“Biz xaricdə Azərbaycanın simasıyıq”
Tarix: 02.12.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Hacettepe Universitetinin doktorantı Elvin Ağayev:
“Gənclərimiz bilməlidir ki, onlar ölkəmizin sərhədlərindən çıxdıqdan sonra sadəcə özlərini deyil, Azərbaycanı da təmsil edirlər”

Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində minlərlə gəncimiz müxtəlif xarici ölkələrdə təhsil alır. Onlar yalnız təhsil almaqla kifayətlənmir, eyni zamanda həm fərdi, həm də müxtəlif tələbə təşkilatları, birliklər çərçivəsində ictimai fəaliyyətlərini davam etdirirlər. Bu, ölkəmizlə bağlı reallıqların dünyaya çatdırılmasında çox önəmlidir. Hazırda xaricdə fəaliyyət göstərən belə birliklərdən biri də qardaş Türkiyədə azərbaycanlı tələbələr tərəfindən qurulmuş olan Türkiyə Azərbaycan Tələbə Birliyidir (TATB). Müsahibimiz TATB-nin rəhbəri, Hacettepe Universitetinin doktorantı Elvin Ağayevdir:
-Mən Bakı Dövlət Universitetinin məzunuyam, Türkiyəyə dövlət xətti ilə keçirilən imtahanda iştirak edib magistratura təhsili almaq məqsədilə gəlmişdim. Hazırda Türkiyənin ən yaxşı universitetləri sırasında olan Hacettepe Universiteti Mühəndislik fakültəsində doktorantura pilləsində təhsil alıram. Hacettepede ixtisasımı birinciliklə bitirmişəm. Bir sıra mükafatlara layiq görülmüşəm. Bunlara I Dünya Gənclər Forumunun təşkilatçılarından biri və ən yaxşı nümayəndə mükafatını, I Beynəlxalq Tələbə İşləri Konqresinin ən gənc panelisti mükafatını və s. misal göstərə bilərəm. Hacettepe Universitetində Beynəlxalq Tələbə Assosiasiyasının sədri və bu universitetin idarə heyətinin üzvüyəm.
- Belə bir birliyin yaranma zərurəti ilə bağlı nə deyərdiniz?
- Bundan öncəki illərdə də Hacettepe Universitetində Beynəlxalq Tələbə Assosiasiyasına rəhbərlik edirdim. O zaman Ankarada təhsil alan tələbələrimiz arasında uzaqlıq və pərakəndəliyi müşahidə etdim. Türkiyədəki təhsil müşavirimiz dos. Nəcibə xanım Nəsibova tələbələrimiz arasındakı koordinasiya işlərini bərpa etmək və canlandırmaq üçün məsuliyyəti üzərimə götürməyi təklif etdi. Mən də bu təklifi qəbul etdim və tələbələrimizlə keçirilən görüşdə fikirlərimi və hədəfimi açıqca vurğuladım. Sonra Ankaradakı universitetlərə və tələbə yataqxanalarına gedərək oradakı fəal tələbələrlə görüşdüm. Getdiyim hər yerdən tam dəstək aldım və Türkiyə Azərbaycan Tələbə Birliyini qurduq. Bu mənim yox, bütün tələbələrimizin birliyidir.
- Türkiyədə çoxsaylı tələbə təşkilatları, birliklər var. TATB-i digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır?
- Sualı cavablandırmadan öncə bir məsələyə münasibət bildirmək istəyirəm. Bəzən insanlar birliyimizi topluluqla qarışdırırlar. Sizin vasitənizlə demək istəyirəm ki, TATB bir topluluq deyil, tələbə birliyidir. Son 10 ildə Türkiyədə bir neçə təşkilat qurulub və fəaliyyətinə davam edə bilməmişdi.

“Ən uğurlu addımlarımızdan biri də Qarabağ musiqi qrupunun qurulması oldu”

Qeyd edim ki, TATB öncəliklə heç bir siyasi fəaliyyət sahəsi olmayan bir birlikdir. Bizim birlik yalnız milli məsələlər və intellektual gənclik üçün çalışan bir birlikdir. TATB-nin idarə heyəti universitetlərdəki azərbaycanlı tələbələrin seçdiyi tələbə nümayəndələrindən təşkil olunur. Bu birlik hamımızın birliyidir. Biz hamımız burada Azərbaycanı təmsil edirik. Bir növ Azərbaycanın simasıyıq. Bu prinsipi özümüzə şüar etmişik və birliyimizdəki idarə heyəti də bu cür düşünən tələbələrdən ibarətdir. Bizi fərqləndirən ən önəmli xüsusiyyət tələbələrin öz səyləri ilə fəaliyyətinə davam etməsidir.
- Belə bir Birliyin yaranmasına tələbələrin münasibəti necə oldu?
- Bilirsiniz, çoxillik təcrübələrimə əsasən bu prosesin çətin olacağını öncədən təxmin etmişdim. Çünki ağır və məsuliyyətli işə başlayanda normal olaraq ətrafınızda çox az insan olur. Mən tərəddüd edən bütün tələbələrimizi başa düşürəm, çünki TATB-nin nə məqsədlə qurulduğunu, nə edəcəyini bilmirdilər. Birlik fəaliyyətə başlayıb özünü doğruldandan sonra üzvlərinin sayı gün keçdikcə artdı. Tələbələrin ümumi münasibəti müsbətdir. Bir çox uğurlu tədbir təşkil etdik, yarışlar keçirdik. Biz fəaliyyətimizə fasilə vermədən davam edirik. Fürsətdən istifadə edib bütün tələbələrimizi bizə qoşulmağa və tədbirlərimizdə iştirak etməyə dəvət edirəm.
-TATB qurulduqdan sonra hansı işləri görüb və gələcəkdə hansı işləri görməyi planlaşdırır?
- 2014-cü ilin mart ayının 19-da TATB-ni qurduq. Daha öncə də qeyd etdiyim kimi, əsas prinsiplərimizdən biri də intellektual gəncliyin yetişməsinə töhfə verməkdir. Aprel ayında universitetlər arasında “Nə, Harada, Nə zaman?” intellektual yarışını təşkil etdik. Yarışa maraq olduqca yüksək idi. May ayının 5-də Əhməd Cavadın doğumunun 122-ci illiyinə həsr olunmuş tədbirimiz uğurlu keçdi. Ölkəmizin bir çox mətbuat orqanlarında tədbirimizlə bağlı xəbərlər verildi. Tədbirimizdə həmvətənlərimizlə birlikdə Türkiyə, Bolqarıstan, Albaniya kimi ölkələrdən də qonaqlarımız da iştirak etmişdi. May ayında universitetlər arasında “Nə, Harada, Nə zaman?” intellektual oyununun və şahmat yarışlarının final mərhələlərini təşkil etdik. Noyabrın 9-da Bayraq Günü münasibətilə flashmob keçirdik. Qısa müddətdə bir neçə ildə görülməyən işləri həyata keçirdik. Ən uğurlu addımlarımızdan biri də Qarabağ musiqi qrupunun qurulması oldu. Bu il də bir çox tədbir təşkil edəcəyik. Daha bir neçə böyük layihəmiz olacaq. Bu ili tələbələrimiz üçün unudulmaz edəcəyik.
- Siz həm də Hacettepe Universitetində Beynəlxalq Tələbə Assosiasiyasına rəhbərlik edirsiniz. Ölkəmizdən son zamanlarda Türkiyəyə təhsil üçün gələn gənclərin sayı durmadan artır. Buna münasibətiniz necədir?
- Əvvəlcə oxucularımıza daha aydın olması üçün Hacettepe Universiteti Beynəlxalq Tələbə Assosiasiyası haqqında məlumat vermək istəyirəm. Hacettepe Universitetində 94 ölkədən 2 mindən çox xarici tələbə təhsil alır. Bu tələbələrin iştirakı ilə keçirilən seçkilərdə mən xarici tələbə nümayəndəsi seçildim və assosiasiyanı qurdum. Bu assosiasiya birbaşa rektorluğa bağlıdır. Ölkəmizdən təhsil almaq üçün gələnlərin sayının artmağı müsbət haldır. Ancaq son illərdə fərqli yollarla, Türkiyənin kiçik şəhərlərindəki universitetlərə gələnlərin sayı artıb. Türkiyədə xarici tələbələrdən alınan təhsil haqqının artması bəzi kiçik universitetlərin tələbə qəbulunu ticarət kimi görməyinə səbəb oldu. Bu isə attestatla qəbula gətirib çıxarır ki, bu halları qətiyyən qəbul etmirəm. Sözügedən yolla gələn tələbələrin çoxu dərslərində müvəffəqiyyət qazana bilmirlər və əksəriyyəti təhsilini yarımçıq qoyur. Bunun ölkəmizin imicinə mənfi təsir etdiyini düşünürəm.
- Türkiyədə doktorantura təhsili alan bir gənc kimi xaricdə təhsil almaq istəyən gənclərimizə nəyi tövsiyə edirsiniz?
- Gənclərimiz bilməlidirlər ki, onlar ölkəmizin sərhədlərindən çıxdıqdan sonra sadəcə bir fərdi yox, Azərbaycanı təmsil edirlər. Hər biri Azərbaycanın o ölkədəki siması olurlar. Fərqli ölkələrdən olan tələbələr ölkəmizi onların hərəkətlərinə, davranışlarına əsasən qiymətləndirirlər. Xaricdə təhsil almaq bu baxımdan çox məsuliyyətli işdir. Sonda amalı və hədəfi bu cür olan hər bir gəncimizə uğurlar arzu edirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info