“Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir”
Tarix: 25.12.2014 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Fərdi jurnalist yazıları müsabiqəsində I yerə layiq
görülmüş media nümayəndələri mükafatlandırılıb


Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarının mükafatlandırılması mərasimi keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir Dövlət himninin səslənməsi ilə başlayıb. Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. V.Səfərli Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
O, jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə qurumun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklərin edildiyini xatırladıb. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirildiyini deyən V.Səfərli bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərdiyini vurğulayıb. Bildirilib ki, müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazı təqdim edilib: “Bu yazılar 13 ekspert tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 57 redaksiyanı təmsil edən 114 jurnalist qalib elan olunub. Artıq ikinci və üçüncü yerlərin qalibləri mükafatlandırılıb, bu gün isə birinci yerlərin sahibləri qiymətləndiriləcək”. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, 2014-cü il bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələrinin inkişafı baxımından da uğurlu olub. Ə. Həsənov bildirib ki, görülən tədbirlər mahiyyət etibarilə ona xidmət edir ki, Azərbaycanın daxili həyatının mühüm tərkib hissəsi olan, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən söz və məlumat azadlığı davamlı şəkildə inkişaf etsin, cəmiyyət həyatının, daxili sistemin ayrılmaz tərkib hissəsinə çevrilsin. Azərbaycan mediası ölkədə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, hökumətin fəaliyyətini, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst şəkildə təhlil etsin, heç bir kənar müdaxilə olmadan istədiyi informasiyanı toplasın, ictimaiyyətin diqqətinə təqdim etsin və əhalinin rəyini müvafiq olaraq öz səhifələrində əks etdirərək hakimiyyətə çatdırsın. O qeyd edib ki, heç kim Azərbaycanda söz və məlumat azadlığı, KİV-in müstəqilliyi sahəsindəki mövcud vəziyyətin dünyanın hansısa ölkəsindəki vəziyyətdən pis olduğunu deyə bilməz: “Heç kim deyə bilməz ki, Azərbaycanda hansısa jurnalist azad şəkildə bu və ya digər hadisələr, proseslər haqqında sərbəst informasiya toplamaq, onları öz auditoriyasına təqdim etmək, ictimai müzakirəsini təşkil etmək və bu müzakirələrin nəticələri haqqında cəmiyyətə öz mesajlarını çatdırmaq imkanında deyil. Heç kim deyə bilməz ki, bu sahədə fəaliyyət göstərən hər hansı jurnalist indiyə qədər dövlət tərəfindən və yaxud dövlətin ayrı-ayrı strukturları tərəfindən təzyiqlərə məruz qalıb. Lakin təəssüflər olsun ki, bu gün dünyada Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühitini qaralamağa çalışan müxtəlif qeyri-hökumət təşkilatları və ayrı-ayrı beynəlxalq dairələr mövcuddur. Bilirsiniz ki, Azərbaycanda azad milli medianın təməli hələ 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulub. Ondan sonra ayrı-ayrı dövrlərdə Azərbaycan mediası müxtəlif inkişaf mərhələləri keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Bu mərhələdə ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan mediası nəinki ölkənin aparıcı institutlarından birinə çevrildi, eyni zamanda regionun və dünyanın qabaqcıl nümunələri sırasına daxil oldu. Ümummilli liderin 1998-ci il avqustun 6-da imzaladığı fərman Azərbaycanda azad, kənar təsir olmadan özünü tənzimləyən medianın təməlini qoydu. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etdi və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz önəmli töhfələrini verir”. Ə. Həsənov bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq dairələrin məqsədyönlü şəkildə söz və məlumat azadlığından sui-istifadə etdiyini və jurnalistləri konkret istiqamətə yönəltdiyini diqqətə çatdırıb: “Bu gün böyük dövlətlərdə baş verən hadisələr həmin ölkələrin bəlli dairələrinin senzurasından keçirilərək onlara məxsus transmilli media vasitəsilə dünyaya təqdim olunur. Üstəlik, həmin transmilli media ayrı-ayrı müstəqil ölkələrdə, məsələn, müsəlman dövlətlərində baş verən hadisələri də həmin dairələrin maraqları prizmasından dünyaya çatdırmaq istəyir. Məgər dünyada siyasi plüralizm, media plüralizmi təkcə bir neçə transmilli media orqanına aid olan dəyərdirmi? Məgər dünyada baş verən hadisələri işıqlandırmaq baxımından Azərbaycandakı jurnalistlərlə həmin o böyük dövlətlərdə yaşayan jurnalistlərin hüquqları eyni deyilmi?” Ə. Həsənov təəssüflə vurğulayıb ki, bu gün bəzi beynəlxalq və xarici jurnalist qurumları ayrı-ayrı ölkələrdə media azadlığının vəziyyətini qərəzli şəkildə təhlil edir, ortaya heç bir reallığa uyğun gəlməyən siyahılar qoyurlar: "Müxtəlif kiçik dövlətlərin siyasətinə təsir göstərmək məqsədilə bu və ya digər təzyiq mexanizmləri işə salınır. Ancaq bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edir və bundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir və cənab İlham Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduqca, belə də davam edəcək. Azərbaycan cəmiyyəti azad medianın nə olduğunu çoxdan bilir. Bu dəyər Avropa və dünya ölkələrinin bir çoxundan əvvəl Azərbaycan mediasının və jurnalistlərimizin qəlbinə hakim kəsilib". Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunur: "Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq sərəncamına əsasən, 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir”. Prezident Administrasiyasının rəsmisi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıb. Sonra müsabiqənin qaliblərinə Fondun mükafatları təqdim edilib. Mərasim konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info