Əli Həsənov: “Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə mühüm töhfəsini verəcək”
Tarix: 02.02.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanan "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA prezidentı Akif Əlizadə bildirib ki, özündə böyük məlumat bankını təşkil edən "Azərbaycan Respublikasının Milli Atlası" 19 bölmə, 444 səhifədən ibarətdir. Onun sözlərinə görə, bu atlasın digər atlaslardan fərqi burada Azərbaycanın bütün həyatının kompleks şəkildə öz əksini tapmasıdır. Burada Azərbaycanın torpaqları ilə bağlı bütün məlumatların olduğunu deyən AMEA prezidenti atlasda sənaye, təhsil, tarix və digər istiqamətlər üzrə məlumatların öz əksini tapdığını vurğulayıb: "Atlasın digər mühüm dəyəri odur ki, bu atlasın tərtibatında informasiya təminatından istifadə edilib. Atlasın yaradılması kollektiv əməyin nəticəsidir və bu gün onlara böyük təşəkkürlər düşür".
Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı kartoqrafik saxtakarlıqların artdığını əlavə edən A.Əlizadə bildirib ki, məhz bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan prezidenti tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli "Cənubı Qafqaz: 1903-cü il" xəritəsinin və 18 aprel 2012-ci il tarixli "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb. A.Əlizadə təqdimatı keçirilən "Cənubi Qafqaz: 1903-cü il" xəritəsi barədə də məlumat verib. Xəritənin 1903-cü ildə Cənubi Qafqazın Hərbi Dairəsinin topoqrafiya şöbəsi tərəfindən hazırlandığını qeyd edən AMEA prezidenti bildirib ki, bu xəritə Azərbaycana qarşı hər zaman torpaq iddiası aparan və özlərini aborigen xalq kimi təqdim edən ermənilərə sanballı cavabdır: "Bu xəritə göstərir ki, hazırkı Ermənistan ərazisində olan bütün tarixi adlar Azərbaycana məxsusdur, tarixi dövlətimizin adlarıdır. Bu xəritə 1903-cü ildə Çar Rusiyası tərəfindən tərtib edilib. Bu, ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı bir məlumatdır".
Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını mühüm qiymətləndirən ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb: “2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri diqqətdən yayınmayıb, mövcud resurslardan müasir zamanda daha səmərəli istifadə etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılıb”.
Onun sözlərinə görə, erməni ekspansionistlərinin xəritə və atlaslarla ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir: “Tədqiq olunmuş məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni inkişaf mərhələsinin İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir Prezidentin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyədək respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək yerinə düşər. Son 10 ildə dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin mahiyyətini azaltmadan demək olar ki, kartoqrafiyanın şah əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır. Bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər bilgilər toplanıb. Atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəllər, arayışların, qrafik və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir”. Ə.Həsənov qeyd edib ki, müasir milli atlas adi sorğu və məlumat vəsaiti deyil: “Bu, üçrəngli bayrağımız, gerbimiz və himnimizlə yanaşı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin kartoqrafik inikası və təsdiqidir. Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərindən başlayıb. Postsovet ölkələri arasında biz 5-ci ölkəyik ki, milli atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna, Qazaxıstan milli atlaslarını hazırlayıb. Təbii ki, Azərbaycanın milli atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir. Hazırda Azərbaycan dünyanın kosmik dövlətləri sırasına daxil olub. Bu faktın özü Azərbaycanın nə qədər inkişaf etdiyinin bariz göstəricisi hesab oluna bilər”. Prezident Administrasiyasının rəsmisi deyib ki, Milli Atlas Azərbaycanın mili maraqlarının qorunması, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də mühüm töhfəsini verəcək: “Ermənistan Respublikası və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq, onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycanın Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi-siyasi coğrafiyası və bütövlükdə bu bölgənin coğrafiyası, burada gedən proseslərin mahiyyəti barədə erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq. Bu baxımdan atlasın tarix bölməsində geniş materialların yerləşdirilməsi müsbət haldır. Azərbaycanın müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallardakı təsvirləri, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü, döyüş və qırğınların baş verdiyi məkanlar, etnik təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür yaradılması üçün olduqca faydalıdır. Belə bir fundamental nəşrin əmələ gəlməsi ölkəmizin ictimai, siyasi və mənəvi həyatında olduqca mühüm hadisədir”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov son zamanlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi istiqamətində təxribat xarakterli materiallar KİV-də yayılmaqdadır: "Biz istəmədən informasiya müharibələrinin ən qəddar, amansız növü olan kartoqrafik müharibəyə cəlb olunmuşuq. Ona görə də belə halların qarşısını almaq, dünya ictimaiyyətinə düzgün məlumatları çatdırmaq üçün Azərbaycan prezidenti 1903-cü ildə Çar Rusiyasının hakim dairələri tərəfindən tərtib edilmiş "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap edilməsi barədə sərəncam verib. Xəritənin mühüm əhəmiyyəti Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə Azərbaycana məxsus olması, İrəvan quberniyasındakı yaşayış məntəqələrinin adlarının demək olar ki, hamısının Azərbaycan dilində türk mənşəli olmasının aşkar şəkildə göstərilməsidir. Bu xəritənin nəşr olunması ermənilərin əsassız iddialarına cavab vermək baxımından böyük əhəmiyyətə malikdir".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info