“Azərbaycan regionları Cənubi Qafqazda yüksələn ulduzlardır”
Tarix: 29.01.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Sərvər Qurbanov: “Regionlarımızın inkişafı düşmənə vurulan çox ağır bir zərbədir”

Həzi Eynalov: “Prezidentin qeyd etdiyi fikirlər, aidiyyəti qurumlar qarşısında qoyduğu tələblər regional inkişaf proqramının 2018-ci ilə qədər uğurla icra ediləcəyini göstərir”

Hazırda dünyada təlatümlərin sayı sürətlə artır və dünya böhrana bürünüb. Buna baxmayaraq, Azərbaycan inamlı, uğurlu inkişafda davam edir. Ölkənin sosial-iqtisadi sahədə uğur göstəriciləri getdikcə artır. Halbuki Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Bütün bunlara baxmayaraq, Azərbaycan digəriqtisadi uğurlarla birlikdə, regionlarının inkişafına, iqtisadi potensialınındaha da yüksəldilməsinə ciddi diqqət yetirir və bu barədə ardıcıl dövlət proqramları həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı hazırkı proqramın birinci ilinin yekunlarına həsr olunmuş iclasda bu barədə fikir və tapşırıqlarını bildirib. Prezidentin fikrincə, son bir il ərzində dünyada baş verən bütün qlobal proseslər əslində mənfi tərəfə gedən amillərdir: “Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir”.
Azərbaycanın sürətlə artan iqtisadiyyatı və regionların sosial-iqtisadi inkişaf dinamikasının bu qədər templə getməsi ölkənin müstəqil və sabit inkişaf modelinı malik olmasından qaynaqlanır. Bu barədə bizə fikirlərini bildirən iqtisadi ekspertlər də adekvat düşünürlər.

“Regional inkişaf bir sıra ölkələrin iqtisadi siyasətlərinin əsas istiqamətini təşkil edir”

Qafqaz Universitetinin Dünya İqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Həzi Eynalov bizə müsahibəsində qeyd etdi ki, regional inkişaf ölkə iqtisadiyyatının
şaxələndiriliməsinin əsas amillərindən biridir: “Regional inkişaf hazırda bir sıra ölkələrin iqtisadi siyasətlərinin əsas istiqəmətini təşkil etməkdədir. Son illərdə dünyada sosial-iqtisadi, siyasi, hərbi sahədə olan gərginlik, gəlirlərin paylanmasında meydana gələn qeyri- bərabərlik, yoxsulluğun sürətlə artması, miqrasiyanın sürətlənməsi və bunlardan asılı olaraq insanların gəlirlərinin səviyyəsinin azalması müşahidə edilməkdədir. Tarixi inkişafın hər mərhələsində hər bir ölkənin qarşısında bir sıra mühüm vəzifələr durur. Xüsusilə, əhalinin maddi rifah səviyyəsinin yüksəldilməsi, o cümlədən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması günümüzün ən aktual məsələlərindən biridir. Bunlara nail olmaq üçün ölkənin müxtəlif regionlarının sosial-iqtisadi inkişaf səviyyələrinin bir-birinə yaxınlaşdırılması və həmin iqtisadiyyatın şaxələndirilməsi zəruridir.
Regionların inkişaf səviyyəsindəki ciddi fərqlər ölkələrin uzunmüddətli inkişafı baxımından mühüm bir maneədir. Regionların inkişaf etdirilməsi, geri qalmış regionların inkişafını sürətləndirərək inkişaf etmiş regionların səviyyəsinə çatdırılması yolu ilə bütövlükdə ölkənin səviyyəsinə yaxınlaşdırılması ölkənin davamlı və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Lakin, qeyd etmək vacibdir ki, bu proses çox mürəkkəb, çətin və uzun müddət tələb edən bir prosesdir. Bütün bu çətinliklərə baxmayaraq, regionların sosial-iqtisadi inkişaf səviyyələrinin bir birinə yaxınlaşdırılması nəticəsində ölkə iqtisadiyyatının tarazlı inkişafına nail olmaq da hazırkı dövrün vacib məsələlərindən biridir.
Ölkəmizdə son illərdə xüsusilə, qeyri-neft sektorunun inkişafını əsas alan regional inkişaf strategiyası istiqamətində bir sıra uğurlu addımlar atılmaqdadır. İndiyə qədər qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları respublikamızda bu məsələyə verilən əhəmiyyətin bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, regional inkişaf strategiyası kompleks bir məsələ olmaqla yanaşı, bu istiqamətdə atılacaq addımları həyata keçirəcək qurumların da qarşılıqlı iş birlikləri və yüksək maddi-texniki bazaya sahib olmaları şərtdir. Dünya təcrübəsi onu göstərir ki, regional inkişafa ayrılan vəsaitlərin ümumi həcmi hər il artır. Bu maliyyə vəsitləri hesabına regional inkişaf baxımından böyük əhəmiyyətə sahib tədbirlər həyata keçirilir ki, bunlar da əsasən təhsil, infrastruktur, səhiyyə, ətraf mühitin qorunması istiqamətində reallaşır.
Regionların sosial-iqtisadi inkişafinın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etməsi bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdaki çıxışında öz əksini tapıb. Neft qiymətlərinin azaldığı hazırkı dövrdə Prezidentin konfransdakı nitqində də qeyd etdiyi kimi, dünyada və regionumuzda irili-xırdalı çox sayda sosial, iqtisadi, siyasi və hərbi proseslər gedir və bu gün ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində əhalinin rifah səviyyəsi gün keçdikcə yaxşılaşır, mövcud sosial-iqtisadi problemlər mərhələli şəkildə öz həllini tapır.
Artıq ölkəmizdə inidyə qədər həyata keçirilən iki regional inkişaf proqramı nəticəsində xeyli işlər görülsə də, Prezidentin qeyd etdiyi kimi, dünyanın bir çox ölkələrində xoşagəlməz hadisələrin baş verdiyi bir şəraitdə yeni regional program çərçivəsində də xeyli işlər görülməlidir.
Azərbycanda həyata keçirilən beynəlxalq səviyyəli layihələr, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar nəticəsində formlaşacaq dayanıqlı iqtisadiyyat bütün bu proseslərdən uğurla çıxmağa imkan verəcək. Məhz Prezidentin qeyd olunan tədbirdəki çıxışında konseptual olaraq qeyd etdiyi fikirlər, aidiyyəti dövlət qurumları və icra nümayəndələri qarşısında qoyduğu tələblər üçüncü regional inkişaf proqramının 2018-ci ilə qədər uğurla icra ediləcəyni göstərir”.

“Bədnam qonşumuzun bu sahədə vəziyyəti müstəmləkədən də pisdir”

Qafqaz Universitetinin Sosial İqtisadi Tədqiqatlar Mərkəzindən dr. Sərvər Qurbanov isə Azərbaycanın regionlarını Cənubi Qafqazda yüksələn ulduzlar hesab edir: “Hindistanın paytaxtı Yeni Delhidən 2 min kilometr uzaqda olan Banqalor, hər hansı bir ölkədə regionların sosial-iqtisadi inkişafı barəsində uğur nümunəsi kimi adı çəkilən bir şəhərdir. Çox sayda beynəlxalq şirkətin arxa ofisinin (back office) idarə edildiyi bu texnologiya mərkəzi, eyni zamanda Asiyanın Silikon Vadisi şöhrətinə də qovuşub. Məsələn, FedEx kimi şirkətlərlə göndərdiyiniz hər hansı bir növ poçt üçün şirkət sizə izləmə nömrəsi verir. Bu nömrə ilə poçtunuzun harada olduğunu internet vasitəsilə öyrənə bilərsiniz. Bu mövzu ilə bağlı kompüter proqramlarının inkişaf etdirildiyi və xidmətin idarə edildiyi məkan əsasən, Banqalor şəhəri olur. 17 Yanvar 2015 tarixində isə Banqalor regional inkişafda uğurun kuliminasiya nöqtəsini nümayiş etdirdi. Yüngül döyüş təyyarəsi “Tejas”, Hindistan Hərbi hava qüvvələrinə təhvil verildi. 32 illik zəhmət və məşəqqət öz bəhrəsini çox konkret bir formada göstərdi. 1983-cü ildə köhnələn “MİG -21”ləri əvəz etmək üçün bünövrəsi qoyulan təşəbbüs, 2017 - 2018 -ci illərdə ölkənin ilk 20 təyyarəlik eskadronunu tamamlamağa imkan verəcək.
Azərbaycan regionları ilə bağlı tətbiq edilən inkişaf proqramları haqqında yeni müsbət məlumatları eşidəndə, yaxud da oxuyanda, ölkəmiz üçün oxşar uğurların bünövrəsinin sağlamlaşdığını müşahidə etdiyimi hiss edirəm. Ölkə Prezidentinin, regionların iqtisadi inkişafı dövlət proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışını oxuyarkən də eyni dərəcədə həyəcanlandım. Mövzu ilə bağlı bir neçə məqamı qeyd etmək istərdim. Son 11 il ərzində 23 elektrik stansiyasının tikilməsi, 10 min kilometr yolun çəkilməsi, 340 körpü və tunelin tikilməsi, 6 yeni aeroport, son 9 il ərzində oxucunun yaxşı bildiyi enerji layihələri, əslində infrastrukturun ölkə ərazisində yaxşılaşdırıldığının bariz nümunələri kimi göz oxşayır. Cənab Prezidentin çıxışındakı uğurları daha yaxşı dərk etmək və yaxşılaşmanın dərəcəsini müşahidə etmək üçün 2009-cu ilin sonunda Dünya Bankının Azərbaycanla bağlı elan etdiyi "Yeni İpək Yolu: İxraca Əsaslanan Diversifikasiya" adlı hesabatının 73-82-ci səhifələrinə baxmaq kifayətdir. Bu hesabatda neft bumundan əvvəl, Azərbaycanda yolların 50 faizinin keyfiyyətsiz halda olduğu, 30 faizinin çox tezliklə təmir edilməsinin vacib olduğu, regionlarda yolların 45 faizinin istifadə müddətinin bitdiyi və evlərə su təminatının ortalama 13 saat olduğu qeyd edilməkdədir. Ölkə başçısı, öz çıxışında, bu barədə əldə edilən uğuru ifadə edərkən, Bakının su təminatının 78 faizə çatdığını, ölkə üzrə isə, 11 il əvvəl 10 - 15 faiz olan göstəricinin 60 faizdən çox olduğunu qeyd edib. 24 saat içməli suyun təminində isə Dünya Səhiyyə Təşkilatının standartlarının əsas götürülməsi, sosial inkişafa dövlətin göstərdiyi qayğının əyani sübutudur.
27 yanvar tarixində nüfuzlu reytinq agentliklərindən “Standart & Poor`s” (S&P) Rusiyanın kredit reytinqini investisiya reytinqinə malik olmayan ölkə səviyyəsinə endirdi. Belə bir qlobal şəraitin olduğu mühitdə, Prezidentə təqdim edilən dövlət proqramında da qeyd edildiyi kimi, nüfuzlu reytinq agentliklərinin hamısı (S&P, Fitch və Moody`s də daxil olmaqla), Azərbaycanın investisiya kredit reytinqinə malik olduğunu dünya ictimaiyyətinə elan ediblər.

“Standart & Poor`s” Rusiyanın kredit reytinqini investisiya reytinqinə malik olmayan ölkə səviyyəsinə endirdi. Amma nüfuzlu reytinq agentliklərinin hamısı (S&P, Fitch və Moody`s də daxil olmaqla) Azərbaycanın investisiya kredit reytinqinə malik olduğunu dünya ictimaiyyətinə elan ediblər”

Dünya Bankının hesabatlarına əsasən, 2012-ci ildə xarici ölkələrdə işləyən ermənilərin ölkələrinə göndərdikləri pul baratları, Ermənistan ÜDM-sinin %21 faizini, Ermənistan valyuta ehtiyatlarının isə 118 faizini təşkil edib. 2013-cü ildə, pul baratları Ermənistan idxalatının hardasa 45 faizindən, ixracatının isə 90 faizindən çox olub. Sadəcə, 2 milyard dollarlıq maliyyə vəsaitinin bir ölkə iqtisadiyyatında bu dərəcədə kəskin təsirlərinin olması ibarətamiz bir nümunə kimi regionlarımızın göz önündə yerləşir. Prezident İlham Əliyevin konfransın giriş nitqində də qeyd etdiyi kimi, bədnam qonşumuzun vəziyyəti müstəmləkədən də pisdir. Azərbaycan regionlarının inkişafı düşmənə vurulan çox ağır bir zərbədir. Müqayisə üçün, onu qeyd edək ki, Cənab Prezident öz çıxışında ölkə iqtisadiyyatına son 11 il ərzində 180 milyard dollar investisiya qoyulduğunu qeyd edib. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının möhtac olduğu 2 milyard dollar, Azərbaycan Mərkəzi Bankının 11 il əvvəlki valyuta ehtiyatlarına bərabərdir. Daha kəskin bir ifadə ilə desək, Ermənistan Mərkəzi Bankı, valyuta ehtiyatı baxımından Azərbaycan Mərkəzi Bankının 11 il gerisindədir.
Ümumilikdə, ölkə başçısının 26 Dekabr 2014 tarixində sənayenin inkişafına dair dövlət proqramını təsqidlədiyi sərəncamla, sənaye məhəllələrinin, zonalarının və klasterlərinin yaradılması kimi tədbirlərin, regionların inkişafı barəsində atılan ciddi addımlarla üst- üstə düşdüyünü və növbəti həyəcanlı mərhələnin də müjdəsinin verildiyi nəticəsinə gələ bilərik”.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info