“Rusiyanın hər yerində ən azı bir Azərbaycan təşkilatı var”
Tarix: 16.12.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Mahnur Səfiyeva: “Azərbaycanın səsi zirvələrdən gələndə çox sevinir və qürur duyuram”

Xaricdəki gənclərin həmrəyliyi, onların ölkəmizin təbliği istiqamətində işlər görməsi vacib amildir. Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİ) da bu baxımdan aktivdir. Fondun nəzdində fəaliyyət göstərən “İdrak” təhsil mərkəzi gəncləri bir araya gətirir, eyni zamanda gənclərə müxtəlif dilləri, tariximizi öyrədir. Müsahibimiz Mahnur Səfiyeva AMİİ-nin təhsil layihələrinin, eləcə də “İdrak”ın koordinatorudur. O, həmçinin Moskvanın Sokol rayonun İcra Hakimiyyətində çalışır. Qeyd edək ki, müsahibimiz 1991-ci ildə Qarabağda - Füzuli rayonun Horadiz kəndində dünyaya gəlib. 2008-ci ildə orta məktəbi bitirib və Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Jurnalistika fakültəsini qırmızı diplomla bitirib.

- Siz nə vaxtdan “İdrak”da çalışırsız?
- Tələbə olanda bir dostumdan eşitmişdim ki, Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu adlanan bir təşkilat var ki, paytaxta oxuyan azərbaycanlı tələbələrə təqaüd verir, amma təbii ki, bir şərtlə - semestri yalnız “əla” qiymətlə bitirməlisən. Əlaçı olduğuma görə sənədlərimi toplayıb getdim. Demək olar ki, həmin o anda hər şey başladı.
Mən elə bir insanam ki, hara getsəm, insanların davranışına çox üstünlük verirəm. Mənim üçün çox önəmlidir ki, ətrafımda, olduğum yerdə insanlar mehriban, gülərüz və səmimi olsunlar. Belə gözəl, mehriban davranış görəndə qalmaq istədim, kömək təklif etdim və bacardığım qədər kömək etməyə çalışdım.
Bir necə ay sonra “İdrak” layihəsi yarandı. Təqaüdü hər bir insan ala bilmir, təbii ki, məlum olan şərtlər var. Amma kurslara yazılmaq üçün heç bir şey tələb olunmur.
- “İdrak” olaraq gənclərə əsasən hansı sahədə təhsil verirsiz?
- Bizdə əsasən dil kurslarıdır. İngilis, ərəb, rus, təzəlikcə ispan dili. Sözsüz ki, öndə gedən elə öz dilimizdir və Azərbaycan tarixidir. Azərbaycanlı olaraq dil və tarixi, yəni “nə olduğunu” bilməmək, məncə, çox böyük bir itkidir.
Həmin bu kurslar tamamilə pulsuzdur və yetərincə maraq yaradıb. Artıq, demək olar ki, sırf azərbaycanlılar yox, ayrı millətin təmsilçiləri də maraqlanır və gəlirlər. Xüsusilə də Azərbaycan dilinə gələndə biz çox qürur duyuruq.
- “İdrak” uşaqların mənəvi inkişafı istiqamətində hansı işlər görür?
- Rus məktəblərində dostluq dərsləri təşkil edirik. Yeni ilə yaxın uşaq evinə gedirik. Mədəniyyət və tarix üzrə dərslər keçirilir. Kinoklubumuz var, yəni bir yerə yığışıb köhnə-klassik Azərbaycan kinolarına baxırıq.
- Xaricdə təhsilin tələbələr üçün hansı özəlliyi var?
- Biz əsl təhsildən danışırıqsa, məncə, çox fərq etmir, çünki təhsil alan tələbə, çalışıb-oxuyan insan fərq etmir, dünyanın hansı tərəfində olursa olsun, oxuyacaq. Vacib olan bilikləri özü üçün yığacaq.
Özəlliyə gəldikdə, məncə, bizim uşaqlar elə özləri özəldirlər, çox istedadlıdırlar, çünki adi tələbələr bir, uzaq başı iki dil bilən yerdə, bizim uşaqlar ən azı üç dil bilirlər. Yarışmalarda iştirak edib çox vaxt birinci yerə layiq görülürlər.
- Azərbaycanlı tələbələr Rusiyada ictimai olaraq aktivdirlərmi?
- Rusiyanın hər yerində ən azı bir Azərbaycan təşkilatı var. Dediyim kimi, çox aktivdirlər. İnşallah, səsimiz lap zirvələrdən gəlsin.
- Xaricdəki gənclərimizin Vətən sevgisi hansı səviyyədədir?
- Dininə, dilinə, torpağına, mədəniyyətinə hörmət edən gəncin Vətən sevgisinə şübhə ilə yanaşmaq olmaz. Əlbəttə, ideallaşdırmaq da düzgün deyil, çünki dünyada nə qədər insan var, bir o qədər də fikir var. Təbii ki, kimsə mənimlə razılaşmaya bilər. Amma indiyə qədər mənim qarşıma çıxan gənclərin çoxu vətənpərvərdir, bunu əminliklə deyə bilərəm. Buna çox sevinirəm.
- Xaricdəki gənclərin fiziki inkişafı üçün hansı tədbirlər həyata keçirirsiz?
- İdman yarışları keçiririk. Məsələn, bu yay voleybol, şahmat, futbol və s. yarışlar keçirmişik. Fondun “Vətən” futbol klubu var. Ümumiyyətlə, çalışırıq gənclərin sağlam inkişaf etməsi üçün maraqlı tədbirlər keçirək.
- Sizin özünüzün Vətənlə əlaqələriniz necədir?
- Mən uşaqlıq, məktəb və tələbəlik illərimi Moskvada keçirmişəm. Burda yaşayan əksər azərbaycanlı uşaqlar kimi mən də yay tətilində Vətənimə gedirdim. Amma təəssüflər olsun ki, 3 yaşımdan bəri Qarabağa həsrət qalmışam.
Amma buna baxmayaraq çalışıram hər yay tətilində Vətənə gələm. Qohumlarımın çoxu Azərbaycanda yaşayır. Onlar üçün, Vətən üçün darıxıram .
- Azərbaycanda baş verənlər sizin üçün nə dərəcədə maraqlıdır?
- Bir azərbaycanlı olaraq ölkədə baş verənlər mənim üçün çox vacibdir. Azərbaycan iri addımlarla inkişaf edir və bu, böyük bir nailiyyətdir. Əlbəttə, Azərbaycanın səsi zirvələrdən gələndə çox sevinir və qürur duyuram. Əminəm ki, gözəl gələcəyimiz var.
- Sizcə, professional jurnalist olmaq üçün insandan əsas nə tələb olunur?
- Əlbəttə, professional baxımdan jurnalist sözün ustası, operativ, uzaqgörən və müxtəlif biliklərin sahibi olmalıdır. Amma əsl jurnalist bunlardan əlavə, insanlığını itirməməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info