“Dövlət rezervlərimiz xarici borclardan 8 dəfə çoxdur”
Tarix: 13.01.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Bu, Azərbaycanı uzunmüddətli böhrandan siğortalayır”

“2014-cü ilin iqtisadi yekunlarını birmənalı şəkildə müsbət qiymətləndirmək lazımdır. Öncədən proqnozlaşdırıldığı kimi Azərbaycan bütün makroiqtisadi göstəricilər üzrə artıma nail ola bildi. Qeyri-neft sektorundakı artım tempinin ümumi daxili məhsuldakı artım tempini 2 dəfədən artıq üstələməsi də məhz iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar hesabına baş verdiyindən xəbər verir. Bu baxımdan, 2015-ci il eyni zamanda iqtisadi diversifikasiyanın təməl daşı kimi qiymətləndirilməlidir. 2014-cü il iqtisadi inkişafın neft sektorundan qeyri-neft sektoruna transferi reallaşdırılması ili kimi yadda qalacaq”.
Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov “Palitraya bildirib. Ekspertin fikrincə, ilin iqtisadi yekunlarını qiymətləndirən zaman diqqət çəkən əsas məqam bu il neftin dünya bazarındakı qiymətinin azalması idi: “Qonşu ölkələrdə və dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmiz 2014-cü ili uğurla başa vurdu. Nəzərə alsaq ki, bu il avqust ayından başlayaraq neftin dünya bazarındakı qiymətində azalmalar müşahidə edilib. Azərbaycan neft ölkəsi olduğu üçün dünya bazarında baş verənlər Azərbaycan üçün əhəmiyyətli olub. Bütün bunlara baxmayaraq, neftin dünya bazarındakı qiymətinin azalmalarının qeydə alınması, eyni zamanda qonşu ölkələrdə, Rusiyada və hətta, Avropa Birliyi ölkələrində böhranın olmasına baxmayaraq, Azərbaycan 2014-cü ili iqtisadi baxımdan uğurla başa vurdu. Azərbaycan neftinin 2014-cü ilin ilk 11 ayında dünya bazarında satış qiyməti 103,8 dollar olub. Neftin dünya bazarındakı qiyməti Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan 3,4 faizə qədər artıq olub. İllik yekunda da büdcədəki neftin orta qiymətini qoruyub saxlamaq mümkün oldu. Bu da 2014 –cü ilin dövlət büdcəsinin gəlirlərinin formalaşması ilə bağlı hər hansı bir çətinliyin yaranmasına səbəb olmaması ilə yanaşı, eyni zamanda büdcədə profsitin əmələ gəlməsinə səbəb oldu”.
Büdcə proqnozları özünü doğrultmaqla yanaşı ümumdaxili məhsulun artım tempi qorunub saxlanılıb və əhalinin gəlirlərində artım müşahidə olunub: “Maliyyə Nazirliyinin məlumatına əsasən 2014-cü ilin dövlət büdcəsi son tarifə görə proqnozlaşdırılan gəlirlərdən 2 faiz artıq yerinə yetirilib. 2014-cü ilin indiyə qədər büdcəsi onu göstərir ki, Azərbaycanın gəlirləri xərclərindən daha çoxdur. Bu baxımdan əsas maliyyə planında nəinki çətinlik müşahidə olunur, hətta artım qeydə alınıb və proqnozlara əməl etmək mümkün olub. Bu baxımdan neftin qiymətinin aşağı düşməsi 2014-cü ilin dövlət büdcəsinə hər hansı bir təsir etmədi. Eyni zamanda 2014-cü ildə ümumdaxili məhsulun artım tempini qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda ümumdaxili məhsul 3.0 faiz artdı. Bu isə o deməkdir ki, qonşu ölkələrin iqtisadiyyatında azalmalar və durğunluğun müşahidə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. Qeyri- neft sektorunda artım yenə yüksək olaraq qalmaqdadır. Sektorda 2014-cü ildə 7 faiz artım müşahidə olundu. Bu isə bütövlükdə son illər, məhz 2010-cu ildən sonra qeyri- neft sektorundakı artım tendensiyasının davam etməsindən xəbər verir. 2014-cü ilin əhalinin gəlirləri təxminən 5 faizə yaxın artdı. İnflyasiya səviyyəsinin 1,4 faiz olduğunu nəzərə alsaq, bu o deməkdir ki əhalinin gəlirləri inflyasiya səviyyəsindən 3 dəfədən artıq yüksəlib. Bu ondan xəbər verir ki, 2014-cü ildə əhalinin gəlirləri real gəlirlər oldu və real artımı müşahidə etdik. 2014-cü il birmənalı şəkildə Azərbaycan iqtisadiyyatı üçün uğurlu il oldu.

“Qonşu ölkələrin iqtisadiyyatında azalmalara baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayıb”

Rusiyanın təsirindən Ermənistan iqtisadiyyatının tamamən çökdüyü bir vaxtda Azərbaycanın milli valyutası sabit qaldı, müstəqil iqtisadi siyasət yürüdən Azərbaycan Prezidentinin “Sənaye ili” olaraq adlandırdığı 2014-cü ildə qeyri–neft sektorunda ciddi artım müşahidə olundu. Sözsüz ki, Azərbaycan iqtisadiyyatı üçün qonşu ölkələrdə və qitədə baş verənlər çox əhəmiyyətlidir. Rusiya iqtisadiyyatına da sanksiyalar tətbiq olundu. Hazırda bu ölkədə böhran davam etməkdədir. Eləcə də, Gürcüstanın milli valyutasında azalmalar qeydə alındı. Ermənistanın milli valyutasının aylıq azalma tempi bəzi hallarda iki rəqəmli olur. Rusiyadakı böhran Ermənistan iqtisadiyyatının daha da çökməsinə səbəb oldu. Qonşu ölkələrdə müşahidə olunan böhran, eləcə də Avrozonada durğunluğun olmağına baxmayaraq, Azərbaycan müstəqil şəkildə strateji olaraq öz iqtisadiyyatını inkişaf etdirərək iqtisadi tempini qoruyub saxlamağa nail ola bildi. Təbii ki 2014-cü ilin ölkə Prezidenti tərəfindən “Sənaye İli” adlandırılması Azərbaycanda iqtisadi diversifikasiyanın təməl ili kimi qiymətləndirilə bilər. Belə ki, 2014-cü ildə artıq diversifikasiya siyasətinin nəticələrini müşahidə etdik. Ümumdaxili məhsulda qeyri-neft sektorunun payı 62 faizə qədər yüksəldi. Büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payı 25 faizdən 34 faizə qədər artdı. Ölkə Prezidentinin iqtisadiyyatın diversifikasiyası ilə bağlı strateji siyasəti özünü artıq real iqtisadiyyatda göstərməkdədir. Bu təbii ki iqtisadiyyatın şaxələnməsi və qeyri – neft sektorunun inkişafı hesabına növbəti illərdə Azərbaycan iqtisadiyyatının dayanıqlı, eləcə də regionda baş verən böhrandan siğortalanmasına gətirib çıxaracaq”.
Azərbaycanın dövlət rezervləri xarici borclarından 8 dəfə çoxdur və bu halda Azərbaycan özünü uzunmüddətli böhrandan siğortalamış olur.Bu barədə bildirən ekspert deyir ki, Azərbaycanın xaricdəki rezervləri xarici borcundan 8 dəfədən artıqdır. Artıq növbəti illərdə neftin qiymətindəki azalma tendensiyası davam edərsə belə Azərbaycanın böhranlardan və durğunluqdan siğortalanması və iqtisadiyyat üçün nəinki qısa müddətli, hətta uzunmüddətli siğortalanmasından xəbər verir: “Neftin dünya bazar qiymətini yüksəlməsinə baxmayaraq Azərbaycan dövlət rezervlərində artım tempini qoruyub saxlaya bildi. 50 milyard dollar rezerve malik olan ölkəmiz MDB-də adambaşına düşən rezervin həcminə görə birinci, ümumi rezervlerin mütləq ifadədə həcminə görə isə yalnız Rusiyadan geri qalır. Azərbaycanln dövlət rezervləri Ermənistanın dövlət rezervlərindən 25 dəfə, Gürcüstanın dövlət rezervlərindən 17 dəfə, Belarusun dövlət rezervlərindən 6 dəfə çox olmaqla neft ölkəsi olan Qazaxıstanı 40 faiz üstəliyir. Neftin dünya bazar qiyməti fonunda 2014-cü ilin iqtisadi yekunları göstərdi ki, ölkə Prezidentinin siyası iradəsi və düzgün iqtisadi siyasət nəticəsində ölkəmiz özuünü uzun müddətli dövrdə böhrandan sığortalaya bilib. Azərbaycan Mərkəzi və Şərqi Avropa və MDB-də xarici borcun ÜDM-də payı bir rəqəmli olan yeganə ölkədir. Xarici borcun ÜDM-də payı Ermənistanda ÜDM-nin 60 faizinə yaxınlaşır, Gürcüstandan isə ÜDM-in yarısından çoxdur. Hətta MDB-nin neft ixrac edən ölkələrindən olan Qazxıstanda bu göstərici 65 faizdən artıqdır. Praktik olaraq, Azərbaycan MDB ölkələri arasında böhrandan sığortalamaq üçün təhlükəsizlik yastığına maliklik baxımdan ən yaxşı vəziyyətə malik olan ölkədir”.

“Rusiyanın təsirindən Ermənistan iqtisadiyyatının tamam çökdüyü bir vaxtda Azərbaycanın milli valyutası sabit qaldı”

Ölkə Prezidenti sədrliyi ilə keçirilən müşavirədə diqqəti çəkən əsas məqamlardan biri də qeyri-neft sektorunun inkişafının ənənəvi sektorlar ilə yanaşı qeyri-ənənəvi sahələr üzrə də davam etdirilməsidir: “Cənab Prezidentin 2015-ci ildə metallrugiya sektorunun inkişaf etdirilməsi və böyük metallurgiya kompleksinin yaradılmasl ilə bağlı göstərişi də məhz ölkədə qeyri-neft sektorunun inkişafında müqayisəli üstünlüklərə və eləcə də ixrac qabiliyyətinə malik olan sektorların dəstəklənməsi məqsədi daşıyır. Metallurgiya sektoru ölkəmizdə müqayisəli üstünlüyə malik olan sektorlardandır və bu sahənin nəinki MDB dövlətlərinə eləcə də yaxın Şərqə öz məhsullarını ixrac etmək imkanları var. Bu baxımdan, sözügedən sektora dövlət dəstəyinin artırılması ölkəmizin qeyri-neft ixracatının da strukturunun şaxələnməsinə imkan yaradacaq.
Azərbaycan neft ölkəsidir və neft ölkəsi olduğuna görə bizim dövlət üçün neftin qiyməti kifayət qədər önəmlidir. Prezidentin də qeyd etdiyi kimi neftin dünya bazar qiymətinin aşağı düşməsi bu ilin dövlət gəlirlərinin formalaşmasında hə hansı çətinlik yaratmayacaq. Neftin bir barelinin qiymətinin 50 dollara düşməsi belə 2015-ci ildə dövlət büdcəsinin gəlirlərinə çox təsir göstərməyəcək. Baxmayaraq ki, büdcədə neftin bir barelinin qiyməti 90 dolardan hesablanıb, amma dövlət büdcəsinin gəlirlərinin 52,4 % Dövlət Neft Fondunu transferləri hesabına formalaşacaq, 35%-i isə qeyri-neft sektorundan yığılacaq. Bu baxımdan demək olar ki, 2015-ci il dövlət büdcəsinin 88,4%-i təmin olunmuş gəlirlərdir. Cəmi 11,6% neftin qiymətinin düşməsinin büdcəyə təsir göstərəcək”.
Bu ilin dövlət büdcəsinin xərclərində də artımlar proqnozlaşdırılıb: “Burada diqqəti çəkən məqam vətəndaşlar üçün sosialyönümlü xərclərin dəyişməsi ilə bağlıdır. 2015-ci ildə sosialyönümlü xərclər dövlət büdcəsinin 27,6 %-ni təşkil edir. Bu da 5,9 milyard manat vəsaitin sosialyönümlü xərclərə yönəldilməsi deməkdir. 2014-cü illə müqayisədə 9,2 %, 2013-cü illə müqayisədə 18,8 % çoxdur. 5,9 milyard manatın 3,5 milyard manatı əməkhaqqı xərclərinə, 1,9 milyard manatı isə təqaüdlər və sosial yardımların ödənilməsinə sərf olunacaq. Bu da ondan xəbər verir ki, sosialyönümlü xərclərin əsas hissəsi əməyin və təqaüdlərin ödənilməsinə yönəldiləcək və vətəndaşların birbaşa dövlət büdcəsindən faydalanmasına imkan verəcək. Təhsil xərclərində də artım proqnozlaşdırılır. Belə ki, 2014-cü ildə 1,6 milyard manat idisə, 2015- ci ildə 1,7 milyard nəzərdə tutulub. Yəni 3,5 faiz artım olacaq. Səhiyyə xərclərinə 777,7 milyon manat sərf olunacaq, keçən il 725,6 milyon ayrılmışdı. Bu il artım 7,2 faiz proqnozlaşdırılır. Əlbəttə, nəzər salsaq görərik ki, əksər xərclər üzrə artımlar var. Bu isə ondan xəbər verir ki, neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, bu ildə dövlət büdcəsi sosial istiqamətlərə ayrılan vəsaitin həcmini artıra biləcək. Bütövlükdə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq 2015-ci ildə Azərbaycan iqtisadiyyatı çox kəskin şəkildə bu azalmanı hiss etməyəcək. Bu da təbii ki, Azərbaycanın büdcəsi təmin olunmuş büdcə olması və Azərbaycan dövlət rezervlərinin olması ilə əlaqəlidir. Azərbaycan dövlət rezervləri 50 milyard dollardır və bizim eknometrik hesablamalar göstərir ki, dövlət büdcəsinin gəlirlərinin qeyri-neft sektorunun formalaşmış hissəsini nəzərə almaqla Azərbaycan növbəti 5 ildə dövlət gəlirlərinin formalaşmasını qoruyub saxlayamağa və böhranın qarşısını almaq imkanlarına da malikik”.
Prezidentin dövlət qurumları qarşısında irəli sürdüyü digər tapşırıq dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyin artırılması və israfın qarşısının alınmasıdır. Dövlət vəsaitlərinin səmərəli xərclənməsinin təmin edilməsi baxımından israfın qarşısının alınması olduqca vacibdir. Bu baxımdan 2015-ci ildə dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarətin gücləndirilməsi və əhəmiyyətsiz xərclərin azaldılması gözlənilir. Bu isə bu il vəsaitlərin təyinatından yayındırılmasının qarşısının alınması ilə yanaşı dövlət proqramlarının səmərəliliyinin yüksəlməsinə səbəb olacaq: “Müşavirədə real sektora yönəldilən investisiyaların həcminin artırılmasını xüsusilə qeyd edən dövlət başçısı eyni zamanda bank kreditlərinin iqtisadiyyatın inkişafında rolunun artırılmasın da toxunmuşdur. Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanının 11-ci maddəsində Mərkəzi Bankın kredit faizlərinin aşağı salınması ilə bağlı tədbirlər həyata keçirməli və hər 6 aydan bir prezidentə hesabat verməlidir. Bank kreditlərinin faiz dərəcələri ilə bağlı, eyni zamanda bankların real sektoru maliyyələşdirməməsi ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində tapşırıqlar verilib, bu gün də buna zərurət var. Mərkəzi Bankın uçot dərəcələri ilə bankların faiz dərəcələri arasında kəskin fərq var. Belə bir fərqin olmasının iqtisadi baxımdan izahı yoxdur. Mərkəzi Bankın kreditlərin faiz dərəcələrinin yüksək olması ilə bağlı arqumenti ondan ibarətdir ki, əmanətlər üzrə də faiz dərəcəsi yüksəkdir, bankların sərf etdiyi maliyyə bahalıdır, eyni zamanda iqtisadiyyatın mənfəət norması yüksəkdir. Bununla yanaşı, banklar hələ də daha çox istehlak kreditləşməsində maraqlı görsənirlər. Ancaq, 2014-cü ilin ikinci yarısıının nəticəsi bu il bankların real sektorun maliyyələşdirilməsində fəal iştirak edəcəyinə əminlik yaradır”.
Beləliklə, Azərbaycan daha bir ili uğurla başa vurdu: “Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət 2008-ci ildə olduğu kimi indi də ölkə iqtisadiyyatının qlobal və regional böhranların təsirlərindən sığortlaya bilir”.

İlkin










 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info