Sədərək rayonunda dövlət qurumları üçün yeni bina istifadəyə verilib
Tarix: 22.12.2014 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Sədərək rayonu bu gün inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı bu sərhəd yaşayış məntəqəsini də əhatə edib, rayon mərkəzi olan Heydərabad qəsəbəsi müasir şəhər görkəminə qovuşub. Son illər rayonda müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dekabrın 22-də Heydərabad qəsəbəsində Sədərək Rayon Təhsil və Torpaq şöbələri üçün yeni inzibati bina istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun da simasını tamamilə dəyişib. Son illər rayonda yeni yaşayış evləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün binalar tikilərək istifadəyə verilib, əhalinin kommunal-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda rayonda içməli su və kanalizasiya sistemlərinin tikintisi davam etdirilir, mənzillər fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Bu gün Heydərabad qəsəbəsində yeni inzibati binanın istifadəyə verilməsi dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcəkdir.
Həbib İbrahimov yaradılan şəraitə görə sədərəklilər adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sədərək Rayon Şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edib, ümummilli lider Heydər Əliyevin “Təhsili daim təkmilləşdirmək təhsil işçilərinin üzərinə düşən ən mühüm vəzifədir” - fikrini xatırladaraq deyib: Təhsil sisteminin təkmilləşdirilməsi, yeni metodların tətbiqi və elektron tədrisin inkişafı, gənc nəslin təhsilli və vətənpərvər böyüdülməsi təhsil işçilərinin qarşısında duran əsas vəzifələrdir. Bu gün Sədərək rayonunun ümumtəhsil məktəblərində yaradılan şərait rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına imkan verir.
Ali Məclisin Sədri deyib: Təhsil sahəsindəki mövcud vəziyyəti təhlil edərkən aydın olur ki, Sədərək rayonunda kəmiyyət və keyfiyyət göstəriciləri muxtar respublikanın digər rayonlarının orta göstəricisindən geridə qalır. Bunun da əsas səbəblərindən biri müəllim-şagird nisbətinin tələb olunan səviyyədə olmamasıdır. Əgər muxtar respublikanın digər şəhər və rayonlarında bu göstərici 1 müəllimə 8 şagird nisbətindədirsə, Sədərək rayonunda bu göstərici 1 müəllimə 15 şagird nisbətindədir. Bu isə rayonda təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinə öz təsirini göstərir.

Ali Məclisin Sədri deyib: Mövcud vəziyyət Sədərək rayonunda təhsilin səviyyəsinin yüksəldilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Sədərək Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsi bu məsələni daim diqqət mərkəzində saxlamalı, tədrisin düzgün təşkilinə nail olunmalıdır. Rayonun ümumtəhsil məktəblərində yaradılan şəraitdən səmərəli istifadə edilməli, təhsil işçiləri, məktəblərin kollektivləri tədrisin səviyyəsini yüksəltməli, təhsilli, vətənpərvər və ixtisaslı gənclər yetişdirilməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitin müqabilində təhsil işçilərinin daha səylə çalışacaqlarına və uğurlu nailiyyətlər qazanacaqlarına əminliyini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra açılışı bildirən lent kəsilib, binaya baxış olub.
Məlumat verilib ki, 4 mərtəbədən ibarət olan binada Sədərək Rayon Təhsil Şöbəsi üçün 16 iş otağı və 70 yerlik iclas zalı nəzərdə tutulub. Otaqların hər biri iş ləvazimatları və mebel avadanlıqları ilə təchiz olunub. Binanın birinci mərtəbəsində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sədərək Rayon Şöbəsi üçün 4 iş otağı ayrılıb.

Ali Məclisin Sədri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə rayon şöbələri arasında sənədləşmə işlərinin elektron formada aparılmasının vacibliyini vurğulayıb, bu sahədə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verib.
Binanın zirzəmisində isə qazanxana, anbar, yeməkxana, arxiv və digər yardımçı otaqlar yerləşir. Həyətdə də abadlıq işləri görülüb, müasir işıqlandırma sistemləri quraşdırılıb.
* * *
Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri rayon sakinləri ilə görüşüb.
Heydərabad qəsəbə sakini, ziyalı Əmir İbrahimov deyib ki, Sədərək rayonunda aparılan quruculuq işləri sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Son illər rayonda əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Artıq insanlar bu sərhəd yaşayış məntəqəsində rahat və firavan yaşayırlar. Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin çəkilməsi isə dövlətimiz tərəfindən göstərilən qayğının daha bir ifadəsidir.
Əmir İbrahimov yaradılan şəraitə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Sədərək rayonunun inkişafını daim diqqət mərkəzində saxlayır. Son illər dövlət başçısı rayon mərkəzi olan Heydərabad qəsəbəsinin qurulmasına xüsusi qayğı göstərib, qəsəbə abad yaşayış məntəqəsinə çevrilib. Sədərək rayonunda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Rayonda yeni nasos stansiyasının istifadəyə verilməsi torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və suvarma tədbirlərinin yaxşılaşdırılmasına səbəb olub. Təhsil infrastrukturunun yenidən qurulması sahəsində görülən işlər, gənc müəllimlərin təyinatla rayon məktəblərinə göndərilməsi isə gələcəkdə təhsilin səviyyəsini xeyli yüksəldəcəkdir. Lakin bütün bunlarla yanaşı, əsas vəzifə sakinlərin üzərinə düşür. Bu da tikilənləri, qurulanları qoruyub saxlamaq, onlardan səmərəli istifadə etməkdən ibarətdir.
Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulayıb, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib.

Sədərək rayonunda müasir içməli su
və kanalizasiya sistemləri qurulur


Muxtar respublikada əhalinin içməli suya olan tələbatının ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlər Sədərək rayonunda da uğurla davam etdirilir.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunun içməli su təchizatı və kanalizasiya sistemləri layihəsi çərçivəsində görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, 2012-ci ildən icrasına başlanılan layihə üzrə işlər bu il də uğurla davam etdirilib. Ümumilikdə 132 kilometr uzunluğunda olacaq içməli su xəttinin bu günədək 116,8 kilometrində işlər başa çatdırılıb, 97,8 kilometr kanalizasiya xətti çəkilib. Layihə çərçivəsində 15 subartezian quyusu qazılıb, hər birinin tutumu 5 min kubmetr olan 4 su anbarının tikintisi həyata keçirilib. Gələcəkdə 18 kilometr məsafədə kanalizasiya və 15,1 kilometr uzunluğunda su şəbəkələrinin çəkilməsi, eləcə də çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması və layihədə nəzərdə tutulan vaxtda başa çatdırılması barədə tapşırıqlar verib.

Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün
yeni bina inşa olunacaqdır


Muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunacaqdır.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin mövcud vəziyyəti ilə tanış olub və tikinti işlərinin aparılacağı əraziyə baxıb.
Məlumat verilib ki, məktəbin mövcud binası uzun müddət istismar olunduğundan tədrisin düzgün təşkilinə imkan vermirdi. Bu səbəbdən də ərazidə 3 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. 320 yerlik binada sinif otaqları, tədbirlər zalı və yardımçı otaqlar yaradılacaq, həyətdə geniş abadlıq işləri aparılacaqdır.
Ali Məclisin Sədri ərazinin layihələndirilməsi və növbəti ildən etibarən tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

AzərTAc




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info