“Bir tibb tələbəsinin ilk izlədiyi əməliyyat onun həkimlik karyerasına qızıl hərflərlə yazılır”
Tarix: 11.12.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Nəzrin Rəsulzadə: “Azərbaycanda praktik dərs saatları Türkiyədəki Universitetlərə nisbətən azdır”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın qonağı Nəzrin Rəsulzadədir.
(Əvvəli 10.12.2014 tarixində)
- Kifayət qədər aktiv tələbəsiniz. Digər azərbaycanlı tələbələr necə, fəaldırlarmı?
-Trabzonda hazırda 175 azərbaycanlı tələbə təhsil alır. Bunların 144-ü oğlan, 31-i isə qızdır. Baxmayaraq ki, ikinci ildir buradayam, tələbələrimizin 100-də 80-i ilə tədbirlərdə görüşürük. Sosial layihələr və gəzintilər təşkil etməyə çalışırıq. Biz aktiv tələbələr olaraq bu il müxtəlif qruplar şəklində başqa şəhərlərə turlar təşkil etməyi də planlaşdırırıq. Tələbələrimiz müxtəlif şirkətlərdə könüllü olaraq staj da keçirlər. Mən deyərdim ki, bizim tələbələrimizin dil bilikləri də onlara çox böyük üstünlük yaradır. Nəzərə alsaq ki, böyük əksəriyyəti rus, türk və ingilis dillərini sərbəst bilirlər, bu həqiqətən fəxr olunası bir haldır. Tələbələrimizin aktivliyinə gəldikdə isə, kifayət qədər aktiv olmağa çalışırlar. Amma təbii ki, dərslərin çətinliyi və zaman azlığı bir az maneələr yaradır. Əminəm ki, birlikdə olduğumuz müddətcə bu problem üçün də həll yolunu tapacağıq. Necə deyərlər, güc birlikdədir.
- Bugünkü Azərbaycan gəncliyinin durumunu necə xarakterizə edərdiniz?
-Bu gün Azərbaycanda aktiv gənclərə çox böyük şərait yaradılır. Bu şəraitlərin də başlıca səbəbkarı ulu öndərimizin gənclərə verdiyi dəstək olub ki, 1996-cı ilin məhz 2 fevralında ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I forumu keçirildi. Məncə, hər şey bundan sonra geniş vüsət aldı. Forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan da verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi Gənclər Günü kimi elan edilərək Azərbaycan tarixinə yazıldı. Bu gün də bu qızıl qaydanı cənab Prezidentimiz davam etdirir. Bunun üçün Prezidentimizə öz təşəkkürümü bildirirəm. Həqiqətən də, bu gün onun uğurlu siyasəti və qərarları sayəsində biz tələbələrə bütün şəraitlər yaradılır. Nəzərə alsaq ki, 5-10 il öncə xaricdə təhsil almaq çox gəncimiz üçün həyata keçməyəcək bir xülya kimi görünürdü, bu gün minlərlə xaricdə təhsil alan aktiv tələbələrimizin olması sevindirici haldır. Dövlət kifayət qədər büdcədən gənclərimiz üçün vəsait ayırır. Bu təqdirə layiqdir. Biz tələbələrə isə sadəcə bunu yetərincə dəyərləndirmək qalır.
-Xaricdə təhsil alan gənclərə diqqətdən söz açdınız. Bir aktiv gənc kimi bu sıranın genişlənməsi, sayın artmasını necə dəyərləndirərdiniz?
-Gənclərimizin təhsillərini xarici ölkələrdə almaq istəyini çox müsbət dəyərləndirirəm. Bir şeyi də qeyd etmək istəyirəm ki, gənclərimizin xaricdə təhsil almağa üstünlük verməsi heç də Azərbaycan təhsil sisteminin kifayət dərəcədə keyfiyyətli olmadığı mənasına gəlmir. Bu gün cənab İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təhsilə ayırdığı diqqəti gözardı edilə bilməz. Həqiqətən də universitetlərimizin istər Avropa standartlarına uyğun olması, istərsə də təhsil səviyyəsinin tam standartlara uyğun olması üçün kifayət qədər çalışılır və nəticədə əldə edilir. Bu gün ölkəmizdə xaricdə təhsil alan tələbələr üçün bir çox təqaüd proqramları da həyata keçirilir. Çox böyük qürur hissi ilə deyirəm ki, dünyanın istənilən ölkəsində azərbaycanlı tələbələrlə qarşılaşmaq mümkündür, bu, çox qürurverici bir faktdır.
-Gələcəyin peşəkar tibb işçisi kimi ölkəmizdəki tibb sahəsi ilə bağlı duruma necə qiymət verərdiniz?
-Əlbəttə obyektiv danışsaq, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə, bizdə hələ də kadrlarla bağlı bəzi çatışmazlıqlar var. Amma dövlət kifayət qədər bu sahəyə diqqət ayırır və ən müasir tibbi avadanlıqların alınması, klinikalar, yeni tibb mərkəzlərinin açılması ilə bağlı inanılmaz tədbirlər görülür. Azərbaycanda tibb konqresinə gəldiyim zaman Azərbaycan Tibb Universitetinin Ağız-çənə cərrahiyyəsi kafedrasının professor və müəllim heyəti ilə tanış oldum. İstedadlı mütəxəssislərimizdən dr. Vüqar Qurbanovun da təşəbbüsü ilə ilk əməliyyat təcrübəsini yaşadım. Bunu anladım ki, bir tibb tələbəsinin ilk izlədiyi əməliyyat onun həkimlik karyerasına qızıl hərflərlə yazılır və diş həkimliyi karyeramda məhz damaq yarığı əməliyyatı ilə başladı. Bu şəraiti mənə yaradan basda Vüqar həkim olmaqla bütün Azərbaycan Tibb Universiteti Ağız-çənə cərrahiyyəsi kafedrası mütəxəssislərinə təşəkkür edirəm.
-Bəs Türkiyə tibbi ilə Azərbaycan tibbi arasında müqayisələr aparmısınızmı?
- Etiraf edirəm ki, Türkiyə tibbi xeyli irəli gedib və bunun da özəl səbəbləri var. Bu, uzun illərə söykənən tibb sistemi və islahatların nəticəsidir. Azərbaycanda isə cəmi 20 il olar ki tibblə bağlı işlər görməyə başlayırıq. Həm də bizdə sovet tibb sisteminin bəzi qalıqları qalır. Burada müsbət məqamlar da var. O müsbət məqamları saxlamaqla tibbi sığorta və sairə işlərlə bağlı yeniliklər etmək lazımdır. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda qatıldığım əməliyyat zamani və sonrasında istər klinikalarımızın təchizatı, istərsə də mütəxəssis baxımından kifayət qədər yüksək səviyyə olduğunu bir daha gördüm. Bizim çox sayda xaricdə təhsil almış, bir çox kurslar keçmiş yeni həkimlərimiz var. Bundan əlavə uzun müddətli stajı olan təcrübəli həkimlərimiz də kifayət qədərdir. Mən əminəm ki, bir neçə il sonra bizim ölkəmizdə tibb sahəsi çata biləcəyi ən yüksək zirvələrə çatacaq. Çünki hazırda tibb sahəsinə ölkəmizdə kifayət qədər maliyyə ayrılır və dəstək göstərilir. Klinikalarımız artıq Türkiyədə olduğu kimi, standartlara tam uyğun cihazlarla təchiz olunub. Geriyə isə sadəcə bizlərin təhsilimizi müvəffəqiyyətlə başa vurub xalqımıza xidmət etmək üçün dönməyimiz qalır. Bir də ki, Türkiyədəki tibb təhsili ilə bizim ölkəmizdəki tibb təhsili arasında da fərq var. Başlıca fərq praktika məsələsindədir. Bizim universitetlərimizdə həqiqətən də nəzəriyyə çox mükəmməl tədris edilir. Amma təəssüf ki, praktik dərs saatları Türkiyədəki universitetlərə nisbətən azdır. Amma bildiyim qədərilə artıq bizdə bunun da üzərində çalışmağa başlayıblar və artırmağı düşünürlər. Əminəm ki, bu xırda problem də qısa zamanda aradan qaldırılacaq.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Hər bir gənc kimi mənim də gələcəyə dair çox böyük planlarım var. Bu gün mən əslində bir çox arzularıma çatmışam. Əgər bu gün mənim valideynlərim “səni xaricdə təhsil almağa göndərdiyimiz üçün heç vaxt peşman etmədin bizi, səninlə fəxr edirik” deyə bilirlərsə, zənnimcə bundan böyük arzu, plan ola bilməzdi. Amma təbii ki ilk növbədə universiteti yüksək qiymətlərlə bitirib, təhsilimi Avropada, xüsusilə də Almaniyada davam etdirmək istərdim. Ondan sonra isə təbii ki, ölkəmə keyfiyyətli bir mütəxəssis kimi dönüb Azərbaycanda hələ ki yeni-yeni inkişaf edən estetik dental sahəsində bir klinika açmağı planlaşdırıram. İxtisasımda birinci olana qədər arzularımın və planlarımın bitəcəyini düşünmürəm.
-Bizə arzu və təklifiniz...
-Sonda ilk növbədə sizlərə öz təşəkkürümü bildirirəm ki, biz tələbələrə dəyərli zamanınızı ayırırsınız və bizləri qiymətləndirirsiniz. Bu gün mənim üçün bir an belə dəstəyini əsirgəməyən atam başda olmaqla ailəmə və sevdiklərimə təşəkkür edirəm. Əgər bir az da olsa uğur qazanmışamsa, onların “sən daim bacaracaqsan” deyə verdiyi stimul sayəsindədir. İradəli və inamlı olduğumuz müddətcə edə bilməyəcəyimiz iş, aşa bilməyəcəyimiz zirvə yoxdur. Bir daha təşəkkürlər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info