Rəşad Paşazadə: “Avstraliya çox bahalı ölkədir və işləmək tələbə üçün zəruri faktordur”
Tarix: 04.12.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Burada ölkəmizin və mədəniyyətimizin tanıdılması üçün çoxlu planlarımız var”

Bu gün Azərbaycan gəncliyinin öyünə biləcəyi əsas uğurlardan biri də xaricdə təhsillə bağlı əldə edilən nailiyyətlər və bu işə tələbələrimizin marağının artmasıdır. Bu səbəbdəndir ki, artıq on il əvvəllə müqayisədə gənclərimiz ayrı-ayrı ölkələrdə təhsillərini davam etdirməyə daha çox qərar verirlər. Heç şübhəsiz ki, bu işdə dövlətin qayğısının da böyük rolu var. Bu gün bu qayğıdan yararlanıb öz uğurlarını sıralayan və təhsilini daha da təkmilləşdirən gənclərimizdən biri haqda söz açacağıq. Rəşad Paşazadə xaricdə təhsil almağa qərar vermiş əksər gənclərimizdən fərqli olaraq ölkə ilə bağlı daha çətin seçim edib. O, Azərbaycandan xeyli uzaqda olan Avstraliyada elmin sirlərini öyrənir. Bu savadlı və uğur formulunun sirlərini bilən gəncimizlə söhbətimizi oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Rəşad Paşazadə 1991-ci ildə Laçın rayonunda doğulmuşam. 1998-ci ildə Bakı şəhəri 282 saylı orta məktəbdə oxumuşam. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr təhsilimə başladım.
Məktəb və universitet illərində daim təlimlərdə, yay məktəblərində, könüllülük proqramlarında iştirak etməklə sosial aktivliyimin artırılmasına çalışmışam. Bu istiqamətdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı - ATGTİ mənim həyatımda bir çox uğurların əsasını qoydu. Gələcək üçün əlaqələr qurmağa və özünü istədiyiniz sferada tanıtmağa ATGTİ çox kömək edir. Mən bunun xeyrini çox görmüşəm və elə indi də görürəm.
- Peyğəmbərimizin(s) hədisində deyilir: “Elm Çində olsa belə, onun ardınca gedin”. Siz Çindən də o tərəfə gedib çıxmısınız amma.
- Bəli, çox düzgün vurğuladınız və məsələyə də düzgün yanaşdınız. Bu hədis bizdə çox işlənir və əməl olunur. Həqiqətən də dinimizdə deyildiyi kimi, elm sərhəd tanımır. Mənim də qismətimdə Azərbaycandan çox uzaqlara gedib çıxmaq var imiş. Ümumiyyətlə, mən hələ məktəb illərində xaricdə oxumaq xəyalları qururdum. Hərçənd ki, bu, mənim üçün çox əlçatmaz xülya kimi görünürdü. 2007-ci ildə 10-cu sinifdə oxuyanda xaricdə təhsil üzrə dövlət proqramının yaradılması xəbəri məni çox sevindirmişdi və mən arzuma artıq daha yaxın idim. Bilirdim ki, bu proqrama düşmək üçün hər şeydən öncə mənə yüksək qəbul balı, geniş ictimai fəaliyyət, sertifikatlar və ingilis dili lazım idi. Universitetdə oxuyarkən çalışırdım ki, qiymətlərim yüksək olsun. Çünki bu da dövlət proqramına qəbul üçün vacib faktorlardan idi. Hansı ölkədə təhsil alacağıma isə 2003-cü ildə qərar verdim. Bu, əsrarəngiz Avstraliya oldu. 10 il əvvəl bu ölkə mənim üçün nə qədər uzaq və əlçatmaz idisə, indi o qədər yaxın və doğmadır.
Mən dövlət proqramına ən yaxın dostlarımla birlikdə hazırlaşmışdım. Yaxın dostlarım olan qrup yoldaşlarımla birlikdə bir il müddətində sənədlərimizi toplayır, IELTS imtahanına hazırlaşır, lazımi məlumatları paylaşır və məsləhətləşirdik. Bu prosesdə hamımız bir-birimizə çox dəstək olmuşuq.
Dostlarımdan savayı valideynlərim də mənə hər zaman öz məsləhətləri ilə dayaq olub. Eləcə də ATGTİ-nin sədri Şahin İsmayılov mənə dövlət proqramına hazırlaşmağa hər zaman dəstək çıxdı. Onun mənəvi dəstəyini və köməkliyini mən heç vaxt unutmaram.
- Avstraliyadakı təhsil həyatınız maraqlı keçər. Oxuduğunuz ali məktəbdə təhsil və tədrisin səviyyəsi sizi qane edirmi?
- Bildiyiniz kimi, mən Avstraliyada Kvinslend Universitetində (UQ, University of Queensland) təhsil alıram. Ümumi reytinqdə bu universitet dünyanın ilk 50-liyindədir. Universitetimiz ixtisasım (Advanced Master of Tourism, Hospitality and Event Management) üzrə isə dünyanın ilk 10-luğunda qərarlaşır. Universitetin bütün ixtisaslar üzrə və eləcə də turizm üzrə reputasiyası çox yüksəkdir. Məsələn, müxtəlif dövlətlər universitetimizə özlərinin ümumdövlət və ya hər hansı bir şəhərinin turizm siyasətlərinin yaradılması sifarişini verir. Bu sifarişləri isə professorlar biz - tələbələrlə birlikdə hazırlayır. Nəticə etibarı ilə, mən çox dəyərli praktiki və industrial biliklərə yiyələnirəm. Bu layihələrdən başqa təhsil proqramına daxil olan çeşidli şirkətlərin qarşılaşdığı problemləri özündə əks etdirən çox maraqlı yazılı, prezentativ və media tapşırıqları mənə öz ölkəmizdə turizm sahəsindəki yanlış məqamları aşkarlamaq və onları düzəltmək yollarını öyrədir. Universitet təhsil proqramının bütün hissələrini müasir dünyanın tələblərinə uyğun hazırlamağa çalışır və bu, onda çox yaxşı alınır. Burdan aldığım biliklərə çox güvənirəm və ölkəmizin turizm və rekreasiya sahəsinin qüdrətləndirilməsinə gələcəkdə yaxından dəstək göstərə biləcəyimə inanıram.
-Avstraliyalılar haqqında bizdə az məlumatlar olur. Bir qədər də yerli xalqın adət-ənənələri, mentaliteti, yaşayış səviyyəsi barədə söz açardınız.
Avstraliyada yerli xalqları aborigenlər adlandırırlar. Onların bir çoxu hələ də qədim adətlərlə yaşamaqla ilkin yaşam prinsiplərini qoruyublar. Hələ də səhralarda və tropik cəngəlliklərdə vəhşi həyat tərzi keçirən insanlar yaşayırlar. Avstraliyaya avroplalıların ilkin məskunlaşması isə 300 ildən o tərəfə keçmir. Buna rəğmən artıq gəlmə millətlər Avstraliyanın özünəməxsus mədəniyyətini formalaşdırıb. Avstraliyalıların təxminən 30%-i Avstraliyada dünyaya gəlməyib. Onlar sonradan Yeni Dünyaya miqrasiya edənlərdir. Ona görə də tolerantlıq çox yüksək səviyyədədir. Mən demək olar ki, heç vaxt ekstremizm, ayrı-seçkilik, antisemitizm və ya diskriminasiya ilə rastlaşmamışam. Materikin əksər hissəsində ildə 2 fəsil olur: yaz və yay. Bu, insanların geyiminə və həyat tərzinə çox təsir edib. Məsələn, burda nudist çimərliklər adi hal hesab edilir. Onu da deyim ki, mən hələ bu yerlərə getməyə özümdə cəsarət tapmamışam. Parklar, yaşıl zonalar istənilən böyük şəhərin ən vacib atributudur. Onlarda əhalinin istirahəti üçün hər bir şərait mövcuddur – “barbekyu” sobalar, masalar, bulaqlar və s. Onu deməliyəm ki, bütün küçələr, nəqliyyat vasitələri, binalar, sanitar qovşaqlar və digər obyektlər əlillər üçün tam müyəssərdir. Avstraliyalılar çox qayğısızdır desəm yəqin ki, yanılmaram. Onlar çox səyahət etməyi hər şeydən üstün tuturlar. Əgər azərbaycanlılar bahalı maşınları ilə öyünürsə, avstraliyalılar səyahət etdiyi ölkələrin sayı ilə fərqlənməyə çalışırlar. Geyimə və zahiri görkəmə də xüsusi əhəmiyyət vermirlər, lakin sağlam həyat tərzi və idman onlar üçün çox vacib amillərdəndir.
- Təhsillə bağlı işləriniz yəqin ki çox olar. Təhsiliniz diaspor işlərində aktivliyinizə mane olmur ki? Ümumiyyətlə, Avstraliyada nə kimi tədbirlərə qatılırsınız?
-Universitetdə təhsil proqramı çox dinamik və gərgindir. Buna görə digər işlərə çox az vaxt qalır. Avstraliyada azərbaycanlıların sayı az olduğu üçün diaspor da o qədər güclü deyil. Lakin bir neçə həftə əvvəl artıq Avstraliya vətəndaşı olan bir azərbaycanlı xanımın təşəbbüsü ilə biz universitet tərkibində milli klub yaratdıq. Ölkəmizin və mədəniyyətimizin tanıdılması üçün çoxlu planlarımız var və mən əminəm ki, bu istiqamətdə çoxlu layihələr həyata keçirəcəyik.
Bu yaxınlarda təhsil aldığım Brizban şəhərində “Böyük 20-lik” ölkələrinin sammiti keçirildi. Bununla əlaqədar olaraq şəhərdə çoxsaylı genişmiqyaslı tədbirlər keçirildi. Bunlardan biri “Brisbane Global Cafe” tədbiri idi ki, burada iştirak təxminən 400 dollardan başlayırdı. Mən universitet tərəfindən burada pulsuz iştirak haqqına layiq görüldüm. Bu tədbirdə “Turkish Airlines”, “Trip Advisor”, “Amadeus”, “Reddit” və digər dünya şöhrətli şirkətlərin CEO-ları iştirak edirdilər. Bu tədbirdən xeyli yenilik öyrəndim və bu şəxslərlə, eləcə də biznes dünyasının digər uğurlu simaları ilə birbaşa söhbət şansına da nail oldum.
-Azərbaycanlıların bu ölkədə az olduğunu dediniz. Az olsalar da, fəaliyyətlərini qənaətbəxş saymaq olarmı?
-Brizbanda azərbaycanlı tələbələrin sayı çox azdır. Cənubi Azərbaycandan olan həmyerlilərimizlə birlikdə belə, bu rəqəm 10-u keçmir. Biz çalışırıq ki, tez-tez görüşək, qonaqlıqlar təşkil edək və bir-birimizə dəstək olaq. Hər dəfə dostlarımızla görüşdən mən çox böyük zövq alıram. Görüşlərdə biz öz problemlərimizi, başımıza gələn əhvalatları və planlarımızı müzakirə edirik. Potensial iş imkanları olan kimi isə dərhal xəbərləşirik və həmin iş yerini tutmağa çalışırıq. Avstraliya çox bahalı ölkədir və işləmək bir çox tələbə üçün zəruri faktordur. İş tapmağımızda türkiyəli soydaşlarımız bizə çox yardımçı olurlar. Onların bir çoxunun kafesi və ya başqa biznesi var. Çox sağ olsunlar ki, azərbaycanlı tələbələrə həmişə iş yeri təklif edirlər. Hazırda biz bir türk iş adamı ilə diaspor işində yeni layihə etməyə hazırlaşırıq. Erməni lobbisi Avstraliyada güclüdür və onlara təbliğatda uduzmamaq üçün biz tezliklə müvafiq addımlar atacağıq. Milliyyətindən, dinindən, irqindən asılı olmayaraq biz azərbaycanlılar, mehriban xalqıq. Bunun üçün də tez bir zamanda avstraliyalılarla dil tapır və dostlaşırıq. Mənim burda hətta aborigen tanışlarım da var və onlardan Avstraliya haqqında bir çox şey öyrənirəm.

Tural Tağıyev

(ardı var)











 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info