“Rusiya Dağlıq Qarabağı nə müstəqil dövlət kimi, nə də Ermənistanın ərazisi kimi tanıyır”
Tarix: 04.12.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


“Kazan şəhərində keçirilən "Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər" adlı II İctimai Forumda Azərbaycanın nə ərazi bütövlüyünü pozan xəritə, nə də videoçarx nümayiş olunub.
Nümayiş olunan xəritədə Azərbaycan ərazisi tam şəkildə, yəni beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində verilib. Videoçarxda isə postsovet məkanındakı münaqişə ocaqları göstərilib”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında bu yaxınlarda Kazanda keçirilmiş “Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər” adlı Forumun təşkilatçısı, Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov deyib.
A. Klimov bildirib ki, forumun yekunlarına dair kitab da nəşr etdirilib: “Kitabın üz qabığında xəritə əks olunub. Həmin xəritədə Azərbaycan ərazisi olduğu kimi göstərilib. Başqa cür ola da bilməz. Çünki Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Videoçarxda nümayiş olunan xəritəyə gəldikdə isə, burada anlaşılmazlıq yaranıb. Belə ki, videoçarxda 1991-ci ildə SSRİ-nin dağılması barədə söhbət açılıb və Sovet İttifaqı dağılandan sonra konfliktlərin yarandığı barədə məlumat verilib. Yaranan konfliktlər xəritədə işarələnib. Bu münaqişələr Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və s.-dir. Burada heç bir ölkənin ərazi bütövlüyünün pozulmasından söhbət gedə bilməz. Sadəcə olaraq, münaqişə ocaqları xəritədə işarələnərək göstərilib. Dağlıq Qarabağ ayrıca dövlət kimi və ya Ermənistanın tərkibində göstərilməyib. Əgər münaqişə zonası Ermənistanın ərazisi kimi işarələnsəydi, mən buna görə üzr istəyərdim, cavabdeh əməkdaşlarımızı isə cəzalandırardıq”.
A. Klimov forumda nümayiş olunan videoçarxın əvvəlcədən Azərbaycanın Rusiyadakı səfirliyi ilə razılaşdırılması barədə məlumatları təkzib edib: “Tədbirdən on gün əvvəl foruma dəvətli ölkələrin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Burada onlara forumda müzakirə olunacaq məsələlər barədə məlumat verilib, o cümlədən həmin videoçarx nümayiş etdirilib. Azərbaycan səfiri Polad Bülbüloğlu müəyyən obyektiv səbəblər üzündən həmin dəvətə qatıla bilməyib. Mətbuatda məlumat yer alıb ki, guya biz videoçarxı səfirlə razılaşdırmışıq. Bu, tamamilə yanlışdır. Birincisi, biz keçirəcəyimiz forumda görəcəyimiz işləri heç kəslə razılaşdırmırıq. Çünki burada razılaşdırmağa ehtiyac olan heç bir şey yoxdur. Hətta Rusiya XİN-də keçirilən görüşdə səfir və ya səfirliyin nümayəndəsi iştirak etsəydi belə, bizə videoçarx barədə sual ünvanlana bilməzdi. Çünki həmin videoçarxda Dağlıq Qarabağ Azərbaycanın tərkibindən kənar göstərilməyib. Bu, ola da bilməz, Rusiya rəhbərliyinin bu barədə rəsmi mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ Avrasiya İqtisadi Birliyinin ərazisinə daxil deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik mövqeyini davam etdirir. Hesab edirik ki, münaqişə ancaq sülh yolu ilə həll oluna bilər. Rusiya Dağlıq Qarabağı nə müstəqil dövlət kimi, nə də Ermənistanın ərazisi kimi tanıyır”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info