Azərbaycanlı tələbə kəşfinə görə Britaniya universitetinin fəxrinə çevrilib
Tarix: 29.12.2014 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Tərlan Süleymanov: “Şeffild Universitetini bitirdikdən sonra Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq istəyirəm”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın qonağı digər ölkələrdən olan həmyaşıdları arasında yüksək intellektual səviyyəsi ilə seçilən Tərlan Süleymanovdur.
Fəxrimiz sayılan tələbəmizlə olan müsahibəni oxuculara təqdim edirik:


-Özünüz barədə məlumat verərdiniz.

-Mən - Tərlan Süleymanov 1993-cü il avqustun 1-də Göyçay şəhərində anadan olmuşam. İlk təhsilimə Göyçay şəhər 3 nömrəli tam orta məktəbdə başlamışam. 7-ci sinfə qədər rus bölməsində təhsil aldım, daha sonra 2005-ci ildə imtahan verərək yüksək balla Ağdaş Özəl Türk Liseyinə qəbul oldum. 11-ci sinfi Bakı Özəl Türk Liseyində Dərəcə Qrupunda oxudum. Ağdaş Liseyindən məzun olduqdan sonra 2010-cu ildə ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Qafqaz Universitetinin ingilisdilli Kompüter mühəndisliyi fakültəsinə qəbul oldum. Göstərdiyim nəticəyə görə dövlət başçısı İlham Əliyevin 8 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüm. Qafqaz Universitetinin I kursunu əla qiymətlərlə başa vurduqdan sonra Böyük Britaniyanın Şeffild Universitetinin Kompüter elmləri fakültəsinə qəbul oldum.
-Şeffild Universitetinə qəbul olmağınız yəqin əsas arzularınızdan biri olub...
- Liseydə oxuduğum müddətdə xaricdə təhsil almağı həmişə arzulamışam. Eyni zamanda qardaşım Həbib Süleymanov 2009-cu ildən Şeffild Universitetinin Kimya mühəndisliyi fakültəsində təhsil alırdı. Onun İngiltərədə təhsil alması mənim xaricdə təhsil almaq istəyimi daha da artırdı və Şeffild Universitetini yaxından tanımağıma səbəb oldu.
-Bir qədər də bu ali təhsil ocağı haqqında söz açardınız.
-Şeffild Universiteti həm dünyada, həm də İngiltərədə ən nüfuzlu təhsil ocaqlarından biridir. Şeffild şəhərindəki iki universitetdən biri olan bu ali təhsil ocağı 1905-ci ildə universitet statusu alıb və 2011-ci ildə “Times Higher Education” (THE) tərəfindən ilin universiteti seçilib. Şeffild şəhərinə gəldikdə isə Avropanın ən yaşıl şəhəri və Böyük Britaniyanın ən təhlükəsiz və xoşbəxt şəhəri seçilib. Universitetin Tələbə Birliyi ardıcıl bir neçə ildir ki, ölkədə birinci yer tutmaqdadır. Təhsil aldığım Kompüter Elmləri Departamenti 2014-cü ildə “Research Excellence Framework”a əsasən ilk beşlikdə yer alıb. Ümumiyyətlə, Şeffild Universitetindəki təhsil səviyyəsi məni qane edir. Belə ki, universitetdə nəzəri biliklərlə yanaşı tələbələrin praktik bilikləri öyrənməsinə çox əhəmiyyət verilir. Müxtəlif fənlərdən həm fərdi, həm də qrup şəklində layihələr həyata keçirilir. Müəllimlər dərslərdə əsasən hər hansı bir mövzu üzrə təməl bilikləri öyrədirlər və tələbələrdən həmin mövzu üzrə geniş araşdırma apararaq dərindən öyrənməyi və tətbiq etməyi tələb edirlər. Beləliklə, tələbələr həm mövzunu geniş bir şəkildə öyrənmiş olurlar, həm müstəqil araşdırma aparmağı öyrənirlər, həm də “öyrənməyi öyrənirlər” (learning how to learn). Bir proqramçı olaraq “öyrənməyi öyrənmək” mənim üçün çox əhəmiyyətlidir. Belə ki, hər hansı bir texnologiyanı mükəmməl bilmək yaxşı mütəxəssis olmaq üçün kifayət deyil. Çünki texnologiya sürətlə inkişaf etdiyinə görə bu gün çox istifadə olunan bir texnologiyanın yerini 1-2 il sonra yenisi əvəz edə bilər. Zamanla ayaqlaşmaq üçün daim yeni texnologiyaları öyrənmək mütləqdir.
- Bildiyim qədərilə gənc olmağınıza baxmayaraq, bir sıra uğurlarınız olub. Onlar haqda da oxuculara ətraflı danışardınız.
- Daha öncə də qeyd etdiyim kimi, ilk əhəmiyyətli uğurum Ağdaş Liseyinə qəbul olmağım oldu. Liseyi bitirdikdən sonra TQDK imtahanından 690 bal toplayıb və Prezident Təqaüdünə layiq görülməyim də əhəmiyyətli uğurdur. Qafqaz Universitetində təhsil aldığım müddətdə göstərdiyim nəticələrə görə fakültə tərəfindən təqaüdə layiq görüldüm. 2011-ci ildə Şeffild Universitetinə qəbul olduqdan sonra Dövlət Proqramının seçmələrindən müvəffəqiyyətlə keçərək xaricdə təhsil almaq imkanını əldə etdim. Şeffilddə təhsil aldığım müddətdə əldə etdiyim əhəmiyyətli uğurlarımdan biri universitetin ən yaxşı innovativ layihəsinin qalibi seçilməyimdir. Şeffilddə təhsilimin 3-cü ilində fərdi dissertasiya layihəsinə görə "The Floow" şirkəti tərəfindən "Ən innovativ layihə" (The Most Innovative Project) mükafatına layiq görüldüm. İngilis dilində "Animating `Zeno` the RoboKind Humanoid Robot: Navigationin a Mobile Environment" (qısaca Səyyar Mühitdə Naviqasiya) adlandırılan layihənin ideyası mənə məxsus idi. Şeffild Universitetinin professoru Roger Moorenun rəhbərliyi ilə həyata keçirilən layihədə "Zeno R50 RoboKind" robotundan istifadə etmişdim. Layihənin əsas məqsədi tamamilə öz-özünə (fully autonomous) hərəkət edən sistemlərin əsas problemlərindən biri olan naviqasiya problemini həll etmək olub. Tədqiqat işi həmçinin robotlar və süni intellekt sahələri üzrə bir neçə əhəmiyyətli mövzunu əhatə edib.
Əldə etdiyim bu uğur universitet tərəfindən bu sözlərlə qeyd olundu: "Biz mükafatı təkcə öz innovasiyalarımıza görə yox, həm də yeni istedad və ideyalara veririk. Şeffild Universitetinin "Ən yaxşı innovasiya layihəsi" üzrə mükafat İnformatika fakültəsinin tələbəsi Tərlan Süleymanova təqdim olunur. Biz Tərlana kiçik bir robot verərək onun süni intellektini tədqiq etməyi təklif etdik. Lakin o, tipik həll variantını seçmək əvəzinə, daha çətin həll variantına üstünlük verərək robotun xarici müdaxilə olmadan nəqliyyat vasitəsi ilə müstəqil idarə olunması imkanlarını araşdırmağa qərar verib". Üzərində çalışdığım layihə robota dolayısı ilə nəqliyyat vasitələrinin məhdud məkan daxilində hərəkətini idarə etməyə imkan verir. "Kompüter həlli və süni intellektə əsaslanan bu tədqiqat işi ən çətin problem və innovasiyadır. Buna görə də biz düşündük ki, Tərlanın işi "Ən yaxşı innovativ layihə" olmağa layiqdir. Beləliklə də biz Tərlanı təbrik edirik. Biz sizin işinizdən böyük təəssüratla ayrılırıq, Tərlan! Sizin innovasiya və istedadınızın gələcəkdə də özünü göstərəcəyi günü gözləyirik",- deyə Şeffild Universitetindən verilən açıqlamada qeyd olunub.
Layihəni bitirdikdən sonra robotlar sahəsi üzrə daha geniş biliklərə sahib olmaq üçün Şeffild Universitetinin Robotlar Mərkəzində (Sheffield Centre for Robotics) yay təcrübəsi keçmişəm. Təcrübə müddətində yeni robotların quraşdırılması, bacarıq və məhdudiyyətlərinin müəyyən edilməsi, istifadə qaydalarının hazırlanması və demo proyektlərin həyata keçirilməsi ilə məşğul olmuşam. Əlavə olaraq Zeno R50, Zeno R25 və NAO insanvari robotları Şeffild şəhərində keçirilən "Beyin Festivalı" (Festival of the Mind) çərçivəsində "Robotların yeni erası: interaktiv sərgi" üçün (The New Age of Robotics: Interactive Exhibition) nümayişə hazırlamışam. Seffild Universitetində keçirilən seminarlarda ("Skills forSuccess Programme") iştirakıma və "Engineering: YouTre Hired" həftəsi ərzində ən yaxsı layihəyə görə ali məktəb tərəfindən təltif olunmuşam.
-Doğrudan da fəxr olunası gəncimizsiniz. Bəs belə bir gənc ictimai işlərdə necə, aktivlik göstərirmi?
-Dərslərimlə bərabər Azərbaycanın tarixinin, adət-ənənələrinin, mətbəxinin və sairin əcnəbilərə tanıdılması üçün müxtəlif tədbirlərdə iştirak edirəm. Bu yöndə əsas fəaliyyətim universitetimizdə yaradılmış Şeffild Azərbaycan Cəmiyyətində aktiv rol almağımdır. Şeffildə ilk dəfə gələndə, Cəmiyyətimizdə İT meneceri idim, hazırda isə vitse prezident olaraq fəaliyyət göstərirəm. Burada hər il müxtəlif tədbirlər həyata keçiririk. Misal olaraq Novruz festivalını qeyd edə bilərəm. Festivalda Azərbaycan mahnıları və rəqsləri ilə bərabər mətbəximiz, milli geyimlərimiz, Azərbaycan haqqında ümumi biliklər və ölkəmizdə həyata keçirilən yeniliklər əcnəbi tələbələrə təqdim olunur. “Xocalıya Ədalət” kampaniyası da hər il keçirilən əhəmiyyətli tədbirlərdən biridir. Əcnəbilərə Xocalıda baş verənlər haqqında ətraflı məlumat çatdırılır. Bununla bərabər, daha geniş kütləyə xitab etmək üçün videoçarx hazırlanır. Kompüter elmləri ixtisası oxuyan bir tələbə olaraq videonun çəkilməsi və redaktə edilməsi mənim üzərimə düşür. Önəmli tədbirlərimizdən biri də Şeffild Tələbələr Birliyinin həyata keçirdiyi Dünya Həftəsində iştirak etməyimizdir. Bir həftə boyunca biz parad, dil festivalı və milli sərgi kimi tədbirlərdə iştirak edirik. Bu ilin noyabrında baş tutan Dünya Həftəsində Azərbaycan dili müəllimi olaraq qatıldım və bizə ayrılan vaxt ərzində yerli və əcnəbi tələbələrə Azərbaycan dili haqqında məlumat verməklə bərabər, eyni zamanda Azərbaycan haqqında maraqlı faktlar, Azərbaycanın zəngin mədəniyyəti və tarixinə aid məlumatlar, iqtisadi, siyasi, elmi, idman və digər sahələrdə əldə olunan nailiyyətlər və ölkəmizdə baş tutacaq Avropa Oyunları və Avropa çempionatı barədə məlumat çatdırdıq.
-Sizinlə bərabər digər azərbaycanlı tələbələr də aktivlik göstərirlərmi?
-Ümumiyyətlə azərbaycanlı tələbələrin böyük əksəriyyəti diaspora fəaliyyətlərində daim aktiv olmağa çalışırlar. Xaricdə təhsil proqramının ilk illərində azərbaycanlı tələbələrin sayı az idi. Buna baxmayaraq Şeffild şəhərində Azərbaycan cəmiyyətinin təsis edilməsinə müvəffəq olundu və ilk tədbirlər təşkil edildi. Növbəti illərdə həm azərbaycanlı tələbələrin sayının artması ilə, həmçinin toplanan təcrübə əsasında cəmiyyətin tədbirləri daha professional xarakter daşımağa başladı və daha çox əcnəbi qonaq cəlb etməyə müvəffəq oldu. Hazırda əvvəldə də qeyd olunduğu kimi, cəmiyyətimiz Azərbaycan mədəniyyətinin, adət-ənələrinin, idmanının və dilinin təbliğində, ən əsası da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır və bunları həyata keçirərkən Azərbaycanın Britaniyadakı səfirliyi, ARDNŞ, Şeffild Universiteti Tələbə Birliyi və digər tələbə təşkilatları, Şeffild Universiteti Beynəlxalq Əlaqələr Ofisi və İngiltərədə yaşayan həmvətənlərimizlə əməkdaşlıq edilir.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Son bir neçə ildə əsasən Azərbaycandan kənarda olduğuma görə Azərbaycan gəncliyinin hazırkı durumunu xarakterizə etmək üçün xaricdə təhsil alan gənclərimizi nümunə göstərərdim. Bu gənclərə nəzər yetirdikdə ümumi vəziyyətin ürəkaçan olduğunu qeyd etmək olar. Belə gənclərimiz dünyagörüşü ilə bərabər öz oxuduqları sahələrinin mütəxəssisləri olaraq yetişirlər və onların bu səviyyədə olmaları Azərbaycanın gələcəyi üçün çox ümidvericidir.
- Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları da çoxalıb, bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Belə tələbələrdən biri də mənəm. Belə ki, Şeffild Universitetində təhsilimi məhz "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində alıram. Bu kimi proqramların həyata keçirilməsinin çox vacib olduğunu düşünürəm. Ölkəmizin daha da inkişaf etməsi üçün dünyanın öndə gedən universitetlərinin bilik və təcrübələrindən istifadə etmək lazımdır. Xaricdə təhsil alan gənclərimiz bu biliklərə yiyələnirlər və geri dönəndə öyrəndikləri təcrübələri Azərbaycanda həyata keçirirlər.
-Ümumilikdə ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
-Müstəqillik əldə etdiyimizdən bu günə qədər Azərbaycanda gənclərimizin inkişafı üçün yeni təhsil ocaqları, məktəblər, hazırlıq kursları, universitetlər və s. yaradılıb. Bütün bunlar təhsilin gənclərimiz üçün necə əhəmiyyətli olduğunun bir göstəricisidir, çünki qloballaşan dünyada gənclərimiz, özlərinə layıq yeri tutmaları üçün daim özlərini inkişaf etdirmələri və gələcəyə inamla addımlamalıdırlar. Bu məqsədə çatmaq üçün beynəlxalq təcrübələrin gənclərimiz tərəfindən mənimsənilməsi və ölkəmizdə tətbiq olunması üçün dövlət proqramının və ARDNŞ-nın xaricdə təhsil proqramının böyük rolu vardır.
-Gələcək planlarınız barədə də söz açardınız...
-Şeffild Universitetini bitirdikdən sonra Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq istəyirəm. Bunun üçün də öncə nüfuzlu universitetlərin birində doktorantura təhsili almaq arzusundayam. Gələcəkdə arzum öz sahəmdə ekspert olmaq və elmə yeni ideyalar gətirməklə vətənimə xidmət etməkdir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info