Turizm biznesində insan amili həlledici rol oynayır
Tarix: 29.12.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Cəfər Cəfərov: “Turizm və Menecment Universitetinin
yaradılması o deməkdir ki, turizm aparıcı sahə olmaqla yanaşı,
idarəetmənin başqa sahələrində də kadr
hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur”


Bu günlərdə Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti yaradılması barədə sərəncam imzalayıb. Sərəncamdan irəli gələn işlər, bu qərarın Azərbaycanda turizmin inkişafına verəcəyi töhfə ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyi və müəllim heyətinin fikirlərini öyrəndik:

“Kadr hazırlığının təkmilləşdirilməsi sərəncamdan irəli gələn əsas məsələdir”

Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərovun fikrincə, bu sənədlə ölkə Prezidenti Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrini ortaya qoyub: “Sərəncam iqtisadiyyatın vacib sahəsi olan turizmin inkişafına dövlət tərəfindən nə dərəcədə diqqət göstərildiyini bir daha göstərir. Bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi sərəncamdan irəli gələn əsas məsələdir. Bu, ilk növbədə, Azərbaycan təhsilində artıq mövcud olan strukturun yeni bir mərhələyə çıxması deməkdir. Eyni zamanda qeyd etmək istəyirəm ki, yeni universitet spesifik bir tədris ocağı olacaq. ATİ-nin kollektivinin daha çox işlər görmək imkanı, potensialı və arzusu vardı. Mövcud maddi-texniki baza bu istəklərimizin həyata keçməsinə tam imkan vermirdi. Sərəncamda nəzərdə tutulan işlərin reallaşması Azərbaycan iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaq üçün böyük imkanlar açacaq. Digər tərəfdən, məsələ yalnız turizmlə məhdudlaşmır. Turizm və Menecment Universitetinin yaradılması o deməkdir ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin başqa sahələrində də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur. Ümumi götürsək, bu universitetdə təhsilin bütün mərhələləri üzrə turizm və menecment üzrə kadrlar hazırlanacaq. Yenilik fəaliyyət dairəsini genişləndirəcək. Açığını deyim ki, ATİ mövcud baza çərçivəsində olan mümkün həddə qədər gəlib çatmışdı, bundan sonrakı inkişafdan ötrü əlavə nəfəsə ehtiyac duyulurdu. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində möhtərəm Prezidentin belə bir sərəncam imzalaması bizi sevindirməklə yanaşı, üzərimizə böyük məsuliyyət qoyur. Bu, böyük bir etimaddır və onu doğrultmaq üçün artıq qüvvələr səfərbər olunur”.
Rektorun sözlərinə görə, ATİ-nin mövcud bazası qəbul planını artırmağa imkan vermirdi: “Sərəncamda təhsil ocağının maddi-texniki bazasının genişləndirilməsi, müvafiq tədris şəhərciyinin yaradılması nəzərdə tutulur. Bu, neçə illərdir bizim ürəyimizdə olan arzuların reallaşması deməkdir. Tədris şəhərciyində müasir təlim hoteli və restoranı, tələbə yataqxanaları, müəllimlər üçün lojmanlar və s. yaradılacaq. ATİ Bakı Turizm və İdman Kollecinin maddi-texniki bazası əsasında yaradılmışdı. Bir əsasda 9 il ərzində ölkədə inkişaf etməkdə olan turizm sahəsi üçün zəruri kadr ehtiyaclarını ödəməyə çalışmışıq. Bundan sonra bizi daha geniş fəaliyyət gözləyir”. C.Cəfərov qeyd edir ki, Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti yekunda turizm əmək bazarında yeni keyfiyyətli kadrların ortaya çıxması imkanını yaradacaq: “Bu isə öz növbəsində rəqabət mühiti, o da daha keyfiyyətli xidmətin təqdim olunması üçün şərait yaradacaq. Əmək bazarında bolluq, turizmin ümumi inkişafına müsbət təsir edəcək. Bu, uzunmüddətli bir prosesdir, nəticələrin də ölkəmizin gələcəyi üçün faydalı olacağına inanıram”.

Bahadur Bilalov:“Yeni dərs ilindən universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına start veriləcək”
Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov isə bildirdi ki, bu sərəncamla Prezidentimiz Turizm İnstitutunun kollektivinə möhtəşəm bir Yeni il hədiyyəsi bəxş etdi: “Məlum olduğu kimi, Azərbaycan Turizm İnstitutu ölkə Prezidentinin təşəbbüsü və 25 avqust 2005-ci il tarixində imzaladığı 972 saylı Sərəncama əsasən yaradılıb. 2006-cı ildə 200 tələbə, 3 ixtisas, bir fakültə və iki kafedra ilə fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu bu gün 3 fakültə, 10 kafedra, bakalavr səviyyəsində 11 ixtisas üzrə 1527 tələbə ilə yoluna davam edir. Bundan başqa, magistraturada 146, doktoranturada 55, ikinci ali təhsildə 27, həmçinin Turizm İnstitutunun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird biliklərə yiyələnir. Keçən dövr ərzində ATİ ölkə təhsil məkanında məzunlarına ikili diplom verən yeganə təhsil müəssisəsi olub. Belə ki, Avstriyanın “İMC Krems” Universiteti ilə əməkdaşlıq müqaviləsinə uyğun olaraq ATİ məzunlarının bir qrupu eyni zamanda qeyd olunan universiteti bitirmələri haqqında diplomlar almışlar. ATİ-nin Turizm və Menecment Universitetinə çevrilməsi haqqında sərəncam imzalamaqla möhtərəm Prezidentimiz bir tərəfdən kollektivimizə olan inamını ifadə edib, digər tərəfdən isə qarşımızda yeni vəzifələr qoyub”. B.Bilalovun sözlərinə görə, danılmaz faktdır ki, ölkə həyatının hər bir sahəsində sürətli inkişaf gedir: “Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan turizmi özünün çiçəklənmə dövrünü yaşayır desək yanılmarıq. Qısa bir zaman kəsiyində ölkədə fəaliyyət göstərən mehmanxana və bu tipli gecələmə yerlərinin sayı artıb, bu gün birdəfəlik yataq yerlərinin sayı 34 mini keçib. Gündən-günə bunların sayı sürətlə artmaqdadır. Bu gün nəinki paytaxtımız Bakıda, eyni zamanda bölgələrimizdə dünyanın nəhəng mehmanxana şəbəkələrinə aid olan gecələmə yerləri fəaliyyət göstərir. Təbii ki, bütün bunlar sevindirici haldır. Eyni zamanda belə müəssisələrdə işləyəcək peşəkar kadrlara olan ehtiyaclar da sürətlə artır. Turizm biznesi o sahələrdəndir ki, avtomatlaşmaya az məruz qalmış və burada insan amili həlledici rol oynayır. Bu sahədə çalışanlar müasir texnologiyalardan baş çıxarmalı, çevik qərarlar qəbul edə bilməlidirlər. Bu da məlum faktdır ki, hazırda ölkəmizin turizm sektorunda çoxlu sayda əcnəbilər çalışır. Yuxarıda qeyd etdiyim şəbəkələrə daxil olan mehmanxanaların idarəedicilərinin demək olar ki, hamısı qeyri-azərbaycanlılardır. Bu hal digər xidmət sahələrində də belədir. Bir azərbaycanlı kimi çox istərdim ki, ölkəmizdə fəaliyyət göstərən “Şeroton”, “Hilton”, “Mariott” və digər şəbəkələrə daxil mehmanxanaların Baş menecerləri məhz yerli kadrlar olsun. Fikrimcə, Turizm və Menecment Universiteti olaraq mövcud ixtisaslarda kadr hazırlamaqla yanaşı, qarşımızda ekskursiya rəhbərləri, restoran, əyləncə mərkəzləri, nəqliyyat xidməti və digər xidmət sahələri üzrə peşəkar menecerlərin hazırlığı perspektivləri açılır. Yəqin ki, yeni dərs ilindən universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına start veriləcək”.
Kafedra müdiri onu da qeyd etdi ki, qısa müddətdə uğurlara imza atılmasına baxmayaraq bəzi çətinliklər də mövcuddur ki, bunlardan ən önəmlisi ATİ-nin yerləşdiyi mövcud binanın günün tələblərinə cavab verməməsidir: “Prezidentimizin sərəncamında bu məsələ də öz həllini tapıb. Belə ki, Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılıb. Hesab edirəm ki, ən qısa müddətdə ATMU fəaliyyətini öz şəhərciyində davam etdirəcək, beynəlxalq xidmət təcrübələrinə yiyələnmiş kadrlar hazırlamaqla ölkə rəhbərinin ümidlərini doğruldacaq”.

Vüsalə Məmmədzadə: “Yeni universitet turizm və menecment
sahəsində regionun öncül mərkəzi olacaq”


Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Vüsalə Məmmədzadə bildirdi ki, Azərbaycan beynəlxalq cəmiyyətə sürətlə inteqrasiya edir və bununla yanaşı, öz milli koloritini və unikallığını da qoruyub saxlamağa bacarır ki, bu da turizm biznesinin inkişafı üçün çox əhəmiyyətlidir: “Turizmə yönəldilən investisiya qısa müddət ərzində gəlir əldə etməyə imkan verir və turizmin inkişafı kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət və digər xidmət sahələrinə də stimullaşdırıcı təsir göstərir. Biz bu istiqamətdə azərbaycanlı mütəxəssislərin təhsil inkişafına böyük ehtiyac yaranır. Dövlət başçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Mədəniyyət və Turizm Nazirliyini tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılması barədə sərəncam verib. Bu sərəncam Azərbaycanda turizm sahəsində kadr hazırlığının yeni tələblər əsasında təşkil olunmasına şərait yaradacaq. Ona görə də ölkə Prezidenti belə zərurəti nəzərə alaraq, kadr hazırlığının daha geniş miqyasda həyata keçirilməsi üçün yeni universitetin yaradılması barədə sərəncamını yüksək qiymətləndirirəm”.
V.Məmmədzadə onu da qeyd etdi ki, turizm xidmətlərinin səviyyəsini yüksəltməkdən ötrü savadlı, peşəkar kadrlara daha çox ehtiyac var: “Hesablamalar göstərir ki, 2023-cü il üçün turizm təhsili sahəsində müxtəlif peşələr üzrə 75600 nəfər tələb olunacaq ki, bu da indiki rəqəmlərdən 8,3 dəfə çoxdur. Bunun üçün də kadr hazırlığı üçün ilə bağlı daha geniş imkanları olan təhsil müəssisəsinə zərurəti Prezident sərəncamı imzalamaqla yaratdı. Hazırda turizm sahəsinin inkişafı üçün dövlət proqramları hazırlanır. Bu proqramlara əsasən, ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq. Orada isə mütləq ali təhsilli peşəkar kadrlara ehtiyac yaranacaq. Azərbaycan Turizm və Menecment Universiteti isə məhz bu missiyanı yerinə yetirəcək-ölkədə peşəkar və ali təhsilli kadrlar yetişdirmək.
Azərbaycan Turizm və Menecment Universitetin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi bu sahədə bir çox uğurlara imza atacaq. Yeni mütəxəssis hazırlanması prosesi daha da genişləndiriləcək. Ümid edirəm ki, yeni universitet turizm və menecment sahəsində kadr hazırlanmasına görə təkcə Azərbaycanın yox, bütün regionun öncül təhsil, təlim və tədqiqat mərkəzi olacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info