“Türkiyədə tələbələrin Azərbaycan ədəbiyyatına böyük marağı var”
Tarix: 28.11.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Slavyan Universiteti Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, Türkologiya kafedrasının dosenti, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmalar şöbəsinin böyük elmi işçisi Aygül Hacıyevadır:

- Araşdırmalarınızda türk dillərinin zənginliyi haqqında hansı qənaətdəsiniz?
“Söz və ifadə yaratmaqda türk mahirdir” - deyən Əlişir Nəvai də özünün “Mükəmətül-lüğəteyn” (İki dilin mübahisəsi) əsərində (Bakı, 1999) türkdilli sözlərdən bəhs edərkən onları fars dili ilə müqayisə edərək üstün olduqlarını göstərib. Əlbəttə ki, türk dili, eləcə də digər türk dillərinin fövqəladə xüsusiyyətlərini sadalamaqla bitməz. Əvvəla, türk dillərinin leksikası öz zənginliyi, rəngarəngliyi ilə digər qrup dillərdən əsaslı surətdə fərqlənir. Bütün fellər türk mənşəlidir, fel şəkillərinin qrammatik mənası konkretləşmiş, ismin halları və fel şəkillərində müvazi əvəzlənmələr azalıb. Bir sıra şəkilçilər arxaikləşib, əvəzliklər isə arxaik formalardan qurtulub, söz birləşmələri izafət tərkiblərindən təmizlənib, mürəkkəb cümlə tipləri daha da zənginləşib, dilin lüğət tərkibi qrammatik quruluşla vəhdət təşkil edib. Bütün bu sadalananlar isə qrammatik quruluşun daha da sabitləşməsinə səbəb olub. Tarixi inkişaf prosesi nəticəsində tədricən öz müstəqilliyini itirən, köməkçi sözə və şəkilçiyə çevrilən, qrammatik quruluşun ixtiyarına keçən lüğət tərkibindəki sözlərin bir qismi müstəqil mənalı sözlərə qoşularaq, yeni söz və birləşmələrin yaranmasına, bununla isə lüğət tərkibinin zənginləşməsinə səbəb olub.
Leksik-semantik sistemə gəlincə, elə çoxmənalı sözlər (tuş, tüz, ot, tor, tur və s.) var ki, digərlərində belələri yoxdur. Söz yaradıcılığı üsulları da xeyli zənginləşib.
- Azərbaycan və Türkiyə ədəbiyyatının ortaq zənginliyini nədə görürsünüz?
- Türk xalqlarının və ümumən türk dünyasının ortaq dəyərləri hər bir türk xalqı üçün, o cümlədən bizim üçün də doğmadır. Orta Asiyada qələmə alınan “Kaşqarlı “Divan”ı Azərbaycan türkcəsi” Azərbaycan ədəbiyyatı üçün nə qədər dəyərlidirsə, Azərbaycan coğrafiyasında formalaşan Dədə Qorqud oğuznamələri də bütün türk xalqları üçün o qədər əziz və doğmadır. Bu gün özbək, türkmən, tatar, qırğız, qazax, Azərbaycan türklərinin ortaq dəyərləri deyərkən, ortaq mifologiya, dastan ədəbiyyatı, folklor, ortaq yazılı abidələri əhatə edən sözdə, dində reallaşan mədəniyyət sisteminin bütövlüyü nəzərdə tutulur.
Onu da qeyd edim ki, hər iki türk xalqının - Azərbaycan və türk xalqlarının ədəbiyyatı klassik dövrdə bir-birindən çox fərqlənməsə də, ayrı-ayrı dil faktlarına əsaslanan ayrılıqların olması bir faktdır. Bununla belə, Azərbaycan klassik ədəbiyyatının təməli, o təməldəki dünyagörüş, ədəbiyyat anlayışı, vəzn, qafiyə məsələləri Türkiyə ədəbiyyatında olduğu kimidir və bunları ayırmaq qeyri-mümkündür. Bunun isə bircə səbəbi vardır. Bu birliyin kökü Şərq ədəbiyyatından gələn İslami, dini, mədəni motivlərə dayanır. Türkiyədə buna “divan ədəbiyyatı” deyirlər, Azərbaycanda isə bu, “klassik ədəbiyyat” adlanır.
Azərbaycanda 1917-ci ilə qədər inkişaf edən ədəbiyyatda da ortaq xüsusiyyətlər çox olub. Fərqlilik özünü Sovet dövründə və ondan sonrakı Azərbaycan ədəbiyyatında göstərib. “Azərbaycan modern ədəbiyyatı Mirzə Fətəli Axundovla başlayır” - desək də, diqqət edildikdə, orada da Avropa ədəbiyyatının izləri, Avropa təfəkkürünün ədəbiyyatımıza təsirini görmək olur. XIX əsrin ortalarında Avropa ədəbiyyatının təsiri Türkiyə ədəbiyyatına da başlayıb. Azərbaycanda Avropa ədəbiyyatına meyli Mirzə Fətəli Axundov, Türkiyədə də Namik Kamal, Şinasi kimi görkəmli yazıçılar təmsil edib. Bu mənada M. F. Axundovla Namik Kamalı, Şinasini qarşılaşdırmaq olar, amma eyniləşdirmək olmaz.
- Bugünkü gənclərin türkdilli ədəbiyyata olan marağını necə dəyərləndirirsiniz?
- Son dövrlərdə Türkiyədə tələbələrin Azərbaycan ədəbiyyatına böyük marağı olduğu kimi, Azərbaycanda da türk yazıçı və şairlərinin əsərlərinə böyük maraq yaranıb. Bu da təbiidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Bir millət -İki dövlət”in ədəbiyyatı da bir olmalıdır. Türkiyə ilə qurduğumuz işgüzar əlaqələr zəminində qardaş ölkənin universitetlərinə getdiyimiz zaman müşahidə etdik ki, Türkiyədə sadəcə Azərbaycan deyil, bütün keçmiş Sovet İttifaqının tərkibində olan türk xalqlarının dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük maraq var. Türkiyə gəncləri indi özbək, qırğız, qazax, türkmən dillərini öyrənməyə can atırlar. Eləcə də, Azərbaycan gəncləri arasında, məsələn, Bakı Slavyan Universitetinin tələbələri arasında türk yazıçılarının, xüsusilə, klassiklərin əsərlərinə böyük maraq oyanıb. Bu onu bir daha göstərir ki, Azərbaycan və türk ədəbiyyatı, türk təfəkkürü arasında heç bir fərq olmamalıdır. Sevindirici haldır ki, Azərbaycan - Türkiyə münasibətləri sürətlə inkişaf edir və bu işdə informasiya texnologiyasının böyük rolunu da qeyd etməmək mümkün deyil.
- Gələcək elmi araşdırmalarınızı hansı istiqamətlərdə aparmaq fikrindəsiniz?
- Düşünürəm ki, planlarımdan artıq qismən danışdım. Dilçilik sahəsi isə dibsiz bir okeana bənzəyir, hələ nə qədər tədqiq edilməyən məqamlar öz müəllifini gözləyir. Bu məqamlara isə ümumtürk mədəniyyəti, türkologiya və türkoloji dilçilik, türk ədəbi dillərinin sosiolinqvistik təsnifi və onların xəritələrinin tərtibi kimi qlobal məsələlər daxildir. Hər şeyi zaman həll edir. Mən də bunu zamanın ixtiyarına buraxıram.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info