Əlilliyin qiymətləndirilməsi meyarları beynəlxalq standartlarla təkmilləşdirilir
Tarix: 15.12.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə Bakı şəhərində “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. İki gün davam edəcək seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş ekspertlər iştirak edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısının bu təbəqədən olan insanlarla bağlı hüquqlar sisteminin təkmilləşdirilməsinə də şərait yaratdığını vurğulayıb: “Mütərəqqi təcrübələr əlilliyi olan şəxslərin fəaliyyət potensiallarının qiymətləndirilməsinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün vacib amillərdən biri olduğunu ifadə edir. Belə yanaşma ilk növbədə şəxsin əlillik vəziyyətinin müəyyən olunması və əlilliyinin rəsmiləşdirilməsində özünü göstərməlidir. Ona görə də belə şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsinə, nəticə etibarilə əmək və sosial reabilitasiya üzrə əlil hüquqlarının təmin olunmasına yönələn prinsiplərin əlilliyin qiymətləndirilməsi ilə bağlı milli qanunvericilikdə əksini tapmasına ehtiyac var”.
S.Müslümov bildirib ki, BMT-in “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. “Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur”.
Nazir qeyd olunan sistemin sosial yanaşma əsasında təkmilləşdirilməsinin, əlillik müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsinin daha məqsədyönlü olduğunu bildirib: “Bizim nəzərdə tutduğumuz yeni sosial model də əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır”.
S.Müslümov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı önəmli sosial yanaşmalar əksini tapır. Bu təsnifat yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir: “Bizim Dünya Bankı ilə əməkdaşlığımızın davamı kimi keçirilən bu seminar da bizə imkan verəcək ki, beynəlxalq səviyyəli ekspertlər və yerli mütəxəssislərlə birgə müvafiq sahədə qabaqcıl dünya təcrübəsini, qəbul olunmuş beynəlxalq standartları bir daha nəzərdən keçirək və ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemini mütərəqqi yanaşmalar əsasında təkmilləşdirək”.
Dünya Bankının nümayəndəsi Endryu Mason ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etməsini yüksək dəyərləndirib, bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını, aparılacaq işlərin uğurlu olacağına əminliyini ifadə edib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə əmək pensiyaçılarının təqribən 28,2 faizinin məhz əlilliyi olan şəxlər olduğunu qeyd edərək, bu şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğıdan, habelə pensiya təminatı zamanı onlara verilən bir sıra güzəştlərdən bəhs edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əlilliyi müəyyənləşdirmək üçün istifadə olunan mövcud meyarlar barədə məlumat verib.
Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyi olan şəxslərə cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması prosesində belə şəxslərin əmək potensiallarının nəzərə alınmasının vacib olduğunu qeyd edib və əlilliyin qiymətləndirilməsi zamanı bu amilin nəzərdə saxlanmasının inkluzivliyin qorunması üçün ilkin şərt olduğunu vurğulayıb.
Tədbirdə İsveçin Paraplegiya Araşdırmaları Təşkilatının eksperti Cerom Bikenbaxın, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Nenad Kostanjsekin və Alarkos Siezanın, digər beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin dünya təcrübəsində mövcud yanaşmalara aid çıxışları, rəy və təklifləri əsasında müzakirələr aparılır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info