“Azərbaycan ən yüksək rəqabət qabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır”
Tarix: 02.02.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Makroiqtisadi siyasətin məşğulluğa təsirinə dair beynəlxalq seminar öz işinə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə fevralın 2-də Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri” mövzusunda hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar öz işinə başlayıb. Üç gün davam edəcək seminar makroiqtisadi siyasətin əmək bazarı və məşğulluq sferalarına təsiri, bu siyasətin məşğulluq strategiyalarına uyğunluğu, demoqrafik, sosial və əmək bazarı tendensiyalarının, gənclərin məşğulluğunun təşviqi və s. məsələlərin müzakirəsinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qlobal miqyasda böhran proseslərinin hökm sürdüyü bir vaxtda Azərbaycanın sabitlik şəraitində davamlı makroiqtisadi uğurlara, bu uğurları tamamlayan güclü sosial siyasətə və səmərəli məşğulluq strategiyasına malik bir ölkə kimi seçildiyini vurğulayıb: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində son 10 ildə respublikada ümumi daxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib. Ümumdaxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq 6300 manata (8000 ABŞ dollarına) yüksəlib və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, Azərbaycan artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib”.
Nazir bildirib ki, ölkəmizin valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan hazırda 53 milyard dollara yüksəlib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında ən yüksək rəqabət qabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır. Azərbaycanda şəffaf biznes mühitinin mövcudluğu 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya yatırılmasına imkan verib və növbəti 4 ildə daha 100 milyard dollardan çox investisiyanın yatırılacağı gözlənilir. İqtisadi inkişafın sosial sahəyə müsbət təsiri kimi qeyd olunan dövrdə minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb, orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla yoxsulluq həddini 1,7 dəfə üstələyir.
Əhalinin gəlirlərinin təkcə ötən il 1,4 faizlik inflyasiya səviyyəsindən üç dəfədən də yüksək olduğunu qeyd edən S.Müslümov inkişaf proseslərinin uğurlu nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsinin 5 faizə endiyini diqqətə çatdırıb: “Dövlət başçısının iqtisadi siyasətində ən mühüm prioritet kimi, ölkədə qeyri-neft sektorununun dinamik inkişafı iqtisadiyyatda şaxələndirməni, eyni zamanda sosial rifahda ən təsirli vasitə olan məşğulluq səviyyəsinin artımını uğurla təmin edir. Son on ildə 2,6 dəfə, həmçinin ötən il 7 faiz artımın qeydə alındığı qeyri-neft sektorunun milli iqtisadiyyatda payı hazırda 60 faizə yaxındır. Ölkədə muzdla işləyən 1508 min nəfərin 93,3 faizini əhatə edən qeyri-neft sektorunun genişlənməsi 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılmasına, məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub”.
S.Müslümov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında (oktyabr ayında) işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa Birliyində 10 faiz, İspaniyada 24 faiz, Portuqaliyada 13,4 faiz, İtaliyada 13,2 faiz, Slovakiyada 12,9 faiz, İrlandiyada 10,9 faiz, Fransada 10,5 faiz, Sloveniyada 8,8 faiz olub: “Hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib. Eyni zamanda, yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. BƏT-in məlumatına əsasən, hələ 2010-cu ildə ölkəmizdə şəhər və kənd yerləri üzrə işsizlik səviyyələri müvafiq olaraq 5,8 faiz və 5,4 faiz olub. Müqayisə olunan digər ölkələrdə, məsələn, Rusiyada bu, 17,6 faiz və 3,7 faiz, Türkiyədə 14,2 faiz və 7,3 faiz, Fransada 9,8 faiz və 7,2 faiz, Bolqarıstanda 8,6 faiz və 12,3 faiz, Latviyada 20,3 faiz və 17 faiz təşkil edib”. S.Müslümov Azərbaycan Prezidenti tərəfindən ölkədə sabit demoqrafik vəziyyətə, əhalinin artım tempinə uyğun olaraq uzunmüddətli məşğulluq strategiyasının hazırlanması, iş yerlərinin açılması prosesinin daimiliyinin təmin edilməsi ilə bağlı hökumət qarşısında strateji vəzifə müəyyən etdiyini vurğulayıb: ”Ümumən ölkəmizdə aparılan makroiqtisadi siyasət müasir çağırışlara cavab olaraq məhz iqtisadiyyatın real sektorunun inkişafına səfərbər olmaqla, eyni zamanda sosial və məşğulluq məsələlərinin kompleks şəkildə həllinə yönəlib. Məhz bunun nəticəsidir ki, qlobal iqtisadi böhranların nəticələri ölkənin sosial-iqtisadi inkişafına, o cümlədən məşğulluq mühitinə və sosial rifaha təsirsiz ötüşür”.
MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ötən il əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin tətbiq olunduğunu bildirən nazir bunun bir tərəfdən işləyən əhalinin hüquqlarının müdafiəsində çevik və səmərəli vasitə olduğunu, digər tərəfdən əmək bazarında gedən hər hansı dəyişiklikləri dərhal müəyyən etməyə imkan verdiyini qeyd edib. “Düşünürəm ki, bugünkü seminarda əmək bazarının formalaşmasında makroiqtisadi sabitliyin rolu, iqtisadi inkişafın müasir çağırışlarına əmək bazarının çevik reaksiyasına nail olunması, təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması, qeyri-formal məşğulluğun qarşısının alınması məsələlərinin müzakirəsi səmərəli ola bilər. Habelə neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsi, işsizlərin sosial müdafiəsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi üçün xüsusi tədbirlərin təşkili, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə bu sahədə ixtisas və ixtisaslaşma təsnifatının təkmilləşdirilməsi də aktual məsələlərdəndir”. Nazir məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin qiymətləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına səmərəli nəzarətin təmin edilməsi, daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlərin də müzakirəsinin vacibliyini qeyd edib və seminarın işinə uğurlar arzulayıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli vətəndaşların sosial və əmək hüquqlarının, məşğulluq haqqında qanunvericiliyin mütərəqqi beynəlxalq konvensiyalara uyğun təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan işlər barədə ətraflı məlumat verib, qarşıdakı dövrdə də bu istiqamətdə aparılacaq işlərdən danışıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev makroiqtisadi sabitlik və inkişaf dövrünü yaşayan ölkəmizdə son dövrlər sığorta-pensiya təminatının yaxşılaşdırılması məqsədilə aparılan islahatlar barədə məlumat verərək, vətəndaşların səmərəli məşğulluğunun onların gələcək layiqli pensiya təminatında da vacib şərtlərdən olduğunu vurğulayıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə özəl sektorun inkişafına maliyyə və institisional formada göstərilən dövlət dəstəyindən bəhs edib, bunun qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılması və məşğulluğun artmasında da uğurlu nəticələr verdiyini vurğulayıb. BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva iqtisadi islahatlar prosesində əmək bazarı və məşğulluq amilinin, işləyən əhalinin maraqlarının ön planda saxlanılması və müdafiəsinin vacibliyini, bu sahədə ölkələr arasında təcrübə mübadilələrinin önəmli olduğunu bildirib.
Seminarda qeyd edilən mövzular üzrə işgüzar potensialın artırılması və bilik mübadiləsinin təmin olunmasına yönələn sessiyalar formatında, BƏT-in və ayrı-ayrı ölkələrin ekspertlərinin çıxışları dinləniləcək, habelə Azərbaycanın əmək müqaviləsi bildirişləri üzrə elektron sistemin tətbiqi sahəsində təcrübəsinə dair məlumat veriləcək. Tədbir zamanı mövzularla bağlı qrup formatında interaktiv müzakirələrin aparılması, mövcud təcrübələrin təhlili və məlumat mübadilələri, gənclərin məşğulluğunun təşviqi üzrə ekspert şərh və tövsiyələrinin verilməsi nəzərdə tutulur.

İlkin














 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info