Danimarkalı uşaqlara musiqi dərsi verən azərbaycanlı
Tarix: 03.12.2014 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Kəmalə Maisqızı: “Başqa millətlərlə müqayisədə azərbaycanlılar Danimarkada daha çox müvəffəqiyyətə nail olublar”

Diasporun ən böyük uğuru odur ki, yaşadığı ölkədə yerli xalq onu qəbul etsin. Danimarkada yaşayan azərbaycanlı musiqiçi Kəmalə Maisqızı bu baxımdan öz uğurunu əldə edib. Onun danimarkalı uşaqlara musiqi tədris etməsi bunu deməyə tam əsas verir. Xatırladaq ki, K. Maisqızı mərhum diaspor üzvü Elxan Hüseynovun həyat yoldaşıdır. Bu gün Kəmalə xanım Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri kimi ekiz oğlanları Emil və Kərimlə birgə Danimarkada aktiv diaspor fəaliyyəti də göstərir.
- Danimarkada Azərbaycan mədəniyyətini lazımi qədər təbliğ edə bilirsinizmi?
- Təbii ki, bacardığım qədər bu işdə aktiv olmağa çalışıram. Mən yaşadığım Hillerod şəhərində Hillerod özəl orta məktəbində şagirdlərə 6-cı sinfə qədər musiqi dərsi verirəm. 100-ə qədər Danimarka mahnıları öyrənmişəm. Hər il yeni proqramla işləyirik. Konservatoriyada keçirilən fərqli kursların sertifikatlarını almışam. Onu da deyim ki, fərqli bir sistemlə çalışsam da Azərbaycanda məktəb və institutda aldığım təcrübədən də çox istifadə edirəm. Məsələn, Danimarkada da improvizasiya və s. mövzularda Afrika xalqlarının ritmlərindən, musiqisindən istifadə edirlər. Mən isə bizim musiqini də istifadə etməyə çalışıram. Bu, uşaqlara çox fərqli gəlir və onu deyim ki, çox maraq göstərirlər.
Həmçinin Falster şəhərində olan 8-10-cu siniflərə piano, xor, teori üzrə musiqi dərsləri verirəm. Bunlarla bərabər Kopenhagendə açdığımız ASK mərkəzində də piano dərsləri verirəm. Bu iş həyatımla bərabər, Azərbaycan-Danimarka Dostluq Cəmiyyətinin sədri olaraq fəaliyyət göstərirəm. Mədəniyyət, musiqi sahəsində işlərimi, tədbirlərimi davam edirəm. 28 noyabrda ISANGS firmasının dəvəti ilə Gudrun Holkla bir konsert proqramı həyata keçirdik. Konsertdə bir çox millətin nümayəndələri, eləcə də azərbaycanlı həmvətənlərim iştirak edirdi. Çox gözəl, isti bir atmosfer var idi. Dünyanın hər yerindən qadınların bir araya gəlməsinə həsr olunmuş konsertdə Danimarka, İsveç, Finlandiya, Norveç, Bolqarıstan, Azərbaycan, türk, eləcə də Afrika xalqlarının mahnıları səsləndi. Ən çox sevilən isə “Sarı gəlin” mahnısı oldu. Mahnımız ingiliscə və azərbaycanca səsləndi. Qonaqların çoxu ilk dəfə idi ki, Azərbaycan musiqisi dinləyirdi. 2-ci hissədə mən solo pianoda “Laçın”, “Mən səni araram” və s. mahnıları ifa etdim. Musiqimizin çox bəyənildiyini söyləyə bilərəm.
- Danimarkalılar Azərbaycanı necə tanıyır?
- Məncə, illər keçdikcə, Danimarkada Azərbaycan gözəlliyi, təbiəti, tarixi ilə tanınmağa başlayıb. Həmçinin Qarabağ problemi hansı ortamda olarsam, diskussiyaya səbəb olur. İşlədiyim məktəblərin müəllimləri ilə tez-tez bizim Vətənimiz haqqında müzakirələr edirik. Onlara ölkəmiz haqqında, ingilis dilində olan kitablar hədiyyə etmişəm. Kolleqalarımdan bir çoxu Azərbaycanı görmək istəyir. Təəssüf ki, bir neçə dəfə viza problemləri ilə bağlı qarşılaşdıqları çətinliklər onların ölkəmizə gəlmək arzularına mane olub.
- Həmyerlilərimizin diaspor aktivliyi hansı səviyyədədir?
- Başqa dərnək və təşkilatlarımız da var. Hərə öz sahəsində işlər görür, Vətənimizi layiqincə təmsil etməyə çalışır. Hər birinin öz dəst-xətti, öz iş metodu var. Şəxsən mən öz cəmiyyətimizdə öz həmvətənlərimi bir araya gətirib tədbirlər keçirməkdənsə, danimarkalılara yönəlik, bizi tanıdacaq tədbirlər etməyi üstün görürəm. Belə etməsək, onlar bizim mədəniyyətimizi, siyasətimizi, yaşam tərzimizi anlaya bilməzlər. Ona görə də düşünürəm ki, Danimarkanın hər yerində nə qədər çox dərnək və təşkilatlarımız olsa, hər kəs bacardığı kimi ölkəmizi tanıtsa, bəlkə istədiyimizə nail olarıq.
- Soydaşlarımız Danimarkada yerli xalqla inteqrasiya olunub?
- Azərbaycanlılar burda çalışır, gənclər gözəl məktəblərdə, universitetlərdə oxuyur və inteqrasiya olmağa çalışırlar. Başqa millətlərlə müqayisədə bizimkilər Danimarkada daha çox müvəffəqiyyətə nail olublar. Bu da sevindirici bir haldır.
- Danimarkada yeni hansı layihələr həyata keçirməyi düşünürsüz?
- Danimarkada çay mədəniyyəti və s. bu kimi mövzularda tədbir keçirməyi planlaşdırıram. İnsallah, danimarkalılara bizim adət və ənənələri göstərib, maraqlı bir tədbir keçirəcəyik. Musiqi məktəbi tələbələrimə isə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı hazırlamağı düşünürəm.
Mən bu yaxınlarda Danimarkada fəaliyyət göstərən Dünya Mədəniyyət Mərkəzinə üzv seçilmişəm. Onlarla birgə Azərbaycanı tanıtmaq adına tədbirlər keçirəcəyik. Dekabrın 8-də mərkəzin sədri Alma Andersenlə sadəcə qadınların toplandığı bir tədbir keçiriləcək. Burada dünyanın hər yerindən qadınlar olacaq. Mən onlara bir neçə Danimarka mahnıları öyrədəcəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info