Regional dövlət proqramlarının effekti
Tarix: 02.02.2015 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Bu gün dövlətin əsas strateji məqsədi ondan ibarətdir ki, bütün bölgələr monolit dövlət modelinin qurulması prosesində fəal iştirak etsin. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi regionlarla paytaxt arasında fərqin azaldılmasına, bölgələrin sürətli inkişafına, yerli potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin tərəqqisinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açır.
Ölkədə 2004-cü ildən bu yana davamlı şəkildə həyata keçirilən bu dövlət proqramı effektli şəkildə öz müsbət nəticəsini verib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərdən danışarkən bildirib ki, proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq: “2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunub və 5 il ərzində uğurla icra edilib. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaq. Ancaq ondan daha çox iş yeri yaradıldı. O vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər ,hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. O proqram da artıqlaması ilə icra edilib. Bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bölgələrdə elektrik enerjisi, yol olmadan bu, necə icra edilə, o müəssisə necə yaradıla bilərdi?”
Dövlət başçısı deyib ki, regionların inkişafına dair üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra olunmalıdır: “Bu proqramın icrası məsələsi böyük dərəcədə rayon və şəhərlərin icra hakimiyyəti başçıları və tanınmış biznes strukturlarının fəaliyyətindən asılı olacaq. Böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Biz vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoş gəlmək üçün addımlar atmamışıq”.

“Görülən işlər Zərdabın qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradır”
Bu dövlət proqramının icrası ilə regionlarımızın hərtərfli olaraq siması dəyişib. Bu müsbət dəyişikliyi elə regionlardakı ictimai fəal gənclərin sözləri ilə təqdim edirik. Zərdabda fəaliyyət göstrən “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov qəzetimizə bildirdi ki, rayonda sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilir, insan amili daim diqqət mərkəzində saxlanılır, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür: “Əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olan, artıq sayca 3-cü Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Zərdab rayonu dövlət proqramında Aran iqtisadi rayonuna daxildir. Bu illər ərzində proqram çərçivəsində Zərdab şəhər mərkəzində və rayonun kəndlərində bir çox işlər görülüb, böyük layihələr icra olunub”.
E.Xəlilov bunlardan bir neçəsi haqda məlumat verdi: “Zərdab şəhərində Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, Gənclər Mərkəzi, Veteranlar evi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Yaradıcılıq evi, Rayon Prokurorluğu və Polis şöbəsinin yeni binası, Rayon İcra Hakimiyyətinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binaları, əlil və şəhid ailələri üçün 16 mənzilli 1 yaşayış evi, 200 yerlik Uşaq İncəsənət Məktəbi, Bayraq meydanı tikilib. Şəhərin küçə və meydanları müasir tipli elektrik işıqları ilə göz oxşayır.
Ümumilikdə rayon üzrə 17 ümumtəhsil məktəb binası əsaslı təmir olunub, 14 kənd yaşayış məntəqəsi qazlaşdırılıb və digər kəndlərin də qazlaşdırılması davam etdirilir, kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub və küçə və meydanlara asfalt örtüklər vurulub.
Uzun müddət zərdablılar üçün əlçatmaz arzu olan və regionun inkişafı üçün cox əhəmiyyətli olan Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun və Zərdab-Mollakənd yolunun tikintisi başa çatdırılıb. Biz gənclər başa düşürük ki, dövlət proqramına uyğun olaraq bu kimi irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, nəticədə rayon əhalisinin rifah halının daha da yaxşılaşmasına və yoxsulluq səviyyəsinin aşağı düşməsinə xidmət edən mühüm amillərdəndir. Dövlət proqramları çərçivəsində görülən bütün bu genişmiqyaslı işlər Zərdab rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradır”.
Onun sözlərinə görə, gənclərimiz də bu tədbirlərə öz dəstəyini əsirgəmir: “Gənclər təşkilatı olaraq “Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına və dövlət proqramında insan kapitalının inkişafı və gənclərin inkişafı istiamətlərinin dəstəklənməsi məqsədi ilə aparılan işlərə öz töhfəmizi verməyə çalışırıq. Bu istiqamətdə bir sıra uğurlu layihələrimiz olub. Onlardan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beyləqan, Ağcabədi, Zərdab və Ucar rayonlarında həyata keçirilən “Regionlarda gənclərin məşqulluğunun təmin olunması, işsiz və işaxtaran gənclərin sahibkarlıq fəaliyyəti, kikik biznes və fermer təsərrüfatı ilə məşğul olmaları üçün əlverişli şəraitin yaradılması və idarə olunması prosesinə yardım ” layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Zərdab rayonunda keçirilən “Region gənclərinin asudə vaxtının təşkili və intellektual inkişafının təmin olunması” layihəsi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Zərdab və Ucar rayonlarında keçirilən “Gənclərin peşə təhsilinin stimullaşdırılması və düzgün ixtisas seçiminə yönəldilməsi” layihəsi, yenə də Gənclər Fondunun dəstəyi ilə Zərdab, Gədəbəy və Ucar rayonlarında keçirilən “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” layihələrini göstərmək olar”.

“Yeni obyektlərin açılışı
sabirabadlıların sevincinə
səbəb olub”
YAP Sabirabad rayon təşkilatının sədri və rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev də dövlət proqramı çərçivəsində görülən işləri yüksək qiymətləndirdi: “Prezident İlham Əliyev Sabirabad rayonunda iki il ard-arda olub. “ASAN xidmət” Sabirabad rayon şöbəsinin açılışında və içməli suyun əhaliyə verilməsində iştirak edib. Həmçinin yeni istixananın işə düşməsi prosesinə də qatılıb. Kür çayının üzərində yeni körpü salınıb. Kür çayının daşması zamanı əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün bərpa-gücləndirmə işlərinin aparılması üçün və yeni qəsəbələrin salınması üçün sərəncam imzalnıb və həmin sərəncamın icrası başa çatdıqdan sonra Prezident özü bu obyeklərin açlışında iştirak edib”.
Nadir Quliyev dövlət proqramının işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rolu olduğunu vurğuladı:“Dövlət başçısının YAP rayon təşkilatının, rayon Maliyyə İdarəsinin, 1 saylı şəhər orta məktəbin, 1 saylı uşaq bağçasının yenidən tikilib istifadəyə verilməsi və həmin binaların açılışında iştirak etməsi bir daha rayonumuza olan diqqətdir. Heydər Əliyev parkının yenidən qurulması, Heydər Əliyev Mərkəzinin , Bayraq meydanının istifadəyə verilməsi əhalinin sivincinə səbəb olub. Yeni salınmış istixanada 250 nəfər, “ASAN xidmət” Sabirabad rayon şöbəsində isə 200 insan çalışır. Bu da işsizlik probleminin aradan qaldırılmasına səbəb olub”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info