Bələdiyyə seçkiləri demokratik keçirildi
Tarix: 24.12.2014 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Dünən ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. Yüksək seçici fəallığı və demokratik şəraitdə bas tutan bələdiyyə seçkilərində ciddi pozuntu hallarına rast gəlinməyib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında seçici fəallığının ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksək olduğunu deyib.

M.Pənahov bildirib ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib. Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub. MSK sədrinin sözlərinə görə, seçkilər normal gedir: "Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik. Hələlik seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb". Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub. M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb. MSK sədri, həmçinin vurğulayıb ki, seçki günü öncəsi namizədliyini geri götürənlər də olub.

Səsvermənin gedişində heç bir
qanun pozuntusu qeydə alınmayıb


“13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə bələdiyyə seçkiləri şəffaf və demokratik şəraitdə davam edir, heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər və müşahidəçilər səsvermənin gedişindən razıdırlar”. Bu sözləri 13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirib. O, deyib ki, 13 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə saat 12.00-dək 43713 seçicidən 9189 nəfər (20,23 faiz) istədiyi namizədə səs verib.
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının sədri İmran Qəmbərov isə bildirib ki, dairə üzrə saat 12.00-dək 43924 seçicidən 11067 nəfər (23,34 faiz) istədiyi namizədə səs verib. Məntəqələrdə həyata keçirilmiş texniki-təşkilati işlər hər bir seçicinin iradəsini sərbəst, heç bir maneə olmadan ifadə etməsinə imkan verir.

Məntəqələrdə
səsvermənin gedişi canlı yayımlanıb


24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov bildirib ki, seçki dairəsi dairə seçki komissiyasının tərkibinə 31-i daimi olmaqla 35 seçki məntəqəsi daxildir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bu da səsvermənin gedişini internet üzərindən canlı izləməyə imkan verir. O qeyd edib ki, dairə üzrə 43 min 221 seçici qeydiyyata alınıb. Saat 12-yə olan məlumata görə, seçicilərin 7617 nəfəri, yəni 17,6 faizi seçkilərdə iştirak edib.
Müşahidələr də təsdiqləyirlər ki, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb.

İctimaiyyət nümayəndələri
də seçkidə aktivlik nümunəsi göstərib


Bələdiyyə seçkiləri seçicilərin aktivliyi baxımından əlamətdar olub. Bu çərçivədə keçirilən təşviqat işləri və maarifləndirici kampaniyaların, layihələrin də seçicilərin aktivliyinə təsiri olmamış deyil. Xüsusilə ,ictimaiyyət nümayəndələrinin seçkidə aktivliyi və seçicilərə aktivlik nümunəsi göstərməsi bu baxımdan qeyd edilə bilər. Məsələn, bu barədə qəzetimizə açıqlama verən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bələdiyyə seçkisində səs vermək üçün Bakıdan qeydiyyatda olduğu Tovuz rayonuna yola düşüb.O bildirib ki, Tovuzda şəhid İmran Bayramov adına Aşağı Quşçu kənd ümumi orta məkətəbində, 19 saylı seçki məntəqəsində səs verib.

116 yaşlı Mina Əliyeva, 112 yaşlı Mənzər Həsənova da səsvermədə
iştirak ediblər


Diqqət çəkən məqamlardan biri də yaşlı insanların aktivliyi olub. Belə ki, 119 saylı Ağdam seçki dairəsinin Əhmədağalı bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsində yerləşən 21 saylı məntəqədə səsvermə seçicilərin yüksək fəallığı keçirilib. Ağdam rayonunun ən yaşlı sakinlərindən olan 112 yaşlı Mənzər Həsənova da bələdiyyə seçkilərində iştirak edib. 1902-ci təvəllüdlü Mənzər Həsənova bildirib ki, 2 övladı, 8 nəvəsi, 8 nəticəsi var. İndiyədək keçirilmiş bütün seçkilərdə fəal iştirak edib. Ən böyük arzusu növbəti seçkilərdə doğma kəndi olan Yusifcanlıda səs verməkdir.
Səsvermədə iştirak edən Ağdam rayonundan olan məcburi köçkün Zahid Adıgözəlov fikirlərini belə ifadə edib: “Yaşadığımız Bənövşələr qəsəbəsi Əhmədağalı kəndi ərazisindədir. Odur ki, qəsəbə sakinləri olaraq Əhmədağalı bələdiyyəsinə keçirilən seçkidə iştirak edirik. Arzu edirəm ki, növbəti seçkiləri işğaldan azad edilmiş doğma torpaqlarımızda keçirək”. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda seçicilər məntəqələrə gələrək öz seçki hüquqlarından istifadə edib, istədikləri namizədlərə səs veriblər. Rayonun ən yaşlı seçicisi - Seydimli kəndinin 116 yaşlı sakini Mina Əliyeva da seçkidə iştirak edərək, istədiyi namizədə səs verib. Ümumiyyətlə, səsvermədə yaşlı nəslin nümayəndələri də fəal iştirak ediblər. Dairə üzrə seçicilərin 1046 nəfərinin yaşı 80-100 arası, 22 nəfərin isə 100-dən yuxarıdır. Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədri Həmid Mehdiyev bildirib ki, dairə üzrə 22 bələdiyyəyə 202 nəfər bələdiyyə üzvü seçilir. Qeydə alınan 586 namizəddən 161 nəfəri qadın, 138 nəfəri yaşı 30-dək olan gənclərdir. Seçicilərin ümumi sayı 38 min 001 nəfərdir. Onlardan 690 nəfəri seçkidə ilk dəfə iştirak edib.

Mətbuat Şurası: “Qaynar xətt” rejimində fəaliyyət göstərən telefon
nömrələrinə səsvermə ilə bağlı müraciət daxil olmayıb”


Qeyd edək ki, Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqi aparıb. Mətbuat Şurasından verilən xəbərə görə, bu məqsədlə MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar. Hər hansı neqativ cəhət qeydə alınmayıb. Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələri də saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarında olub. Saat 14-00-dək səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.

Saat 17:00-a olan məlumata görə ölkə üzrə seçici fəallığı 36,38 faiz
təşkil edib


Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib ki, bələdiyyə seçkilərində saat 17:00-dək respublika üzrə 4 milyon 819 min 382 seçicidən 1 milyon 753 min 394-ü səs verib. Bu isə ümumi seçici fəallığının 36,38 faizini təşkil edib. R.Gülməmmədov bildirib ki, respublika üzrə ən çox seçici fəallığı 48,28 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 26,93 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsi göstərib.
O deyib ki, MSK-nın “Qaynar xətt”inə, “facebook” səhifəsinə və elektron poçt ünvanına 116 məlumat daxil olub. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılıb. Müraciətlər seçki prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyır. Şikayət xarakterli heç bir müraciət daxil olmayıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info