İ.Həbibbəyli: “Məmməd Arif Dadaşzadə Azərbaycan elminə böyük töhfələr verib”
Tarix: 17.12.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş “Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ədəbiyyatşünas alimin məzarını ziyarət edib, sonra Akademiyanın foyesində təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. AMEA vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli açıb. Prezident İlham Əliyevin «Akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında» 15 aprel 2014-cü il tarixli sərəncamının geniş mənada ölkəmizdə elmin və milli ziyalılığın, ictimai fikrin inkişafına göstərilən dövlət qayğısının parlaq əməli ifadəsi olduğunu bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elmi haqqında dolğun elmi-siyasi təsəvvür yaradan dövlət sərəncamında akademik Məmməd Arif Dadaşzadənin çoxcəhətli xidmətləri ümumiləşmiş şəkildə səciyyələndirilib. Bildirilib ki, yubiley münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan yeni araşdırmalar, çap olunan əsərlər akademik Məmməd Arif Dadaşzadənin müdriklik və müasirlik nümunəsi olan həyatı və yaradıcılığının işığında ədəbiyyatın, elmin və yeni nəsillərin inkişafına öz töhfələrini verir. Akademik İsa Həbibbəyli ətraflı söhbət açaraq qeyd edib ki, akademik Məmməd Arif Dadaşzadə cəmiyyətdə XX əsr Azərbaycan ədəbi tənqidinin nüfuzunu ucaldan, məsuliyyət meyarlarını müəyyən edən alim-şəxsiyyət kimi mötəbər sima hesab edilib. Görkəmli alimin həm əsərlərinə, həm də şəxsiyyətinə cəmiyyətdə xüsusi ehtiram göstərilib. Məmməd Arif Dadaşzadənin tənqidçilik meyarının da, hər şeydən əvvəl, nüfuz üzərində qurulması onun şəxsiyyəti ilə elmi fəaliyyətinin, əməli ilə nəzəri fikrinin bütövlüyünü nümayiş etdirir. Azərbaycan ədəbiyyatşünaslığında daim tədqiqat mövzusu olmuş yazıçı-tənqidçi münasibətlərinin də mükəmməl elmi konsepsiyasının Məmməd Arif Dadaşzadəyə məxsus olduğunu vurğulayan akademik İsa Həbibbəyli ədəbi tənqidin bu vacib problemi haqqında çox yazılmasına, müxtəlif yönlərdən dəyərləndirmələrin mövcud olmasına baxmayaraq, tənqidçiyə, yaxud da yazıçıya ağırlıq vermək mənasında ortaq meyarın müəyyən edilməsi baxımından Məmməd Arif Dadaşzadənin ölçülərinin elmi prinsip kimi qəbul edilməyə layiq olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, ədəbiyyatın böyük meyarları haqqında dəyərli fikirlərin müəllifi akademik Məmməd Arif Dadaşzadə yarım əsrdən çox bir dövr ərzində Azərbaycan və dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik və müasirlik nümunəsi ola biləcək bir elmi düşüncə ilə təhlillər və müqayisələr aparıb. Onun elmi ədəbi-tənqidi məqalələri təkcə yazıldığı dövrdə deyil, ondan sonra da, indi də yaşayan, istinad edilən, güclü müasirlik imkanlarına malik olan mənbələrdir. Məmməd Arif Dadaşzadə monumental ədəbiyyatşünaslıq sahəsində də Azərbaycan elminə böyük töhfələr verib. Görkəmli alim həyatın, cəmiyyətin və elmi fəaliyyətin bütün sahələrində təmkinli bir müdriklik və müasirlik nümayiş etdirmiş, dünya xalqlarının ədəbiyyatı haqqında elmi qənaətlərini ifadə edərkən də bu meyarları nəzərə alıb. Akademik İsa Həbibbəyli xüsusi nəzərə çatdırıb ki, bədii tərcümə ilə məşğul olduğu zaman Məmməd Arif özü də tərcümə işinə milli maraqlar baxımından yanaşmağı əsas götürüb: “ O, rus və dünya ədəbiyyatı klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edərkən böyük idealların, zəruri ictimai-tarixi proseslərin, maarifçi ideyaların xalqa çatdırılmasına diqqət yetirib. Rus və dünya ədəbiyyatının nəhənglərindən olan Lev Tolstoyun «Hərb və sülh» epopeyasının iki cildinin Azərbaycan dilində nəşri onun tərcüməçilik fəaliyyətinin zirvəsində dayanır. Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin yeni mərhələsinin, müasir ictimai fikrimizin də inkişaf yoluna işıq salır.”
AMEA-nın həqiqi üzvləri Vasim Məmmədəliyev və Tofiq Hacıyev, həmçinin filologiya elmləri doktoru Şirindil Alışanlı görkəmli alimlə bağlı xatirələrini söylədikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Akademik Məmməd Arif və Azərbaycan ədəbi tənqidi”, Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Məmməd Arif Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova isə “Məmməd Arif Dadaşzadə və dünya ədəbiyyatı” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə görkəmli akademikin həyat və yaradıcılığının müxtəlif istiqamətlərinə geniş və əhatəli nəzər salınıb.
Musiqişünas, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Dadaşzadə çıxış edərək tədbirin keçirilməsinə görə ölkə başçısına və akademiya rəhbərliyinə ailə üzvləri adından dərin minnətdarlığını bildiriblər.
Tədbir boyu görkəmli ədəbiyyatşünas alimin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən slaydlar nümayiş olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info