Avropa dövlətləri miqrantlarla bacara bilmir
Tarix: 08.12.2014 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Maraqlı da olsa, qeyd edilməlidir ki, hər il dekabrın ikinci ongünlüyü Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Miqrasiya tarixən çox qədim prosesdir və sinifli cəmiyyətin yaranmasına qədər kortəbii xarakter daşıyıb. «Lenta ru» saytına istinadən yazılmış bu yazı miqrantların son dövrlər ayrı-ayrı ölkələrdə üzləşdikləri problemlərlə bağlıdır. Yazıda deyilir ki, Avropa Birliyi miqrasiya siyasətini dəyişmək barədə düşünməlidir.
Bu barədə açıqlama Britaniyanın baş naziri Devid Kemeron tərəfindən irəli sürülüb. Onun fikrincə, Avropa Birliyi ölkələri vətəndaşlarının bir ölkədən digər ölkəyə hərəkətini məhdudlaşdırmaq lazımdır. Lakin Brüssel Kemeronun bu fikirlərinə etiraz edərək, bunun Avropa Birliyinin əsas prinsiplərinə zidd olduğunu qeyd etsə də, ingilis baş nazirin ideyalarına dəstək verənlər də var. Bir tərəfdən, Avropa ölkə rəhbərlikləri başa düşürlər ki, miqrant işçilər olmadan keçinə bilməyəcəklər. Digər tərəfdən isə onlar varlı ölkələrə iş axtarmaq ümidi ilə gəlmiş sosial turistlərə yardım etmək istəmirlər.
Qeyd edək ki, Avropada Britaniya baş nazirinin çıxışları narahatlıqla qarşılanıb. Xatırladaq ki, Kemeron Birləşmiş Krallıq ərazisinə daxil olan miqrantların sayını məhdudlaşdırmaq barədə bundan əvvəl də çıxışlar edib. O belə iddia edir ki, ölkəsinə gələn hər hansı miqrant yarım il müddətinə özünə iş tapa biləməyəcəyi təqdirdə, Britaniya ərazisindən xaric ediləcək. Bundan başqa, onlar həmçinin müavinətlər və eyni zamanda digər sosial ödənişlər barədə də dövlət orqanlarına müraciət edə bilməzlər. Britaniya ərazisində ancaq dörd ildən az olmayaraq yaşayıb işləyənlər vergi ayırmalarına, uşaqları üçün yardımlara ümid edə bilərlər. Avara və dilənçi həyatı keçirən gəlmələr ölkədən çıxarılacaq və növbəti 12 ay onların Britaniya ərazisinə girişinə qadağa qoyulacaq. Bütün bunlarla yanaşı, Kemeron kabineti Avropa Birliyi ölkələrindən gələn miqrantların Britaniya səhiyyə sisteminin pullu xidmətindən yararlanmalarını istəyir.
Kemerona görə, Britaniya hökuməti miqrantlara qarşı siyasətini özü müəyyən etməlidir. Əgər bu məsələlərdə Brüssel Londonun bu siyasətinə qarşı hər hansı bir təpki göstərsə, Britaniya hökuməti birliyi tərk etmək təşəbbüsünü qaldıra bilər. Qeyd edək ki, Devid Kemeronun Avropa Birliyini şantaj etməsi birinci hal deyil. Gözlənildiyi kimi, Birləşmiş Krallığın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum 2017-ci ildə keçiriləcək. Gələn ilin mayında isə ölkədə ümumi parlament seçkiləri keçiriləcək. Məhz buna görə də, hökumət başçısı, həm də seçki perspektivləri barədə düşünməlidir. Xatırladaq ki, Kemeronun partiyası ilə yanaşı, Birləşmiş Krallığın İstiqlal Partiyası da miqrantlar barədə sərt tədbirlər həyata keçirilməsini tələb edirlər. Qeyd edək ki, Britaniyada 4.9 milyon xaricdən gələn yaşayır. Bunların 1.27 milyon nəfərini Şərqi Avropadan gəlmələr, əsasən də polyaklar təşkil edirlər. Müqayisə üçün bildirək ki, Britaniyada məskunlaşmış polyakların ümumi sayı (679 min nəfər) Polşanın Krakov şəhərinin əhalisindən çoxdur. Təsadüfi deyil ki, Kemeronun çağırışlarına qarşı ilk etiraz səsini ucaldanlar da məhz polyaklar olub. Belə ki, Polşanın Avropa məsələləri üzrə naziri Rafal Tjaskovskiy Kemeronun bu təşəbbüsünün qarşısını almaq üçün Avropa Birliyinə çağırış edib. Bununla yanaşı polşalı nazir bəyan edib ki, Polşa hökuməti polyakların Böyük Britaniyada törədilmiş hər hansı qanun pozuntularını müzakirə etməyə hazırdır. Lakin bununla belə, nazir qeyd edib ki, Varşava polyaklara qarşı etnik zəmində törədilmiş hər hansı ayrı-seçkiliklə barışa bilməz.
Belə görünür ki, Londonun bu məsələlərdə Avropa Birliyi ölkələrinin razılığını almaq o qədər də asan olmayacaq. Ona görə də, Kemeron Avropa Birliyinin yüksək nüfuza malik və eyni zamanda miqrant axınından narazı olan ölkələrinin, məsələn Almaniya, Fransa, İtaliya və İspaniyanın dəstəyini almağa çalışır.
Qeyd edək ki, bu istiqamətdə Londona dəstək olan ölkələrdən biri də Hollandiyadır. Bu ölkədə keçirilən sorğuya görə, hollandların 80 faizi rumın və bolqarları öz ölkələrində görmək istəmədiklərini bildiriblər. Nəzərə çatdıraq ki, bu ölkədə yaşayan 600 mindən artıq gəlmə vətəndaş son illər Hollandiya Sosial İşlər Nazirliyinin baş ağrısına çevriliblər. Onların 20 mindan artığı isə sosial müavinət və hüquqi ödəniş iddiası ilə çıxış edirlər.
Amma qeyd edilməlidir ki, Kemeron daha çox Berlinin dəstəyinə ümid edir. Bunun üçün əsas da var. Qeyd edək ki, hazırda Almaniyada yaşayan miqrantların sayı Britaniyadakından dörd dəfə çoxdur. Bu ölkədə də «sosial turist» adını almış miqrantlar alman cəmiyyətində maksimum mənfi emosiyalarla qarşılanırlar. Bu günlərdə Almaniya parlamenti «sosial turist»lərlə bağlı yeni qanun qəbul edib. Məsələnin mahiyyəti bundadır ki, bu qanunun bəzi maddələri Kemeronun irəli sürdüyü təkliflərlə üst-üstə düşür. Lakin Almaniyada Britaniyadan fərqli olaraq, ölkədən çıxarılan miqrant beş il ölkə ərazisinə daxil ola bilməyəcək.
Qeyd edək ki, bu qanunun əsas təşəbbüskarı kimi, Bavariyanını mühafizəkar partiyası olan Xristian İctimai Birliyi çıxış edib. Nümunə üçün bildirək ki, bu ilin yekun nəticələri məlum olmasa da, təkcə 2013-cü ildə Almaniyaya yaşamaq üçün 437 min başqa ölkə vətəndaşı gəlib. Almaniyaya gələnlərin əsas hissəsini də rumın və bolqarlar təşkil edirlər. Belə ki, 2004-cü ildə Almaniyada yaşayan rumınlar ölkə əhalisinin 35 minini təşkil edirdilərsə, bu gün onların sayı 181 mini ötüb. Təsadüfi deyil ki, bir çox alman şəhərləri ölkə rəhbərliyinə ixtisassız əcnəbilərin kəskin axını ilə əlaqədar maliyyə yardımı təminatında yaranmış problemlərlə bağlı xəbərdarlıqlar etməyə məcbur olublar.
Məsələnin problem yaradan cəhətlərindən biri də odur ki, Avropa Birliyinə daxil olmayan İsveçrə hökuməti də son zamanlar miqrant problemi ilə üzləşib. Qeyd edək ki, bu ölkədə noyabrın 30-da keçirilən referendumda qaldırılan üç məsələdən biri miqrantlarla əlaqədar olub. Bu məsələdə əsas təşəbbüskar kimi, ölkədə fəaliyyət göstərən «Ecopop» ekoloji hərəkatı israr edirdi. Onlar tələb edirdilər ki, hazırda ölkədə yaşayan 80 mindən artıq miqrantın sayını beş dəfə azaldarıq 16 minə çatdırmaq lazımdır. Lakin maraqlı məqam ondan ibarətdir ki, İsveçrə əhalisinin 74 faizi ölkədə ixtisaslı əməkçi sahəsində yaradılacaq problemlə əlaqədar bu hərəkatın təşəbbüsünü dəstəkləməyib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info