“Azərbaycan hüququnu dünya hüquq arenasına çıxarmaq niyyətim var”
Tarix: 25.12.2014 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Ləman Süleymanlı: “2013-cü ildə məzun olan xarici tələbələr içində azərbaycanlı tələbə birinci oldu. Bu, bizim üçün uğurdur

Xaricdə təhsil alan tələbələrlə bağlı layihə çərçivəsində növbəti müsahibimiz Türkiyənin Kayseri şəhərində Erciyes Unversitetinin Hüquq fakültəsində magistratura təhsili alan, Zəngin Azərbaycan Mübarizə İçtimai Birliyinin Kayseri nümayəndəsi Ləman Süleymanlıdır:
- Mən 1983-cü ildə Sumqayıt şəhərində dünyaya gəlmişəm. Nəslim isə Zəngəzur mahalının Laçın rayonundandır. Hər nə qədər Sumqayıtda doğulsam da, özümü laçınlı hiss edirəm. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Təhsil aldığım müddətdə bir çox QHT-lərdə çalışmışam. 2003-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən Potensial Sumqayıt Mütəxəssislər Birliyində, daha sonra isə Qafqaz Araşdırmalar Mərkəzində, SİQMA kimi mərkəzlərdə sosioloq kimi çalışmışam. Son olaraq Zəngin Azərbaycan Mübarizə İctimai Birliyinin Kayseri nümayəndəsiyəm. 2013-cü ildə ailə həyatı qurdum və həyat yoldaşım Cənubi Azərbaycanın Təbriz şəhərindəndir.
Mən hər zaman xaricdə təhsilimi davam etdirmək istəmişdim. Amma həm maddi, həm də bir çox səbəblərdən bu alınmırdı. Bir gün həyat yoldaşım mənə Türkiyə Cümhuriyyətinin təqaüd proqramından danışdı. Özü bu proqram vasitəsilə Türkiyədə doktorantura təhsili alırdı və mənə də özünü sına dedi. Məndə sənədlərimi toplayaraq internet vasitəsilə sənədlərimi göndərdim. Proqramı qazanaraq Türkiyənin Kayseri şəhərində Erciyes Unversitetinin Hüquq fakültəsində magistraturaya davam edirəm. Burada olmaqdan çox məmnunam. Başqa ölkədə təhsil almaq nə qədər maraqlı olsa da, eyni zamanda çox məsuliyyətlidir. Çünki sən artıq bir fərd olmaqdan çıxıb ölkəni təmsil edirsən.
- Bakıda hüquq ixtisası üzrə təhsil almısınız. Türkiyədə bu sahədə təhsil almaq çətindirmi?
- Təhsil aldığım ixtisas üzrə Hüquq fakültəsində tək azərbaycanlıyam. Buna bir tərəfdən məyus olsam da bir tərəfdən də sevinirəm. Azərbaycandan gələn tələbələr Hüquq fakültəsini seçmirlər. Səbəbisə bizim hüquqla türk hüququ ziddir. Mən də bu ziddilikdən bir az əziyyət çəkirəm. Amma çox xoşbəxtəm. Mən ölkənin birinciləriylə, hakimləriylə, vəkilləriylə bir sinifdəyəm. Müəllimlərimlə şagird -tələbə kimi yox, dost kimiyəm. Azərbaycanda müəllimlə danışa bilmirsən. Çox sərhəd saxlayırlar. Burada isə fərqlidir. Müəllimlərim hətta mənim üçün iş axtarırlar. Burada qalıb işləməyimi istəyirlər. Mən isə hələ ki, tələbəliyin dadını çıxarmaq istəyirəm. Oxuduğum universitet Türkiyənin ən yaxşı 10 ali məktəb siyahısına daxildir. Universitetin çox zəngin kitabxanası var. Burda tələbələr hər hansı problem yaşamır. Elektron kitabxanaya hər kəs baş vura bilir. Universitetin kitabxanası səhər 8- dən axşam saat 10-a kimi açıq olur. Tələbəyə bundan başqa nə lazımdır?
Erciyes Unversitetinin 75 azərbaycanlı tələbə, 20-yə yaxın müəllimi var. Tələbələrin hamısını desəm yalan olar, amma əksəriyyəti ilə görüşürəm. Müəllimlərin hamısı məni yaxşı tanıyır. Burada azərbaycanlı tələbələr iki aydan bir toplaşırıq. Bir-birimizə yardımçı olmağa çalışırıq. Azərbaycanla bağlı tədbirlərdə bir oluruq. Qısa bir müddətdə AZErderin Kayseride qız təmsilçisi oldum. Daha sonra dərs ağırlığı ilə bağlı təmsilçilikdən uzaqlaşmalı oldum. Hazırda Yabancı Uyruklu tələbələrin qız təmsilçisiyəm.
-Azərbaycanlı tələbə olaraq orada ölkəmizin tanıdılması istiqamətində hansı addımlar atırsınız? Azərbaycanlı tələbələr öz təhsili ilə fərqlənə bilirlərmi?
- Ölkəmizin tanınmasına ehtiyac olmasa da amma biz tələbələr yenə də önəmli günlərimizdə gözəl proqramlarla müəllim və tələbələrin qarşısına çıxırıq. 2014-cü ildə univesitetimizdə müəllimlərimlə birlikdə “Qarabağ gecəsi” hazırladıq. Fərqli ölkələrdən olan tələbələr Azərbaycan dilində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin qarşısında şeirlər söylədilər. Xocalı faciəsinin 22-ci ildönümündə dostlarımızla birlikdə millət vəkili Aydın Mirzəzadəni dəvət etdik. Gözəl bir konfrans oldu. Hazırda 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı gözəl bir gecə hazırlayırıq. Görək necə olacaq...
- Azərbaycanlı tələbələr öz təhsili ilə fərqlənə bilirlərmi?
- Azərbaycanlı tələbələr yaxşı oxumağa çalışırlar. Hər fakültədə demək olar ki, azərbaycanlı tələbə var. 2013-cü ildə məzun olan xarici tələbələr içində azərbaycanlı tələbə birinci oldu. Bu, bizim üçün uğurdur. Nə qədər fərqləndiyimizi biz yox, müəllimlərimiz deyə bilər.
-Dövlətin gənclər siyasəti, onlara göstərilən diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
-Bəli, dövlətimiz gənclər üçün imkanlar yaradır, ancaq daha çox olursa daha yaxşı olar. Çünki gənclərimizin xaricdə hər zamandan çox diqqət və qayğıya ehtiyac var.
-Hazırda təhsilinizi davam etdirirsiniz. Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz?
- Gələcəyə planlarım çoxdur. Avropa və Amerikada təhsilimi davam etdirmək istəyirəm. Görək həyat nə göstərir. Bir qadın olaraq Hüquq fakültəsində oxumaq və davam etdirmək çox qürurvericidir və eyni zamanda çətindir. Amma olsun, mən çətinlikləri sevirəm. Çətinliklə əldə etdiyin hər şeyin insan qədrini daha çox bilir. Qarşıma qoyduğum əsas məsələlərdən biri ölkəyə döndükdə sosioloji layihələrdə çalışmaqdır. Xüsusilə qız uşaqlarının oxumasını və onları erkən nikahdan yayındırmaqdır. Çünki bir qız uşağının oxuması, bir ailənin qazanması deməkdir. Hansı ölkə olursa-olsun, ölkəm və millətim üçün işlər görmək istəyirəm.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Mən nə qədər də hüquqçu olsam da ədəbiyyata marağım çoxdur. Bir çox şeir gecəsində şeir oxumuşam. Buna misal olaraq Nurullah Gənc və Hilmi Yavuzun şeir gecələrini misal gətirə bilərəm. Türkiyənin bir çox şəhərlərində “erməni soyqırımı”yla bağlı konfranslara qatılmışam. 2013-cü ildə Türkiyənin Burdur şəhərində Mehmet Ersoy Unversitetində azərbaycanlı millət vəkili Musa Qasımlı və digər professorların iştirakı ilə konfransda iştirak etmişəm. Boş zamanımda həyat yoldaşımla Türkiyənin fərqli şəhərlərinə gəzməyə gedirik. Zamanımız varkən Türkiyəni yaşayaraq tanımaq istəyirik.
-Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?
- Gənclərin ölkəmizə ən böyük töhfələri dərslərini oxumaqdır. Fərqli dillər öyrənmək və olduqları ölkənin mədəniyyətini və inkişaflarını öyrənmələri müasir Azərbaycanımız üçün faydalı olar. Ən əsası Vətənimizi sevmək lazımdır. Bir gənc torpağını, millətini sevərsə o ölkəyə zərər yox, xeyir gələr. Hər şeyin başlanğıcı sevgidir.
-Sizin təhsil aldığınız sahə nə dərəcədə önəmlidir. Sizcə, bu sahədə çalışmaqla ölkəmizə hansı töhfələr verə bilərsiniz?
- Hər bir demokratik ölkənin mənbəyi hüquqdur. Qanunlar olmasa, o ölkənin vəziyyəti necə olar? Ölkədə xaos baş alıb gedər. Buna görə də biz gənclər öz haqq və hüquqlarımızı bilməliyik. Mən demirəm ki, hər kəs hüquqşünas olsun, yox. Amma ölkəmizin hüquqşünaslara çox ehtiyacı var. Mənim də bir hüquqşünas olaraq Azərbaycan hüququnu dünya hüquq arenasına çıxarmaq niyyətim var.
-Bəzən qadınlar üçün bu ixtisasın çətin olduğunu deyirlər. Sizin üçün bu sahədə çalışmaq çətin deyilmi?
- Bu tip düşüncəyə hörmət etmirəm. Qadın yalnız həkim və müəllim olmaq üçün yaranmayıb. Heç bilirsiniz Türkiyədə nə qədər hakim və prokuror qadın var? Ağlınıza gəlməyəcək qədər çoxdur. Mən heç vəkilləri demirəm. Qadın- kişi ayrımı etməyi sevmirəm. Məncə bu insandan asılıdır. Mənim ailəm hər zaman arxamda olublar. Mən iki bacımdan fərqləndim. İstəyimi biləndə məndən çox sevindilər. 21-ci əsrdə bu tip düşüncələrin var olmasına çox təəssüflənirəm. Qadın memar, mühəndis, arxeoloq olmaq istəyirsə olsun, bu həyat onlarındı və arzularının arxasınca getsinlər.
- Yaşadığınız ölkə, şəhər sizdə hansı təəssüratlar oyadıb? Hansı görməli yerləri, abidələri, mədəniyyət ocaqları var?
- Türkiyə bir başqa ölkədir. Burda yaşayan bunu bilər. Amma onu deyə bilərəm ki, televiziyadan göründüyü kimi deyil. Hər tərəfi bir başqadır. Mənim yaşadığım şəhər- Kayseri Türkiyənin 7-ci böyük şəhəri siyahısına daxildir. Erciyes dağının ətəyində yerləşir. Bizim şəhər daha çox iqtisadi şəhərdir. Ticarətin mərkəzi sayılır. Şəhərdə 4 ali məktəb var. Cümhuriyyətin ilk zamanlarında Kayserini paytaxt olaraq təklif ediblər, amma sonradan Mustafa Kamal Atatürk Ankaranı paytaxt elan edib. Kayserinin əvvəllər adı Qeysəriyə olub, amma zamanla Kayseri olub. Qədim şəhərdir, Səlcuqluya aid çox az tarixi yerləri qalıb. Məşhur Memar Sinan bu şəhərdəndi. Bu şəhərdən olmasına baxmayaraq yalnız 1 məscid inşa edib.
- Tələbə yoldaşlarınızı Bakıya dəvət etmisinizmi, onların Azərbaycanla bağlı təəssüratları necədir?
- Mən dünyanın fərqli ölkələrində olan tələbələrlə təhsil alıram. Azərbaycan haqqında, inanın ki, eşitməyən tələbələr vardı. İlk vaxtlar bundan sonra məyus olsam da sonralar sevindim. Çünki tam doğru məlumatı mənim vasitəmlə öyrəndilər. Çünki dəqiq məlumat çatdırmaq çox önəmlidir. Bir də özünü sevdirmək çox önəmlidir. Səni sevdilərsə, səni yaxşı anlamda tanıdılarsa, ölkən də o cür tanınır. Yenə deyirəm, ölkədən çıxdınsa fərd olmaqdan çıxıb kiçik bir dövlət olursan. Bəlkə yaxınlarda Bakımıza bir tur təşkil etdik.
-Təhsil aldığınız ali təhsil ocağının hansı üstünlükləri var?
- Erciyes Unversitetində təhsilin səviyyəsi çox gözəldir. Avropa təhsilindən heç seçilmir. Kitabxanası qeyd etdiyim kimi zəngindir. İldə 4 dəfə imtahan var. Tələbələr oxumaqla məşğuldur. Sosial layihələr çox olur. Tələbə oturmur. Burada tələbə olmaqla Azərbaycanda tələbə olmaq arasında böyük fərq var. O ki qaldı bizlərə qarşı münasibətə. O tələbənin oxumağından, mədəniyyətindən çox şey asılıdır. Hörmət edirsənsə, hörmət görürsən. 20-30 min tələbənin içində nə dərəcədə fərqləndiyimizi mən deyə bilmirəm. Bu haqda məlumatı heç vaxt tələbə işləriylə məşğul olanlardan soruşmamışam. Amma onu deyə bilərəm ki, oxuyurlar, çünki başqa imkanları yoxdur. Oxumaq tək çıxış yollarıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info