“Sənaye obyektlərinin 90 faizindən çoxu regionların payına düşür”
Tarix: 27.01.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Professor Tofiq Hüseynov: “Qeyri-neft sənaye sahələrinin inkişafı və yerləşdirilməsi sxemi hazırlanmalı, ölkənin iqtisadi rayonlarının ixtisaslaşdırılması üzrə hökumət səviyyəsində qərar qəbul
edilməlidir”

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunub. İqtisadiyyatın uğurla inkişaf etdiyini deyən ölkə başçısı bu sahədə mövcud vəziyyətlə bağlı fikirlərini bildirib.Mütəxəssislər də ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı olaraq inkişafda olduğunu deyirlər. Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Tofiq Hüseynovdur:

-Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı bildirib ki, qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Qeyri-neft sektorunun gələcək inkişafı barədə sizin proqnozlarınız necədir?
- 2003-cü ildən Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başlayıb. Bu mərhələni fərqləndirən xüsusiyyətlərdən biri qeyri-neft sektorunun prioritet inkişafının təmin edilməsidir. 2004-2013-cü illəri əhatə edən 2 regional dövlət proqramının qəbul edilməsi məhz bu məqsədə nail olmağa xidmət edib. Həyata keçirilən tədbirlər də öz bəhrəsini verib. Ölkənin ümumi daxili məhsulunun yarıdan çoxu bu sektorda istehsal edilir. Bu sektorda əsas vəzifə onun davamlı inkişafına yüksək templə nail olmaqdır. 2011-2014-cü illərdə ölkə üzrə iqtisadiyyatın orta illik artımını 3,1 dəfə üstələməklə, qeyri-neft sektorunda inkişaf tempi 8,5 faizə çatıb. Gələcək inkişafla bağlı qeyd edim ki, qeyri-neft sektorunda real imkanlar və ehtiyatlar kifayət qədərdir. Onlar haqqında söz açmazdan əvvəl mərkəzi idarəetmə orqanlarındakı bir prinsipial yanaşmaya münasibət bildirmək istərdim. Söhbət neft və qeyri-neft sektorlarının inkişaf proporsiyalarından gedir. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, neft-qaz sektoru hələ uzun müddət Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayacaq. Biz istəsək də, istəməsək də bu, bir həqiqətdir.
Qeyrı-neft sektorunun gələcək inkişafı haqqında 2012-ci ildə Prezidentin fərmanı ilə təsdiq edilən “Azərbaycan- 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nda nəzərdə tutulur ki, 2010-cu ilə nisbətən ölkənin ümumi daxili məhsulu 2 dəfə artırılmalı, adambaşına onun istehsalı 13 min dollara çatdırılmalıdır. Özü də bu artım, əsasən, qeyri-neft sektorunun hesabına əldə edilməlidir. Keçən illərin statistikası göstərir ki, 2014-cü ildə 2010-cu ilə nisbətən ümumi daxili məhsul İnkişaf Konsepsiyasında nəzərdə tutulan 7,4 faiz əvəzinə 2,7 faiz artıb. Qeyri-neft sektoru üzrə faktiki orta illik artım tempi isə İnkişaf Konsepsiyasında nəzərdə tutulandan 1,2 dəfə çox olub. Apardığım hesablamalar göstərir ki, İnkişaf Konsepsiyasının hədəflərinə nail olmaq üçün 2015-2020-ci illərdə, neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisini 2014-cü ilin səviyyəsində saxlamaqla, qeyri-neft sektorunun ÜDM-də orta illik artım tempi 12 faiz olmalıdır. Bu artımı təmin edə bilən hansı real ehtiyatlar mövcuddur? Onlardan bir neçəsini qeyd etmək istərdim.

“Metallurgiya sənayesinin inkişafı gəmiqayırma, neftmaşınqayırma, tikinti və digər sahələrin xammal və yarımfabrikatla təmin olunmasını yaxşılaşdıra bilər”

2004-2013-cü illərdə, yəni 2 regional inkişaf Dövlət Proqramı çərçivəsində Azərbaycanın əsas kapitalına 98 milyard manat investisiya qoyulub. Onun da 63,7 milyard manatı və ya 65 faizi qeyri-neft sektorunda istifadə edilib. Bu investisiyaların hesabına təkcə sənaye sektorunda 191 yeni müəssisə və istehsal sahələri tikilib istifadəyə verilib. Onların da 95 faizi qeyri-neft sektorunda yaradılıb. Sənaye obyektlərinin 90 faizdən çoxu regionların payına düşür. Onların istehsal güclərindən tam və səmərəli istifadə qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya bilər. Elmi araşdırmalardan bir əminliyimdə ondan ibarətdir ki, bütünlükdə qeyri-neft sektorunda mühasibat - maliyyə uçotunda şəffaflıq artırılmalı və güclü maliyyə nəzarəti dövlət tərəfindən təmin edilməlidir. Onu da qeyd edim ki, 2004-2013-cü illərdə ölkə sənayesinə qoyulan daxili investisiyaların cəmi 19 faizi qeyri-neft emal sahəsinə yönəldilib. Yaxın illərdə qeyri-neft sənaye sahələrinə, xüsusilə də onun emal sahələrinə dövlət investisiyalarının əhəmiyyətli dərəcədə artırılması günün tələbidir.
- Belə bir fikir də səsləndi ki, hər bir rayonda sənaye zonası yaradılmalıdır. Rayonlarda sənaye zonaları yaradılması üzrə hansı təkliflər irəli sürərdiniz?
-Sənaye zonalarının yaradılması “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərdən biridir. Bu işin başlanğıcında 3 aspektdə diqqət yetirməyi vacib bilirəm. Birincisi, qısa müddətdə “2015-2020-ci illər Azərbaycan Respublikasında qeyri-neft sənaye sahələrinin inkişafı və yerləşdirilməsi sxemi” hazırlanmalıdır. Bu sxemin əsasını ölkənin təbii sərvətləri, xammal və yarımfabrikat ehtiyatları, əmək ehtiyatlarının mövcudluğu, kadrların təhsil və ixtisas səviyyəsi, dünya və daxili bazarlarda tələb və təklif təşkil etməlidir. İkincisi, ölkənin iqtisadi rayonlarının ixtisaslaşdırılması üzrə hökumət səviyyəsində qərarın qəbul edilməsidir. Üçüncüsü, beynəlxalq təcrübə göstərir ki, qeyri-neft sənayesinin hamısını eyni vaxtda inkişaf etdirmək mümkün olmur. Burada yaxın 5 ilə seçim edilməli və hökumət tərəfindən rəsmiləşdirilməlidir. Onların inkişafı üçün əvvəlcədən investisiya mənbələri müəyyən edilməlidir. Birbaşa və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə dövlət investisiyalarından istifadə əhəmiyyətli dərəcədə artırılmalıdır. Qeyri-neft sənaye sahələrində dövlət investisiyalarından birbaşa istifadənin bazar iqtisadiyyatının prinsipinə ciddi təsiri olması barədə fikirlər yanlışdır. Gübrə zavodunun tikintisinə dövlət büdcəsindən birbaşa investisiya ayrılması təcrübəsi təkrarlanmalıdır. Yuxarıda adıçəkilən Dövlət Proqramında göstərildiyi kimi beynəlxalq praktikada dövlət tarif, fiskal imtiyazlar və subsidiyalar vasitəsi ilə tənzimləyici, iqtisadi fəaliyyətdə birbaşa iştirak edən istehsalçı və hökumət satınalmaları (dövlət sifarişləri) vasitəsilə istehlakçı qismində sənayeləşmə prosesində fəal iştirak edir.
-Metallurgiya sənayesinin inkişafı ilə bağlı məsələyə diqqət yetirilib. Bu istiqamətdə tədbirlər nə verə bilər?
- Öncə qeyd edim ki, son illər metallurgiya sənayesinə dövlət tərəfindən xüsusi qayğının nəticəsi olaraq onun inkişafına investisiyalar 2004-2008-ci illərdəki 86 mln. manatdan 2009-2013-cü illərdə 228 mln. manatadək artıb. Yuxarıda adıçəkilən Dövlət Proqramının hədəflərindən biri də ağır sənayenin prioritet inkişafıdır. Qara və əlvan metallurgiyanın miqyaslı inkişafı üçün zəngin təbii sərvətə və əmək ehtiyatlarına malik olan Azərbaycanda metallurgiyanın ölkənin emal sənayesinin inkişafında lokomotiv rolunu oynaya bilməsi, mənim fikrimcə, heç kimdə şübhə doğurmur. Bir tərəfdən zəngin yerli xammal bazasına malik olması, digər tərəfdən onun məhsuluna daxili bazarın tələbinin kifayət qədər mövcudluğu bu sahədə həyata keçirilən dövlət tədbirlərinin diqqətəlayiq uğurları olacağının şərtləndirir. İndi ümumi dəyəri 560 mln. dollar olan 630 min ton qara metaldan məmulatlar Azərbaycana idxal edilir (2013). Ölkə başçısının sərəncamı ilə yaradılmış “Polad istehsalı kompleksi” və “Alüminium istehsalı kompleksi” ölkənin yerli xammalının hazır məhsula qədər çatdırılmasını təmin edəcək. Bunlardan başqa, Gədəbəy və Daşkəsən qızıl-mis emalı zavodlarının yaradılması imkan verəcək ki, 2018-ci ildə 2013-cü illə müqayisədə məhsul istehsalı 1,6 dəfə artırılsın. Metallurgiya sənayesinin inkişafı gəmiqayırma, neftmaşınqayırma, tikinti və digər sahələri xammal və yarımfabrikatla təmin olunmasını yaxşılaşdıra bilər.
-2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ölkə iqtisadiyyatına hansı töhfələri verə bilər?
- Bu qərarın qəbul edilməsində əsas məqsədlərdən biri aqrar sektorun mövcud problemlərinin həllinə sistemli və kompleks yanaşmanı təmin etməkdir. Müvafiq dövlət idarəetmə strukturları tərəfindən tədbirlər planı hazırlamaq nəzərdə tutulur. Mənim fikrimcə, bu yanaşma, birinci növbədə kənd təsərrüfatının təşkilati-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və texnoloji modernləşdirilməsinə, habelə aqrar-sənaye komplekslərinin formalaşdırılmasına tətbiq edilsə düzgün olar.
Sahənin idarəetmə sistemi ilə bağlı qeyd edim ki, xeyli müddətdir ki, aqrar kooperasiyası haqqında qanun müzakirə olunur. Onun tezliklə qəbul edilməsi və yerlərdə fermerlər arasında təbliğat-təşviqat işlərinin geniş miqyasda aparılması gərəkdir. Bunun üçün, mənim fikrimcə, kooperativlərin təşkilati-hüquqi forması elə seçilməlidir ki, kooperativə daxil olan istehsalçıların daşınan və daşınmaz əmlakı, torpaq sahəsi də daxil olmaqla bazar qiymətləri ilə qiymətləndirilsin və kooperativin nizamnamə kapitalına pay kimi daxil edilsin.
Kooperativi tərk edərkən onun üzvü öz daşınmaz əmlakını natura və ya dəyər formasında geri götürmək hüququna malik olmalıdır. Ancaq bu halda kooperativin üzvü bütünlükdə kollektivin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli olmasında maraqlı ola bilər. Kooperativlərin formalaşdırılmasını stimullaşdırmaq məqsədi ilə dövlətin maliyyə resursları ancaq və ancaq güzəştlərinin kooperativlərə 3-5 il müddətində verilməsi ədalətli olar. Özü də bu güzəştlərdən əldə olunan qənaətlər investisiya məqsədləri üçün kooperativdə istifadə olunmalıdır. Digər mühüm məsələ kənd təsərrüfatı məhsullarının satışının sivil sistemini qurmaqdır. Bu problemi həll etmək məqsədilə “Kənd təsərrüfatı və ərzaq bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında ölkə ərazisində tədarük-satış bazalarının, ticarət şirkətlərinin, loqistik mərkəzlərinin, topdansatış mərkəzlərinin və s. qurumların yaradılması nəzərdə tutulur. Düşünürəm ki, onların regional səviyyədə, yəni bir neçə rayonu əhatə etməklə və dövlət-özəl partnyorluğu əsasında yaradılması məqsədəuyğundur. Əsas kənd təsərrüfatı məhsullarına dövlət sifarişi tətbiq edilməlidir. Onların istehsalçı qiymətlərinin aşağı həddinin dövlət tərəfindən təsdiq edilməsi zəruridir.
Aqrar sektorun texnoloji modernizasiyası ilə əlaqədar qeyd etmək istərdim ki, iki istiqamətdə məqsədyönlü iş aparılır, Dövlət torpaqlarında infrastrukturlarla dövlət tərəfindən təmin edilmiş iri fermer təsərrüfatları və aqroparklar yaradılır.
- Ötən il “Cənub” qaz dəhlizinin təməli qoyulub. Yeni layihələr nə vəd edir?
- Bir neçə layihədən ibarət olan bu qaz dəhlizi ölkə üçün həm siyasi, həm də iqtisadi dividentlər vəd edir. Ölkə başçısının dediyi kimi, onlar Azərbaycanın neftlə yanaşı, qaz ixracatçısına çevrilməsi üçün real baza yaradırlar. Bakı-Tbilisi-Ərzurum , TANAP, TAP və digər layihələri özündə birləşdirən “Cənub” qaz dəhlizinin istifadəyə verilməsi imkan verəcəkdir ki, Azərbaycan Avropa bazarına ildə 44 milyard kub m. qaz çıxara bilsin. Bu da milyardlarla avro həcmində maliyyə vəsaitidir, ölkənin aktivlərinin artması deməkdir.
- Ərzaq bazarının daxili resurslar hesabına təmin edilməsi üçün hansı addımlar atıla bilər?
- Kənd təsərrüfatının ərzaq bazarı ilə birbaşa əlaqəli sahələri xeyli inkişaf edib. Belə ki, ət, süd, yumurta istehsalı 2013-cü ildə 2010-cu illə müqayisədə 1,2 dəfə artıb. Müstəqillik dövründə emal sənayesinin ən çox miqyasla inkişaf edən sahəsi də ərzaq məhsullarının istehsalıdır. 2004-2013-cü illərdə bu sənaye sahəsinə 752 mln. manat investisiya yatırılıb, onlarla yeni zavod, sex və istehsal sahələri yaradılıb. 2013-cü ildə 557 müəssisə ərzaq məhsullarını istehsalı ilə məşğul olub. Nəticədə 2010-cu illə müqayisədə 2013-cü ildə ət və ət məhsulları istehsalı (sənaye üsulu ilə) 17 faiz, süd istehsalı 60 faiz, pendir istehsalı 11 faiz və s. artıb. Ancaq buna baxmayaraq, dövlət proqnozlarına görə 2014-cü ildə 16 növ əsas ərzaq məhsullarından yalnız altısı üzrə ölkənin özünütəminat səviyyəsi 100 faiz ola bilər. Belə məhsulların sırasında kartof, soğan, tərəvəz, bostan məhsulları, kərə yağı və çörək göstərilir. Elə məhsullar var ki, dövlət tərəfindən ixrac kvotası qoyularsa daxili tələbat daxili istehsal hesabına ödənilə bilər. Mərkəzi Bankın məlumatlarına görə, hər il Azərbaycana 1,3-1,4 milyard dollar dəyərində ərzaq məhsulları idxal edilir. Ölkənin ərzaq bazarının yerli resurslarla tam təmin edilməsi üçün mənim fikrimcə, 4 istiqamətdə tədbirlərin həyata keçirilməsi tələb olunur. Bunlar kənd təsərrüfatlarının texnoloji və təşkilati-idarəetmə mexanizmlərinin modernləşdirilməsini, sivil satış sisteminin qurulmasını, aqrar-sənaye komplekslərini formalaşdırılmasını və daxili bazarın haqsız rəqabətdən qorunmasını təmin edə bilən normativ və hüquqi bazanın yaradılmasıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info