“Son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlayıb”
Tarix: 24.12.2014 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Dünən Bakıda “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər. Konfransda çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov son 10 ildə ölkəmizin əldə etdiyi nailiyyətlərdən söhbət açıb. Bildirilib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatının 3 dəfə artması XXI əsrin birinci 10 illiyinin iqtisadi möcüzəsidir. Bu iqtisadi inkişaf ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsində öz təzahürünü əks etdirməkdədir. Vurğulanıb ki, Azərbaycanın güclənməsi, sürətli inkişafı onun beynəlxalq mövqeyinin möhkəmlənməsinə də şərait yaradıb. Bunun bariz sübutu ölkəmizin dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsidir. Bu gün Azərbaycan, həmçinin regionun iqtisadi mənzərəsini dəyişən dövlətdir. Əli Əhmədov deyib ki, bütün bu uğurlar məhz Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində mümkün olub.

“Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz
iqtisadiyyatının 78,6 faizini təşkil edir”


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxışında deyib ki, siyasi və iqtisadi qüdrəti davamlı olaraq artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50%-ni təşkil edirdisə, bu gün ölkəmizin payı 78,6%-ə yüksəlib. Onun sözlərinə görə, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib, onlardan 104-ü tam icra olunub, digərləri icra olunmaqdadır: “Bu proqramların uğurlu icrası nəticəsində iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edib, ÜDM 3 dəfə artıb, artıq 6 ildən çoxdur ki, dünyada davam edən və siyasi, iqtisadi, sosial kataklizmlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib, qarşıya qoyulmuş məqsədlərə nail olunub, nəzərdə tutulan bütün işlər yerinə yetirilib”. Ş. Mustafayev bildirib ki, hətta son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir: “Ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyillərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub. Əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37% təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59%-ə çatıb və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir”. Nazir qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən mühüm istiqamətlərindən biri aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən kompleks tədbirlərdir: “Son on ildə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılıb. Ümumilikdə, irimiqyaslı işlərin nəticəsində, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlamış, bir sıra sənaye məhsulları ilə özünütəminat səviyyəsi yüksəlib, qeyri-neft sənayesi 2.2 dəfə artıb, sənayenin ÜDM-də xüsusi çəkisi 48%-ə çatıb”.

“Son 10 ildə Azərbaycanda 1 milyondan artıq
yeni iş yeri açılıb”


Nazir deyib ki, ölkə başçısının müəyyən etdiyi digər mühüm strateji xətt Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalçılarının vergilərdən azad edilməsi, subsidiyaların verilməsi, Taxtakörpü və Şəmkirçay su anbarları, Yuxarı Mil kanalının birinci mərhələsi və digər nəhəng layihələrin həyata keçirilməsi, istehsalçıların lizinq əsasında texnika, gübrə və toxumla təmin olunması, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi və digər tədbirlər nəticəsində 10 ildə aqrar sektor 1,4 dəfə artıb, bu gün müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə və təsərrüfatlar fəaliyyət göstərir. Nazir bildirib ki, bu gün hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir sosial obyektlər istifadəyə verilir: “Məsələn, 10 il ərzində 3 minə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilib, 40-dan artıq Olimpiya idman kompleksi istismara verilib. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlayıb, 1 milyondan artıq yeni iş yeri açılıb”. Nazir qeyd edib ki, artıq Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar regional inkişaf strategiyasının tətbiqinin nəticələrini öz gündəlik həyatında hiss edir və əvvəllər mövcud olmuş əhalinin iri şəhərlərə axını meylləri aradan qalxıb. Onun sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının reallaşdırılması ölkə başçısının apardığı iqtisadiyyatın diversifikasiyası siyasətində mühüm yer tutur: “Bu məqsədlə son on ildə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılması ilə bağlı avtomobil və dəmiryollarının tikintisi, digər infrastruktur layihələrinin icra olunması nəticəsində ölkənin nəqliyyat təhlükəsizliyi təmin olunub: “Təsadüfi deyil ki, müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına yönəldən 200 milyard dollar investisiyanın 180 milyardı və ya 90%-i məhz son 10 ilin payına düşür”. Ş. Mustafayev bildirib ki, görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb: “Nəticədə 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 82,5%-ə çatıb”. Nazir qeyd edib ki, “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olub və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-cidir.

“Ölkəmiz yeni 4G
texnologiyasını tətbiq edən Avropada 9-cu,
dünyada 37-ci ölkədir”


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, rabitə və yüksək texnologiyalar sahəsində çalışan bütün əməkdaşlar Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirmək üçün əllərindən gələni edəcəklər.
Nazir qeyd edib ki, BMT Baş Assambleyasının qəbul etdiyi 3 qərara əsasən, Azərbaycanın Avroasiya zonasında informasiya strukturunun inkişafı üçün təqdim etdiyi layihələr dəstəklənib və Avroasiya Rabitə Alyansında Azərbaycanın koordinatorluğu təsdiq edilib.
Ə.Abbasov bildirib ki, 2004-2008-ci illərdə hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-ci ildən sonra isə 60-65 faiz olub: "Bu, təxminən hər 3 ildə İKT potensialının 3 dəfə genişlənməsi deməkdir. Bu, həmişə ümumdünya orta göstəricisini təxminən 2-2,5 dəfə üstələyib". Nazir deyib ki, MBD-də ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, 2010-cu ildə bütün telekommunikasiya sisteminin MDB ölkələri arasında ilk dəfə elektronlaşdırılması, son illərdə Azərbaycanda mobil telefon rabitəsi infrastrukturunun genişlənməsi bu inkişafa bariz nümunədir: "Ölkəmiz yeni 4G texnologiyasını tətbiq edən Avropada 9-cu, dünyada 37-ci ölkədir, bu gün dünyada 3G texnologiyasının ölkə üzərində əhatə dairəsini 100 faiz təmin etmiş 20 ölkə sırasındadır, internetin tətbiqinə görə inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşır. Azərbaycan internetin 73 faizlik istifadə sıxlığına görə MDB ölkələri arasında liderdir və bir neçə ildir ki, bu liderliyi qoruyub saxlamaqdadır".

“Azərbaycan son 10 ildə böyük
inkişaf yolu keçib”

Energetika naziri Natiq Əliyev isə çıxışında deyib ki, ayrı-ayrı sahələrdə ardıcıl həyata keçirilən iqtisadi islahat proqramları çərçivəsində görülən tədbirlər nəticəsində Azərbaycanda ictimai-siyasi və iqtisadi sabitlik əldə edilib, sürətli inkişaf meyilləri yaranıb. Nazir qeyd edib ki, tarixi baxımdan qısa bir zamanda Prezident İlham Əliyevin müxtəlif sahələrdə həyata keçirdiyi demokratik prinsiplər üzərində qurulan köklü islahatlar nəticəsində ölkəmiz son 10 ildə nəinki böyük inkişaf yolu keçib, eyni zamanda, qlobal maliyyə və iqtisadi böhranın ən yüksək həddə çatdığı illərdə iqtisadi sabitliyini saxlayıb, hətta böyük uğurlar və nailiyyətlər əldə edib: "Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Son 10 il müddətində bütün sahədə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu gün dövlətimizi daha da qüdrətli görmək arzusunda olan, Vətənimizin müstəqil, azad və xoşbəxt ölkə olmasını istəyən hər bir vətəndaş Prezident İlham Əliyevi alternativsiz lider kimi qiymətləndirməlidir və İlham Əliyevin ətrafında sıx birləşərək xalqımızın rifahı naminə yorulmadan çalışmalıdır".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info