ABŞ-Azərbaycan münasibətlərinə həsr olunan konfrans keçirilib
Tarix: 04.02.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Vaşinqton Tayms” qəzetinin təşkilatçılığı ilə Vaşinqtonda ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” başlıqlı tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, “Vaşinqton Tayms” qəzetinin redaktoru Con Solomonun moderatorluq etdiyi bu tədbirdə müvafiq ardıcıllıqla Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və millət vəkili Asim Mollazadə məruzə ilə çıxış ediblər.
Konfransın əvvəlində açılış sözü ilə “Vaşinqton Tayms” qəzetinin idarə heyətinin sədri Lari Bizli çıxış edib və Azərbaycan haqqında xoş fikirlər deyərək, ölkənin iqtisadiyyatının inkişaf etdiyi, əhalinin orta təbəqəsinin genişləndiyi və regionda mühüm mövqe qazandığını qeyd edib. Azərbaycanın yerləşdiyi coğrafi məkanı, üzləşdiyi təhdidləri və eləcə də müstəqillik illərində qazandığı nailiyyətləri qısaca xatırladan C.Solomon təmsil etdiyi qəzetin yanvarın 29-da Azərbaycan haqqında hazırlayıb yaydığı xüsusi buraxılışda əksini tapan vacib məqamlara istinad edib və həmin buraxılışın tərtib olunmasında göstərilən dəstəyə görə Azərbaycanın ABŞ-dakı səfirliyinə təşəkkür edib.
Səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətləri barədə danışarkən, ötən 20 il ərzində ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və Bakı-Tbilisi-Ceyhan kimi çox mühüm enerji layihəsinin xüsusilə qarşılıqlı əməkdaşlıq və ABŞ-ın ciddi dəstəyi sayəsində mümkün olduğunu vurğulayıb. Səfir bu layihə nəticəsində bütün regionun coğrafiyasının dəyişdiyini bəyan edib. O, iki ölkə arasında əməkdaşlığın enerji sektoru ilə məhdudlaşmayaraq, daha geniş sahələri əhatə etdiyini söyləyib və bu kontekstdə Azərbaycan Hava Yolları və “Boeing” şirkəti arasındakı tərəfdaşlığı və ABŞ istehsalı olan ilk Azərbaycan peykinin orbitə çıxarılmasını misal gətirib. E.Süleymanov Azərbaycan xalqının çox mürəkkəb bir geosiyasi məkanda müasir, dünyəvi və firavan bir dövlət qurmağa çalışdığını və bu dövlətin ABŞ-ın müttəfiqi olduğunu göstərib. Bu kontekstdə, səfir ABŞ-ın regiondakı müttəfiqlərinə münasibətdə strateji mövqedən yanaşmasının vacibliyini ifadə edib. O, bununla bərabər Azərbaycanın üzləşdiyi problemlərin önündə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının dayandığını xatırladıb və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səyləri təqdir etməklə yanaşı, Azərbaycan xalqının təbii olaraq, konkret nəticələr gözlədiyini ifadə edib. E.Süleymanov həmçinin evlərindən didərgin düşmüş Azərbaycanlı məcburi köçkünlərdən bəhs edib və xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa qayğısı altında, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Səməd Seyidov öz növbəsində Azərbaycan üçün beynəlxalq münasibətlərin məxsusi əhəmiyyət daşıdığını izah edib və Azərbaycanın xarici siyasətinin kökündə hər kəslə dostcasına əlaqələr qurmaq məqsədinin dayandığını söyləyib. ABŞ ilə münasibətlərin mühümlüyünü vurğulayan S.Seyidov mərhum Prezident Heydər Əliyev və ABŞ-ın sabiq Prezidenti Bil Klintonun 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında sazişə atdığı imzaların bütün Cənubi Qafqaz regionunun gələcək tarixini dəyişdiyini qeyd edib. Enerji sahəsində əməkdaşlığın Cənub Qaz Dəhlizinin yaradılması üzrə davam etdirildiyini göstərən S.Seyidov Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfəyə istinad edib.
Komitə sədri ABŞ-Azərbaycanın münasibətlərinin regionun gələcəyi üçün ümdə əhəmiyyət daşıdığını bildirib, lakin eyni zamanda bəzi hallarda bu münasibətləri məhdud miqyaslı problemlərin girovuna çevirmək cəhdlərinin mövcud olduğunu deyib. O, bu mənada, bir çox hallarda insan haqları ilə bağlı iddialardan Azərbaycanın Avropa və ABŞ ilə daha sıx münasibətlər qurmaq cəhdlərinin əleyhinə istifadə edildiyini göstərib. S.Seyidov bundan əlavə hazırda İslam dininin müasir dünya ilə uzlaşması ilə bağlı qaldırılan suallara Azərbaycanın tutarlı cavablar təqdim etdiyini söyləyib və əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü kimi, Avropanın insan hüquqları və demokratiya kimi dəyərlərini bölüşdüyünü, qadınların cəmiyyətdə önəmli yerlərə sahib olduqlarını və ölkədə dini tolerantlığın hökm sürdüyünü bəyan edib.
Millət vəkili Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, ölkələr arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açıb və Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Balkanlar, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün belə Azərbaycan əsgərlərinin Əfqanıstanda Kabul aeroportunu qoruduqlarını açıqlayıb. O, Azərbaycanın həmçinin Əfqanıstanın dirçəlməsinə yönəlmiş fəaliyyətlərə verdiyi töhfəni qeyd edib və Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu vurğulayıb. Eyni kontekstdə, Azərbaycan Milli Məclisinin üzvü terrorçuluğun yalnız güc hesabına məğlub edilməsini mümkün saymayıb və maarifləndirmə işinin böyük önəm daşıdığını ifadə edib. Azərbaycandakı müxtəlif dinlərin təmsilçiləri arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasını təqdir edən A.Mollazadə bu mənada Azərbaycanın bir model təşkil etdiyini deyib.
A.Mollazadə bundan əlavə Avrasiya regionunda cərəyan edən hadisələrə dair öz fikirlərini bölüşüb, Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb və eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, regional nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün aparılan fəaliyyətləri təqdim edib. Məruzələrin ardınca Azərbaycanlı natiqlər moderator və iştirakçıların suallarını cavablandırıblar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info