“İstanbul, Ankara, İzmirdən sonra Uşak azərbaycanlı tələbələrin ən çox olduğu şəhərdir”
Tarix: 26.11.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Gülnar Məmmədova: “Azərbaycanlılarla bağlı toplu qurmaq istəsəm də hələ ki icazə verilmir”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Məmmədova Gülnardır. Gülnar xanım Türkiyədə ali təhsil alır və bu ölkədə ictimai tədbirlərdə kifayət qədər aktivlik göstərməklə yanaşı, tələbələrimiz arasında koordinasiya qurması ilə də seçilir.
Bu aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Gülnar xanım, Türkiyədə təhsillə bağlı çətinlikləriniz olurmu? Ümumiyyətlə, tələbəlik illəriniz necə keçir?
- Öncə onu bildirim ki, biz xaricdə təhsil alan gənclərə diqqət göstərib mətbuatda yer ayırdığınız üçün sizə və rəhbərliyinizə böyük təşəkkürümü bildirirəm. Təhsillə, dərslərlə bağlı işlər isə qaydasındadır. Hər şey normaldır, oxuyuruq, dərslərə ciddi yanaşırıq, müəllimlərin tapşırıq və tövsiyələrinə də diqqətlə yanaşırıq. Bura Türkiyədir. Burada təhsilə xüsusi önəm verilir. Xaricdən gələn tələbələrin üzərinə isə xüsusi yük düşür. Yəni əgər mən Azərbaycandan bura gəlmişəmsə, təhsilimi uğurla davam etdirməli və ölkəmizi də burada yaxşı istiqamətdə təmsil etməyi bacarmalıyam. Tələbəlik illəri də maraqlı keçir, amma Vətənin yerini heç bir məkan verməz. Təbii ki, bu seçimi etmişiksə, dözməli, bəzi xırda çətinliklərə sinə gəlməli, darıxanda bunun üstündən keçməliyik. Bayramlarda tətillərdə Azərbaycana dönüb bu darıxmaq hissini geridə qoyuruq. Qısası, təhsillə bağlı problemlər yoxdur. Amma bəzən bəzi ictimai işlərlə bağlı çətinliklər olur.
-Nə kimi çətinliklərdir onlar?
- Mən Anadolu Universitetini 2 il oxudum, bitirdim, indi isə 4 illik Uşak şəhərində olan Uşak Universitetində oxuyuram. Burada yeganə çətinliyim o oldu ki, toplu qurmaq istəsəm də bəzən süni problemlərlə üzləşirəm. Məsələn rektorluq mənə köməklik edəcəyini söz versə də imtina edirlər. Onu da vurğulayım ki, ümumilikdə universitetimiz səviyyəli təhsil ocağıdır. 2006-cı ildə qurulmuş universitetdir. Şəhərimiz Türkiyədəki şəhərlər arasında son 3 ildə güclü inkişaf edib, öndə gedir. İstanbul, Ankara, İzmirdən sonra Uşak azərbaycanlı tələbələrin ən çox olduğu şəhərdir. Azərbaycanla yanaşı, türkmən və özbəklər də çoxluq təşkil edirlər. Belə bir inkişaf etmiş şəhərdə aktiv olmaq vacibdir. Bunun üçün isə dərgilər, topluların olması vacibdir. Hazırda az-çox aktivlik göstərən tələbəyəm və söz sahibiyəm. İndi burada öz toplumu qurub başqan olmaq istəyirəm. Müəllimlərimiz də aktivliyimi görürlər və barəmdə ətraflı məlumatlıdırlar. İki il öncə millət vəkilimizlə burada konfransda aktiv iştirak etdiyimi və ümumilikdə bu kimi işlərdə fəal olduğumu bilirlər, amma ki, bir qədər soyuq münasibət var. Xoş sözlər deyib bildirirlər ki, sənin fikirlərin, ideyan yaxşıdır, amma başqan olaraq söhbət gələndə buna müsbət yanaşılmır. Bildirilir ki, hər şeyi sən et, amma başqan başqası olsun. Amma bütün ideyalarımı reallaşdırmışam, bu günəcən arzularıma çatmışamsa niyə də bunu etməyəm. Ola bilər ki, xanım olduğum üçün və ya başqa məqamlara görə də mənim topluluq yaratmağım arzuolunan görünmür. Çətinlik yalnız budur.
- Türkiyədə son zamanlar Azərbaycan üçün arzuolunmaz bir məqam yenidən gündəmə gəlib- Ermənistanla sərhədlərin açılması məsələsi. Bu məsələ gənclər arasında müzakirə olunurmu?
- Bəli, tələbə olsaq da siyasi prosesləri burada çox yaxından təqib edirik. Amma hazırda bizim üzərimizə düşən iş təhsildir. Fikirlər haçalanır, müzakirələr olur, hər millətdən olan gənc fərqli düşünür. Amma onlara izah edəndə ki, bu savaşda, bu ədavətdə ədalətli tərəf bizik, hiss olunur ki, gənclər yanlış məlumatlandırıldıqlarının fərqinə varırlar. Konkret olaraq sərhədlərlə bağlı məsələyə gəldikdə isə bu təklif dəfələrlə gündəmə gəlib. Türkiyədə xeyli sayda erməni ola bilər, erməni qarışıqlı türklər ola bilər, amma bu o demək deyil ki, Türkiyədə ermənilərin xeyrinə qərarlar olacaq. Əminəm ki, bu dəfə də Ermənistanın arzusu gözündə qalacaq.
- Azərbaycandan ötrü darıxdığınızı dediniz. Vətənə dönəndə nə kimi işlərlə məşğul olursunuz?
- Bəli, qürbətdə olanlar gözəl bilirlər ki, burada ən dadlı yemək, ən xoş gün belə sənin öz ölkəndə olanların yerini vermir. Darıxırıq, bu da təbiidir. Bəzən azərbaycanlı tələbələrlə bir yerə toplanıb Vətənin qoxusunu, Azərbaycanın “havasını” udmağa çalışırıq. Təbii ki bu havanı yalnız öz yerlilərinin söhbətindən, onların isti münasibətindən hiss edə bilərsən. Ancaq düşünəndə ki, uzaq Yeni Zelandiyada və ya Kanadada azsaylı azərbaycanlı tələbələr koordinasiya oluna bilməyəndə hansı hisslər keçirirlər, Türkiyədəki çoxsaylı azərbaycanlılarla bir yerdə olmağın kefini çıxarırsan. Vətənə dönəndə də bir yerdə durmur, tədbirlərə qatılmağa çalışıram. Eləcə də Türkiyədə bir yerdə olduğumuz tələbələrlə də əlaqə saxlayıb Azərbaycanda görüşürük.
- Artıq Türkiyədə ali təhsil aldığın ikinci universitetdir. Başqa bir ölkədə təhsil sənə nə verir?
- Türkiyədə təhsil mənə çox şey verdi. Daha doğrusu, hələ ki verməkdə davam edir. Sərbəst həyata atılırıq. Çətinliklərlə üz-üzə qalanda valideyn qayğısına yox, öz gücümüzə arxayın oluruq. Yeni-yeni biliklər əldə edirik. Fərqli təhsil sistemi ilə rastlaşırıq. Başqa bir mədəniyyət, mentalitet ilə bir yerdə yaşayırıq. Bütün bunlar həyat təcrübəsidir. Gənc yaşlarından bunların içində olmaq çox gözəldir. Təsəvvür edin ki, bizim xaricdə təhsil alan gənclərlə bağlı siyasətimiz passiv olsaydı, tələbələrimiz, gənclərimiz nə qədər itirərdilər.
- Yəqin ki, Azərbaycana qayıdandan sonra da aktivliyini saxlayacaqsan...
- Bu suala belə cavab verərdim ki, əvvəllər bizdə xanımın aktivliyi bir qədər problemli idi. İndi şükürlər olsun ki, cəmiyyətimiz xeyli inkişaf edib. Ali təhsilini bitirən xanımı mütləq ailə həyatı gözləyirdi ki bu da yaşın ötməməsi ilə bağlı idi. Ailə həyatı başlayanda isə müxtəlif çətinliklər və problemlər meydana gəlirdi. Bu mental dəyərlərlə də bağlı olurdu, süni şəkildə də yaranırdı. İndi isə hər şey fərqli istiqamətdə və müsbət yöndə gedir. Düşünürəm ki, mən də karyeramı bəzi məqamlara qurban verməyəcəm. Vətəndə çox işlər görmək istəyirəm. Qazandığım təcrübəmi ölkəmizdə tətbiq edəcəyəm. Uğur formulunun sirlərini özümdə saxlamayıb, gənclərlə paylaşacağam. Amma başqa bir ölkədə də gələcək planlarını qurmaq daha yaxşı olardı. Təsəvvür edin ki, elə Türkiyənin özündə dediyim kimi topluluq qurub bütün Uşakda olan tələbələrimizi vahid mərkəzdə birləşdiririk. Bunun nə böyük güc olduğunu dil ilə demək mümkün deyil. Hər şey birliyə bağlıdır. Birlikdə hərəkət edirsənsə, sən gücsən!
- Sonda bizə sözünüz və ya doğmalarınıza çatdırmaq istədiyiniz fikirlər varmı?
- Anamla danışıram. Doğmalarımla əlaqələrim kəsilmir. Amma əzizlərimizə mətbuat vasitəsilə fikirlərimizi, təşəkkür və salamlarımızı çatdıranda bunun ayrı dəyəri olur. Anam əminəm ki baxıb fərəhlənir. Sizə də sözüm odur ki, daim belə öndə gedəsiniz və sizə dövlət maraqlarına xidmət edən bir mətbu orqanı olaraq yalnız nailiyyətlər diləyirəm. Böyük bir media holdinqi olmağınızı arzu edirəm. Xaricdə təhsil alan gəncləri önə çəkmək sizin işinizə nə dərəcədə peşəkar yanaşmağınızdan xəbər verir. Bütün digər sahələrdə hər kəs yazır, maraqlanır. Bu işlərə isə siz baş vurmaqla böyük işlər görürsünüz. Bir daha təşəkkür edirəm!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info