Televiziyalarda aparıcıların səviyyəsini necə qaldırmaq olar?
Tarix: 25.11.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


“Təəssüf ki, Azərbaycan tamaşaçılarında yerli
telekanallarda baxmağa heç nə olmadığı
təəssüratı yaranıb”

Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqinin nəticələrinə dair konfrans keçirilib. Monitorinq “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına necə riayət etməsi ilə bağlı aparılıb. Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak ediblər. MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, monitorinq zamanı ədəbi dil normaları ilə bağlı nöqsanların sayının azalması müşahidə edilib və bu, yaxşı haldır.

O bildirib ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyətinə nəzarət mexanizmi yoxdur, MTRŞ də bu nəzarəti apara bilməz: “Bu gün nöqsanların sayının azalması bədii şuraların fəaliyyətinin müsbət nəticələri olduğunu göstərir. Ancaq problemlərdən biri odur ki, bu gün də fikirlərini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılar var. Bəzən efirə dəvət olunan ziyalılar, sənətkarlar fikirlərini Azərbaycan dilində deyə bilmirlər, bu, təəssüf doğurur”. N. Məhərrəmli xatırladıb ki, Azərbaycan dili ərəb, fars və Avropa dillərindən keçmə sözlərlə zəngindir: “Bu, problem deyil. Sadəcə, Azərbaycan dilində qarşılığı varsa, o sözlər işlədilməlidir”.
MTRŞ sədri qeyd edib ki, Azərbaycan teleməkanında narahatlıq doğuran hallar qalsa da, əvvəlki dövrlərlə müqayisədə belə hallar azalıb: “Narahatlıq doğuran şouların sayı da azalıb. Televiziya kanallarının sahibləri bildirirlər ki, milli-mənəvi dəyərlərimizə uyğun verilişlər efirə verilməlidir. Ancaq hazırkı dövrdə bu, elə də asan deyil. Həm reklam, həm kadr çatışmazlığı bu problemi birdən-birə həll etməyə imkan vermir. Hazırda Azərbaycanda 10 telekanal var və təbii ki, müəyyən nöqsanlar tapmaq mümkündür. Təəssüf ki, Azərbaycan tamaşaçılarında yerli telekanallarda heç nə olmadığı, xarici telekanallara baxmağın daha yaxşı olduğu təəssüratı yaranıb. Ancaq telekanallarımızda müsbət tendensiyalar da müşahidə olunur. Aparıcılar Azərbaycan ədəbi dilini səlis bilməli, ləhcə ilə danışmamalıdır. Monitorinqin nəticələri göstərir ki, telekanallar belə hallara diqqət yetirirlər”.

MTRŞ sədri: “Cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir”

N.Məhərrəmli bildirib ki, bir zaman telekanallarla bağlı həyəcan təbili çalırdıq, biz onun qarşısını ala bildik: “ Bundan sonrakı mərhələdə keyfiyyətli verilişlərin sayını artırmaq lazımdır”. Xarici və Rusiya telekanallarında reklamların qiymətinin Azərbaycan telekanalları ilə müqayisədə dəfələrlə çox olmasına diqqət çəkən MTRŞ sədri deyib ki, cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir, ancaq telekanallar reklamlarla dolanır, verilişləri hazırlayanlar reklamlardan gələn gəlirlərdən əməkhaqqı alırlar: “Biz bu məqamı nəzərə almalıyıq. Yeri gəlmişkən, kimi danışdırırsan, deyir ki, xarici telekanala baxırıq. Amma biz öz telekanallarımıza da baxmalıyıq. Məsələn, Azərbaycanda italyan mağazaları da var, ancaq biz təkcə o mağazaya yox, yerli mağazaya da daxil oluruq. Telekanallara da münasibətimiz belə olmalıdır. Çalışacağıq ki, MTRŞ olaraq telekanallarda müəyyən nöqsanları səlahiyyətlərimiz səviyyəsində aradan qaldıraq”.

Telekanallarda müşahidə edilən
əsas nöqsanlar hansılardır?


“Aparıcıların lüğət tərkibinə baxanda görürük ki, daha çox məişət üslubunda danışırlar. Əyləncəli verilişlərin aparıcıları çox sərbəst nitqə malikdirlər, nitqlərində məişət üslubu üstünlük təşkil edir. Bədii cümlələrə heç vaxt rast gəlinmir. Aparıcı “optavoy salam göndərirəm” ifadəsi belə işlədir”- deyən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü bildirib ki, ümumilikdə 6 telekanalda ((İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV) monitorinq aparılıb ki, bəzi aparıcıların dilində müəyyən dialekt, şivələr özünü qabarıq göstərir: “Əyləncəli verilişlərlə yanaşı, elmi əhəmiyyət daşıyan verilişlərə də diqqət yetirilməsi zəruridir. Telekanalların həftədə beş günün birini heç olmasa elmi verilişə həsr etməsi yaxşı olardı. Elmi əhəmiyyət daşıyan verilişlərin kütləviləşməsi vacibdir”. O qeyd edib ki, verilişlərin bəzi adları düzgün yazılmır: “Məsələn, “tetatet” sözü tire ilə yazılır ki, bu da düzgün deyil. “Obama”ya “Abama” deyilir, “oktyabr” “aktyabr” kimi ifadə olunur. Vurğunun dəqiq və düzgün müəyyən ifadə olunması da vacibdir. “Foto” sözündə vurğu ikinci hecada olsa da, vurğu birinci hecaya salınır”. N.Məhərrəmli qeyd edib ki, aparıcılar ortabab olmamalıdır: “Cəmiyyətin telekanallardan gözləntisi daha böyükdür, onların üzərində məsuliyyət böyükdür. Əvvəlki illərə nisbətən nöqsanların azalması yaxşı haldır”.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Nəzakət Qazıyeva deyib ki, ümumilikdə ədəbi dil normasından sapmanı əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i (17%) Xəzər TV-də, 56-sı (11%) İctimai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANS TV-də, 90-ı (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub.
Monitorinqin nəticəsi olaraq nöqsanların aradan qaldırılması üçün təkliflər də irəli sürülüb. İlkin olaraq teleaparıcılara dil normalarına həssas yanaşmaq, bəzi hallarda xüsusi məşq etmək tövsiyə edilir. İkincisi, qeyd edilir ki, aparıcıların nitqində diqqəti cəlb edən məsələlərdən biri nitqin sürətidir. Normadan artıq sürətli nitq xüsusilə xəbərlərin təqdimatında anlaşılmazlıqlara gətirib çıxarır. Üçüncüsü, şou verilişlərin aparıcılarına (Xəzər TV-də “Hər şey daxil”, ATV-də “Gün üzü” və s.), dialektdə deyil, ədəbi dildə danışmağa üstünlük vermək tövsiyə edilir. Dördüncüsü, xəbərlər proqramında balansın gözlənilmədiyi, bəzi xəbərlərdə çox vaxt iki nəfərin dalaşması, kiminsə bıçaqlanması kimi süjetlər təqdim edildiyi qeyd olunur, telekanallara daha zəruri mövzuların tamaşaçılara çatdırılması tövsiyə edilir. Beşincisi, əksər aparıcıların efirdə birinci şəxsin təkində danışmasına diqqət çəkilir və tövsiyə edilir ki, aparıcılar fikirlərini birinci şəxsin cəmində ifadə etsinlər. Altıncısı, televiziyalarda Azərbaycan dili haqqında, dilin gözəlliklərindən bəhs edən verilişlərin açılması, dilə aid mövzuların müzakirəyə çıxarılması məsləhət görülür, bunun yaxşı nəticə verə biləcəyi qeyd olunur. Yeddincisi, bəzi xəbər aparıcılarının sanki xəbər deyil, hökm oxuduqlarına diqqət çəkilir. Nəzərə çatdırılır ki, dilçilikdə hökm və cümlənin fərqi belədir ki, “bütün hökmlər cümlə olduğu halda, bütün cümlələr hökm deyil”.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, Rusiya, Türkiyə telekanallarındakı verilişlərin Azərbaycana gətirilməsi əvəzinə, o verilişlərdə aparıcıların öz dillərində necə səlis danışması nümunə kimi götürülməlidir.

Vüqar Səfərli: “Bu gün televiziya və radio
sahəsində işləyənlərin çoxu qeyri-peşəkarlardır”


Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan ədəbi dilinin qorunmasında televiziya və radio kanalları daha böyük məsuliyyət daşıyır, çünki qəzetlərə və digər mətbuat orqanlarına nisbətən televiziya və radio kanalları daha böyük auditoriyanı əhatə edir. V.Səfərli bildirib ki, bu gün Azərbaycan televiziya və radio kanallarında xarici sözlərdən tez-tez istifadə olunur və insanlar da belə ifadələri eşitmək məcburiyyətində qalırlar. KİVDF rəhbəri televiziya və radio kanallarında işləyən insanların peşəkarlığının aşağı səviyyədə olduğunu qeyd edib: "Bu gün televiziya və radio sahəsində işləyən insanların çoxu peşəkar olmayan, öz işini bilməyənlərdir". Fondun icraçı direktoru problemin həlli üçün təkliflə çıxış edib: "Mən təklif edirəm ki, müəyyən təlimlər təşkil edilsin, televiziya və radio əməkdaşları təlimlərə getsin, öz peşəkarlıqlarını artırsın. Biz Fond olaraq həmin təlimləri dəstəkləməyə hazırıq. Necə ki, neçə ildir monitorinqlərin aparılmasına dəstək veririk. Ədəbi dilin qorunması hamımızın borcudur və hesab edirəm ki, hər birimiz bu istiqamətdə iş aparsaq, müsbət nəticələrə nail ola bilərik".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info