Hollandiyada azərbaycandilli məktəb 1 yaşını qeyd edib
Tarix: 15.12.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi dekabrın 13-də Nizami Gəncəvi adına “Haaqa Azərbaycan məktəbi”nin fəaliyyətə başlamasının 1 illiyini qeyd edib. Hesabat mərasimində Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin nümayəndələri–səfirin həyat yoldaşı Sevil Əmirova, səfirin müavini Fərid Zeynallı, səfirliyin konsulu Nahid Cəfərov, Noqay Türkləri Dərnəyi başqanı Orxan Dəmirçi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın, Türk İslam Kültür Dərnəkləri Federasiyası başqanı Arif Yakışır, Türk Federasiyasının Qadın Qolları başqanı Nəslihan xanım, vəkil Mehtab Çolkeçən, Haaqada fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatının üzvləri Laminə və Samir, eləcə də Niderlandda yaşayan digər soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva əslində bu günün “Haaqa Azərbaycan məktəbi”nin hesabat günü olduğunu bildirib: “Bir il öncə cəmiyyətimizin İdarə Heyətinin üzvləri ilə birgə Azərbaycan dili və ədəbiyyatını, tarixini, tanınmış şəxsiyyətlərini Niderlandda yaşayan azərbaycanlıların uşaqlarına tanıtmaq məqsədilə şənbə günləri fəsliyyət göstərən kiçik bir məktəb yaratmaq və bu gün artıq 1 illik yubileyinə toplaşdığımız məktəbimizə dahi Azərbaycan şairi N.Gəncəvinin adının verilməsinə qərar verdik. Onu da qeyd edim ki, məktəbimizin açılmasında Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən “Təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi və “AzPoliqraf” Nəşriyyat-Poliqrafiya Müəssisəsi məktəbimizi lazımi əyani vəsait və kitablarla təmin etməkdə əllərindən gələni əsirgəmədilər. Məktəbimizin rəhbəri və müəlliməsi Almaz Kərimlinin fədakarlığını da xüsusi qeyd etmək istərdim. Almaz xanım hər həftənin şənbə günlərini könüllü olaraq uşaqlara dərs vermək üçün ayırır. Doğrudur, hələ ki, şagirdlərimizin sayı azdır. Amma onu da nəzərə alaq ki, Haaqa və yaxın ətrafda yaşayan ailələrin və azyaşlı uşaqların sayı da o qədər çox deyil, başqa problemlərlə bağlı uşaqlarını gətirə bilməyənlər də var. Bütün bu çətinliklərə rəğmən, inanırıq ki, gələcəkdə şagirdlərimizin sayı 2-3 dəfə artacaq. Bundan başqa, artıq 2 aydır ki, Fidan xanım şəxsi təşəbbüsü ilə məktəbimizdə rəqs dərsləri verir və uşaqlara milli və uşaq rəqslərini öyrədir. Onu da qeyd edim ki, rəqs dərsləri çox böyük maraqla qarşılanıb və artıq böyüklərin də müraciətlərini nəzərə alaraq milli rəqs kursu açmaq üçün hazırlıq işləri başa çatmaq üzrədir. 1 il bir göz qırpımı kimi keçdi və əslində bu gün məktəbimizə toplaşaraq illik fəaliyyətimizlə bağlı hesabat vermək istədik. Şagirdlərimiz bu bir il ərzində öyrəndiklərini burada toplaşanlar qarşısında nümayiş etdirəcəklər. Hər birinizə hazırda bu sevinci bizimlə bölüşdüyünüzə, dəyərli vaxtınızı bizə ayıraraq əsl azərbaycanlı mövqeyi nümayiş etdirdiyinizə görə minnətdarlığımı bildirirəm”.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi İdarə Heyətinin üzvü, “Haaqa Azərbaycan məktəbi”nin direktoru və müəlliməsi Almaz xanım Kərimli də çıxış edərək özəlliklə valideynlərə və cəmiyyətin digər üzvlərinə göstərdiklər diqqət və qayğıya görə minnətdarlığını bildirib. Bundan başqa kiçik şagirdləri ilə fəxr etdiyini və onların Azərbaycan haqqında hər şeyi bilmək istədiklərini xüsusi qeyd edib: “Təbii məktəbimizin şagirdləri burda doğulan uşaqlardı və holland məktəblərində təhsil alırlar. Əlifbalarımız oxşar olsa da, müəyyən hərflərdə fərqlər də var. Amma uşaqlar əlifbamıza və atributlarımıza böyük maraq göstərərək bu bir il ərzində çox şeylər öyrəniblər, bir çox məşhur şairlərimiz və onların şeirlərini əzbərləyiblər və Azərbaycan haqqında çoxlu bilgilər alıblar. Bu günə də həyəcanla hazırlaşaraq xüsusi rəqs nömrələri və şeirlər hazırlayıblar. Bu gün bizim uşaqların bayram tədbirinə qatıldığınız üçün hamınıza təşəkkürümüzü bildiririk”.
Sonra A.Kərimli uşaqları “Ana dilim” və “Azərbaycan” şeirlərini söyləmək üçün dəvət edib və onların hər birinə məktəbin təşəkkür Diplomunu verib.
Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirinin həyat yoldaşı Sevil xanım Əmirova da çıxış edərək xanımlara qərib ölkədə göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. Sevil xanım Niderland Krallığında Azərbaycan diasporası tarixinin qısa olmasına baxmayaraq, çox işlər görüldüyünü vurğulayıb: “Xüsusilə qadınların diaspora fəaliyyətində göstərdikləri aktivlik daha təqdirəlayiqdir. Azərbaycanın tarixində, mədəniyyətində, siyasətində, milli-mənəvi dəyərlərinin qorunmasında qadınlarımız daim mühüm rol oynayıblar. Bu gün 1 illik yubileyinə toplaşdığımız bu kiçik məktəbin də məhz bir qadın cəmiyyəti tərəfindən reallaşdırılması bir daha Azərbaycan qadının birləşdirici olmasından xəbər verir. İlk baxışda kiçik bir iş kimi görünsə də, əslində bu, gələcək üçün çox önəmli bir layihədi. Çünki burda doğulan uşaqlar holland dilində təhsil alır və bu dildə ünsiyyətdə olurlar. Evdə doğma dillərində danışsalar da, xüsusi bir ortamda daha nələrsə öyrənmək daha effektli vasitədir və bu, böyüyəndə onların həyatında, yaşam tərzində özünü göstərəcəkdir. Yəni “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin hazırda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirir, uşaqları bu 1 illik bayramları münasibətilə təbrik edir və gələcəkdə daha böyük layihələrə imza atmağı arzulayıram”. S.Əmirova “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi adından məktəbin müəlliməsi Almaz Kərimliyə cəmiyyətin və məktəbin fəaliyyətində xüsusi fəallıq göstərdiyinə görə Diplom təqdim etdi.
Daha sonra “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin İdarə Heyətinin üzvü Ofeliya Məcidli, Noqay Türkləri Dərnəyi başqanı Orxan Dəmirçi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın, Türk İslam Kültür Dərnəkləri Federasiyası başqanı Arif Yakışır “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin bu layihəsini yüksək qiymətləndirdiklərini bildirib, məktəbin fəaliyyətində əməyi keçən hər bir şəxsə təşəkkürlərini çatdırıblar. Haaqada fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatının üzvü Samir Əliyev isə söz alaraq Almaz xanıma və Mayisə xanıma xüsusi minnətdarlığını bildirib: “Mən bu məktəbdə oxuyan uşaqları şanslı hesab edirəm. Çünki biz kiçik olanda öz ana dilimizdə oxumaq, yazmaq üçün məktəbimiz yox idi və ancaq valideynlərimizdən aldığımız bilgilərlə kifayətlənməli olmuşuq. Təbii ki, bunun fəsadlarını xüsusilə ana yurdumuz – Azərbaycana gedəndə hiss edirik. Bu, ordakı insanlarla, həmyaşıdlarımızla ünsiyyət qurduğumuzda büruzə verir və öyrənəcək çox şeylərin olduğunu anlayırıq. Odur ki, bu məktəbdə əməyi keçən bütün insanlara bir daha təşəkkür edirik”.
Bayram tədbiri məktəbin şagirdlərinin “Ağ çiçəyim” və “Cücələrim” rəqsləri ilə davam edib və ad günü tortu kəsilib.

Fuad















 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info