“Beynəlxalq sərgilərdə ölkəni təmsil etmək rəssam üçün şərəfdir”
Tarix: 08.01.2015 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Könül İsmayılova: “İstanbulda və Azərbaycanda fərdi sərgimin açılmasını təklif ediblər. İnşallah, bu il öz işlərimi bir neçə beynəlxalq festivalda, Sankt-Peterburqda, Brüsseldə və Slovakiyada təqdim
edəcəyəm”


Ölkəmizdə həyata keçirilən gənclər siyasəti onların fiziki-mənəvi baxımdan sağlam nəsil kimi yetişdirilməsinə xidmət edir. Müxtəlif sahələrdə həyata keçirilən tədbirlər gənclərin tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha dərindən mənimsəməyə imkan verir. Bu gün gənclər idman yarışlarında çıxış edir, muğam müsabiqələrində iştirak edir, müxtəlif rəsm sərgilərində öz əsərlərini təqdim edirlər. Bununla da belə müsabiqələrdə, yarışlarda iştirak etməsi gənclərimizin mənəvi inkişafında mühüm rol oynayır. Müsahibimiz məhz belə gənclərdən biri, rəssam Könül İsmayılovadır:
- Ötən müddət ərzində bir çox tədbirlərdə və sərgilərdə iştirak etmişəm. 30 noyabr 2013-cü ildə Amerika məktəbində mənim işlərim xeyriyyə sərgisində nümayiş etdirildi. 3 dekabrda isə Beynəlxalq Əlillər Gününə həsr edilmiş konfransda iştirak etmişəm. Daha sonra 6 dekabr tarixdə isə işlərim Azərbaycan Diplomatiya Akademiyasında xeyriyyə sərgisində nümayiş etdirildi. 18 dekabrda “Müstəqil həyat” Mərkəzinin iştirakı ilə Britaniya Konsulluğunun konfransında iştirak etdim. 2014-cü il də mənim üçün bir sıra tədbirlər və sərgilərlə yadda qaldı. 7 fevral 2014-cü ildə BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasına paralel hesabatın hazırlanmasında Azərbaycan Karlar Cəmiyyətinin roluna həsr edilmiş konfransda iştirak etmişəm. 10-12 apreldə isə CATEC-2014 Caspian International Aqua Technologies Exhibition and Conference sərgisində iştirak etmişəm. Sərgidə keramika (dulusçuluq) bölməsində mənim diploma layiq görülən “Balıqçılar” adlı rəsm işim təqdim edilmişdi. 18 apreldə “Sərsəng Harayı” adlı sərgidə iştirak etmişəm. Sərgidə mənim diploma layiq görülən “Qurumuş torpaq” adlı rəsm işim təqdim edilmişdi. Sərgi Yevlax və Tərtər bölgələrində, eləcə də Belçikada keçirildi. Həmin tarixdə Şirvanşahlar sarayında baş tutan sərgidə mənim “İçərişəhər” adlı rəsm işim 3-cu yerə layiq görüldü. Sərgi Beynəlxalq Tarixi Abidələr Gününə həsr edilmişdi. 30 apreldə isə “Nar” sərgisində iştirak etmişəm. Sərgidə mənim “Narlar” adlı rəsm işim təqdim edilmişdi. Sərgi Azərbaycan Rəssamlar İttifaqında həyata keçirilirdi. Bundan başqa, “Art Baku” Gənc Rəssamların sərgisində,15 mayda isə Kapelhuase-da keçirilən “Almaniya Rəssamların Gözü ilə” adlı sərgidə iştirak etmişəm. Sərgidə “Kelndə Məscid” adlı rəsm işimi təqdim etmişdim. Rəsm işi diploma layiq görüldü. 22-28 may tarixində Azərbaycan Rəssamlar İttifaqında təşkil olunan “Rəngli düşüncələr” adlı sərgidə, 11 iyunda CATEC-2014 Caspian International Aqua Technologies Exhibition and Conference sərgisində iştirakıma görə təntənəli mükafatlandırma mərasimində iştirak etmişəm. Burada 128 rəssam arasında yalnız 20 rəssam seçilmişdi. 28-30 iyun 2014-cü ildə “Azərbaycan mənzərələri” adlı sərgidə iştirak etmişəm. Sərgi Qusarda bədii qalereyada baş tutmuşdu. Orda mən “Qarabağda Alban Kilsəsi” və “Şirvanşahlar sarayı” adlı iki rəsm işini təqdim etmişdim. 23 avqustda “Works of Young Talents” adlı sərgidə iştirak etmişəm ki, sərgi “Natəvan” bədii qalereyasında keçirilirdi. Orada mənim “Kelndə Məscid”, “Balıqçılar” və “Məşədi İbad” adlı rəsm işlərim təqdim edilərək diploma layiq görüldü. 11-13 sentyabrda ADEX 2014 “SÜLH” 1-ci Azərbaycan Beynəlxalq Müdafiəsi Sənayesi Sərgisində iştirak etmişəm və burada mənim “Dinclik” adlı işim nümayiş etdirildi və diploma layiq görüldü. 13 oktyabrda mən “Fırçaların söhbəti” adlı sərgidə iştirak etmişəm. Həmin sərgidə “Natürmort” və “Qış səhəri” adlı iki işim təqdim edildi və diploma layiq görüldü. 5 noyabrda Dövlət Bayrağı Gününə həsr edilmiş sərgidə mən diploma layiq görüldüm. 25 noyabrda keçirilən “Narkomaniyaya yox deyək” adlı sərgidə mənə diplom təqdim edildi. 6 dekabrda Fireland vineyards-da təşkil edilən “Abşeronun rəngləri” adlı sərgidə “Köhnə küçə”və “İmprovizasiya” adlı iki rəsm işimi təqdim etdim. Bundan başqa, 2014-cü ildə “Uluslararası Aktivist Sanatchilar Birliyi”nə (UASB) üzv oldum. 35-dən çox ölkədə nümayəndəlikləri olan birliyin mərkəzi İzmir şəhərində yerləşir.
- Gənc rəssam kimi hansı sənətkarların əsərlərini dəyərləndirirsiniz və sizin üçün bir məktəb rolunu oynayıb?
- Qeyd etmək istəyirəm ki, mən incəsənətdə impressionizm və postimpressionizm adlı istiqamətlərin böyük pərəstişkarıyam. Buna görə də rəssamların bu üslublarda işlərinə üstünlük verirəm. Bu fırça ustalarının işi məni heyran edir, ovsunlayır və mənə ilham verir. Onlardan Klod və Eduard Mone, Oqyust Renuar, Kamil Pissaro, Beta Morizo, Alfred Sisley, Frederik Bazil, Edqar Deqa, Jeyms Uistler, Kent R.Valis, Anri Matiss, Andre Kon, Leonid Afryomov və digərlərinin adlarını çəkə bilərəm. Əlbəttə ki, Toğrul Nərimanbəyov, Ağəli İbrahimov, Arif Hüseynov, Tahir Salahov, Səttar Bəhlulzadə, Sakit Məmmədov, Vəcihə Səmədova, Vüqar Əli kimi Azərbaycan xalq rəssamlarının işlərinə də rəğbətim var. Bundan başqa, nəinki Azərbaycanda, həm də xarici ölkələrdə məşhur olan müəllimlərimin- Elçin Bünyatovun, Emin Qəhrəmanovun və Zöhrab Cabbarovun da adını xüsusilə qeyd etməliyəm. Mən onların necə işlədiyini, rəsmlərin işlənməsi texnikası və incəliklərini saatlarla zövqlə müşahidə edə bilərəm. Müəllimlərim sarıdan bəxtim çox gətirib. Onlara bir rəssam kimi yaradıcılıq təşəbbüslərimi dəstəklədiklərinə və əməklərinə görə hər zaman minnətdaram.
-Əsərlərinizdə daha çox hansı amillərə üstünlük verirsiniz?
- Mən, əsasən, peyzajlar və natürmortlar çəkirəm. Təbiətimizin, dənizin, köhnə şəhərimizin vurğunuyam. Məni payızın çiskinləyən yağışı və ağacların yarpaqlarını xışıldadan xəfif küləyi, dənizin və şəlalələrin səsi, eləcə də İçərişəhərdə gəzintilər ilhama gətirir. Köhnə evlər və küçələr, Şirvanşahlar sarayı, qala, məscidlər məni heyran edir və rəsm işlərimdə müraciət etdiyim sevimli mövzularımdı. Bundan başqa, mən Avropanın rahat və səliqəli şəhərlərini də çəkməyi sevirəm. Avropa ölkələrinin memarlığı məftunedicidir: sirli qəsrlər, nağıllardakı evlərə bənzər evlər, yaxtaları və qayıqları olan balıqçı körpüləri. Belə rəsmlər çəkəndə sanki keçmişə səyahət edirsən və ya nağıla düşürsən. Mən həm pianino, skripka, gitara ilə ifa edilən klassik musiqinin, həm də sadəcə müasir, lakin romantik mahnıların sədaları altında işləməyi sevirəm.
-Adətən bu sahədə çalışan sənətkarlar istəyirlər ki, öz əsərlərini dünya miqyasında tanıtdırsınlar. Sizin xarici ölkədə sərgiləriniz təşkil olunubmu, yaxud istərdinizmi?
- Əlbəttə, hesab edirəm ki, rəssamların nəinki öz ölkələrində, həm də xaricdə məşhur olmağa can atmaları yaxşı haldır. Beynəlxalq sərgilərdə və festivallarda iştirak etmək, öz ölkənin mədəniyyətini nümayiş etdirmək və başqa ölkələrin mədəniyyəti ilə tanış olmaq həm rəssamın özü, həm də onun təmsil etdiyi ölkə üçün şərəfdir. Mənim işlərimi Moskvada, Polşada və Belçikada beynəlxalq festivallarda nümayiş etdiriblər. Onlardan bəziləri Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəyir. Mənə İstanbulda və Azərbaycanda rəsmlərimdən ibarət fərdi sərgimin açılmasını da təklif ediblər. İnşallah, bu il öz işlərimi bir neçə beynəlxalq festivalda, Sankt-Peterburqda, Brüsseldə və Slovakiyada təqdim edəcəyəm.
- Bu gün gənclərin incəsənətə, o cümlədən rəssamlığa marağını necə qiymətləndirirsiniz?
- Əlbəttə, maraq var, həm də incəsənətin bütün növlərinə. Sevindirici haldır ki, ölkəmizdə istedadlı gənclər çoxdur və dövlətimiz həm sağlam, həm da sağlamlıq imkanları məhdud insanlara həm Azərbaycanda, həm də xaricdə müxtəlif müsabiqələrdə, festivallarda özlərini və yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməyə şərait yaradır.
-Sizcə, bu gün ölkəmizdə rəssamlıq sənətinin inkişafı ilə bağlı problemlər varmı?
- Problemlər həmişə var, məsələn, gənc rəssamların əksəriyyətinin emalatxanası yoxdur. Evdə işləmək imkanı hər zaman olmur. Bu, əlbəttə ki, inkişaf etməyə mane olur. Başqa bir problem isə bahalı materiallar problemidir. Əvvəllər bu problemlərlə Rəssamlar İttifaqı məşğul olurdu, bu qurum rəssamları materiallarla, emalatxanalarla təmin edir, onları ölkələrini təmsil etmək üçün beynəlxalq müsabiqələrə göndərirdi. İndi isə belə deyil. Bu sahədə mövcud problemlər incəsənətə, rəssamlığa mənfi təsir göstərir.
-Gənclərin bu kimi peşələrə marağını artırmaq üçün hansı təkliflər irəli sürmək olar?
- Məncə, gənclərdə incəsənətə maraq oyatmaq üçün mütləq daha geniş şərait yaradılmalıdır. Axı incəsənət əsərləri dövlətin tarixinin ayrılmaz hissəsidir. Rəssamlıq, memarlıq, kino, musiqi, ədəbiyyat - bütün bunlar qalır və öz gözəlliyi ilə məxsus olduğu dövləti əsrlər boyunca mədh edir. Buna görə də dövlət incəsənət xadimləri üçün daha çox şərait yaratmaqla mədəniyyətin inkişafında fəal olaraq iştirak etməli, gənclərə incəsənətə sevgi aşılamalı və onlarda nəinki doğma Vətəndə, həm də onun hüdudlarından kənarda ürəkləri fəth edə biləcək incəsənət əsərləri yaratmaq arzusu oyatmalıdır.
-Siz uşaqlara rəssamlığın sirlərini öyrədirsinizmi?
- Bəli, hərdən sağlamlıq imkanları məhdud uşaqlara dərs keçirəm, böyük məmnuniyyətlə onlara rəssamlığın sirlərini açıram. Mən uşaqları çox sevirəm, rəsm çəkərkən onların necə səy göstərdiklərini müşahidə etməyi çox xoşlayıram, onların yaxşı nəticələrinə onlarla birlikdə sevinirəm.
- Gələcək planlarınız nədir?
- Planlarım çoxdur, onların reallaşması üçün çox işləməliyəm. Hazırda mənim üçün ən əsas iş diplom müdafiəsidir. Allaha yalvarıram ki, fikrilərimi həyata keçirmək üçün mənə imkan versin, axı arzular gerçəkləşməlidir!
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info