“Hollandlar bizim musiqimizə heyran olurlar”
Tarix: 12.01.2015 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Firəngiz Bağırova:“Hollandiyadakı diasporumuzu sıx birləşdirmək üçün tez-tez diasporlararası görüşlər təşkil etmək lazımdır”

Azərbaycanın xaricdə tanınmasında milli musiqimizin böyük rolu var. Bu baxımdan xarici ölkələrdə yaşayan musiqiçilərimiz də fəallıq göstərirlər. Müsahibimiz Firəngiz Bağırova müğənni olaraq Hollandiyada bu missiyanı yerinə yetirir. O, eyni zamanda “Odlar Yurdu” Azərbaycan-Niderland təşkilatının sədridir. Qeyd edək ki, Firəngiz xanım Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1989-cu ildən professional səhnədə muğənni kimi fəaliyyətə başlayıb. Sonralar həvəskar bəstəkər kimi mahnılar yazıb və ifa edib. 1996-cı ildən Hollandiyada yaşayır və musiqi fəaliyyətini davam etdirir.
- Hollandların bizim milli musiqiyə münasibəti necədir?
- Hollandların bizim musiqiyə münasibəti çox müsbətdir. Mən, əsasən, klassik mahnılar ifa edirəm. Dahi bəstəkarımız, klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun, Vasif Adıgözəlovun, Fikrət Əmirovun və başqa görkəmli bəstəkarlarımızın əsərlərini və xalq mahnılarını ifa edərkən, hollandlar sözlərini anlamasalar da, musiqimizi çox gözəl duyur, heyran olurlar. Bəzən mənə deyən olur ki, bizim musiqi insanı nağıllar aləminə aparır...
- Hollandlar əsasən hansı növ musiqiyə üstünlük verirlər. Onların musiqisi ilə bizim musiqinin oxşar və fərqli cəhətləri hansılardır?
-Hollandlar hər bir millətdə olduğu kimi bir çox musiqi janrlarına maraq göstərirlər, amma onların arasında müəyyən insanlar var ki, klassik və kilsə janrlarına üstünluk verirlər, sevirlər, daha çox qulaq asırlar. Musiqi elə bir şeydir ki, orda sərhəd yoxdur, din yoxdur. Musiqi hər bir kəs üçündür. Əlbəttə ki, bizim istər xalq, istər estrada, istərsə də klassik musiqilərimizdə millilik var. Bu, əlbəttə ki, holland musiqisində yoxdur. Elə marağı da oyadan bizim milli musiqimizin ozünəməxsus olan müəyyən səslər və xallarıdır. Misiqidə oxşarlıq odur ki, insanın qəlbini oxşasın. Bu, bizim musiqimizdə var, həmçinin hollandların musiqisində də mövcuddur.
- Siz hazırda bəstəkar kimi hansı əsərlər üzərində işləyirsiz?
-Mən, inşallah, Vətən ugrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr etdiyim bir mahnı uzərində işləyirəm. “Şəhidlər” adlı bu mahnını yeni bitirmişəm. Mahnı hal-hazırda aranjimandadır.
- Azərbaycan musiqisinin Hollandiyada tanınması istiqamətində hansı işlər görürsünüz?
-Azərbaycan musiqisini və mədəniyyətini tanıtmaq üçün çoxsaylı konsertlər, tədbirlər təşkil edilir. Yerli festivallara dəvət alıram, məhz Azərbaycan musiqisini ifa etməmi istəyirlər.
- Siz həm də diaspor təşkilatı sədrisiniz. Diaspor olaraq hansı fəaliyyət göstərirsiz?
-Azərbaycan güclü bir ölkədir. Diasporumuz da son 10 ildə çox işlər görülür, tədbirlər keçirilir. Mənim təşkilatıma gələndə, 2007-ci ildən fəaliyyət göstərir. Müxtəlif layihələr və tədbirlər keçirmişəm. Belə ki, “Sarı gəlin” layihəmdən danışmaq istərdim. O layihə üzərində düz 8 ay işləmişik, yerli holland xoru ilə “Sarı gəlin” xalq mahnımızı Azərbaycan dilində Hollandiyanın müxtəlif şəhərlərində ifa etmişik. Başda hollandlara Azərbaycan dilini və sözlərin mənasını öyrətmək kimi bir məqsəd durmuşdu, onu keçəndən sonra milli musiqimizin xüsusi səslərini və xallarını holland musiqiçilərə çatdırmaq idi. Layihə çox uğurlu keçdi. Ötən il may ayında bu mahnını İsveçrədə Vallda şəhərinin yerli xoruyla da ifa etdik.
Bir başqa layihəmdən də danışmaq istərdim. 2013-cü ildə holland məktəbliləriylə Xocalı faciəsinin ildönümünü qeyd etdik. Məktəbin belə bir proqramı var idi: “Müharibə və Sülh”. Mən məktəbə müraciət etdim, planlarımdan danışdım və uzun müzakirədən sonra bu layihəni məktəbin proqramına saldılar. Təxminən 6 ay məktəblilərlə işləyəndən sonra, Assen şəhərində ICO teatr binasında Xocalıda şəhid olan insanların xatirəsini anmaq məqsədi ilə bir səhnəcik göstərildi. Xocalı haqda məlumat verildi, şəhidlərin sayı, kimlər olduqları bildirildi. Qısa bir film nümayiş olundu. Sonda holland məktəbliləri Müslüm Maqomayevin “Azərbaycan” mahnısını Azərbaycan və holland dillərində ifa etdilər. Bu layihə də çox gözəl keçdi. İşlər çox olub və İnşallah, davam da edəcək.
- Digər diaspor təşkilatları ilə əlaqələriniz hansı formadadır?
-Hollandiyada başqa diaspor təşkilatları ilə münasibətim çox gözəldir, dostluq formasındadır. Hər bir dəvət olunduğum tədbir, mitinqlər, konfranslar, forumlar və s. yerlərə məmnuniyyətlə gedirəm. İştirakım lazım olsa, bir musiqiçi kimi köməyimi də əsirgəmirəm. Bəzən birlikdə də tədbirlər keçiririk.
- Sizcə, Hollandiyadakı diasporumuzu sıx birləşdirmək üçün hansı addımlar atmaq olar?
-Məncə, Hollandiyadakı diasporumuzu sıx birləşdirmək üçün tez-tez diasporlararası görüşlər təşkil etmək lazımdır. Planlı işlər görülməlidir. Bir tədbiri, bir vilayətdə bir gündə bir neçə təşkilat orqanizə etməsin. Hər təşkilat öz addımlarında sərbəst olsun, amma bir-birimizdən xəbərdar olaq. Ötən ilin iyununda Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları ilə Hollandiyada fəaliyət göstərən diaspor nümayəndələrinin görüşü keçirildi. Görüşdə yeni yol xəritəsi haqqında söhbətlər edildi, təkliflər verildi.
- Bəstəkar və diaspor təşkilatı sədri olaraq gələcək planlarınız haqqında nələri əlavə edə bilərsiz?
-Bildiyiniz kimi, bu il Azərbaycanda ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Bizim diaspor olaraq işimiz odur ki, buradan, uzaqlardan Vətənimizi gözəl, layiqli bir şəkildə təbliğ və təqdim edək. Artıq ötən ildən işlərə başlamışıq. Yerli bələdiyyələrlə danışıqlar gedir. Ondan başqa, rəhbərlik etdiyim Odlar Yurdu təşkilatı ilə 15 iyun Qurtuluş Gününü qeyd etdik. Bu tədbir Assen şəhərində ICO teatrında qeyd olundu. Məqsəd, yerli camaatı Azərbaycanla daha da yaxından tanış etmək, musiqimizi, mədəniyətimizi təbliğ və təqdim etmək idi.
Sentyabrın 7-də isə Assen şəhərində yerli bələdiyyə tərəfindən keçirilən festivalda Azərbaycanı mən təmsil etdim. Festivalda öncə Azərbaycan, eləcə də Qarabağ münaqişəsi haqqında məlumat verdim. Sonra görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdim. Bu çıxışım hollandlar tərəfindən diqqət və maraqla qarşılandı. Qeyd edim ki, bu festivalda ermənilər də iştirak edəcəkdilər. Amma mənim Azərbaycanı təmsil etdiyimi eşitdikdən sonra festivalda iştirakdan imtina etdilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info