“Türkiyədə hər universitetin öz sistemi var”
Tarix: 09.12.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Adnan Menderes Universitetinin tələbəsi Aysel Kərimzadə: “Təhsilimi başa vurduqdan sonra ixtisaslaşmış kadr kimi Azərbaycana qayıtmaq və dövlət qulluğunda çalışmaq istərdim”
Qəzetimizin xaricdə təhsil alan gənclərlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Türkiyənin Adnan Menderes Universitetinin tələbəsi Aysel Kərimzadədir:

-Mən 1996-cı ildə Şəki şəhərində anadan olmuşam. 2002-ci ildə orta məktəbə, 2005-ci ildə isə "Uşaq İncəsənət" məktəbinin "Fortepiano" və "Xoreoqrafiya " şöbəsinə daxil olmuşam. Orta məktəbdə oxuyarkən "Yaddaş Maarifçi Gənclər " İctimai Birliyində könüllülük fəaliyyəti göstərmişəm və “wordpress” platformasında bloq yaratmışam. Xarici ölkələri gəzmək, fərqli mədəniyyətləri tanımağı çox istəyirdim. Bizə ən yaxın qardaş ölkədə oxumaq imkanı olduğunu bildim və "YÖS" imtahanına qeydiyyatdan keçdim. İxtisas olaraq sadəcə Beynəlxalq Münasibətlər fakültəsini seçmişdim. Bu sahəyə çox marağım var və gələcəkdə diplomat olaraq karyeramı davam etdirmək arzum idi. İmtahandan kifayət qədər bal topladım və 2013-cü ildə TC. Adnan Menderes Universiteti İktisadi İdari Bilimler şöbəsi Beynəlxaq Münasibətlər fakültəsinə daxil oldum. Hazırda həmin universitetin 2-ci kurs tələbəsiyəm. Tarix, siyasət və bir çox marağımda olan sahələri özündə birləşdirdiyi üçün ixtisasımı çox sevirəm.

“Daha çox gəncin təhsili üçün müxtəlif "xaricdə təhsil" proqramları olmalı və gənclər bu haqda məlumatlandırılmalıdır”

- Universitet həyatı, dərslərin gedişi barədə nə deyə bilərsiniz? Təhsil prosesi sizi qane edirmi?
- Xarici ölkədə tələbə olmaq çox fərqlidir. Bunun üçün özümü çox şanslı hiss edirəm. Mənim üçün universitet həyatı maraqlıdır. Yeni tanışlıqlar, faydalı məşğuliyyətlər qazanırıq. Hər gün bir addım daha təkmilləşməyə doğru getmək məni həvəsləndirir. Dərslərimdə müvəffəqiyyət qazanmaq mənim üçün çox önəmlidir. Əzmlə oxumağa çalışıram və nəticəsini də görürəm. İnsan istərsə hər çətinliyin öhdəsindən gələ bilər və bu, mənim motivasiyamdır. Ən çox sevdiyim fənn tarix və hüquq fənnidir. Burada təhsil sistemi bizdən fərqlənir. Hətta demək olar ki, Türkiyənin hər universitetinin özünəməxsus sistemi var.
- Bu universitetdə azərbaycanlı tələbələr varmı, əlaqə qura bilirsizmi, birgə tədbirlər təşkil edirsizmi?
- Universitetdə kifayət qədər azərbaycanlı tələbələr var. Hər kəs bir-birini tanıyır. Əlaqə yaradırıq və çalışırıq ki, bir-birimizə dəstək olaq, özümüzü burada yad hiss etməyək. Türkiyənin digər şəhərlərində oxuyan azərbaycanlı tələbələrlə də əlaqəmiz var. Bayramlarda, hüzn günlərində toplaşırıq. Bir neçə dəfə "Azərbaycan Gecəsi" keçirilib. Bu tədbirdə Azərbaycanlılarla yanaşı, türk tələbələr də iştirak edib, beləliklə musiqimizi, adətlərimizi tanıtmağa çalışmışıq. "Xocalı faciəsi"nə aid təqdimat günləri də keçirilib. Bu, buradakı insanların diqqətini cəlb etmişdi.
-Tələbəlik həyatını necə keçirirsiniz? Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
-Burada olarkən ən əsas önəm verdiyim dərslərə mükəmməl yiyələnməkdir. Ondan başqa boş vaxtlarımda faydalı kitablar oxumağı, seminarlara qatılmağı, sənədli film izləməyi sevirəm. Türkiyənin digər şəhərlərini də gəzməyə çalışıram. Tarixi yerləri səyahət etmək, onlar haqqında məlumat toplamaq maraqlı gəlir.
-Hazırda bu şəhərdə sizin üçün maraqlı olan nə var?
- Egey dənizinin sahilində yerləşən Aydın şəhəri Türkiyənin Qərbi Anadolu bölgəsindədir. Sənayenin sıx olduğu bir yerdir. Arxeoloji baxımdan ən önəmli şəhərlərdəndir. Zamanla "Hitit" "Roma" "Lidya" Osmanlı İmperatorluğunun bir parçası olduğu üçün tarixi muzeyləri zəngindir. "Nyssa", "Aphrodisias" “Efes”,"Məryəmana" və s. arxeoloji gəzinti yerləri mövcuddur. Türkiyənin ən önəmli turizm zonalarından olan "Kuşadası" da burdadır. Ənciri, zeytunu məşhurdur. İnsanları səmimidir və tələbələrə dəstək olurlar.
-Ümumiyətlə, xaricdə təhsil gənclərimiz üçün hansı imkanlar yaradır?
- Xaricdə təhsil insana-təhsil aldığın ölkənin dilini, mədəniyyətini, mətbəxini, tarixini öyrənmək və öz ölkəni tanıtmaq şansını verir. Fərqli təhsil sistemi ilə tanış oluruq, dünyagörüşümüz artır. Sadəcə Türkiyədə yox, digər ölkələrdə oxumaq da faydalıdır. Ən əsası xarici dil öyrənmək baxımından da ola bilər. Həm də bu ölkələrarası münasibətlərə də təsir göstərir. Məsələn, Azərbaycanda təhsil alan türk tələbələr də az deyil. Bir neçə nəfəri tanıyıram. Söhbət etdikdə iki ölkənin ortaq , fərqli cəhətləri, təhsil üstünlüyü haqqında danışırıq. Bunun üçün özümü şanslı hiss edirəm. Bir ölkənin gələcəyi onun gəncləridir. Gənclər nə qədər çox intellektual, tarix, mədəniyyət baxımından zəngin olsalar, Vətən üçün də xeyirlidir. Hər ölkənin yüksək təhsilli gənc nəslə ehtiyacı var.
- Bu gün orada Azərbaycanla bağlı hansı təəssürat formalaşıb, gənclər ölkəmiz barədə hansı fikirdədir?
- Tələbə yoldaşlarımızın Azərbaycana, xüsusilə də Bakıya qarşı xüsusi marağı və sevgisi var. Azərbaycan deyəndə ilk söz: "Qardaş ölkəmiz" deyirlər və “oraya necə getmək olar?”- deyə soruşurlar. Təkcə türk yox, digər ölkələrin tələbələrini də Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti, musiqisi, mətbəxi maraqlandırır. Dostlarıma Azərbaycan haqqında müxtəlif videoçarxlar göstərirəm. Bakıya heyran qaldıqlarını söyləmək olar. Azərbaycanlıları xarici ölkə olaraq deyil, doğma görürlər. Dilimizin yaxınlığı aradakı səmimiyyəti daha da artırır.
-Heç tələbə yoldaşlarınızı Bakıya dəvət edibsinizmi?
-Buradakı tələbə yoldaşlarımı Azərbaycana və bir çox şəhərimizi görməyə dəvət etmişəm. Xüsusilə də Qarabağ haqqında məlumat istəmələri məni həvəsləndirir və istərdim tezliklə oranı görsünlər.
-Yaxşı təhsil almaq üçün universitetin hansı imkanları var? Müəllim-tələbə münasibətləri necə qurulub?
- Universitetimizdə müəllim-tələbə münasibəti məni qane edir. İstədiyim zaman müəllimlərə yaxınlaşıb nəinki dərs, gələcək haqqında fikirlərimi belə, onlarla bölüşüb məsləhət ala bilirəm. Müəllimlərin məqsədi bizi sağlam, bilikli gənc olaraq yetişdirməkdir. Dərsləri sadəcə kitablar üzərindən yox, müxtəlif videolar, ekskursiyalar, praktikalar vasitəsi ilə də öyrənmək şansımız var.
- Təhsil aldığınız sahə sənin üçün nə dərəcədə maraqlıdır?
- Beynəlxalq münasibətlər beynəlxalq sistemində dövlətlərin bir- biri ilə, eləcə də hökümətlərarası təşkilatlar ilə münasibətini öyrənir. "Siyasət və diplomatiya”, "beynəlxalq əməkdaşlıq və inteqrasiya" kimi aktual problemləri də araşdırır. Bundan başqa dövlətlərin tarixi inkişaf yolunu, bugünkü siyasətin keçdiyi mərhələləri özündə cəmləşdirir. Biz burada siyasi tarix, iqtisadiyyat, hüquq dərslərinə yiyələnirik. İxtisasım mənim üçün çox dəyərlidir, sevərək oxuyuram və bu önəmlidir ki, gələcəyimi bu sahədə görürəm. Təhsilin yüksək pilləsinə qədər davam etdirmək istərdim. Xüsusilə magistr pilləsi üçün Beynəlxalq Hüquq fakültəsi üzrə Almaniya diqqətimi çəkir. Həmçinin İstanbul Universitetində oxumaq istərdim.
-Ölkəmizin beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu sahədə təhsil alan gənc kadr kimi ölkəyə hansı töhfələr vermək istərdiniz?
-Gələcəkdə çalışmaq istədiyim sahə sadəcə diplomat olmaqdır. Başqa bir sahədə çalışacağımı düşünmürəm və bu istəyimə çatmaq üçün səylə çalışıram. Beynəlxalq münasibətləri, məncə, həqiqətən sevən, dəyər verən, öz gələcəyini buna həsr edən birisi oxumalıdır. Çünki sən mədəniyyətini inkişaf etdirməsən, xarici dil biliyin olmasa, ən əsası həvəsin olmasa bu sahədə heç bir nəticə əldə edə bilməzsən.
-Orda olarkən Vətən üçün darıxırsınızmı?
- Dərs ili müddətində Azərbaycan üçün darıxıram. Ən əsası anam və azərbaycanca danışmaq üçün darıxıram. Yeməklərimiz üçün xüsusi darıxıram. Ancaq Türkiyə mədəniyyət baxımından bizə çox yad olmadığı üçün bura öyrəşmək rahatdır. Azərbaycana qayıtmaq haqqında hələ ki, fikirləşmirəm. Ancaq təhsilimi başa vurduqdan sonra ixtisaslaşmış kadr kimi Azərbaycana qayıtmaq və dövlət qulluğunda çalışmaq istərdim. Məncə, daha çox gəncin təhsili üçün müxtəlif "xaricdə təhsil" proqramları olmalıdır və gənclər bu haqda məlumatlandırılmalıdır.
- Müəllimlər azərbaycanlı tələbələrdən razıdırlarmı?
- Universitetimiz 2013-cü ildə təxminən 20 azərbaycanlı tələbəni müəyyən ixtisaslara qəbul edib. Müəllimlərimizin azərbaycanlı tələbələrə xüsusi diqqəti var. İlk dəfə azərbaycanlı olduğumu deyəndə niyə məhz Türkiyəni seçməyim, bura necə qəbul olduğum və bizdəki təhsil sistemi haqqında maraqlanmışdılar. Keçirdiyimiz tədbirlərə onları da dəvət edirik. Hər zaman çətinliyimiz olduğunda onlara müraciət edirik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info