BMT rəsmisi Antonius Bruk: “Azərbaycan iqtisadi sahədə böyük uğurlar əldə edib”
Tarix: 26.11.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq Sənaye Konfransı keçirilir

İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı öz işinə başlayıb.
Tədbirə 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçı qatılıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi konfransın işinə uğurlar arzulamış və BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş katibi Li Yongun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim edib. Li Yong video müraciətində Bakıda Beynəlxalq Sənaye Konfransının keçirilməsindən məmnunluğunu ifadə etmiş, tədbirin sənaye ilə bağlı müzakirələrin aparılması baxımından mühüm platforma rolunu oynayacağını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfdindən 2014-cü ilin “Sənaye ili” elan edilməsini yüksək qiymətləndirib. BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk çıxışında Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlar əldə etdiyini və bunun yükək qiymətləndirildiyini vurğulamış, konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib. Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel isə çıxışında Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdiyini, Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaəqlərin genişləndirilməsində rolunu qeyd edib. Konfrans çərçivəsində Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı imzalanıb. Sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi imzalayıblar.
Bakı Beynəlxalq Sənaye Konfransı “Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı” mövzusunda panel sessiyada öz işini davam etdirib. Sessiyada Şahin Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkəmizin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat verib. Qeyd olunub ki, sənaye əksər ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadiyyatın prioritetet istiqamətlərindəndir. Azərbaycan sənayesi zəngin ənənələrə malikdir. Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilib. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri Azərbaycanda istifadəyə verilib, 1900-cü ildə ölkəmiz neft hasilatına görə dünyada birinci olub. İkinci Dünya Müharibəsində Azərbaycan SSRİ-nin neft və neft emalı məhsullarının 70%-dən çoxunu təmin edib. Nazir Şahin Mustafayev vurğulayıb ki, ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını şaxələndirib. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldildi, bir sıra iri sənaye müəssisələri quruldu, sənayenin diversifikasiyası sürətləndi. 1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin 100%-i, dərinlik nasoslarının 100%-i, digər neft mədən avadanlığının 70%-i, şərab məhsullarının 1/3 hissəsi, elektrik mühərriklərinin 12%-i, elektrik-qaynaq avadanlığının 10%-i, soyuducuların 6%-i Azərbaycanda istehsal edilirdi. Müstəqilliyin ilk illərində ölkədə baş vermiş böhran, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı iqtisadiyyatın digər sahələrində olduğu kimi sənayedə də tənəzzülə səbəb oldu, sənaye istehsalının həcmi və çeşidi azaldı. Sənayenin yenidən canlanma tarixi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanan “Əsrin müqaviləsi” ilə başladı. ulu öndərin rəhbərliyi ilə həyata keçirilən anti-böhran tədbirləri qısa müddət ərzində ölkədə siyasi-iqtisadi sabitliyin bərqərar olması və 1997-ci ildən başlayaraq sənaye istehsalının artması ilə nəticələndi. Sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirildi, bazar iqtisadiyyatı institutları yaradıldı, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan, TRASECA layihələrinin əsası qoyuldu.
2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri oldu, Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrildi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş oldu, elektrik stansiyalarının enerji gücləri 50%-dən çox artırıldı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri reallaşdırıldı, ənənəvi istehsal sahələrinin fəaliyyəti genişləndi, yeni istehsal sahələri yaradıldı, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəldi. Nəticədə sənayenin ÜDM-də xüsusi çəkisi 2003-cü ildəki 38%-dən 2013-cü ildə 48%-ə yüksəldi. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, zəngin təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu, yüksək ixtisaslı kadrlar, maliyyə, beynəlxalq bazarlara çıxış imkanları, institusional potensial və s. ölkə sənayesinin sürətli inkişafına tam əsas yaradır. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası və iqtisadiyyatda xüsusi çəkisinin, eləcə də ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, bilik iqtisadiyyatının yaradılması, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Кalamanov, Səudiyyə Ərəbistanın İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov sessiyadakı çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə edilən uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıblar. Sonra Fransanın “Alston” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. “Sənaye parkları və klasterləri: dayanıqlı sənaye siyasətində beynəlxalq təcrübələr” mövzusunda keçirilən panel sessiyada çıxış etmiş Türkiyə, Almaniya və s. ölkələrdən olan şirkətlərin nümayəndələri sənaye parkları və klasterlərə dair beynəlxalq təcrübə, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov isə Azərbaycanda bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Konfransda “Azərbaycanda sənayeləşmə: ənənə və gələcək” filmi nümayiş olunub.
İki gün davam edəcək Beynəlxalq Sənaye Konfransının ikinci günü - noyabrın 27-də “Azərbaycanda investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiya keçiriləcək, yerli və xarici biznes nümayəndələri arasında işgüzar görüşlər təşkil olunacaq, tədbir iştirakçıları Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parklarının, “Azgüntex” MMC-nin fəaliyyəti ilə tanış olacaqlar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info