Azərbaycan həqiqətləri hollandlara fərqli formada təqdim edilib
Tarix: 23.01.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Dünən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxın fəaliyyət göstərən “Nivon” ictimai birliyi ilə birgə tədbir keçirib.
Birliyin sədri Mayisə Ağamirzəyevadan aldığımız informasiyaya görə, tədbirdə eşitdikləri və gördükləri hollandların böyük heyrətinə səbəb olub: “Nivon” təşkilatının rəhbərindən duyduqlarıma görə, onlar erməni diasporası ilə bir neçə dəfə tədbirlər keçirib və Azərbaycan haqqında tamamilə yanlış fikirlər eşidibmişlər. Birliyimiz də qərara gəldi ki, bu təşkilatla işbirliyi quraraq Azərbaycan həqiqətlərini yerli insanlara çatdırmaq maraqlı və faydalı olar. Odur ki, bu görüşü məhz “20 Yanvar” hadisələrinin 25 illiyi əlaqədar olaraq yanvar ayına saldıq. Onu da nəzərinizə çatdırım ki, hollandlar siyasi yönümlü tədbirlər keçirməyə, heç bir ölkənin siyasi problemlərini, ölkədə baş verən müharibələri, qırğınları qabartmağa razı olmurlar. Ona görə də dərdlərimizi fərqli sferadan yanaşaraq, başqa manevrlərə əl ataraq anlatmaq məcburiyyətindəyik. Biz də “Nivon” təşkilatının və “Ana Vətən”in üzvlərini “Azərbaycan haqqında söhbət” adı altında bir araya topladıq. Azərbaycan haqqında ümumi məlumat verərək “Qanlı Yanvar” olaylarını və “Xocalı faciəsi”ni, eləcə də Dağlıq Qarabaq problemini incəlikləri ilə qeyd etdik və həqiqətən də, gözlədiyimiz nəticəni əldə etdik. Tədbir iştirakçıları eşitdikləri və gördükləri faktlardan təsirlənmişdilər. Hətta bizim gələcəkdə keçirəcəyimiz tədbirlərdə iştirak etmək istəyənlər şəxsi koordinatlarını belə verdilər. Düşünürəm ki, damla-damla göl olar prinsipi ilə hər dəfə 50-100 nəfərin fikrinə təsir edərək gələcəkdə böyük uğurlar əldə edəcəyik. Necə ki, erməni diasporası artıq uzun illərdir bu işləri görür”.
“Nivon” təşkilatın rəhbəri xanım İngeborg Barnhoorn tədbir iştirakçılarına “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında qısa məlumat verib və bu gün “Azərbaycan haqqında söhbət” edərək çox şeylər öyrənəcəklərini vəd edib.
Sonra Hollandiyada böyüyüb, universitetdə təhsil alan Heydər Əliyev holland dilində Azərbaycan haqqında ətraflı məlumat verib, Azərbaycan tarixinin maraqlı və şanlı səhifələri ilə yanaşı qanlı məqamlarını da faktlar və fotolarla təqdim edib. Bir neçə gün öncə 25 illiyi qeyd edilən “Qanlı Yanvar” hadisələri isə xüsusi olaraq vurğulanıb. Hadisənin baş vermə şəraiti, siyasi motivləri, xalqın başına gətirilən qanlı olaylar və eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə, azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən alınan dərslər haqqında geniş danışıb. Hətta keçmiş sovet lideri Mixail Qorbaçovun bu hadisələri etiraf edərək 20 yanvar 1990-cı il hadisələrinin öz siyasi karyerasındakı ən böyük səhv kimi qeyd etməsi də iştirakçılara bildirilib. Eləcə də daha sonra baş verən qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması, Rusiyanın siyasi oyunlarının qurbanı olan ermənilərin Azərbaycanla müharibəyə başlaması, 1992-ci il fevralın 26-da baş vermiş “Xocalı faciəsi”ndə bir şəhərin dinc əhalisinin, qadın, uşaq və yaşlıların gülləbaran edilməsi, əsl genosid yaşamaları, qəddarlıqlara və işgəncələrə məruz qalmaları, Ermənistan ordusunun Rusiya hərbi qüvvələrinin birbaşa yardımı ilə Azərbaycanın 20 faiz torpaqlarını zəbt etməsi fotolarla tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbirdə “Ana Vətən” birliyinin dəvətilə müstəqil holland jurnalisti Xert van Dam da iştirak edib. Hollandiya Milli Məclisinin Azərbaycanla bağlı komissiyasına qoşularaq bir neçə dəfə Azərbaycana səyahət edən jurnalist öz yurd-yuvalarından məcburi formada uzaqlaşdırılmış qaçqınlarla görüşüb, onların üzləşdikləri çətinlikləri gözləri ilə görüb, onların yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıran yazılarla mətbutda çıxış edib. Tədbirdə çıxış edən X.Dam Azərbaycan və azərbaycanlılar, onların başına gətirilən bəlalardan danışıb, Azərbaycanda olarkən yaşadığı, gördüyü faktları insanların diqqətinə çatdırıb.
Eləcə də jurnalist və yazıçı Jak Kruz da Azərbaycan jurnalistlərinə master-klas dərsləri keçmək məqsədilə 10 dəfə Azərbaycanda olduğunu, Azərbaycanı qarış-qarış gəzdiyini, Azərbaycan haqqında kitab yazdığını və yaxınlarda həmin kitabın təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, hətta Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı-jurnalist azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb. Eləcə də “Şəhidlər Xiyabanı”nı ziyarət edərkən eşitdiklərini, Dağlıq Qarabağ probleminin hər iki xalqa vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və hər zaman haqqın qalib gələcəyinə inamını qeyd edərək xalqımızı səbirli olmağa çağırıb.
Tədbirdə müasir Azərbaycan, ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi və siyasi layihələrin bəhrələrini nümayiş etdirən sənədli film də nümayiş etdirilib. Sonda milli adət-ənənələrimizdən olan şəhidlərin ruhuna ehsan verilməsinin vacib olduğu vurğulanıb və iştirakçılar milli yeməklərimizdən ibarət ehsan süfrəsinə dəvət edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info