncə deməliyəm ki, gənclərimiz Almaniyada müxtəlif sahələrdə uğurları ilə artıq öz sözlərini deyirlər.
Almaniyada uğur qazanmaq üçün təhsil önəmlidir. Bunu gənclərimiz də anlayırlar və buna görə də təhsilə üstünlük verirlər.
Təkcə Frankfurt am Main şəhərində olan gənclərimiz son zamanda çoxlu sahələrdə ölkəmizi təmsil edirlər; tibb üzrə, hüquq, iqtisadiyyat, biznesin inzibatçılığı üzrə gənc tələbələrimiz var... Biz çalışırıq bu gəncləri cəlb edək ki, Azərbaycan diasporunun maraqlarını Almaniyada layiqincə təmsil etsinlər. Bu bizdə çox yaxşı alınır, çünki çoxlu gənclə əlaqələrimiz var və bu əlaqələri genişləndiririk. Bütün gördüyümüz işlərdə bizə həmin o gənclərdən böyük dəstək gəlir. Amma qeyd etmək istərdim ki, biz təkcə Almaniyada yaşayan gənclərlə yox, həm də müxtəlif Avropa ölkələrində fəal olan gənclərimizlə də əlaqə saxlayırıq ki, güclərimizi birləşdirək və birlikdə sıx əməkdaşlıq edərək, ölkəmiz üçün uğur qazanaq.
- Almaniyada gənclərlə bağlı hansı fəaliyyət göstərirsiniz?
- Bildiyiniz kimi, böyük tədbirləri təkbaşına keçirmək çox çətindir, bəlkə də mümkünsüzdür. Ona görə biz bütün tədbirlərimizi, istər konfranslar, istər böyük şənliklər, ya da Qarabağ məsələsi ilə əlaqədar tədbirlər, gənclərlə birlikdə təşkil edirik. Biz çalışırıq hər tanıdığımız gəncə onun istedadına uyğun diqqət yetirək və onlara uyğun tapşırıqlar verərək, fəal olmağa cəlb edək.
Buna əlavə, Azərbaycandan çox tələbə istər dövlət proqramı, istərsə də şəxsi vəsaiti ilə Almaniyaya təhsil almağa gəlir və həmin o gənclərlə biz əlaqə saxlayırıq, çalışırıq onlara mümkün olan qədər lazım olan yardımı edək ki, özünü xaricdə tək hiss etməsinlər. Belə hallarda öz həmrəyliyimizi göstərərək, həm birliyimizi qoruyuruq, həm də azərbaycanlı gənclər arasında yeni əlaqələr yaradırıq.
- Azərbaycandakı tolerantlığı necə qiymətləndirirsiz?
- Biz Almaniyadakı Azərbaycan Gəncləri Vətənimizdə mövcud olan tolerantlığı və etnik qruplar, dinlərarası olan mehribançılığın çox yüksək səviyyədə inkişaf etdiyini Avropada bütün tədbirlərimizdə həmişə qeyd edirik və bununla biz çox fəxr edirik. Çünki kim Avropada uzun müddət yaşayırsa, təsdiqləyə bilər ki, bəzi Avropa ölkələri tolerantlıq baxımından heç də Azərbaycan kimi inkişaf etməyib! Hər dəfə Azərbaycanı dünyanın bir çox ölkələrinə nümunə kimi təqdim etməyimiz bizi çox sevindirir. Həm də tolerantlıq Avropaya inteqrasiya üçün ən vacib aspektlərdən biri sayılır!
- Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu bayramla bağlı nə etməyi düşünürsüz?
- İnşallah, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə Azərbaycan diasporundan fəal olan gənclərimiz tərəfindən təklif gəldi ki, bütün dünyada yaşayan fəal olan gənclərimiz birlikdə gözəl bir təbrik video-çarx hazırlasınlar. Beləliklə, dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, hamıya həmrəyliyimizi və hər zaman ölkəmizə olan sevgimizi nümayiş etdirək. Biz bu video-çarxda Frankfurt Azərbaycan Gəncləri olaraq bu təklifi qəbul etdik və bu təşəbbüsə qoşularaq, Almaniyadakı Azərbaycan gənclərini təmsil edəcəyik. Qeyd edim ki, bu video layihədə dünyanın 40-dan çox ölkəsində yaşayan və fəal olan gənclərimiz iştirak edəcəklər.
Bundan əlavə, istərdim qeyd edim ki, bizə yaxın və dost olan “Araz Group” təşkilatı bu il Köln şəhərində möhtəşəm bir şənlik-musiqili proqram hazırlayır. Biz Frankfurt am Main Azərbaycan Gəncləri olaraq bu təşkilatı bir məsləhətçi kimi dəstəkləyirik və inşallah, həmin gün bu şənlikdə fəal iştirak edərək, həmyerlilərimiz ilə birgə bu gözəl bayramı qeyd edəcəyik.
- Ümumiyyətlə, perspektivdə hansı planlarınız var?
- İnşallah, çox yaxın zamanda Almaniyada ilk dəfə olaraq Dağ yəhudilərinin icmasını yaradacam. Beləliklə, Dağ yəhudilərinin diasporu öz fəaliyyətini Almaniyada da göstərə biləcəklər. Bu təşkilatın birinci məqsədi həm Dağ yəhudilərinin Almaniya cəmiyyətinə inteqrasiyası, həm də Dağ yəhudilərini Almaniyada təmsil edən bir təşkilat olacaq. Məncə, belə bir güclü təşkilat həm də Azərbaycan diaspor təşkilatlarının da marağındadır: əgər Dağlıq Qarabağ problemini və gələcəkdə birlikdə bu sahədə çalışmağı nəzərə alsaq. Bununla əlaqədar gələn ay İsrailə səfərim olacaq, orada həm Azərbaycan diasporunun, həm də Dağ yəhudilərinin icmasının təmsilçiləri ilə görüş planlaşdırmışam. Bu səfərimin məqsədi lazım olan əlaqələri yaratmaq, gələcəkdə bu sahədə görə biləcəyimiz işləri, hədəfimizi dəqiqləşdirmək və əməkdaşlığı daha da sıx gücləndirməkdir!
Dağ yəhudiləri Azərbaycanda özünü heç vaxt qərib hiss etməyiblər, həmişə mehriban və qardaş kimi Azərbaycan xalqı ilə birlikdə yaşayıblar. Buna görə də Azərbaycanı bir ölkə kimi milliyyətindən, dinindən və siyasi baxışından asılı olmayaraq hər kəs sevməlidir. Əgər bu ölkənin çörəyini yemişiksə və qanımızda Azərbaycan sevgisi axırsa.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info