“İsrailli gənclər təhsillərinə xüsusi önəm verir, xaricdə təhsil almağa can atırlar”
Tarix: 02.02.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Məcid Musayev: “Stabil inkişaf göstəricisi olan Azərbaycana yenilənən gənclər siyasəti modeli xasdır”

Müsahibimiz Məcid Musayevdir. O, ölkəmizin könüllülər hərəkatının formalaşmasına öz töhfəsini verən fəal gənclərdən biridir. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının mətbuat katibi (ATGTİ) kimi çalışan Məcid Musayev özünün də dediyi kimi, ictimai işlərdə aktiv olmaqla yanaşı digər öncül gənclərimiz kimi vaxtını səmərəli keçirməyi bacarır, səyahətlərə və linqvistika elminə maraq göstərir. Məcid Musayevlə olan müsahibəni oxuculara təqdim edirik.
- İlk olaraq ATGTİ-nin fəaliyyəti barədə məlumat verərdiniz.
- Bildiyiniz kimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2009-cu ilin 20 noyabr tarixində təsis edilib. Bunu ölkə tələbələri tarixində yeni bir dövrün başlanğıcı kimi də qiymətləndirmək olar. ATGTİ-nin əsas məqsədləri ölkəmizin tələbə cəmiyyətini inkişaf etdirmək, onları hərtərəfli maarifləndirmək və tələbələrimizə özlərini kəşf etməkdə yardımçı olmaqdır. Müxtəlif ixtisaslarda təhsil alan tələbələrimiz olduğu kimi ATGTİ-nin fəaliyyəti də müxtəlif istiqamətləri əhatə edir. İttifaqın sədri Şahin İsmayılovun nitqlərində səsləndirdiyi bir fikri qeyd etmək istəyirəm. O, deyir ki, “ATGTİ tələbələr üçün hərtərəfli fəaliyyət platformasıdır”. Doğrudan da sözün əsl mənasında ATGTİ-nin fəaliyyətindən yararlanmış üzvlərimiz bu gün müxtəlif struktur və təşkilatlarda fəaliyyətlərini davam edirlər. Biz bununla fəxr edirik. Fəxr edirik ki, ölkənin gəncliyi ATGTİ-də özünü inkişaf etdirir və formalaşır.
-Ötən il təşkilatınız üçün yadda qalan il oldumu? Ümumiyyətlə, təşkilati işlərdə, səfərlərdə yadda qalan, maraqlı hadisələrlə rastlaşırsınızmı?
-ATGTİ-də hər ötən il maraqlı və yaddaqalan olur. Çünki tələbələr, onların layihə və təşəbbüsləri ilə iş çox maraqlıdır. Bir də görürsən ki təşkilati işlərə baş qarışır və göz qırpımında artıq il tamam olur. Geriyə dönüb baxanda isə öz zəhmətinin bəhrəsini də görürsən. İttifaqda mətbuat katibi vəzifəsini icra etdiyimə görə bütün layihə, görüş və səfərlər haqqında mənim tərəfimdən geniş ictimaiyyətə məlumat verilir. Bu və ya digər ölkəyə səfər etmiş nümayəndələrimizin xatirələri, səfərin maraqlı, gülməli və hətta, təhlükəli anları çox vaxt rəsmi xəbərlərimizdən kənarda qalır. Lakin indi onlardan bəzilərini bölüşə bilərəm. Hindistanda səfərdə olan nümayəndələrimiz orda “Fillər mənim dostumdur” filmindəki kimi qəzəblənmiş filin nələrə qadir olduğunu, eyni zamanda dini-tarixi məbədlərin əsas sakinləri olan və hər zaman oranı ziyarət etməyə gələn qonaqlara sataşan, turistlərin əlindən yemək və bəzən də qiymətli əşyaları oğurlayan meymunları görüblər. Litvanın paytaxtı Vilnüs şəhərində gəzinti zamanı çox güclü yağışa düşmək, təyyarəyə gecikib, hava limanında gecələmək - bunlar fəaliyyətimizin maraqlı hissələrindən biridir. Öz başıma da çox işlər gəlib - təyyarədə uçuş zamanı dəfələrlə əhvalım pisləşib.
Onu da deyim ki, ötən il nümayəndələrimiz MDB gənclərinin müxtəlif platformalı görüşləri çərçivəsində Rusiyaya (Moskva, Sankt-Peterburq, Həştərxan və s.) bir neçə dəfə səfər ediblər. Rusiya hava limanlarında tez-tez rastlaşdığımız maraqlı hallar əsasən sərhəd xidmətçiləri və taksi sürücüləri ilə bağlıdır. Rusiyada bu və ya digər məkana daha tez və dəqiq çatmaq üçün taksi sifariş etmək böyük macəralara hazır olmaq deməkdir. Heç kim dəqiq deyə bilməz ki, taksi sürücüsü sizi lazım olan yerə dəqiq və tez gətirib çatdıracaq. Bəzi halda siz özünüz də sürücüyə haradan və necə getməyin daha rahat olduğunu başa salırsınız. Moskva metropolitenində səhv çıxışdan çıxmaq və ya səhv stansiyaya keçmək hadisələrini isə hesaba almıram.
-“Tələbələrlə işləmək zövqverici işdir” deyirlər. ATGTİ-çi olaraq bu barədə nə deyə bilərsiniz?
-Artıq qeyd etdiyim kimi, tələbələrdən gələn layihələri reallaşdırmaq çox maraqlı, onların real təşəbbüslərini dəstəkləmək qürurverici bir hissdir. Bu gün qurur və əminliklə deyə bilirəm ki, azərbaycanlı tələbələr nə avropalı, nə asiyalı, nə də okeanın o tayındakı həmyaşıdlarından heç də geri qalmırlar. Əksinə, bəzi amillərdə gənclərimiz əcnəbiləri üstələyirlər və bunu sizə tək öz adımdan yox, əlaqədə olduğum onlarla xaricilərin dedikləri fikirlər əsasında söyləyirəm. ATGTİ-çi və ya bu kimi bir ifadəni biz təşkilatımız daxilində istifadə etmirik, bu formada bir bölgü aparmırıq. ATGTİ-nin öz üzvlərinə qarşı təməli yanaşma prinsipi ailə modelidir. Biz ATGTİ ailəsi olaraq özümüzü ifadə edirik. Bir ailə kimi şad və bəd günümüzdə bir yerdə oluruq. Bu gün ayrı-ayrı tələbə gənclər təşkilatları bizim əsasını qoyduğumuz ailə modelini daha da inkişaf etdirirlər.
-Artıq 2015-ci il başlayıb. Bu ilə hesablanmış fəaliyyət planınız varmı?
-ATGTİ öz fəaliyyəti ilə hər zaman seçilib və artıq öz sözünü demiş bir təşkilatdır. Bəli, 2015-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planı, qarşımıza qoyduğumuz yeni məqsədlərimiz var. Bəzi məsələlərə görə, bütün detalları açıqlaya bilməyəcəyəm. Lakin qeyd edə bilərəm ki, 2015-ci il də ATGTİ ümumilikdə tələbələrin xatirəsində maraqlı layihələri ilə qalacaq. Bu il ittifaq Azərbaycanda könüllülər hərəkatının inkişafına bir daha öz böyük dəstəyini göstərərək, töhfəsini verəcək. ATGTİ ölkəmizin tarixinə, mədəniyyətinə və siyasətinə bağlı olduğunu nümayiş edəcək.
- Bu il aktiv fəaliyyətə İsraildə səfərinizlə başladınız. Bu barədə də ətraflı söz açardınız.
-Bəli. Yanvarın 25-dən İsraildə səfərdəyəm. Təşkilatımızın beynəlxalq əlaqələr departamentinin direktoru Pərvin Rəhimli ilə birgə “İsrail Tələbələrinin Səsi” (Tafnit - Israeli Students` Voices) təşkilatının Avropa Tələbələr Birliyi (ESU) ilə birgə təşkil etdikləri tələbə liderlərin növbəti görüşündə iştirak edirik. Bu ATGTİ nümayəndələrinin İsrailə ilk səfəri, iki ölkə tələbə təşkilatları arasında əlaqələrin inkişafı istiqamətində ilk addımıdır. Səfərimizin əsas məqsədi öz ölkəmizi İsrail tələbələrinə daha yaxından tanıtdırmaq, Azərbaycanın tolerantlıq modelini bütün Avropaya nümayiş etdirməkdir. Son zamanlar regionda baş verən bir çox hadisələr dinlərarası gərginliyi artırır. Bütün bunların yanında Azərbaycanda müxtəlif xalq və din nümayəndələrinin sülh şəraitində yaşamaları çox böyük göstəricidir. Səfərimiz çərçivəsində maraqlı təmaslarımız da oldu ki, bunlardan biri də yanvarın 27-də İsrailin baş naziri Benyamin Netanyahunun tədbir iştirakçıları ilə görüşə gəlməsidir. Çox qısa olsa da o, bizimlə söhbət etdi, Holokost və ümumilikdə ölkəsi ilə bağlı fikirlərimizi dinlədi, suallarımızı cavablandırdı.
- İsrailə ilk səfərinizin olduğunu dediniz. Bu ölkə sizdə necə təəssürat oyatdı?
-İsrail dövləti tamam başqa aləmdir. Düzdür, hər bir ölkənin özünəməxsus dili, cəmiyyətinin qaydaları, adət-ənənələri var. Lakin bütün bu fərqlər İsraildə daha çox duyulur. Ölkə təhlükəsizlik qaydaları baxımından qapalı olsa da, gəncləri kifayət qədər istiqanlıdırlar. Ben Qurion Beynəlxalq Hava Limanında uzun təhlükəsizlik yoxlamalarından sonra bizi səmimi və gülərüz tələbələr qarşıladılar. Həyat səviyyəsi ilə bağlı dəqiq bir şey deyə bilməyəcəyəm, çünki adi ailələrlə, gündəlik yaşayış formaları ilə tanış deyiləm. Lakin deyə bilərəm ki, İsrail bahalı ölkədir. İctimai nəqliyyatda gediş haqqı 1,2 avroya bərabərdir. Ərzaq mağazalarında adi su məhsulları da baha - 5 avroya yaxın qiymətlə satılır. Ölkənin içməli su ilə bağlı ciddi problemləri olduğundan, yerli əhali suyu çox qənaətlə istifadə edir. Bizim paytaxtdan fərqli olaraq, Yerusəlimdə (Qüdsdə) əlində odlu silahla gəzən əsgərləri görmək adi haldır. Onlar küçələrdə patrul xidmətləri aparır, vətəndaşların toplaşdıqları park, ictimai nəqliyyat dayanacaqları və dövlət binalarını qoruyurlar. Azərbaycandan gələn bir qonaq kimi bu amil öncə məni müəyyən qədər çəkindirdi, qorxutdu, lakin yerli tələbələr başa saldılar ki, İsrail əhalisi hər an hansısa bir hadisənin baş verəcəyinə hazır formada böyüyüb, boya-başa çatıb. Deyim ki, iki dövlət olaraq Azərbaycan – İsrail yaxın strateji müttəfiqdirlər. Azərbaycan – İsrail beynəlxalq müstəvidə bir-birini dəstəkləyirlər.
-İsrailli gənclərlə azərbaycanlı gənclər arasında müqayisələr apardınızmı?
-Səfərimiz çərçivəsində yerli tələbələrlə də görüşdük. Onlar bizim üçün İsrailin dili, mədəniyyəti, bayram və mətbəxi haqqında interaktiv qrup oyunları və təqdimatlar hazırlamışdılar. Hər iki ölkənin gəncləri arasında müəyyən qədər oxşarlıqlar aşkarlamışam. İsrailli gənclər də öz təhsillərinə xüsusi önəm verir, xaricdə də təhsil almağa can atırlar. Vətənlərinə, xalqlarına bağlılıq hissi onlarda da güclüdür.
- Azərbaycanda həyata keçirilən gənclər siyasətindən də söz açardınız.
- Şəxsən özüm bir hissəsi olduğum Azərbaycan gənclər siyasəti genişlənir, inkişaf edir. Ümumilikdə stabil inkişaf göstəricisi olan Azərbaycan kimi bir ölkəyə yenilənən gənclər siyasəti modeli xasdır. Modelə yeni tətbiqetmələr olur, o genişlənir və daha çox gənc kütləsini əhatə edir. Adi bir misal çəkim sizə.
İsraildə olduğumuz müddətdə qatıldığımız müzakirələrdə avropalı dostlarımıza Azərbaycanın gənclər siyasəti haqqında məlumat verdikdə, ölkəmizdə formalaşdırılmış gənclərlə iş mexanizmləri onları təəccübləndirir. Məlumat üçün onu qeyd edə bilərəm ki, Portuqaliya, İspaniya, Albaniya, Avstriya kimi ölkələrdə gənclərlə işləyən heç bir dövlət qurumu yoxdur. Azərbaycanda mövcud olan Gənclər və İdman Nazirliyi bu ölkələrdə mövcud deyil. Həmin ölkələrdə gənclər siyasətini Əmək və Ədalət, Sosial Bərabərlik və digər nazirliklər tərkibində yaradılmış ayrı-ayrı departamentlər formalaşdırıb idarə edir.
Fikrimcə, ancaq birlikdə fəaliyyət nəticəsində biz gənclər siyasətində yeni nəticələr əldə edə bilərik. Onu genişləndirib daha yaxşı formaya da sala bilərik.
-Sonda bizə sözünüz, arzu və ya təklifiniz.
-Öncə “Palitra” qəzetinin rəhbər heyətinə gənclər və gənclər təşkilatlarının fəaliyyətini dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm. Bəzi KİV-lərdə gənclərin özlərini ifadə etmələrinə yaradılan süni sədlərə əl atmadığınız üçün sizə böyük təşəkkürlər düşür. Sizə yeni uğur və nailiyyətlər arzu edirəm. Çox şadam ki, rəqəmsallaşma, qəzetlərin artıq öldüyü deyilən bir zamanda gündəlik yenilənən və günün nəbzini tutan bir qəzet mövcuddur və hətta KİV-də get-gedə mövqeyini gücləndirir!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info