Səfir: “Terrorla Fransa xalqına tələ qurulmuşdu”
Tarix: 23.01.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“Fransa Azərbaycan kimi dünyəvi ölkədir”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istəyimiz ondan ibarətdir ki, danışıqlar bərpa olunsun. Çalışacağıq ki, tərəflər arasında etimad tədbirlərini gücləndirək”.
Bu sözləri açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.
Onun sözlərinə görə, istər şəxslər, istərsə də dövlətlərarası bütün münaqişələrdə bir faktor əsas götürülür: “Barışıq o halda mümkündür ki, tərəflər barışmaq istəsinlər. Azərbaycan və Ermənistanı maraqlandıran digər mövzuları da daxil etməklə onları dialoqa cəlb etmək olar. Çalışırıq ki, dialoqu və qarşılıqlı anlayışı möhkəmləndirək ki, Cənubi Qafqazda sülh bərqərar olunsun”.
Fransalı diplomat deyib ki, hazırda həmsədrlər dialoqun bərpası üçün əvvəlcə Azərbaycanın, daha sonra Ermənistan xarici işlər naziri ilə görüşə səy göstərirlər: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesi ilə bağlı fəal olmaqda davam edirlər. Düşünürəm ki, Böyük Sülh Sazişinin imzalanması üçün bütün sahələrdə dialoqun aparılması vacibdir. Hazırda itkin düşmüş şəxslərə dair məlumatların mübadiləsinin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə reallaşdırılması gözlənilir”.
P.Monye qeyd edib ki, münaqişənin həlli ilə bağlı 2014-cü ildə 2 element nəzərə alınmaqla ziddiyyətli məqamlar olub: “Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı tərəflər arasında dialoqun davam etdirilməsinə cəhd ediblər. Prezidentlər arasında əvvəlcə Rusiya Prezidenti Vladimir Putinin, daha sonra ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə görüş keçirilib. Fransa Prezidenti Fransua Olland mayda Azərbaycan və Ermənistana səfəri zamanı təkliflərini irəli sürüb və oktyabrda onun təşəbbüsü ilə Parisdə 3-cü görüş baş tutub. Ziddiyyət isə ondan ibarətdir ki, diplomatik səylərin fonunda zorakılıq hallarının artması və atəşkəsin pozulması hallarına bu il daha çox rast gəlinib”.
Səfir açıqlamasında son günlərin gündəmi olan Paris terroru barədə də söz açıb. O, deyib:
“Əgər bir mətbuat orqanı karikatura çap edirsə, bu, Fransanın mövqeyini ifadə etmir və o demək deyil ki, Fransa dinlərə qarşıdır”.
Səfir bildirib ki, 1905-ci ildə Fransada qanunla dövlət kilsədən ayrılıb: “Hər kəs istədiyi dinə etiqad edə bilər. Yalnız ictimai yerlərdə açıq görünən dini aksessuarlar daşımaq qadağandır. Qanunda zorakılıq və nifrətə çağırış isə cinayət hesab olunur. Fransa Azərbaycan kimi dünyəvi ölkədir. Fransanın mesajı Azərbaycanın mesajı ilə eynidir, biz insanların inancına hörmətlə yanaşırıq, sülh və tolerantlığın hökm sürməsini istəyirik. Son hadisələrin fonunda Fransa qərara aldı ki, həm kilsə, həm sinaqoq, həm də məscidlər təhlükəsizlik qüvvələri tərəfindən qorunsun. Mən bir səfir kimi başa düşürəm ki, əgər karikatura çəkilibsə, bu, bütün dünyada həmin şəxsi müqəddəs hesab edən icmalara toxunacaq. Mən bunu yaxşı anlayıram. Ancaq bir şeyi də başa düşmək lazımdır ki, Fransada ifadə azadlığı var”.
P. Monye qeyd edib ki, “Charlie Hebdo” jurnalının redaksiyasında baş verən terror aktı Fransanı şoka salıb: “Fransa Prezidenti Fransua Olland bu hadisəni müstəsna barbarlıq aktı kimi qiymətləndirib. Jurnala hücumdan qısa müddət sonra Fransada Kaşer mağazasında bir neçə insanı girov götürdülər. Həmin mağazaya daha çox yəhudilər gəlir. 3 gün ərzində 17 günahsız insan öldürüldü. Qurbanlar arasında fərqli dinlərin nümayəndələri var idi. Məsələn, terrorçuların soyuqqanlı şəkildə başından vurub öldürdükləri polis müsəlman idi. Həmçinin ölənlər arasında ərəblər, yəhudilər də var. Ən əhəmiyyətli məqam ondan ibarət oldu ki, ölkədə insanlar səfərbər oldular və terror aktına qarşı öz etirazlarını bildirdilər. Bu hadisələr dünyada böyük əks-sədaya səbəb oldu. Həmin həftənin bazar gün ümumrespublika yürüşü keçirildi və orda 3, 5 milyon fransız iştirak etdi. Azərbaycanda da Fransada baş verən hadisələrlə bağlı böyük həmrəylik oldu. Azərbaycan Prezidenti İlham Əliyev Prezident Fransua Ollanda başsağlığı məktubu göndərdi və maliyyə naziri Samir Şərifov səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazdı. Bu yürüş zamanı iki mesaj var idi: Terrora “yox” və ifadə azadlığına “hə” deyirik”.
Səfirin sözlərinə görə, Fransa xalqı üçün bu terror aktının dərin mənası var, onlar düşünürlər ki, bu akt Fransada ən önəmli dəyərlərdən biri olan ifadə azadlığına hücumdur: “Ümumiyyətlə, yürüşə çıxan insanların əsas motivasiyası bundan ibarət idi. İstər müsəlman, istər yəhudi, istər xristian, istərsə də ateist küçələrə çıxmışdılar ki, ifadə azadlığına dəstək göstərsinlər. Bu hadisələr həm də jurnalın tirajının artmasına səbəb oldu. Əvvəllər onu cəmi neçə min nəfər oxuyurdusa, daha sonra onun tirajı 7 milyona kimi artdı. Sonradan biz öyrəndik ki, bu iki terror aktının törədilməsində bir bağlılıq var. “Charlie Hebdo”ya edilən terror aktının “Əl-Qaidə” ilə, Kaşer dükanına edilən aktın isə “İŞİD”lə əlaqəsi var idi”.
Diplomat deyib ki, bu terror aktları nəticəsində Fransa xalqına tələ qurulmuşdu və xalq bu tələdən xilas ola bildi: “Burada iki tələ var idi. Birincisi, fransızları ürkütmək, onları içinə qapatmağa məcbur etmək, ikincisi isə dinlər, icmalar arasında nifaq salmaq məqsədi güdülürdü. Fransanın baş naziri Manuel Vals parlamentdə çox gözəl çıxış etdi. Bütün deputatlar ayağa qalxıb onu alqışladılar. Fransa parlamentində müxtəlif siyasi cərəyanlar mövcuddur və adətən hamı ayağa qalxıb kimisə alqışlamır. Baş nazir çıxışında 3 əsas məqama toxundu. Bunlardan biri ondan ibarət idi ki, İslamla radikalizmi qarışdırmaq lazım deyil. Baş nazir açıq şəkildə bildirdi ki, Fransa terrorizmlə, cihadla və radikal islamçılıqla müharibədədir, İslam dini və müsəlmanlarla müharibədə deyil. Fransa dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını müdafiə etməyə davam edəcək. Həmçinin müraciət olarsa, Fransa bütün dünyadakı müsəlmanları da müdafiə etməyə hazırdır. Bunu Malidə artıq edib. Hətta Mali prezidenti ümumrespublika yürüşü zamanı Fransa prezidenti Fransua Ollandın yanında idi”.
Diplomat nəzərə çatdırıb ki, Azərbaycan hökumətinin terrorizmə qarşı mübarizədə qətiyyətini göstərmək məqsədilə Azərbaycan baş nazirin müavini Əli Əhmədov da yürüşdə iştirak edib.
Paskal Monye İslamın Fransada ikinci din olduğunu və ölkədə 6 milyona yaxın müsəlmanın yaşadığını qeyd edib: “Fransada İslam Azərbaycandakı kimi sülh və tolerantlıq nümunəsidir. Hətta ümumrespublika yürüşündə Fransadakı müsəlman icmalarının rəhbərləri də iştirak edirdilər. Kaşer dükanında yəhudilərin girov götürülməsi antisemitizmin göstəricisidir. Antisemitizm əhval-ruhiyyəsinin baş qaldırması fransız xalqı tərəfindən demokratiya və respublikaya qarşı hücum kimi qiymətləndirilir. Baş nazirin çıxışı dünyəviliyə dəstək idi. Dünyəvilik birlik və tolerantlığın ən əhəmiyyətli faktorlarından biridir. Baş nazirin fikrincə, dünyəvilik prinsiplərinin tədrisi məktəbdə gücləndirilməlidir. Məktəbdə sosial sinfindən, dinindən, irqindən asılı olmayaraq hər kəs oxuyur, cəmiyyətdə birgə yaşamağa hazırlanırlar”.
“Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumdan sonra da jurnalda Məhəmməd peyğəmbərin karikaturasının çıxdığını xatırladan səfir, peyğəmbərin təsvirinin üzərinə “Mən Şarliyəm” yazıldığını və “Hər şey bağışlanıb” ifadəsi qeyd olunduğunu bildirib: “Bu, daha sonra müsəlman dünyasında yeni etirazlara səbəb oldu. Bu jurnal hər zaman satirik jurnal olub. Onlar bütün hadisələrə satira, zarafatla yanaşıblar, əsas xətləri bundan ibarətdir. Hətta jurnalda katolik papasının karikaturasına da yer veriblər”.


Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info