“Regionlarda xarici bazara məhsul çıxaran müəssisələrin sayı artırılmalıdır”
Tarix: 04.02.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Millət vəkili Tahir Rzayev: “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3-cü dövlət proqramı regionların sənayeləşməsini, istehsal müəssisələri yaradılmasını nəzərdə tutur”

Bu günlərdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub. Bildirilib ki, mənfi amillərin fonunda Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Azərbaycanın dünyada sabitlik adası, inkişaf məkanı olduğunu deyən ölkə başçısının sözlərinə görə, regionların inkişafına dair üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Regionların sosial-iqtisadi inkişafı istiqamətində mütəxəssislər də bir sıra tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyirlər. Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayevdir:
- Regionların inkişafı prioritet sahələrdən biridir. Ötən müddət ərzində proqramın icrasını necə qiymətləndirirsiniz?
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3-cü dövlət proqramı həyata keçirilir. Bu proqram ölkənin, xüsusilə regionların inkişafı üçün mühümdür, əhəmiyyətlidir. İki proqram da uğurla, müvəffəqiyyətlə həyata keçirildi. Əgər əvvəlki proqramda bilavasitə böyük şəhərlərin, sənayenin, yol təsərrüfatının, işıq, su, enerji və s. inkişafı nəzərdə tutulurdusa, artıq ikinci proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirdi. Bu sahədə regionlarda böyük işlər görüldü. Üçüncü proqram bilavasitə bunun davamıdır. Burada nəzərdə tutulur ki, regionlar sənayeləşdirilsin, sənaye, istehsal müəssisələri yaradılsın. Rayon mərkəzləri, küçələr əsaslı qaydada təmir olunub, abadlaşıblarsa, artıq kəndlər, bütün ərazilər inkişaf etməlidir. Buna görə də ölkə başçısı bu proqramın tərkib hissəsi kimi 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdi və əlbəttə ki, kənd təsərrüfatının inkişafı regionların inkişafı ilə paraleldir. Çünki bilavasitə kənd təsərrüfatının inkişafı sosial-iqtisadi inkişafının təmin olunmasıdır. Eləcə də regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi deməkdir. Artıq regionlarda hər bir şərait var. Sahibkarlar, iş adamları, aqrar sahə ilə məşğul olanlar ərazidə suyun, qazın, işığın, yolun, kreditlərin, aqrolizinqin olmamasından gileylənirdilərsə, artıq bunların hamısı var. Hazırda enerji, qaz problemi aradan qaldırılıb, yol problemi aradan qaldırılmaqdadır, əksər kəndlərdə müasir yollar çəkilir, digər bütün şərait yaradılır. Ona görə də regionların inkişafı 3-cü proqramda daha sürətlə getməlidir. Təkcə aqrar sahə deyil, regionlarda sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu gün regionlarda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində, məsələn, Ağcabədi, Beyləqan ərazisində çox böyük taxılçılıq təsərrüfatı yaradılıb. Həmçinin Ağcabədidə böyük heyvandarlıq kompleksi yaradılıb. İki süd emalı zavodu var. Onlardan biri hər gün 40 tona yaxın məhsul istehsal etmək gücünə malikdir. Burada müxtəlif məhsullar istehsal edilir. Böyük heyvandarlıq kompleksi ilə bağlı cins mal-qara gətirilir. Regionlarda soyuduculuq kompleksləri, ət kəsim kombinatı yaradılıb. Ümumiyyətlə, bu istiqamətdə böyük işlər görülüb.
- Ölkə başçısını toxunduğu məsələlərdən biri də torpaqlardan səmərəli istifadə ilə bağlı idi. Bildirildi ki, istifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. İstifadəsiz torpaqlarla bağlı hansı tədbirlərin görülməsini vacib hesab edirsiniz?
- Bu çox vacibdir. Bəzi adamlar torpaqları icarəyə götürüblər. 10-15 ildir ki, torpaqları icarəyə götürüblər, ancaq istifadə olunmur. Ağcabədidə taxılçılıq təsərrüfatı yaradılan yer, bir neçə il bundan əvvəl boş idi, bir neçə insanın istifadəsində idi, bəziləri heyvanlarını həmin sahələrə buraxırdı. Lakin sonra həmin yerləri götürdülər, bu yerlər aqrotexnik qaydada nizamlandı, şumlandı, bu gün orada müasir taxılçılıq təsərrüfatı yaradılıb. Nəinki taxıl, qarğıdalı, günəbaxan istehsalı var. Nəzərdə tutulur ki, gələcəkdə orada günəbaxan yağı istehsal edən emal müəssisəsi, digər sənaye müəssisələri açılsın. Belə yerlər çoxdur. Həmin yerlərin iş adamlarına verilməsi həmin torpaqların yararlaşdırılması deməkdir. Torpaq istifadə olunmayanda ölür. Misal var, torpaq deyir- “Öldür məni, dirildim səni”. Torpaq mütləq əkilməli, şumlanmalıdır. Elə yerlər var ki, götürülüb, istifadə olunmur, artıq həmin yerlər şoranlaşıb, məhsuldarlığını itirib. Ona görə də çox haqlı məsələ qaldırılıb ki, həmin ərazilər istifadə olunmursa geri alınsın, sahibkarlara verilsin, gələcəkdə oradan məhsuldarlıq əldə edilsin. Bu çox vacib məsələdir.
- Qarşıya qoyulan məsələlərdən biri də kənd təsərrüfatı məhsullarının ixrac sistemi ilə bağlıdır. Yerli məhsullarımızın Avropa bazarlarına çıxması istiqamətində hansı addımlar atıla bilər?
- Biz əvvəllər xarici ölkələrdən daha çox məhsullar alırdıq. İndi bəzi məhsullarımız var ki, xarici bazarlara çıxmağa layiqdir. Regionlarda belə müəssisələrimiz var, bunların sayı artırılmalıdır. Meyvə, tərəvəzçilik sahəsində bu sahədə işlər görülə bilər. Xarici ölkələrə ixrac oluna bilər. Əgər əhalinin təminatı ödənilirsə, əlavə məhsulları xarici bazarlara çıxara bilərik. Bu həm Azərbaycanın imici, tanıdılması, həm də iqtisadi baxımdan faydalıdır. İnsanların maddi vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Digər tərəfdən həmin ölkələrlə ticarət əlaqələrinin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ünsiyyət qurulması, dostluq münasibətlərinin qurulmasında önəmlidir.
- Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik. Bunun reallaşması üçün hansı təkliflərlə çıxış edərdiniz?
- Biz əvvəllər taxıl sahəsində çətinlik çəkirdiksə, uzaq ölkələrlə müqavilələr bağlayırdıqsa, artıq bizdə bu sahədə münbit şərait yaradılıb. İmkan var ki, özümüzü meyvə-tərəvəzlə tam təmin edək. Həmçinin imkan var ki, müəyyən sənaye məhsulları ilə bağlı məsələn, ölkədə yun, barama var və sənaye potensialı yaratmaqla biz bu məhsulları özümüz istehsal edə bilərik, geyim növləri ilə təmin edə bilərik. Digər tərəfdən ölkədə heyvandarlıq təsərrüfatları yaradılıb.

“Elə yerlər var ki, götürülüb, istifadə olunmur, artıq həmin yerlər şoranlaşıb, məhsuldarlığını itirib. Ona görə də çox haqlı məsələ qaldırılıb ki, həmin ərazilər istifadə olunmursa geri alınsın, sahibkarlara verilsin, gələcəkdə oradan məhsuldarlıq əldə edilsin”

Bundan başqa üzümçülük təsərrüfatları inkişaf etdirilir, üzüm plantasiyaları salınır, üzümçülüyün inkişaf etdirilməsi şərabçılığın inkişaf etdirilməsidir. Bununla əlaqədar ölkədə zəngin təcrübə var, insanların bu sahəyə marağı var. Ona görə də Prezident bunları nəzərə alaraq deyir ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etməliyik. Elə etməliyik ki, Azərbaycan xalqı özünü təmin etsin və eyni zamanda əlavə məhsul xarici bazarlara çıxarılsın. Bu ölkənin inkişafı üçün çox düzgün yoldur.
- “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin inkişafına hansı töhfələr verə bilər?
- Son illər kənd təsərrüfatına çox böyük sərmayələr qoyulur, sahibkarlara kreditlər verilir. Yerlərdə ixtisaslaşdırılmış təsərrüfatlar yaradılır, istər əkinçilik, istər maldarlıq, istər üzümçülük, istərsə də kartofçuluqla bağlı böyük proqramlar var. Bunlar da öz nəticələrini verməkdədir. Əvvəlki illərə nisbətən aqrar sahə xeyli irəli gedib. Ancaq bu hələ kifayət deyil. Çünki Azərbaycanın potensialı çox güclüdür. Bunun üçün imkan, insanların bu işə marağı var. Tarixən Azərbaycan böyük taxılçılıq, heyvandarlıq, pambıqçılıq, üzümçülük ölkəsi kimi tanınıb. Bu sahələr daha da inkişaf etdirilməlidir. Yeni taxıl sortları gətirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilməlidir. Heyvandarlıqla bağlı artıq xarici ölkələrdən cins mal-qara gətirilməsi davam etdirilir. Bütün bunlar əlaqəli şəkildə həyata keçirilməlidir. Tez bir zamanda bunlar öz nəticəsini verə bilər. Azərbaycan torpağı münbitdir, burada inkişaf üçün lazımi şərait, eyni zamanda dövlət tərəfindən dəstək var. O zaman kənd təsərrüfatı niyə də inkişaf etdirilməsin.
- “ASAN xidmət” sisteminin bütün sahələrdə tətbiqi nəzərdə tutulur. Bu sistemin tətbiqi regionlarda mövcud problemlərin həllində hansı imkanlar açır?
- Prezident dəfələrlə deyib və həmin müşavirədə bir daha toxundu ki, mən xalqın xidmətçisiyəm. Məmurlara da üzünü tutub dedi ki, siz də nümunə götürməlisiniz, artıq təkəbbürlü, insanlara qarşı laqeydlik bizim fəaliyyətimizə yaddır. Hər bir kəs nəticə çıxarmalıdır, insanlara xidmət göstərməlidir. “ASAN xidmət” də insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir sahədir. Bu, əvvəllər ancaq Bakıda həyata keçirilirdisə, artıq regionlarda əhali səyyar şəkildə “ASAN xidmət”dən faydalanır. Həm də insanlarda dövlətçiliyə qarşı çox müsbət münasibət, etimad aşılayır. Çünki əvvəllər aylarla bir sənədi ala bilməyən insan indi bir neçə saata alır. Bir iş üçün məlumatı toplaya bilməyənlər qısa bir müddətdə onu əldə edə bilir. Bu, çox lazımdır. Regionlarda insanlar tərəfindən bu fəaliyyət alqışlanır. Nəinki ölkə daxilində, eyni zamanda xarici ölkə mətbuatında da buna rast gəlirik ki, bəzi ölkələrin mütəxəssisləri bunu yüksək dəyərləndirirlər. Bildirirlər ki, belə bir xidmətin az bir müddətdə vətəndaşlara göstərilməsi bir inqilabdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info