“İxtisasımda birinci olana qədər arzu və planlarımın bitəcəyini düşünmürəm”
Tarix: 10.12.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Nəzrin Rəsulzadə: “Estetik dental sahəsində klinika açmaq istəyirəm”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı savadı və bacarığı ilə seçilən, Türkiyədə ölkəmizi kifayət qədər uğurla təmsil edən Nəzrin Rəsulzadədir. Nəzrin Türkiyədə tibb təhsili almaqla yanaşı, bu ölkədə ictimai işlərdə aktivlik göstərir, Azərbaycanın tanıdılması və ümumilikdə diaspor işlərində kifayət qədər işlər görərək aktivlik nümayiş etdirir. Bu maraqlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz haqqında məlumat verərdiniz.
-Mən - Rəsulzadə Nəzrin Rakif qızı 1995-ci ildə Bakıda anadan olmuşam. Hələ məktəb həyatına və elmi uğurlara başlamazdan əvvəl incəsənətə meyilli olmağımla yaşıdlarımdan seçilirdim. Belə ki, 1998-ci ildən 2009-cu ilə qədər Səyyah Uşaq Rəqs Ansamblının üzvü, son illərdə isə solisti olmuşam. Bir çox televiziya kanallarında, konsert və tədbirlərdə iştirak etmişəm. 2005-ci ildə ilk dəfə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Kocaeli şəhərinə ölkəmizi təmsil etmək üçün göndərildim. 1999-cu ildən 2004-cü ilə qədər Çingiz Mustafayev adına yaradıcılıq mərkəzində rəsm təhsili aldım. 2002 və 2003-cü illərdə iki dəfə fərdi sərgim olub və həmin tarixlərdə keçirilən 10 may Gül sərgisində isə 1-cilik və 2-cilik qazanmışam. 2002-ci ildə Bakı şəhər Nəsimi rayonu 15 saylı orta məktəbdə təhsil həyatıma başlamışam, 2011-ci ildən fəaliyyətinə Bakı Slavyan Universiteti Məktəb Lisey kompleksi kimi davam edən həmin təhsil ocağının 2013-cü ildə fəxri məzunu oldum. Məktəb zamanı bir çox inşa müsabiqələrinin qalibi olmuşam. 2012-ci ildə fənn olimpiadalarının şəhər turunda riyaziyyat fənnindən birincilik, 2013-cü ildə həmin olimpiadanın kimya fənnindən respublika üçüncülüyü əldə etdim. 2002-2007-ci illərdə Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində piano ixtisasında təhsil aldım. Amma 2013-cü ildə həyatımdakı ən önəmli qərarlardan birini verib Türkiyədə təhsil almağa üz tutdum. 2013-cü ildən etibarən Türkiyənin Trabzon şəhərində Karadeniz Teknik Universiteti Diş həkimliyi fakültəsində təhsil alıram. Bütün bunlardan əlavə, əsası 2012-ci ildə Eskişehirde qurulmuş və Türkiyədə bir çox ilklərə imza atmış milli-mənəvi dəyərlərimizi olduğu kimi dünyaya çatdırmağa səy göstərən bir təşkilatın –Türkiyə Azərbaycan Qardaşlıq Platformasının Trabzon şəhəri üzrə sədriyəm.
-Xanım üçün xaricdə təhsil bir qədər çətin olur. Bu qərarınızda sizə kimlər dəstək oldu?
-Həyatda heç bir şey təsadüfi deyil, olması lazım olan hər şey reallaşır. Mən bu devizlə yaşayan bir insanam. Uşaqlığımdan bəri ən böyük arzum xaricdə təhsil almaq idi. Amma şərtlər təəssüf ki, buna imkan vermirdi. Ailəm evin tək qız övladının xaricdə təhsil almasını o qədər də dəstəkləmirdi. Bu səbəbdən ölkəmizdə keçirilən TQDK imtahanına hazırlaşırdım. Təsadüf nəticəsində (Hərçənd ki, mən bunun qismət olduğuna inanıram) Bakıda fəaliyyət göstərən nüfuzlu türk dərsanələrindən birinin həm təsisçisi, eyni zamanda müəllimi Fatma Polat bizim kompleksimizdə dərsanənin tanıtımını etməyə gəldi və həmin həftə keçiriləcək sınaq imtahanına şagirdləri cəlb etməyə çalışdı. Müəllimlərimizdən riyazi bilikləri yüksək olan şagirdlərin siyahısını istədilər və müəllimlərim ilk olaraq məni referans göstərdi. Getdiyim sınaqda ilk 10-luqda olmağım isə bu gün mənim Türkiyədə təhsil almağıma gətirib çıxardı. O sınaq imtahanı və Fatma xanım həyatıma yön verdi deyə bilərəm. Çünki xaricdə təhsil almağımı heç dəstəkləməyən ailəm belə, Fatma xanımın səyi sayəsində bu gün ən böyük dəstəkçimdir. Bu səbəbdən bu gün qazandığım hər uğuru Fatma xanıma borcluyam. Bu gün də mənim hər bir uğurumu öz uğurları kimi görüb, yaranan hər xırda problemimi həll etməyə çalışmaqları mənim onlara olan hörmətimi daha da artırır.
- Bəs təhsil aldığınız universitetdə durum necədir? Təhsil və tədrisin səviyyəsi qənaətbəxşdirmi?
-Oxuduğum ali məktəb 1955-ci ildən bəri fəaliyyət göstərən Türkiyənin ən köklü universitetlərindən biridir. Seçimimdə məhz elə bu faktoru da nəzərə aldım. İstər ixtisaslı kadrlar, professor və müəllim heyəti olsun, istər ixtisasımla bağlı ən yeni texnologiyalarla təchiz olunmuş preklinikler, laboratoriyalar olsun, seçimimdə yanılmadığımı göstərir. Həqiqətən də dərslərimiz son dərəcə ciddi, keyfiyyətli tədris olunur. Doğrudur, texnik universitet olması dərslərin çətinliyini bir az da artırır. Amma bu öhdəsindən gələ bilməyəcəyimiz mənasına gəlmir. Mənim ən çox sevdiyim özəllik isə istədiyimiz zaman istər professorlarımızın, istərsə də müəllim heyətimizin qapılarını döyüb istənilən suallarımıza cavab tapa bilməyimizdir. Diş həkimliyi elə bir fakültədir ki, teorik biliklərlə praktik biliklər bir-birini tamamlamalıdır. Bu da bizim fakültəmizdə mümkündür. Bu gün universitetimizdəki təhsil səviyyəsi məni həqiqətən də qane edir. Çox şadam ki, bu universitetin tələbəsiyəm.
-Türkiyə çoxmillətli ölkədir. Amma hər mənada bizə yaxın olan bu ölkədə həyat səviyyəsi barədə də söz açardınız.
-Uşaqlığımdan bəri televiziyada gördüyüm Qara dəniz insanı və Qara dəniz şivəsi məni özünə cəlb edirdi. Buraya gələndə çox da əcnəbilik yaşamadım. Trabzon sakinləri həqiqətən də çox səmimi, xeyirxah, yardımsevər insanlardır. Artıq 2 ilə yaxındır burada yaşamağıma baxmayaraq buraya çox alışmışam. Mənim ən sevdiyim Qara dəniz şivəsidir. Hətta bu şivədə danışmağı belə öyrənmişəm. Qara dənizdə yaşamaq mənim üçün dənizin o möhtəşəm qoxusuna doymaq, qida rasionunda mütləq balığa yer vermək və yağışlı havaları gündəlik olaraq qəbul etməkdir. Trabzonun istənilən yerində dənizə mənzərə tapmaq mümkündür. Bu zənnimcə, çox gözəl bir xüsusiyyətdir. Trabzonun özünəməxsus mətbəxi bura gələn qonaqların diqqətini çəkir. İstər Qara dənizə məxsus olan hamsidən, balıqdan hazırlanan növbənöv yeməklər, istərsə də Trabzona məxsus kələm şorbası, Akcaabat köftəsi, hamsikoy sutlacı, laz böreyi və daha nələr- nələr bu səhəri sevməyimizə səbəb olur. Bakıda yaşamış biri üçün Trabzon qədər rütubətli iqlimə malik bir şəhərə yerləşmək ilk olaraq çox çətin olur. Nəzərə alsaq ki, bəzən Trabzona hər gün yağış yağır və çətirsiz evdən çıxdığın anda gerisini düşünə bilmirəm. Amma zaman keçdikcə yağışı bir problem olaraq görmək yerinə bunu həyat tərzi kimi qəbul edirsən və hətta, çox sevirsən.
- Bütün bunlar doğrudan da maraqlıdır. Bəs Trabzonda ictimai işlərlə aranız necədir?
-Əlbəttə ki, mən də hər bir azərbaycanlı gənc kimi öz ölkəmin milli və mənəvi dəyərlərini buradakı yerli və xarici tələbələrə aşılamağa çalışıram. 2013-cü ildə Trabzonda ilk dəfə olaraq xalqımızın unudulmaz yarası olan Xocalı soyqırımını silsilə tədbir kimi "Xocalını unutma, unutdurma" adı altında böyük bir konfransa imza atdım. Həmin həftə bu tədbiri silsilə şəklində Tibb fakültəsində və Xarici dillər fakültəsində də reallaşdırdım. Həmin ilin mart ayında universitetimizdə keçirilən bahar şənliyində ilk dəfə olaraq Azərbaycan stendi qurdum. Stenddə Azərbaycanın kulinariyasının inciləri olan Novruz şirniyyatları, səməni, rənglənmiş və xüsusi dekorasiya bəzədilmiş yumurtalar, Azərbaycana məxsus suvenirlər, tanıtım bukletləri, bayrağımız və başqa əşyalar gələn qonaqların diqqətini çəkdi. Ən çox diqqət çəkən isə Azərbaycan milli geyimində gələnləri qarşılamağım oldu. Qonaqlar arasında şəhər bələdiyyə sədri, valisi bir çox dərnəklərin nümayəndələri və Trabzon ictimaiyyəti yer alırdı. Stendimizə ziyarətlər bitdikdən sonra şənlik alanında əyləncəmiz bizim milli təranələrimiz və musiqilərimiz ilə davam etdirildi. Aprel ayında KTU 4-cü tibb konqresi illərdir ölkə daxilində keçirilsə də, məhz mənim təşkilatçılığımla konqresi ilk dəfə olaraq beynəlxalq səviyyədə həyata keçirdik. Bunun üçün mən Azərbaycanımız burada da tanınsın deyə, Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanovla şəxsən əlaqə saxladım və çox böyük qürur hissi ilə deyirəm ki, təklifimi qəbul edib 10 nəfər azərbaycanlı tələbəmizin Trabzona gəlməsinə şərait yaratdı. Həmyerlilərim həm konqresimizə rəng qatdı, həm də biz konqres təşkilatçılarını qürurlandırdılar. Elə bir ay sonra da Bakıda ilk keçirilən Bimec (gənc həkimlərin və tələbələrin 1ci konqresi) çərçivəsində rektorluğumuz tərəfindən tədbirə göndərilən tələbələrin nümayəndə heyətinin sədri olaraq Tibb Universitetinə gəldim və rektorluğumuz adından universitetə təşəkkür plaketi təqdim etdim. Bildiyiniz kimi 23 aprel Türkiyədə uşaqlar günüdür. Biz də bu gündə öz imkanlarımız çərçivəsində uşaqları sevindirməyə çalışdıq. Öz büdcəmizlə uşaqlara aldığımız hədiyyələrlə Tibb fakültəmizin Pediatrik şöbəsində müalicə alan körpələrlə zaman keçirdik və onları sevindirmək məqsədi ilə o günə özəl müxtəlif nağıl qəhrəmanları obrazlarına büründük. Mən də milli geyimimizlə uşaqları sevindirməyə çalışdım. Bundan başqa bir çox diş həkimləri odasının konfranslarında, simpoziumlarında, psixoloji və özünü inkişaf etdirmə sahəsində seminarlara qatıldım. Həmçinin Türkiyədəki azərbaycanlılarla bağlı olan bir çox seminar və tədbirlərdə iştirak etmişəm.
(ardı var)
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info